70 yaşın mübarək,  Nəsib Nəbioğlu!

 

Həmişə zarafatla "Əmioğlu" deyə müraciət etdiyim, poetik təbinə rəğbət bəslədiyim, fitri istedadına hörmətlə yanaşdığım, yaradıcılığını daima izlədiyim, sevə-sevə oxuduğum, yeri gəldikcə, Rusiya mətbuatında, kitab monoqrafiyalarımda, Moskvadakı Azərbaycan ədəbi-bədii mühitinin ən məhsuldar sayılıb-seçilən nümayəndəsi, tanınmış şairimiz Nəsib Nəbioğlunun - Nəsib Nəbi oğlu Verdiyevin bu gün 70 yaşı tamam oldu. Nəsib Nəbioğlu 2 may 1954-cü ildə Kəlbəcər rayonunun Çaykənd kəndində anadan olub. O, 1975-1980-ci illərdə M.F.Axundov adına Rus dili Ədəbiyyatı İnstitutunda, 1980-1985-ci illərdə isə Moskvada SSRİ Yazıçılar İttifaqının Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb o zamandan taleyin gərdişilə Moskva şəhərində məskən salıb, ev-eşik düzəldib, bir Kəlbəcər gözəlilə mehriban ailə qurub, oğul-uşaq sahibi olub, yazıb-yaradıb, qəfildən boylanıb geriyə baxanda görüb ki, ay dadi-bidad, saçı-saqqalı ağarmış, 70 yaşlı qocaman bir şair olub...

Nəsib Nəbioğlu 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, 2018-ci ildən Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin məsul katibidir.

Nəsib Nəbioğlu imzası 1970-ci illərin əvvəllərindən Azərbaycan mətbuatında görünməyə başlayıb. Elə ilk lirik şeirlərindən ədəbiyyatımıza püxtə bir şairin gəlişi hiss olunub. Hələ 1976-77-ci illərdə çap etdirdiyi "A nənəmin cəhrəsi", "Qızlar hana toxuyanda", "Nənə", "Yaşadın", "Anamı o toya çağırmayıblar" digər lirik nümunələr Nəsibin "incə rübabı"ndan, kövrək qəlbindən soraq vermişdi. Gənc şair zərif munis insani hissləri məharətlə ümumiləşdirərək, xalqımızın mənəvi dəyərlərini həzin-həzin tərənnüm etməklə oxucuların ruhuna yol tapmış, yaddaşlarda qala bilmişdi. Həmin illərdə "A nənəmin cəhrəsi" şeiri az qala, Nəsib Nəbioğlunun poetik pasportu səviyyəsinə çatmışdı. Ədəbi görüşlərdə onun adı çəkilər-çəkilməz, salondan "A nənəmin cəhrəsi" sədaları ucalardı:

 

...Kələflərin içində boya-başa çatmışam,

Dükcələr qucağımda, şirin yuxu yatmışam,

Elə bilmə, mən səni unutmuşam, atmışam,

Hələ yadımdadır naxışının düyməsi,

A nənəmin cəhrəsi...

...Göz açanda meylimi elə sənə salmışam,

Sən dil açıb dinmisən, xəyallara dalmışam.

Öz musiqi dərsimi, inan, səndən almışam,

Sənin nəğmən olubdu qəlbimin ilk nəğməsi,

A nənəmin cəhrəsi...

 

"Başına gələn, başmaqçı olar" deyiblər; gənc şair daş qəlbləri belə sızıldada bilən qüssəli-kədərli misraları ilə cavanlıqda fürsəti əldən vermiş, qayıdışı mümkün olmayan sevgi itikli oxucularının ruhunu dara dartır, göynədib sıtqıdır, sıxıb suyunu çıxarır dərs verir: ayıq-sayıq olun, sevgini, sevdiyinizi vədəsində dəyərləndirin, gözaltınızı bərəsində alın ki, bütün ömrünüz boyu gözünüz gülə-gülə için-için ağlamayın. Bu qənaət Nəsibin real həyatın bədii təcəssümünü incəliklə, yüksək sənətkarlıqla, ədəb-ərkanlı təqdimindən yaranmış "Anamı o toya çağırmayıblar" şeirindən rişələnir:

 

...Sevib, əzizlərmiş gəlini kimi,

Əbədi qəlbinə giribmiş onun.

Sanırmış yolunu gözləyəcəkmiş

Qürbətdə yaşayan şair oğlunun...

