Təsəlli
Ona
Doğrusu, yalqızlıq heç çətin deyil...
Elə bil ki, zəlzələdir, sol tərəfin titrəyir,
Şəkillər üsyan edir, siqaretlər səngimir...
Yapışır xatirələr adamın yaxasından,
Uzaq durmur ondan qalan əşyalar da
yanından.
Hər gün gözün yol çəkir miskin-miskin,
sərməstcə.
Yoxsa yanımdan ötən
sarışın, boz paltolu,
ya sarı gödəkçəli
kürən qız səndin, bəlkə?..
Yox, artıq "bəlkə"lərə
qalmayıb etimadım.
Bilirəm, çox unutqansan,
yəqin, yadından
çıxdım.
Bürcləri çox sevirdin,
mən
"balıq"dım, sən "oğlaq".
İndi ulduzlar qədər kənardayıq,
kənarda...
Nəsimitək səndən iraq
yanmışam,
yanaram da.
Sənsizlik nədir guya?
Qalmışam, qalaram da...
Doğrusu, yalqızlıq heç çətin deyil...
Yaşamaqçün şəklin mənə
təsəlli.
Bax sənə son sözüm var:
Ya gəl, şəklini apar,
ya məni də şəklə
çevir...
Cinayətsiz cəza
Mikayıl Müşfiqə
Məhkəmə...
Danışır hakim:
"Həyatın yazılmamış
qanunlarına əsasən,
çərçivəyə uymayanlar,
"çəkic" və
"orağ"a tabe olmayanlar
bir də haqqı danmayanlar
həbs və sürgün
olunsunlar!.."
- Etirazı olan var?
Salon susdu...
Yalnız Müşfiq susmadı,
dodaqaltı
pıçıldadı:
"Yenə o bağ olaydı"...
Amiranə, istehzayla
hakim dilləndi:
"O bağlar da,
o çağlar da
yoxdur, dayan!
Qərar: Edam!"
Səndən sonrakı
mən
Təlimçilər deyirlər ki,
ən böyük rahatlıq
meditasiyadır.
Ruhanilər deyirlər ki,
ən böyük xoşbəxtlik
namaz qılmaqdır.
Absurdistlər deyirlər ki,
həyat çox mənasızdır...
Mənsə deyirəm ki,
ən böyük rahatlıq
yanında olmağım.
Ən böyük xoşbəxtlik
gözlərinə
baxmağım.
Ən böyük ibadət isə
qəlbimi sənə
açmağımdır.
Sən olmayan təqdirdə,
məncə, absurdistlər
haqlıdır...
Riyaziyyatı bilməməyin
fəsadları
Dostum Mirmahmuda
Əvvəllər biz Troya atı kimi "bomboş"
idik,
Dürüstlüyü atamıza örnəklə,
Fədakarlığı özgə günahı
çiynimizə yükləməklə,
Sədaqəti isə sevdiyimizdən uzaqda
ulduzları izləməklə
öyrəndik...
Böyüdük, guya nə dəyişdi?
Yenə xaraba evlərtək uçuq-sökük,
kimsəsizik.
Həyat bizi yamanlara və yaxşılara
bölməklə sınadı,
Qismətimizə "0"
düşdü.
Vurulduq mənasız insanlara,
hasilimiz məlum deyildi.
Fədakarlıqsa, bizdən
nələrisə çıxdı.
Əksildiyimizi görmədik.
İndi düzünü de,
vaxtilə riyaziyyatı
yaxşı bilsəydik,
bu günə düşərmiydik?..
***
Dəniz kənarında ləpələrin
qucaqlaşmasına
tamaşa edir,
sanki teatr tamaşasında "biz"i
izləyirəm.
Dalğaların sahilə çırpılıb
dənizə qovuşduğu kimi,
geri dönməyini... gözləyirəm...
***
Səndən qabaq
qupquru ağac kimi,
cansız və nəfəssizdim.
Sonra sən gəldin,
ruhundan üfürdün,
"Can" dedin,
dirildim...
***
Tanrı olmaq, yəqin,
çox çətin olar...
Düşün ki, hər şeyin var,
Fəqət...
tək-tənhasan
və darıxırsan....
***
Bilmirəm, necəyəm indi...
Bir onu bilirəm ki,
vaxt var idi
qəlbimdə vulkan
çaxnaşır,
xatirələr lava kimi
süxurlaşırdı.
İndi süxurlar aşınıb,
Vulkan da susub.
***
Bu gün doğum günündür.
Deyəsən, tortun üzərindəki
şamları üfürəndə
səhvən "həyat
eşqim"i də
söndürmüsən.
***
Əbəs yerə göz yaşarmır...
Sadəcə, ümid, arzu,
gümanların tüstüsü
acıdır.
***
Yaşamaq yanmaqdırsa,
dənizləri kim öldürdü?
***
Darıxmağa kimsə yoxdu deyə,
köhnə ev telefonundakı
cırıltılı səsi dinləyirdi.
O səsin adı "Təsəlli"ydi...
***
Təqvimlər təzələnir,
fəsillər dəyişir.
Günlər,
aylar,
illər keçir.
Biz isə eyniyik.
gah gələcək üçün
darıxır,
gah keçmiş üçün
heyifsilənirik.
İlkin Öz
Ədəbiyyat qəzeti 2024.- 8
mart, ¹9.- S.21