Didərgin
Mən didərgin
insanam...
Didərgintək
Elindən-obasından olmayır.
Ən didərgin
insanlar
Yaşadığı ünvandan
Özünə yer tapmayır...
Qürbətdə yaşamıram,
Qürbət məndə
yaşayır.
Bəlkə də istəmədən
Kiməsə yük olmuşam,
Ruhumun çiyinləri
Ən ağır
yük daşıyır...
Nə acam, nə açıqda,
Nə soyuqda qalmışam.
İsti yer axtarmıram,
Qəlbim od tutub yanır.
Sinəmi buz bağlayır...
Mən didərgin
insanam,
Didərginin
Buynuzu, qulaqları
olmayır,
Uzaqdan xoş görünür.
Bir az yaxın gedirsən,
Gözlərinin içindən
Rahatlıq boylanmayır...
Kim qaldı
ki?
Göz yaşımı
özüm silsəm,
Ürəyimdə nakam sevgi...
Yenidən sevmək
istəsəm,
Seviləcək kim qaldı ki?
Eşq bulağından
su içdim,
Dadı mənə
acı gəldi...
Dərə-təpə çox
yol keçdim,
Qədirbilən kim qaldı ki?
Bu dünyaya bir də gəlsəm,
Sirr olaram qəlblərdəki...
Cahan sirrini mən bilsəm,
İnanacaq kim qaldı ki?
Dilim dərdlərimi
saysa,
Söz tükənər
nitqimdəki...
Yollar uzun, ömür qısa,
Yaşadacaq kim qaldı ki?
İnsan
İnsan,
Kimə vəfalısan,
kimə sadiqsən?
De: - Nəyə güvənib qəlbə
girirsən?
De: - Nəyə güvənib eşqə düşürsən?
Sən kimsən,
insanı seçib insandan
Özündən acizə
zülm edirsən?
Bir can yaratmağa
qadirsənmi, heç?
Öz doğma
canına sadiqsənmi,
heç?
İstərsən nökər
ol, istərsən
sultan,
Dünyanı gəz dolan, gücünə güvən.
İstərsən, ən çətin sınaqlardan
keç,
İmtahan edərsə
səni Yaradan...
Aciz varlığını
səmaya tutub
İmdad diləyirsən
təkcə Tanrıdan.
Ayağın altında
bir ovuc torpaq,
Başının üstündə
bir tutum bulud.
Nəyə xəyanətdən
dustaqsan, insan?
Başında doğma
əl, əlin yad saçda,
Sən yada doğmasan,
doğmaya yadsan?
Var oldun nidayla, itdin sualla,
Sən elə adicə insansan, insan...
Gözün aydın
Sən getmişdin,
yolun açıq,
Gözüm hələ
də yol çəkir.
Bəlkə öldüm
gözüaçıq,
Bəlkə mənə
elə gəlir.
Dönmüsənmi?
Gözün aydın!
Gəlişindən bixəbərəm.
Bəs kölgədə
niyə qaldın?
Mən aydınlıq
içindəyəm...
İndi danış
acı-acı,
Dara çəksin
baxışların.
Neynəyəcək dar ağacı?
Boğub məni
duyğularım.
Bir yalandın, ayaq tutdun,
Yerimədin mənə
sarı.
Sən şeytandan
güc umurdun,
Mən sevirəm
Allahını.
Xəyalımın rəngləri
Mən heç
böyümədim ki,
Bəlkə soldu arzular,
Bəlkə ümidsiz
qaldım,
Heç nağılsız
qalmadım...
Xəyalımın rəngləri
Qaraları ağartdı,
Bəxtimə kölgə
saldı.
Kimi yalan danışdı,
Gözlərimi boyadı.
Kiminin nağılları
Ömrümün yollarında
Toz pəmbə rəngdə qaldı...
Mən heç
böyümədim ki,
Dünyam hələ
rəngarəng.
Dayan, tələsmə,
dostum,
Sən hara tələsirsən?
Hələ rüzgar
əsəcək.
Sevgilərə ip taxıb
Uçurarıq çərpələng...
Hələ qalıb
oyunlar,
Oyunda uduzanlar
Gözlərini yumurlar.
Ən yaramaz adamlar
Axtaranda tapılar...
Artıq bəsdi,
Yoruldum.
Bu dəfə siz uduzun,
Bir dəfə də mən udum.
Yumsun hər kəs gözünü:
Birdəfəlik gizlənim,
Tapmasınlar izimi...
Günel Ağazadə
Ədəbiyyat qəzeti. - 2024. - 4 may, № 16. - S. 19.