Yeni abzasdan
Anarın
ilk fotosunu hələ
uzaq 80-ci illərdən
hafizəmdə çəkmişəm
- o, qalın kürkünə
bürünüb. Ondan
ayırlmaq istəmir,
sanki.
Bir çiyni ilə soyuq divarlara sığınmağı sevir.
Yəni, bir tərəfini divarlara daha çox etibar edir, nəinki
ətrafındakılara.
O xasiyyəti, deyəsən,
dəyişib indi. Səlimə, Rəşada
tam etibarı var, deyərdim.
Bir çiynini yalnız
divarlara etibar etmir indi.
Həm də çiyindaşlarına
etibar edir.
***
Qırx
il əvvəl təsadüfən
bu ünvanda qısa müddət olmuşam. Eynəyim sürüşüb düşüb
daş döşəməsinə.
Qırılıb şüşələri.
Sonra ürəyim də
qırılıb.
Hə...
Yazarlar Birliyi binası, ünvanı indiyədək məndən
çox-çox uzaqlardaydı.
Ancaq indi...
İndi bu bina, sanki
özü mənə
yaxınlaşmaq istəyirdi.
Qapısı önündə Səlim
dayanmışdı - Səlim
Babullaoğlu.
Əlini
havaya qaldırdı. Məni Yazarlar Birliyinə səslədi.
Sahil bağının kol-kosları
arasından, sanki baharın içindən sivişib çıxdım.
Səlimlə içəri daxil
oldum. Əvvəl, təbii, Nizaminin xalça üzərindəki
təsviri qarşıladı
bizi.
Sonra biz artıq Anar müəllimin otağındaydıq.
Rahat, yaddaqalan kabinetində.
O, azca yanböyürtü oturmuşdu öz dərin kreslosunda. Sanki fərqli bir ünvana baxırdı. Söhbətimiz qızışdıqca
baxışlarının istiqaməti,
yönü də dəyişirdi yavaşcana.
Qəfil,
nəzakətli baxışları
öz istiqamətini dəyişdi. Düz, mənə tərəf çevrildi. Gözlərimin
dərinliyinə sancıldı.
Anarla mən çoxdanın, qırx ilin tanışıyam. 1980-ci illərin
əvvəlində "Qobustan"
jurnalının redaksiyasında
ilk görüşümüz indiyədək paslı yaddaşımdadı.
Həmin
uzaq o görüşü,
şükür, Anar müəllim də unutmayıb. Qırx il sonra o mənzərəni,
söhbətləri bütün
incəlilkləri, detalları
ilə birgə yenidən danışır
mənə.
Düzü, heyrətamizdi, bütövdü
bu xatirələr. Çoxu, mənim yaddaşımdan pozulub, hətta deyərdim, vallah.
Ancaq Anarın daxili diktofonu, kinokamerası, arxivi zərgər...yox...yox...
Məhz
yazıçı dəqiqliyi
ilə həmin o əhvalatı yenidən...
düz qırx il sonra mənə danışır, bir də xoş təbəssümünü gizləməyən
Səlimə.
Bir də, görünür, böyük ədəbiyyatın
özünə.
- O vaxt sən şeirlərini
gətirmişdim redaksiyamıza.
Bəyəndim şeirlərini.
Dedim, Mircavadın rəsmləri ilə birgə çap edim jurnalımızın növbəti sayında.
Bayaqdan mənə "Siz" deyən Anarın qəfil mənə "sən" deməsi diqqətimdən yayınmadı.
Həəə... Day nə deyim,
burda?! Anarın xatirələri mükəmməldi.
Unutduqlarım, hələ
də Anarın iti hafizəsində öz həyatını yaşayır.
Düz qırx il sonra o ilk görüşümüzün tam mənzərəsini gözlərimdə
canlandırır.
Ancaq indi anlayıram, aramızdakı o ilk dramatikliyi.
Təsəvvür edin:
gənc şair, yəni mən - Həmid Herisçi, modern
şeirlərimi Anara təqdim
etmişəm.
Özü də "Ulduz"
kimi, "Azərbaycan"
kimi ədəbi dərgiyə yoxxx... "Qobustan" kimi sənət dərgisinə
təqdim etmişəm
öz şeirlərimi.
Anar oxuyub. Bəyənib. Bəhanə
də tapıb şeirləri çap etməyə - guya şeirlərim Mircavad kimi dahi rəssamımıza
həsr edilib.
Beləliklə, hələ ilk görüşümüz
zamanı o məni...gənc bir şairi
Mircavadla bir sıraya gətirmək, eyni çəkili etmək istəyirdi. Çap olunmağımın
yolunu, çəmini də yaxşı tapmışdı.
