Nurəngiz Günün ana, övlad, vətən dünyası

 

Nurəngiz Günlə bağlı yaddaşımda qalan dəyərli xarakterik məqamlar var. Heç yadımdan çıxmır, 2000-ci illərin əvvəlləri idi. Bir qrup yazarlarımız Gəncədə görüş keçirirdik. Tədbirlərimiz bir neçə yerdə oldu; əvvəlcə məktəbdə, sonra isə ictimaiyyətlə görüşdük. O zaman Toğananı görmək istədik. Kəlbəcərə ordan son illərdə işğaldan qabaq yol açılmışdı. Həmin yol da ermənilər Kəlbəcəri işğal edəndən sonra bağlanmışdı. Getdik. Gördüyümüz mənzərə içimizi yandırdı. Həmin yolun keçidi daşlarla bağlanmışdı. Qarşısında da bizim iki silahlı əsgərimiz dayanmışdı. Nurəngiz xanımla ikimiz də əsgərə baxırdıq, dözmədik, gözümüzün yaşını saxlaya bilmədik. Nurəngiz xanım:

- Bilirsən, bu dəqiqə nə istəyirəm?

Kədərlə ona baxdım.

- Burdan o tozlu yolla bacardığım qədər getmək, irəliyə getmək...

- Kim bunu istəmir? - dedim.

Həmin vaxt Firuzə xanım bizə yaxınlaşdı. Qəfil Nurəngiz xanım qollarını ikimizin də boynuna salıb qızlardan birinə səsləndi:

- Şəklimizi çək, amma elə çək ki, biz yox, dağlar daha aydın görünsün.

Səsi titrəyirdi...

Bir-iki şəkil çəkdirdik. Amma içimizdə bir yara vardı, onun qaysağını gördüyümüz mənzərə qoparmışdı...

Bizi elə o yaxında olan yeməkxanaya dəvət etdilər. Kimin boğazından nəsə keçər ki... Həmin vaxt bizdən aralıda bir saz səsi dərdimizi təzələdi. Nurəngiz xanımla yanaşı oturmuşduq. Qarşısına qoyulan çay stəkanını əliylə tutmuşdu. Gözəl də hava idi. Günəşli gün idi. Nurəngiz xanım üzünü Günəşə tutub nəsə pıçıldayırdı.

- Bilirsən, nə yadıma düşdü? Mən bu Günəşə Gün xanım, Günəş xanım! - deyirəm. Bax, burada Günəşə heç baxmaq olmur.

- Hava çox təmizdir, aydındır, ona görə.

- Düşmən lənətə gəlmiş qoymadı o dağların zirvəsindən boylanaq Günəşə sarı.

- Dağlardan Günəşə baxmaq olmur, adamı yandırır.

- Bilirəm.

Sonralar onun aşağıdakı misralarını oxuyanda gözümün önünə Toğananın Günəşi gəlirdi...

"Gün xanım, Günəş xanım!

Eşqim, duam, qızıl banım!

Uzat sarı tellərini,

Uzat, əllərim çatmır.

Uzat, uzat, sarıl mənə,

Sarıl mənə, apar məni,

Mənə soyuqdur, Günəş...

Çatarsam,

Odundan ovuc-ovuc udacağam...

Boğazımda qurşun qalacaq, Günəş!

Bir qurşuna möhtacam...

Eşidirsənmi, ulu nənəm, hey!

Gün xanım, Günəş xanım!

Sapsarı xanımanım!"

 

...Hərə öz aləmində idi. Hər kəs gördüyü mənzərəyə istədiyi kimi məna verirdi, əsil yazar süfrəsi idi. Günəş şüaları ətrafa yayılmış olsa da, havada qəribə bir sərinlik idi... Birdən sazın səsi kəsildi, arxasınca bir musiqi gəldi, oynaq idi. Yaxından da arx axırdı, suyun şırıltısı oynaq musiqinin sədaları altında eşidilməz olmuşdu. O qəmli saz havasından sonra bu oynaq musiqi həm də Toğana ab-havasında bir-birini heç tamamlamadı... Musiqi səsi bizi birtəhər eləmişdi. Kefimiz pozulmuşdu. Qəfil Nurəngiz xanım qalxdı, arxasınca baxdım, gördüm bir cavan uşaqdan restoranın sahibini soruşur. Sərt xarakterinə bələd idim, hiss etdim ki, bu çal-çağırın hesabını soruşmağa gedir Nurəngiz xanım. Onunçün qalxdım, arxasınca getdim. Yaxınlaşanda Nurəngiz xanımın restoran sahibi, təqribən 50 yaşlarında kök bir kişiyə sillə kimi sözlərini eşitdim:

- Hansı vicdanla burada, yerlə yeksan olmuş evlərimizin beş addımlığında restoran açıb pul qazanırsan, kim sənin bu musiqinə qol açıb oynayacaq?

Restoran sahibi başını yerə dikib susurdu...

