“Bilmirəm türkdür, ya tatardır adın...”
Bəkir
Çobanzadə poeziyası.
I məqalə
Bəkir Çobanzadənin
poetik yaradıcılığında
inikasını tapan əsas mövzular arasında ilk yerdə, heç şübhəsiz,
türk-tatar dili, daha geniş anlamda ana dili məsələsi dayanır.
Şeirlərində sıx-sıx
müraciət olunan Vətənin taleyi, Krımın tarixi keçmişi və XX yüzilliyin başlanğıcındakı
acınacaqlı vəziyyəti,
soydaşlarının yaşamı,
gələcəyə yönəlik
arzuları, milli-mədəni
tərəqqi və digər mövzular da birbaşa, yaxud dolayı yolla ana dili, onun xalqın
tarixində, taleyində
oynadığı mühüm
rolla bağlıdır.
Şair Bəkir
Sidqinin (şeirlərini
əsasən, bu təxəllüslə yazmışdı
- V.Q.) poetik irsindən
nümunələri Azərbaycan
dilinə uyğunlaşdırıb
nəşr edən türkoloq-professor Ramiz Əsgərin
yazdığına görə,
"Qaval səsləri"
əlyazma toplusundakı
73 şeirdə "tatar"
sözü 99, "yurd"
sözü 56, "Krım"
adı isə 11 dəfə işlənib.
Əslində bu anlayışlar da mahiyyət
etibarı ilə dil məfhumunun ifadəsinə xidmət edir; çünki "tatar", "yurd", yaxud "Krım" kəlmələrinin arxasında,
ilk növbədə, milli identiklik
amili kimi ana dili nəzərdə tutulurdu. Dörd illik Budapeşt həyatında doğma dili onun üçün
"xilasedici kəmər"
- ana Vətən və
milli varlığa bağlılığın
qarantı rolunu oynamışdı.
O, yaradıcılığında
doğma dili və türk yurdu mövzusuna sıx-sıx müraciətinin
səbəblərindən bəhs
edərək yazırdı:
"Yetişdikcə şair
olurdum. Şeirlərim
mayasını tənha,
yoxsul, başı dərdlər çəkən
qazax ellərindən,
ağır boyunduruq altında inləyən tatarların türkü və şərqilərindən
alırdı". Sonra həmin
şeirlərin coğrafiyası
genişlənərək islam
Şərqini, hətta
müsəlman dünyasını
əhatə edəcək,
arada bayronvari "dünya kədəri"
ünsürləri ilə
də zənginləşəcəkdi.
Bəkir Sidqi qarşısında açılan
geniş və rəngarəng dünyaya bəzilərinin türk, bəzilərinin tatar adlandırdığı ana dilinin
sehrli güzgüsündən
baxırdı. "Bilmirəm,
Türkdür, ya Tatardır adın, Ancaq çox şirinsən, Tanrıdan
dadın!" - deyə
əslində bu adların bir-birinin təkrarı olmasına, türk-tatar dilinin nə isə qeyri-adi, ilahi mənşəyinə ürəkdən
inanırdı.
Qürbətdə, fərqli
mədəniyyətlərin daşıyıcıları arasında
yaşaması, bəzən
aylarla doğma dilində danışmağa,
həsb-hal etməyə
bir adam tapmaması onu heç vaxt vətənindən, soydaşlarından,
ana dilindən və
milli psixologiyadan uzaqlaşdırmamışdı.
Əksinə, "boynuna
sarıldığı", eşidərkən, "qəddini
dikəltdiyi" türk-tatar
dili "qürbətçi-şair"i
doğma yurda qırılmaz tellərlə
bağlayan, Vətənindən
və xalqından bir gün də
uzaq düşməyə
imkan verməyən sehrli vasitəyə çevrilmişdi. Güc
və qüvvət mənbəyi, qarma-qarışıq
həyat labirintində
yolgöstərən məşəl
olmuşdu:
Yad eldə üzülüb, acı çəkəndə,
Ümidsiz gözümdən
qan-yaş tökəndə
Boynuna sarılıb
dərdimi dedim,
Bir munis sözündən dikəldi
qəddim.