- Ancaq siz o vaxt
buna etiraz etdiz. Dediz o şeirləri Mircavada yazmayıbsız. Həmin etirazınızı
çox bəyəndim.
Anar xatirələrini sonra bir başqa ahənglə davam etdirdi.
Ancaq sonrakı etirazlarınız...mənə qarşı, klassiklərimizə qarşı
etirazlarınız, qəti
qəbuledilməzdi.
Anarın
dilində klassiklərimizin
sıralanması çox
təsirli, axıcı
və..
Və musiqili idi:
- Sabir, Cəlil, Axundov və digər çoxları toxunulmazlardı.
Sonrakı etirazlarınız
mənim üçün,
məndən ötrü
çox təəccüblüydü.
Nitqi, çox səlisdi, Anarın. Səs tellərini, hiss edilir,
zaman özü kökləyib.
Arıdıb. Nitqinə
maneçilik törədən
heç nə yoxdu boğazında.
Deyəsən, elə ürəyində
də.
Elə bu görüşümüzdə
də.
Axundov kitabxanasını bəzəyən
daş heykəllər
bu vaxt qəfil
gözlərimdə canlanır.
Anarı bir an unudub o heykəllərin mükəmməl sırasını
görürəm qarşımda.
Sonra...
Sonra, sanki bu sıraya
o - Anarın özü
də əlavə olunur.
Bu cür də yenidən qayıdır reallığa. Söhbətimizə.
- Siz postmodern haqda dəqiq izah verə bilərdinizmi, mənə?
Anarın,
postmodern mövzusunda mənə
müraciəti, düzü,
çox ruhlandırdı
məni. Əvvəla,
o bu məqamda yenidən "Siz" müraciətinə qayıtmağı
ustalıqla bacardı.
Postmodern mövzusunu, sanki
mənlə işarələdi.
Azca gülümsədim bu dar məqamda.
Gülümsəməyimi də tutdu havadaca.
Cürətlənib 1937-ci ilə qayıtmaq istədim, sanki.
İstərdim, indiki ədəbi
qarşıdurmalar elə
1937-ci ildəki kimi olsun. Dramatik olsun. Klassik olsun. Day, indiki kimi məişət məzmununda qalmasın. Estetik olsun...bəlkə də qanlı.
- Yox... Mən istəməzdim. Yaxşı
ki, o cür olmadı bu dəfə. Elə bu cür
oldu.
Anar azca duruxdu. Çox
dramatik ikinci görüşümüzü - 1990-cı ilin qanlı Yanvar günləri, Elmlər Akademiyasındakı
ikinci görüşümüzü
xatırladı.
Açdığım "1937-ci il" mövzusu
bu vaxt çox
dərinləşdi, bütövləşdi
birdən-birə.
Qanlı
1937-dən sonra qanlı
1990-cı il...
1937-də
görüşməsək də, 1990-da görüşmüşük.
O əzablı günlər...
sözsüz, 1937-nin məntiqi
davamı idi. Anarın xatirə dəftərimdəki ikinci
fotosu da bax, o günlərdə çəkilib.
Hə...ikinci görüşümüz
də olub axı. Qanlı Yanvar günlərində.
Akademiyanın binasında.
Niyə tam unutmuşam
onu?
Niyə
Anar unutmayıb o görüşü?
Qorxuram,
detallara keçim.
Yaxşı ki, Rəşad Məcid
bu vaxt qapıdan
içəri keçərək
ildırım sürətilə
aramıza girdi.
1937-nin,
1990-nın qanlı, dramatik
havasından bu cür ayılmağımız
ikimizə - Anara da, mənə
də xoş gəlir, deyəsən. Məmnuniyyətlə Rəşada
takılırıq.
Rəşad, deyəsən, görüşümüzə
gecikib. Sonra, görüşümüz
bitmədən, bizi tərk edəcək o. Ancaq söhbətə müdaxiləsi, həəə...
düz vaxtındadı.
Vaxt ölçüsü, düzəni,
deyəsən, çox
dəqiqdi onun.
Bizi bəzi detallardan ayırdı o. Qayıtdıq
nisbətən dinc xatirələrə:
-
"525-ci qəzet"də işlərkən səni
İrəvana göndərdim.
Qrant Matevosyandan aldığın müsahibə
əlaydı. Robert Koçaryanın
pişiyini də divara yaxşı dırmaşdırmışdın.
Rəşad sonra Anara barəmdə
əlavə nələrsə
danışanda, beynim,
qulaqlarım söndü,
nədənsə.
Fikrim getdi bayaqdan susan, söhbətimizə
əsla müdaxilə
etməyən Səlim
Babullaoğluya.
O da uşaq deyil. Sərrastdır, atıcıdır.
Hiss etdi ki, söhbətə
qoşulmaq vaxtıdı.