 

...Özünə yer tapa bilməyib o gün

Gözaltı etdiyi gəlin köçəndə!

Deyirlər: gözündən leysan axıdıb,

Doqqazın yanından gəlin keçəndə!..

 

Nəsib Nəbioğlunun əsərlərində vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan zaman haqqında düşüncələr öz əksini tapmışdır. O, Qarabağın ermənilər tərəfindən işğalı zamanı yurd ağrısına, yurd itkisinə köklənmiş, Qarabağ faciəsi, torpaqlarımızın qəsbkarlar tərəfindən işğalı, xalqımızın başına gətirilən faciələri, fəlakətləri əks etdirən təsirli, yanıqlı şeirlərilə seçilən sənətkardır. Şairin doğma yurdu, ata-baba ocağı, təbiətin gözəllik əzəmət örnəyi, dağlar diyarı Kəlbəcər mənfur düşmənlər tərəfindən yerlə-yeksan edildiyindən, onun doğmaları, əzizləri ev-eşik, od-ocaq həsrətilə 30 il ürəyi dağlı yaşamağa məhkum olmuşlar. Şairin bir çox qohum-əqrəbası, sevimli anası, qardaş bacısı yurd təşnəsilə dünyadan köçmüşlər. Bütün bu itkilər əsirlikdə inləyən torpaqlarımızın dərdi şairin qəlb çırpıntılarına çevrilmiş, ürək ağrısı ilə odlu-alovlu, qəmli-kədərli, ağrılı-acılı, amma inamlı-ümidli misralara çevrilmişdir. Sözün həqiqi mənasında, Nəsib Nəbioğlu söz ustasıdır, bədii təsvir vasitələrinin bütün imkanlarından maksimum yararlanır, adi sözlərin sehrli düzümü ilə, hətta qaçqınlığın, köçkünluyun, sanki gözə görünən, əllə toxunula bilən canlı, müdhiş obrazını yarada bilir. Şairin "Qaçqın anam, köçkün anam" şeirini həyəcansız oxumaq mümkün deyildir, müəllifin daxili yanğısı, ürək parçalayan dərd-səri misralara elə hopub ki, oxucu bu sətirlərin sahibinin dağ dözümünə, qüdrətli dirənişinə heyran qalır, ona arxa-dayaq durmaq istəyir. Şeirin ürək dağlayan misralarına diqqət yetirək:

 

...Anamın bayatısı,

Bir öz-özünə zümzüməsi

Bir naləydi, ah idi.

Hər yerdən əllərini üzmüşdü,

Qaçqın düşən gündən

Bircə ümidi, pənahı Allah idi...

Qismətə bax, qaçqın düşdü,

Perik düşdü yuvasından,

Elə hər gün danışardı

Həyətindən, məhləsindən,

Öz yurdundan, obasından...

...Öz evinin, eşiyinin həsrətiylə yaşadı o,

Ürəyində qaçqın adlı

Ağır bir yük daşıdı o.

Hər gün xəyallarında

məhləsinə döndü anam.

"Dağlar" deyə-deyə

 

Bir şam kimi söndü anam.

qədər könlünü aldım,

Yalvardım-yaxardım,

Kirimədi.

Əlləri qoynunda qalmışdı, ağlar.

Son nəfəsinəcən elə

deyirdi: dağlar, dağlar...

 

Müəllifin bu misralardakı yüksək sənətkarlığı milləti birliyə kökləyir, düşmənə nifrəti son həddə çatdırır. Şair yaxşıca anlayırdı ki, şanlı qələbə yalnız dövlətlə millətin sarsılmaz birliyi mərə kafirlərə nifrətin sonsuzluğu nəticəsində əldə oluna bilər...

Onun şeirlərində doğma Azərbaycana məhəbbət, yurd nisgili, qaçqın köçkünlərimizin acı taleyi, böyüyüb boya-başa çatdığı uzun illər düşmən tapdağına məruz qalan dağlarımızın həsrəti mühüm yer tutur. Bu illər ərzində Nəsibin şeirləri xalqı birliyə, mübarizəyə, dövlətçiliyimizin güclənməsi naminə gecə-gündüz çalışmağa, əlləşib-vuruşmağa, məkrli düşmənlərimizi mütləq şəkildə torpaqlarımızdan qovmağa, heç vəchlə işğalla barışmamağa çağırıb, yeri gələndə, haray-həşir qoparıb, həyatda birtəhər başgirləyən soydaşlarımızı qəflət yuxusundan ayıltmaq üçün bar-bar bağırıb. Ancaq Nəsib dərdin ağırlığı altında əzilməyib, inləməyib, heç vaxt ümidsizliyə qapılmayıb, qələbəyə inamını bir an da itirməyib, hələ 1994-cü ildə qələmə aldığı "Dalğalan, enmə bir , Azərbaycan bayrağı!" şeirində Xankəndin başı üstə Azərbaycan bayrağının dalğalanacağını öz gözlərilə görəcəyini qətiyyətlə, inamla söyləyib:

 

...Analar dillənməsin bir göz yaşı üstə,

Tariximiz yazılmasın sinə, başdaşı üstə,

Özüm görüm gözümlə Xankəndin başı üstə,

Dalğalan, enmə bir Azərbaycan bayrağı!

 

Bundan sonra di gəl, əstəğfürullah, "Peyğəmbərlərdən sonra Allaha ən yaxın bəndələr şairlərdir" kəlamına şəkk elə! Dövlətimizin, millətimizin, ordumuzun monolit birliyi, Ali Baş Komandanımızın Dəmir yumruğu düz 29 ildən sonra şair sözünün həqiqət olduğunu parlaq şəkildə bütün dünyaya car çəkdi. İndi qalib sərkərdəmiz cənab İlham Əliyevin Xankəndi üzərində qaldırdığı şanlı Azərbaycan bayrağı məğrur-məğrur dalğalanır, millətimizə qürur verir əbədi olaraq yağılardan azad olunmuş bütün torpaqlarımızda dalğalanacaq!

Müasir Azərbaycan ədəbiyyatının Moskvada fəaliyyət göstərən ədəbi-mədəni mühitinin ən parlaq simalarından olan Nəsib Nəbioğlu öz poeziyasında insanları sülhə, bərabərliyə, xeyirxahlığa, mənəvi təmizliyə çağırır. Onun bir çox şeirləri müxtəlif dillərə tərcümə edilmişdir. Nəsib Nəbioğlu özünün poetik yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının inkişafına pərvəriş verən, yorulmaq bilmədən onun Rusiyada təbliğinə mühüm töhfələr bəxş edən, bu istiqamətdə önəmli xidmətlər göstərən, nadir istedad sahibi olan şairimizdir.

Nəsib Nəbioğlu Rəsul Rza Yuri Dolqoruki adına beynəlxalq mükafatlar laureatıdır. Onun otuza yaxın şeirinə musiqi bəstələnib. Yubilyar şairimiz 8 şeir kitabının müəllifidir: "Urəyim yurd yeridir"(1988), "Sizə sözüm var"(1994), "Dua edən bulaq" rus dilində - (1996), "Bağışlamaz dağlar məni"(2004), "Nəğməkar əsgər"(2007), "Heç belə kənd olar"(2011), "Ulduz nur saçırdı qayanın üstə" rus dilində - (2014), "Seçilmiş əsərləri" (I cild, 2018).

Əzizim Nəsib Nəbioğlu - Əmioğlu!

Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin yazar dəstəsi şəxsən öz adımdan səni 70 illik yubileyin münasibətilə ürəkdən təbrik edir, sənə uzun ömür, buz baltası kimi sağlam can, ailə səadəti, bol-bol yaradıcılıq uğurları arzulayıram. Tale verən ömrü sağlam xoşbəxt yaşa! Min şükürlər ki, külli Qarabağ doğma Kəlbəcərin düşmən tapdağından qurtuldu, bütün Azərbaycan murdarlıqdan arındı-durundu, paklaşıb müqəddəsləşdi. Uca Tanrı sənin yubileyinə ən qiymətli hədiyyə bəxş etdi! Ümidvaram ki, yaşının müdrik çağlarında poeziyamız sənin nikbin ruhlu, insanın mənəvi dəyərlərini, təbiət gözəlliklərini tərənnüm edən, qəlbləri ehtizaza gətirən lirik şeirlərinlə daha artıq zənginləşəcək.

 

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                 Moskva,

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                              02.04.2024

 

              Abuzər Bağırov

        Yazıçı, filologiya elmləri doktoru,

    Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin

     professoru, Azərbaycan Yazıçılar Birliyi Moskva

              bölməsinin sədri

 

Ədəbiyyat qəzeti. - 2024. - 4 may, ¹ 16. - S. 13.