Şeirin olmasa, şərqin olmasa,
Bircə "yurd"
kəlmənlə içim
dolmasa,
Necə dolaşardım
qürbət diyarda?
Tanışsız, bilişsiz
yad mahallarda.
Şairin nəzərində
türk dili yalnız ünsiyyət vasitəsi deyil, həm də ucsuz-bucaqsız türk dünyasının sərhədləri,
hətta varlığıdır.
Onun mənəvi pasportu, tanınma nişanəsidir. Harada səslənməsindən,
tələffüz və
şivə fərqlərindən
asılı olmayaraq damarlarında türk qanı axan hər kəs üçün eyni dərəcədə munis
və şirindir, hər türk övladında tarixinə
sahiblik və qürur hissi doğurur. Onu özü ilə alıb tarixin qədimliklərinə, çox
böyük bir coğrafiyaya, keçmişin
qururdoğurucu, şərəfli
çağlarına aparır:
Harada duyulsa Nəvai dili,
Harada çırpınsa
Tukayın könlü
Orası əbədi
vətəndir bizə.
Oraya dönərik öz türkümüzlə...
Türk-tatar dili Bəkir Sidqi üçün türk tarixinin ayrılmaz parçasıdır. Türk
ulusunun ən şanlı dönəmləri,
qəhrəmanlıq və
fütuhat dövrləri
türklərin ana dillərinə
sayğı ilə yanaşdıqları, düşmənə
bu dillə fərmanlar göndərdikləri
vaxtlar olmuşdu. Ana dilinin mövqeləri zəifləyəndə türk
eyniyyəti də itirilməyə, dövlət
zəifləməyə başlamışdı.
Qoca türk dilinin doğdum bağrından,
Doğma balasıyam,
unudarmı can?
Mən onun səsindən oyandım indi,
Nə bayam, nə də ki, zəngin əfəndi.
Tatar ozanıyam, dilimin qulu,
Dilimi yaşadan
igidlər ulu.
İgidlər - onların
hər sözü yarlık -
Unutmaz adların
türklük, tatarlıq!
1918-ci il yanvarın
30-da Budapeştdə yazdığı
tarixi-fəlsəfi aspektli
"Zavallı türk"
(əslində burada
"zavallı" sözü
"yazıq", "miskin" deyil, "bəxti gətirməyən", "layiq
olduğunu ala bilməyən"
mənasında işlənmişdir
- V.Q.) şeirində tələbə-şair
Osmanlı sarayında
"ərəb və
əcəm (İran) təsirinin
yayılmasını, zamanla
hakim mövqe tutmasını
türklüyə ən
böyük zərbə
kimi dəyərləndirir,
"Sənin də
var idi əcdaddan qalan, Möhtəşəm
bir dilin - zirehli qalxan!" - deyə dilin itirilməsini (eyni hal daha böyük
ölçüdə Səvəfi
və Qacar sarayları üçün
səciyyəvi olmuşdu)
milli dövlətin və
dövlətçiliyin tədricən
tarix səhifəsindən
silinməsinə bərabər
tuturdu. Özünəqayıdışı
ana dili və milli zehniyyətin bərpasında
görürdü. Bunu
isə artıq mənəvi simasını
itirmiş sultan saraylarından
deyil, sadə insanlardan gözləyirdi:
Gün gələr,
de, sən də oyanarmısan?
Öz doğma
dilinə dayanarmısan?
Qaraman çobanı,
adsız Yörüklər,
Sınmayan kişilər,
o əsl Türklər!
Bir gün qalxarlarmı "Qurtuluş!"
- deyib,
Türktək qürur
duyub, "Türkəm!"
söyləyib?
Gənc Bəkir
Sidqinin türk dili sevgisi bəzən
qarşısıalınmaz bir tutquya, qara
sevdaya çevrilərək
fantastik miqyaslar alır, sanki bütün müşküllərin
açarına çevrilir.