Nurəngiz xanımın sözündəki həqiqət hamımızı tərpətmişdi, özü də yaman tərpətmişdi...

Nurəngiz Günün əsərləri, qələmindən çıxan şeirlər, nəsr əsərləri həmişə diqqətimi çəkib, düşündürüb. İstedadlı yazar, tərcüməçi Səlim Babullaoğlunun Nurəngiz xanım haqqında fikirlərində böyük bir həqiqət vardır. Səlim yazır: "1947-ci ilin fevralında Marina Yudina XX əsr rus poeziyasının nəhənglərindən olan Boris Pasternaka bir məktub yazır. Deyir: "Əgər siz həyatınız boyu "Rojdestvo"dan ("Mövlud ulduzu"ndan) başqa bir şey yazmasaydınız, bu sizin göylərdə və yerdəki əbədiliyiniz üçün bəs edərdi..." Qətiyyən mübaliğəyə yol vermədən deyirəm: Elə siz də, Nurəngiz xanım, "Yol gedirəm" şeirindən savayı bir şey yazmasaydınız, bu sizin dilimiz durduqca xatırlanmanız üçün bəs edərdi".

Nurəngiz Gün Nigar Rəfibəyli, Mədinə Gülgün, Hökumə Bülluri, Əzizə Cəfərzadə, Xanımana Əlibəyli... kimi yazar qadınlarımızın layiqli davamçısıdır. Eyni zamanda - müstəqillik dövrü Azərbaycan ədəbi prosesinə gələn gənc yazar qadınlar arasında bir növ körpüdür. Nurəngiz Gün, Firuzə Məmmədli... kimi 85 illik bir ömrün sahiblərinin - əsərləri ilə Azərbaycan ədəbiyyatına xidmət edən belə ziyalı, istedadlı sənət adamlarının Azərbaycan ədəbiyyatı tarxində öz yeri var. Zamanında böyük sənətkarlarımız Nurəngiz Günün yaradıcılığına münasibətini bildirib. Azərbaycanın Xalq yazıçısı, böyük ustad Mirzə İbrahimov onun nəsrinə dəyər verirdi: "Nurəngiz xanımın əsərində yazıçı üçün çox vacib olan keyfiyyətlərdən birinə - səmimiyyətə söz ola bilməz... Sanki o, həyatda, insanlar arasında gördüklərini, eşitdiklərini, şəxsən yaşadıqlarını sənə nəql edir, hətta ürəyini boşaldır..." - deyirdi.

Akademik Teymur Kərimli fikirlərində haqlıdır ki, "Nurəngiz Gün çağdaş poeziyamızda öz orijinal üslubu, deyim tərzi, poetik fiqurların zənginliyi, tematik rəngarəngliyi, poetik dilinin axıcılığı, replikaların sərrastlığı ilə seçilən şairələrdəndir. Təbiiliyindən, səmimiliyindən, fitriliyindən doğan bir xüsusiyyətdən yana, Nurəngiz Günün şeirləri oxucuya poetik bir başlanğıc yoluxdurmaq qabiliyyətinə malikdir. Bu mənada, onun əsərlərini oxumaq bir qədər də "təhlükəlidir" - bundan sonra onun kimi düşünmək, onun kimi şeir demək, onun kimi pıçıldamaq və onun kimi hayqırmaq istəyirsən ("525-ci qəzet", 17 sentyabr 2005-ci il).

 

***

Nurəngiz xanım gözəl ana idi. Ana hissiyyatı, ana sevgisi bəşəriyyətin gücündən daha fövqəldir. O fövqəllik Yaradanın insan övladına, eləcə də bütün yaranmışlara buraxdığı bir mesajdır. O mesaj insana daha dərindən agahdır. "Jaləmə" şeirindəki şeiriyyət, övlad sevgisi o ana sevgisinin təzahürüdür. O sevginin dillə ifadəsi imkansızdır, o sevgi sözə, ürəyə sığışmaz sevgidir. O sevginin mizanı, tərəzisi yoxdur. O övlad sevgisinin, ana duyğusunun çəkisi Yaradanın özünün mizanında - tərəzisindədir. "Jaləmə" şeirində Nurəngiz Günün ana sevgisi, ana səmimiyyəti, təkrarsız, mübaliğəsiz, çeynənməyən, indiyə qədər bəlkə də, heç bir sənətkarın ifadəsində rast gəlinməyən poetik incilərlə ümumiləşdirilir.

 

Kimin gözlərinin

almazlarıydı o,

işartısı

qamaşdırdı dünyanı?

Kimin dodaqlarının

təbəssümüydü o,

üfüqlərinin çəhrayısı

çaşdırdı dünyanı?

- Qızım Jalənin,

çiçəyim, göyçəyim,

yazım Jaləmin.