- Anar müəllim. Rəşad. Sənədlər
hazırdı. Biz bu gün ədəbiyyatımızın
çox maraqlı məqamını yaşayırıq.
Rəşad da, Anar da bu məqamda qoşalaşdılar,
sanki. Eyni adam kimi, eyni
mövqedən eyni sözü dedilər.
- Nə sənədlər?..
- Zəmanət-filan lazım
deyil... Təqdimatı
isə özüm yazdım, - əlavə edir Babullaoğlu.
Bir anlıq sükut fasiləsi Rəşadın
xoş təbəssümü
ilə yadda qaldı.
Anarın
baxışları bu
dəfə çox yeniydi. Təzəydi, hətta deyərdim. Elə bil aramızdakı
bir maneə, bir alçaq divar arxadaydı artıq.
- Zəmanəti kim verib barəmdə? Səlim?
Səlim,
maşallah, eşidir lal sualımı. Başının bircə
hərəkəti ilə
ürəyimi rahatlayır.
Bu lal söhbətimizi Anar da eşidir, məncə, elə Rəşad da.
Əladı. Deyilməyənləri eşitməyə başladıq.
Demək,
söhbətimiz tam alınmışdı.
Qalmışdı dəftərxanadakı darıxdırıcı cari
məsələlər. Anarın
30 illik müşaviri
Rauf Aslanov da bu vaxt görüşümüzün
videokadrına düşdü.
Fotosunda əks olundu.
Bioqrafiyam,
bir başqa abzasa keçirdi indi.
Anarın
xoş baxışları,
Səlimin dik duruşu, Rəşadın
siqareti bir nöqtədə birləşdi
bu vaxt.
Tünd
boyalarla çəkilmiş
Rembrant tablosunu gözlərimdə canlandırdı.
Qalırdı indi bu mənzərəni qəşəng,
qızıl çərçivəyə
salmaq.
Divardan asmaq.
İstəyirəm, AYB müəllifləri, dünya ədəbiyyatı
nümayəndələrinin son kitabları haqda ardıcıl televerilişlər
edim burda. Sosial şəbəkələrdə...
Ancaq deyəsən, bu xahişimi heç kim eşitmədi. Hamı bir başqa
məqamı bölüşürdü
indi.
Anar, Rəşad, Səlim və mən...
İndi bir masa arxasındaydıq.
Fotomuzu çəkənlər də
vardı bu kabinetdə.
Masa üzərində unutduğum
kağızda isə,
məni AYB-yə gətirən səbəblər
bir-bir qeydə alınmışdı:
"44 günlük müharibədən
sonra Azərbaycanda heç nə, heç kim, o cümlədən, mən
əvvəlki olmayacaq.
Olmamalıdır da.
"Qalib xalq, qalib
dövlət" modeli
yeni ədəbi, mənəvi,
bədii standartlar istəyir.
Qələbədən sonra TV və radiolarda miqyas, görüntü, səs, keyfiyyət, ədəbi məzmun dəyişməlidi. İndi bizim
qaltanlı səslərə,
Levitan səsinə ehtiyacımız
var. Qələbə səsinə
ehtiyacımız var.
Şəxsən mən, bu qalib, peşəkar, oturuşmuş səsi həyat yoldaşım İlhamiyyə Rzayevanın
təkrarsız nitqində,
səsində tapmışdım.
Xəbərlər, bir
mətn kimi, adətən çox ölü olur. Xəbəri diriltmək
var.
Onu da gərək peşəkar
TV və radio aparıcıları
diriltsinlər. Mən,
o səsi tapmışdım.
Siz isə, qələbədən
sonra o səsi hələ axtarıb tapmalısınız.
Qələbə dövrü, təkcə
TV və radiolardan yeni
standart, yeni səs,
yeni görüntü, yeni rəng
palitrası tələb
etmir.
Heykəltəraşlar da qələbədən
sonra monumental sənət
əsərləri ilə
meydanlarımızı bəzəməlidirlər.
Ədəbiyyat da əvvəlki standartlarla,
havayla yaşaya bilməz.
İlk növbədə bu, elə mənim özümə də aiddi.
İrəvan, sahadakı müharibəni
uduzduqdan sonra bizi masadakı müharibə ilə udmaq istəyir. Erməni tərəfi bu gün ədəbi,
mədəni müharibəyə
üstünlük verir:
nəticələr az
deyil. Birisi götürüb əl telefonu ilə 44 günlük müharibə
haqda film çəkib.
Beynəlxalq alımdə
səs salıb. Ödülləri düzüb
bir-birinin ardınca.
Etiraf edək - güc nazirliklərimiz bu müharibəni uddu. Ancaq mədəni qurumlarımız necə?
Bu döyüşdə qalibdirmi?