Şair səmimi şəkildə inanır
ki, dünyanın üç
qitəsində səslənən,
milyonları hərəkətə
gətirən bu dil hər şeyə
qadirdir. Planetar miqyaslıdır. Birlik və qüdrət mənbəyidir. Əzəli
və qutsaldır. O, hətta canını almağa gələn ölüm mələyi Əzraillə də yalnız ana dilində danışacağını xəyalında
canlandırır. İnanır
ki:
Gər anlasa səni düşmən də sevər,
Bir şirin sözünə dünyanı
verər.
İstəyirəm, səni
hər yerdə görüm,
Hər yanda incinlə dastanlar hörüm.
Bütün canlılara
öyrədim səni,
Yetimin könlündən
sil qəm-qüssəni.
Camiyə, mehraba,
saraylara gir,
Uzaq dənizlərdən
bir xəbər gətir.
Səninlə düşmənə
fərmanlar yazım,
Dil anlamazların kökünü qazım!
Məhz doğma
dilə, müstəqil
dövlətçiliyə münasibət baxımından,
bir zamanlar böyük pərəstiş
hissi ilə "Ağ topraklar"- deyə can atdığı,
Osmanlı hökmdarı
II Sultan Əbdülhəmidi xalqla təmas - "selamlık" zamanı görəndə sevincindən
göz yaşlarını
boğa bilmədiyi
İstanbul da şairə əvvəlki
kimi munis və əzəmətli təsir bağışlamamışdı.
Çünki İstanbul tədricən
kosmopolit şəhərə
çevrilərək böyük
bir millətin tarixi mirasını yaşatmaq missiyasını,
milli istinadgah mövqeyini
itirirdi. Çünki
orada Anadolu türkünün
haqqı yeyilirdi, bir vaxtlar hayqırtıları
ilə Avropanı lərzəyə salan türk dili, türklük düşüncəsi,
mənəviyyatı və
əxlaqı tədricən
saraydan qovulurdu, rumluların, ermənilərin,
musəvilərin meydan
suladıqları Osmanlı
paytaxtı tarixin ən böyük fəthlərinin qəhrəmanına
- Anadolu türkünə yad nəzərlərlə baxır,
soyuqluq göstərirdi:
Bilirəm, İstanbul sevinməyəcək,
Ərəbin, Əcəmin
sözün deyəcək.
İstanbul Türk
dilin bitirdi, sovdu,
Türklüyün unutdu, Türk sözün qovdu.
İstanbul - səbəbi
bu pəltəkliyin!
İstanbul əlilə
vuruldu düyün!
İstanbul ləkədir
ağ üzümüzdə,
O, bir qaranlıqdır gündüzümüzdə.
Bəkir Çobanzadənin
ümumtürk, xüsusən
də, Krım-tatar ədəbiyyatı üçün
bir örnək sayılan İstanbul təsirindən
və Osmanlı türkcəsindən tədricən
uzaqlaşaraq milli ənənələrə
üstünlük verməsi
"Türkçülüyün tarixi" əsərinin müəllifi Yusif Akçuranın da diqqətindən
yayınmamışdı: "Bəkir Sidqi Əfəndi Niyazi Əfəndidən (Dobrucadakı
Krım türklərinin
görkəmli şairi
Mehmet Niyazi bəy
(1878-1931) nəzərdə tutulur - V.Q.) ziyadə Krımın xalq nəğmələrindən təsirlənmişdir.
Bu şairdə İstanbul və
Osmanlı ədəbiyyatının
təsiri çox azdır. Mənzumələrinin
şəkillərini, vəznlərini
tamamilə xalqdan almışdır. Osmanlıca
yazı qaydalarına pək diqqət yetirməmiş və yaxşı da etmişdi".
Maraqlıdır ki, dünya
türklüyünün ümid
yeri kimi baxdığı İstanbula
tənqidi münasibət
Azərbaycan şairi Hüseyn Cavidin 1917-ci ildə qələmə aldığı "Uçurum"
pyesində də əksini tapıb. Doğrudur, yeniyetmə Bəkir Sidqidən fərqli olaraq Cavid Osmanlı paytaxtında həyatının
daha yetkin dövründə (1905-1909) yaşamış,
İstanbul Darülfünunun dil-ədəbiyyat bölümündə
təhsil almışdı.