 

Qeyd etmək yerinə düşər ki, Nurəngiz xanımın bizə təkcə əsərləri qalmayıb, bizim üçün dəyərli olan, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi yolunda əzmlə çalışan, Milli Məclisin deputatı, istedadlı alim, gözəl insan, dəyərli övladı - Jaləsi vardır. Heç yadımdan çıxmaz... ömrünün son vaxtlarında "Jaləmə bacı ol, tək qalmasın" - dedi. İllərdir verdiyim sözə sahibəm. Bu gün Jaləyə o qədər doğma insanlar var ki... Bu insanların sevgisini öz sadəliyi, insanlığı ilə qazanıb.

 

***

Nurəngiz Günün əsərlərində bütöv vətən torpağı obrazı var. Onun içində ikiyə parçalanmış Cənub faciəsi var. O torpaqların birləşməsi istəyi var. Nurəngiz xanım üçün o torpaq "əcdad payı"dır. Əldən gedən o torpaqların həsrətindən içi göynəyir. Ah-naləsi göylərə çatan ulularının, şəhidlərinin amallarını amalı bilən şairə göyür-göyür göynəyir. Qaçqın-köçkün düşmüş həmvətənlərinin dərdinə ağlayır, Nurəngiz Gün parçalanmış, paralanmış Azərbaycanın güneyi, qərbi, şərqi üçün "nolaydı" ifadəsinin içində için-için sızıldayır:

 

Nolaydı, ah,

yuxular çin çıxaydı,

gömgöy bənövşə arzular

saralıb, nə də solmuş olaydı,

bütün bağçalar, qapılar

sevgi çələngi, müjdələr,

gül-çiçəklə dolmuş olaydı,

bir gün də bir sübh çağı

şəhid ruhlar... məzarlar

vüsal cəngilərindən

agah olmuş olaydı!

 

***

Nurəngiz xanımın "Arzular" dünyası çox genişdir. O arzuların səmimiliyi, incəliyi, təkrarsızlığı qəlbi tərpədir. O arzular çoxçeşidlidir... "Yol uzunu arzular" şeirində bunu görürük:

 

Nolaydı,

küçələrin adı - Lalə, Nərgiz, Bənövşə,

Vətən, Məhəbbət, Sevgilər; Od və Atəş olaydı...

Bəzisinin də adı - Nazim Hikmət,

            Həqiqət, Şah Xətai, Səttarxan,

Araz, Təbriz, Nisgillər, Güc və Günəş olaydı...

Küçələrin bağrına, qədim daş yaddaşına,

döngələrə, daşlara

hər ad yapışmayaydı, hər ad yaraşmayaydı!

 

Yaşadığı aləmdə görmək istədiyi, ruhsal aləmindən umduğu elə şeylər var ki, insanlıq aləminin inciləridir. Elə bir insan olmaz ki, bu hisslər ürəyindən keçməmiş olsun. Sadəcə, onları sözlə ifadə etmək istedad tələb edir, zəngin bədii təfəkkür tələb edir:

 

Gecələrin qoynu

yaz, yay həmişə belə ulduzla dolaydı,

cilvələrlə sayrışaydı

ulduz Ayın köksündə...

Ay başımız üstündə

beləcə salim olaydı...

...Eyvanlardan

gül-çiçəklər, qönçələr,

qol-budaqlar, yarpaqlar,

yaşıllıqlar işaraydı,

yaşıllıqlar işartısı

dam boyu, divar boyu

sarmaşaydı, aşaydı.

 

Nurəngiz xanımın imzası bütün türk dünyasına məlum idi. 1990-cı il ildə Türkiyədə - Əskişəhərdə keçirilən Yunus Əmrə Konqresində, 1992-ci ilin iyununda Ankarada keçirilən TÜRKSOY-un I qurultayında, 1998-ci ildə Azərbaycan dövlət nümayəndə heyətinin tərkibində Türkdilli Xalqların Bursada keçirilən VI qurultayında, 2005-ci ildə Dünya Azərbaycanlıları Konqresinin İsveçdə keçirilən qurultayında dövlətimizi təmsil edib. Həmin qurultayda Nurəngiz Günün "Xocalı simfoniyası" poeması əsasında, öz səsiylə hazırlanmış film nümayiş etdirilib. Əsərləri dünya dillərinə tərcümə edilib. Dövlətimiz ənənəsinə sadiq qalaraq onun əməyini yüksək qiymətləndirmişdir. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla Prezident təqaüdünə layiq görülmüşdür.

Nurəngiz Gün ədəbiyyatın, mədəniyyətin dəyərini bilən insan idi, yazdığı əsərlərin ideya-məzmun keyfiyyətlərini yaxşı bilirdi. Ədəbiyyat aləminə təsadüfi gəlməmişdi, təkcə poeziyasevər, ədəbiyyat adamı deyildi, XX əsrin ən yaxşı ədəbiyyat nümunələrinin müəllifi idi.

 

Gülxanı Pənah

 

Ədəbiyyat qəzeti 2024.-8 mart,¹9.-S.20-21