Sualı,
özünüz cavablandırın.
Uzun götür-qoydan sonra qərar verdim, ədəbiyyatdakı mövqeyimi
daha da dəqiqləşdirim.
Ədəbiyyatımızdakı parçalanmanı, daxili müharibəni öz nümunəmdə bitirirəm.
Bizə
indi başqa səngərlərdə döyüşmək
mühümdü. Əsl
düşmənlə döyüşmək
lazımdı.
Əsl düşmənlə.
Azərbaycan ədəbiyyatı dünyada,
məncə, xüsusi
çəkiyə, məna
yükünə malikdi.
Birincisi,
ən mühümü
- bizdə şifahi ədəbiyyat hələ
də çiçəklənməkdədir.
Düzü, bu, yazılı ədəbiyyat
ölçülərinə ziyan da gətirir hərdən. Ancaq razılaşaq: Azərbaycanda
meyxana fenomeni son zamanlar yazılı şeir ənənəsini
üstələyib. Xalq
bu gün şair deyərkən, daha çox meyxanaçıları nəzərə
alır. Ölkəmizdəki
şou-biznes, toyxana fenomeni də əbədi məzmunludur.
Başıbəlalı kinoseriallar
kabusu da o cümlədən.
Və ciddi ədəbiyyat, o cümlədən, AYB bu sahədəki məsuliyyətini
danmamalıdır.
Yəni
indi bizim daxili ədəbi davalarla baş qatacağımız vaxt deyil.
Unutmayaq,
bu gün dünyada real, onlayn rejimdə, sinədən şeir demək ənənəsi də kiçik istisnalarla, deyəsən, yalnız bizdə - Azərbaycan meyxanasında qalıb. Mirzə Ələkbər
Sabir də bir az həm bəhri-təvil,
həm meyxanadır, bilənlər bilir. Ancaq bugünkü Azərbaycan filoloji cameəsi Sabiri qəbul edirsə, digər meyxanaçılara
hələ də dodaq büzməkdədir.
Gəlin,
meyxana janrını süngüylə qarşılamayaq.
Tam tərsinə, bu janrın da leqallaşması,
leqitimləşməsi, hətta
Azərbaycan Yazarlar Birliyi ilə dialoqa başlaması, məncə, ədəbi həyatımızın vacib
məsələlərindən biridir.
Sabir bu
cür şeirlərlə Səttarxan
inqilabını alovlandırmışdı.
İndiki Təbrizdə
də meyxanaya ciddi siyasi, inqilabi
sifariş var. Ancaq o göydədir hələ.
Reallaşmağı vacibdi.
Günün tələbidir.
Təbrizdəki Məşrutə
inqilabı ənənələri
şeirlə, Sabir şeiriylə
bağlıdır.
Davamçılarına bu gün kəskin tələbat yaranıb. Şeirsiz, meyxanasız Güneydə inqilab olmayacaq.
Dəqiq
qənaətimdi. Dəqiq.
Azərbaycan ədəbiyyatında, ta qədimdən iki saray ədəbiyyatı qarşı-qarşıya dayanıb:
biri xərabət sarayıdır, digəri şah şeir sarayı. Azərbaycan yazarlarının son nəsli,
o cümlədən, mən,
meyxanaçılar, andeqraund
şairlər kimi əvvəllər xərabət
sarayındaydıq. Saqimizi
ordakı sınıq
kuzələrdən doldururduq.
İndi iki saray birləşməlidir.
Bu gün mən "kütləvi ədəbiyyat,
kütləvi mədəniyyət"ə
qarşı səfərbərliyə
çağırardım. Özümüz
də bilmədən,
ehtiyatsızlıqdan biz bu
cini şüşədən
buraxdıq. Onu şüşəyə qaytarmaq,
vallah, çətin görünür mənə.
Bu gün hamı şairdi. Yazardı. Bloqerdi. TV aparıcısıdı.
Ədəbiyyat da kütləviləşir. Korrektorsuz, redaktorsuz, oxucusuz romanlar kitab dükanlarında, rəflərində
tıxac yaradır.
Kütləvi ədəbiyyat kabusu
ilk olaraq elitarlığı,
ədəbi münsiflər
heyətini şübhə
altına alır.
Keyfiyyətsiz məhsulla beyinləri
sıfırlayır.
Azərbaycan klassiszminin buna qarşı
bircə səngəri,
cavabı var - AYB.
Qərara
gəldim, yerdəyişmə
edim öz ədəbi mövqeyimdə.
Babullaoğludan, AYB-dən gələn
dəvətə müsbət
cavab göndərim.
Bioqrafiyamda, yeni abzas açıram...
Həmid Herisçi
Ədəbiyyat qəzeti.- 2024.- 4 may, №16.- S.18-19.