Aydın məsələdir
ki, onun türk-Osmanlı
cəmiyyətinə münasibəti
daha dərin müşahidələrə, tarixi
biliklərə əsaslanmışdı.
Hüseyn Cavidin nəzərində İstanbulun
mədəni-mənəvi tənəzzülünü
şərtləndirən əsas
amil yalnız sadə türk dilinin sarayda nüfuzdan düşməsi deyildi. Türk mənəviyyatı
və əxlaqının,
türklüyə xas
dəyərlərin aşınması
idi. "Qəhrəman
Oğuzların, böyük
Ərtoğrulların sarsılmaz
xələfləri" sayılan
türk gəncliyinin babalarının at belində
dolaşdıqları Avropanın
zahiri parıltısına
aldanmaları, qədim
qitədən fəzilət,
hümmət, ciddiyyət
və vüqar yerinə, "yurda sapıqlıq və iffətsizlik" gətirmələri
"Uçurum" müəllifini
daha çox düşündürür və
sarsıdırdı. Bu mənada,
filosof təbiətli Azərbaycan şairi, sadəcə, üzdəki
qüsurları tənqid
etməyə yox, onları doğuran səbəbləri, problemin
kökünü aşkara
çıxarmağa çalışırdı.
Bəkir Sidqi isə türklüyü
saran mənəvi düşkünlüyün
yalnız bir təzahürü - ana dilinə
sayğısız münasibət
üzərində dayanırdı.
Cavidin:
O gün ki İstanbulda,
Gənclik fransızlaşdı,
Getdikcə türk
övladı
Uçuruma yaklaşdı.
Yurdumuzu sardıqca,
Düşkün Paris modası,
Hər kəsə
örnək oldu,
Sərsəm firəng
ədası
- misralarının
arxasında əslində
türk cəmiyyətini
bürümüş xəstəlik
- təqlidçiliyi mədəniyyət
kimi qəbul etmənin faciəsi açılıb göstərilmişdi.
Yeri gəlmişkən,
başqa bir azərbaycanlı - Cümhuriyyət
hökumətinin Osmanlı
sarayındakı səlahiyyətli
naziri Ə.Topçubaşi
"İstanbul sindromu"nu siyasi-iqtisadi baxımdan dəyərləndirmişdi. O, Baş nazir Fətəli xan Xoyskiyə 5 noyabr 1918-ci il tarixli məktubunda yazırdı:
"Burada (İstanbulda
- V.Q.) ictimai fikir, hətta mövcud olsa da, hərəkətsiz
və dumanlı şəkildədir. Bu dağınıqlıq,
qətiyyətsizlik içərisində
aparıcı əhvali-ruhiyyəni
sezmək çətindir.
Nəinki çətin,
hətta deyərdim
ki, qeyri-mümkündür. Çünki ölkə əhalisi son dərəcə
rəngarəng və
müxtəlifdir. Amma bununla
belə, yenə üç əsas qrup müəyyənləşdirmək
olar: 1. Öz vətənlərinin marağı
üçün yaşayan
xaricilər. Türkiyə
onlar üçün
sağmal inəkdən
başqa bir şey deyil. 2. Yunanlar və ermənilər. Hər ikisi, xüsusən də, yunanlar Türkiyənin barışmaz
düşmənidirlər. Hamısı Osmanlı ağalığından azad
olmaq arzusu ilə yaşayır, səbirsizliklə ingilislərin,
yaxud hər hansı başqa qüvvənin onları
"vəhşi" dedikləri
türklərin əlindən
qurtaracağı ümidi
ilə günləri sayır. Özlərini
"osmanlı" kimi
qələmə vermək,
vətən sevgisi nümayiş etdirməklə
bir sırada, səbirsizliklə avropalıların
türkləri ölkədən
qovacağı saatı
gözləyirlər. Həm
də türkləri hər üzünə yolur və qırxırlar.
Buna daha yaxşı şərait yaratmaq üçün türklər
vuruşmalı, onları
qorumalıdırlar. Ermənilərlə
yunanlar isə ticarətlə məşğul
olmalı, var-dövlət
toplamalıdırlar. 3. Nəhayət,
türklərin özləri.
Onlar iki qrupa bölünür: a) dövləti yaratmış
həqiqi türklər;
b) vaxtı ilə imperiya tərkibinə daxil edilmiş və bu gün
də daxil olan müxtəlif ölkələrin müsəlman
xalqları. Müsəlman
olsalar da, daim türklərdən narazıdırlar.
Belələrinin sırasına,
fikrimcə, türk dövlətinin qəbirqazanları
kimi çıxış
edən ərəblər,
suriyalılar, çərkəzlər,
arnavutlar və
"et-tutti guanti" (hər
cür həftəbecər
- italyanca - V.Q.) daxildir.
Hərəsi yorğanı
öz üstünə
çəkmək istəyir.
Hesab edirlər ki, türk dövləti türklər deyil, ayrılıqda ərəblər,
çərkəzlər, arnavutlar
üçün qurulub.
Hazırda Ərəbistan
və Suriyada, daha əvvəl isə Albaniyada türklərə göstərilən
münasibət bunun əyani sübutudur. Beləliklə, 30 milyon əhalidən yalnız bir ovuc Anadolu türkü (8 milyon nəfərə yaxın!)
600 illik tarixə malik
dövlətin bütün
yükünü və
günahlarını çiyinlərində
daşımağa məcburdur.
Bu olan işdirmi, bu nə qədər
ədalətlidir?!"
Mətləbdən bir qədər uzaq düşsək də, deməliyik ki, türkçülük
ruhunun Osmanlı imperatorluğu və Türkiyə Cümhuriyyətində
bərqərar olmasında
Əli bəy Hüseynzadə, Əhməd
bəy Ağaoğlu,
Yusif Akçura, Əhməd Cəfəroğlu,
Zəki Vəlidi Toğan, Rəşid Rəhməti Arat və b. "rusiyalı türklər", həqiqətən,
mühüm xidmət
göstərmişdilər. Yəqin ki, gənc Bəkir Çobanzadəni
də ən azı, bu kaqortanın
simpatizanları, silahdaşları
siyahısına daxil etmək mümkündür.
XX yüzilliyin əvvəllərində Azərbaycan
romantik poeziyasının
tez-tez üz tutduğu Şərq-Qərb
qarşılaşdırması da şair Bəkir Sidqinin yaradıcılığına
yad deyildi. Müsəlman
Şərqinin, ilk növbədə
isə, türk dünyasının çağdaş
vəziyyəti belə
müqayisələr üçün
çox da uduşlu görünmədiyindən o, bir
qayda olaraq tarixin dərinliyinə baş vurmağı daha üstün tuturdu. Çünki əski tarixdə iftixar hissi doğuran
səhifələr vardı.
Krımlı şairin
Şərq-Qərb mövzulu
şeirlərinin əksəriyyəti,
sanki xalqının varlığını danmağa,
şərəfli tarixini
inkar etməyə çalışan gözəgörünməz
opponentlərlə sərt
polemika şəklində
qələmə alınmışdı.
Müəllif Avropa təhsilinə, mədəniyyətinə,
elminə, rəğbətlə
yanaşsa da, qərbli
alim və siyasətçilərin
avropasentrist meyillərinə
sərt təpki göstərmişdi. Hətta
türklərə nisbətən
mötədil yanaşan
Avropa ölkəsində
- Macarıstanda belə
o, yeni müstəmləkəçilik və müsəlman xalqlara yuxarıdan aşağı baxmaq ab-havasını, keçmişi
arzularına uyğun şəkildə dəyişmək,
yaxud qələmə
vermək niyyətini sezə bilmişdi. Həmin yanaşma tərzi romantik və vətənpərvər
şairdə haqlı
etiraz doğurmuşdu.
Amma tarixi mövzulardan söz açanda obyektivlik və ədalət hissini də heç vaxt itirməmişdi. Türk varlığını danan,
tarixini istədiyi şəkildə təhrif
edən bədxah niyyətli qərbli alimlərə qarşı
çıxdığı kimi də, gerçək
tarixindən bixəbər,
keçmişinin həqiqi
sahibi olmağı bacarmayan soydaşlarını
da günahlandırırdı. Hətta ikincilərin tənqidində daha sərt mövqedən çıxış edirdi.
Həmin nöqteyi-nəzərdən
"Dostlar, bu dil üçün savaşaq, gərək!",
"Tatar deyiləm" - deyənlərə",
"Keçmişdəki günahlarımız",
"Doğuldum bir evdə" kimi tarixi analogiyalara əsaslanan, bəlli süjet xəttinə
malik şeirlər səciyyəvidir.
Məsələn, "Keçmişdəki
günahlarımız" şeirində
Avropa və türklər üz-üzə
qoyulur.
Biri açıb
kitabını "Lənət!"
deyir
Hülakiyə, Batı
xana, Temirə.
Biri yazıb tarixini "barbar" deyir
Bir zamanlar baş əydiyi əmirə.
Bu, mövcud şəraitdə özünü
vəziyyətin ağası
sayan avropalının
mövqeyidir. Bəs müqabilində türk-tatar
nə edir? Zəngin tarix və mədəniyyətin
sahibi olduğunu ortaya qoya bilirmi?
Babaların mirasına
sahib çıxmaq əzmindədirmi?
Təəssüf ki, yox!
Aradan keçən yüzilliklər, uğradığı
məğlubiyyətlər, uduzduğu savaşlar, o biri tərəfdən isə, tərəqqi yolundan uzaq düşməsi,
zamanla ayaqlaşa bilməməsi, tarixi yaddaş və milli qürur hissini itirməsi tatarı əzib. O, hətta xalqının böyük
şəxsiyyətlərini tanımır. Sanki milli varlığından,
əcdadlarından imtina
etməklə özünü
qorumağa çalışır:
Fəqir Tatar atdan
enib, şaşırıb,
Üzün örtür,
səsin qısır,
gizlənir.
"Çingiz,
Temir, Batını tanımıram,
Mən onları
heç görmədim!"
- söylənir.
Amma təbii ki, tarixinin kədərli dövrünü yaşayan,
qəhrəman keçmişindən
uzaq düşərək
müstəmləkə nüfuzuna
çevrilən tatarın
etirafları düşmənin
fikrini dəyişdirmir.
Əksinə, onun yazıq, çarəsiz vəziyyətini görüb
daha böyük həyasızlıqla, daha
sərt ittihamlarla üstünə gedirlər.
Sanki döyüş meydanlarında
uğradıqları məğlubiyyətlərin
əvəzini acı sözlə, təhqir və həqarətlə çıxmağa çalışırlar:
Düşmənləri "Sənsən!"
deyib hayqırır:
"İzin, rəsmin tarixlərdə boyaboy!
Səndin Cingiz ordusuyla yürüyən,
Sarı üzlü,
yastıburun, alçaqboy"!
Küncə sıxışdırılmış
tatar özünümüdafiəyə
sonuncu zəif təşəbbüs göstərir.
Amma dediyinə qulaq asan, sözünə məhəl qoyan yoxdur. Şairin nəzərində bu vəziyyətdə həyasız,
iddialı avropalıdan
daha çox keçmişinə sahib çıxmağı
bacarmayan tatar günahkardır. Öz kökü üstə bitə bilməyən ot qurumağa məhkumdur:
"Mən deyiləm", - deyə fəqir zarıyır,
Çingiz, Batı
nəslimdə heç
olmadı.
Atam, anam şərəfli bir seyiddi,
Yaxınlarım ya qazı, ya molladı".
Xəyali mübahisənin
kuliminasiya nöqtəsində
şair özü səhnəyə çıxır.
Əslində onun dili ilə xələflərinin
bugünkü halından
pəjmürdə olan
əcdadların ruhu danışır. Cahil tatardan fərqli olaraq bu ruh
əcdadlarının dəfələrlə
açıq döyüşdə
yendiyi "mədəni
Avropa"ya meydan oxuyur, tarixin təkrarlardan ibarət olduğunu yada salaraq kimliyi, dünəni barəsində, qürur duyduğu adlar haqqında açıq və sərt danışır:
Buraxın, o fəqir
xalqı, suçu yox,
Suçludursa, bədəlini
ödəyər.
Mənəm Çingiz,
Temir xanın nəvəsi!
Mənəm onlar gedən yolu gedən ər!
Götürürəm günahları
üstümə,
Bizlər yaxdıq
Şamı, Bəsrə
- Bağdadı.
Biz dağıtdıq
sarayların Romanın,
Biz qaldırdıq
ərşə ahı,
fəryadı.
Sonrakı misralar türkün varlığına
son qoyduğunu, onu həmişəlik ram etdiyini
düşünənlərə xəbərdarlıq kimi səslənir. Tale türkə
yar olmayıb, tək döyüş meydanında
deyil, bilik və mədəniyyət
yarışında, Həsən
bəy Zərdabi demişkən, "zindənganlıq
davasında" da uduzub.
Amma bu hələ son deyil. Şair hər türkün ürəyində ölməyən,
məğlubedilməz bir
ruh, sönməyən
bir od yaşadığına
inanır. Türk yurdunun yeni Çingiz xanlar, Temirlər (Tamerlanlar - V.Q.) yetirəcəyinə,
günün birində
sözünü deyəcəyinə
əmindir. Təbii
ki, növbəti misralar
vətənpərvər bir
türk insanının
qəlbində tüğyan
edən romantik duyğuların ifadəsidir.
Çünki gerçəklik
çox qorxunc və kədərlidir.
Amma ümidsiz yaşamaq
da olmaz! Odur ki, acı reallıqdan uzaqlığına baxmayaraq
xalqı səfərbər
edən romantika daha cəlbedici görünür:
Qılıncım yox, köhlənim yox, yayayam,
Ürəyimdə dərddən
atəş qalanıb,
Boynum bəxtin
qollarında burulub,
Evim, ölkəm - nəyim varsa, talanıb
Ey Avropa! Ey alimlər! Biliniz,
Çıxmasanız ağ yalanın sehrindən,
Sabah mən də olacağam bir Çingiz
Qüvvət alıb
millətimin qəhrindən!
Tatar dilinin, tatar xalqının taleyi, vətəninin və soydaşlarının
aqibəti XX əsrin əvvəllərində yazıb-yaratmış
Krım şairlərinin
heç birinin yaradıcılığında Bəkir Sidqi Çobanzadənin əsərlərindəki
kimi, sözün yaxşı mənasında,
təəssübkeşlik və
yanğı hissi ilə işıqlandırılmayıb.
Budapeşt şeirləri,
heç şübhəsiz,
yalnız Krım-tatar
şeirində deyil, ümumtürk poeziyasında
türkçülük cərəyanını
parlaq, prinsipial ifadə edən nümunələr sırasına
daxil oluna bilər. Ramiz Əskərin
doğru müşahidə
etdiyi kimi, Bəkir Çobanzadənin
şeirlərini tematik
cəhətdən təsnif
etmək çətin
olsa da, yaradıcılığına
möhürünü vuran
milli-vətənpərvərlik motivləri, vətən və millət sevgisi yaşının, təcrübəsinin azlığına
rəğmən, tələbə-şairi
son dərəcə mürəkkəb
tarixi dövrdə Krım türklərinin düşünən beyni,
çarpan ürəyi,
danışan dili adlandırmağa əsas verir.
Sarayevo
Vilayət QULİYEV
Ədəbiyyat
qəzeti. - 2024. - 4 may, ¹ 16. - S. 6-7.