“Qobustan” dərgisinin Türkiyə
sayı İstanbulda təqdim edilib
İstanbulda
Türk Ədəbiyyatı
Vəqfində "Qobustan"
dərgisinin Türkiyə
özəl sayının
təqdimat mərasimi
keçirilib. Tədbirin
aparıcısı, Türk
Ədəbiyyatı Vəqfinin
əməkdaşı Səadət
Örməçi dərginin
yayımlanmasının Azərbaycan
Yazıçılar Birliyi
və Türk Ədəbiyyatı Vəqfi,
"Türk Ədəbiyyatı"
və "Qobustan"
dərgiləri arasındakı
qarşılıqlı əməkdaşlıq
çərçivəsində baş tutduğunu bildirib: "Razılaşmaya
əsasən "Türk
ədəbiyyatı" dərgisinin
bir sayı Azərbaycana, "Qobustan"
dərgisinin bu il üçün ilk sayı Türkiyəyə
həsr olunmalı idi. Hər iki
dərgi artıq yayımlanıb və oxucuların ixtiyarına buraxılıb".
Türk
Ədəbiyyatı Vəqfinin
rəhbəri, şair
Sərhat Kabaklı Xalq yazıçısı
Anarın yaratdığı
və hələ sovet dövründən ümumtürk mədəniyyətini
təbliğ edən
“Qobustan” dərgisinin Türkiyə sayının
yayımlanmasını tarixi
hadisə adlandırıb:
"Ustadımız Anarın
hələ sovet dövründən əsasını
qoyduğu bu dərginin tarix boyu çox sınaqlardan keçib və bu gün
qalib Azərbaycanın
öz qardaşına,
Türkiyəyə dərgi
həsr etməsi hər birimizi həyəcanlandırır. Əzizimiz
Anar bəyə demək istəyirəm ki, onun və
onunla bərabər Azərbaycan Yazıçılar
Birliyində çalışan
dostların gördüyü
böyük işləri
çox dəyərləndiririk
və sizləri burada görməkdən son dərəcə məmnunuq".
Ədəbiyyatşünas
alim, professor Ramazan Korkmaz isə Anarın Türkiyəyə gəlişini
böyük ədəbiyyat
bayramı hesab etdiyini deyib: "Anarın İstanbula gəlişini yalnız bir hadisə ilə müqayisə edə bilərəm; əgər beş əsr bundan əvvəl desəydilər
ki, Füzuli Türkiyəyə gəlib
eyni təsir bağışlayardı! Böyük
ədəbiyyatlar arasında
körpüləri böyük
sənətkarlar yaradırlar.
Anar ustad bu cür böyük
qələm adamlarından
biridir. Və onun ardıcıllarının
«Qobustan" dərgisi
kimi sənət hadisəsini davam etdirməsi, gözəl işlər görməsi
çox sevindiricidir".
“Türk
ədəbiyyatı” dərgisinin
baş redaktoru, yazıçı-tərcüməçi İmdat Avşar çıxışında dərgilər
arasındakı bu qarşılıqlı razılaşmanın
davamlı olacağını,
gələcəkdə də
belə cüt saylar buraxılacağını
söyləyib: “Mən
hər şeydən əvvəl Ustad Anara və başqanım
Sərhat Kabaklıya minnətdaram ki, Pərvin xanımla düşündüyümüz bu layihəyə dəstək oldular. İllərlə çevirdiyim
yüzlərlə əsər
mənə onu da göstərib ki, Azərbaycan ədəbiyyatının Türkiyədə
təbliğ olunmasına
hələ çox ehtiyac var. Həmçinin
də Türkiyə ədəbiyyatının Azərbaycan
gənclərinin daha yaxşı öyrənməsi
belə layihələrin
sayəsində mümkün
ola bilər. Ona görə "Qobustan"ın bütün
yaradıcı heyətinə
təşəkkür edir,
layihələrimizin davamlı
olmasını diləyirəm".
Mətbuat
Şurasının sədri,
şair Rəşad Məcid hələ gənclik illərindən
“Qobustan”ın oxucusu olduğunu dilə gətirib: “O illərdə sovet çərçivələri içərisində bu dərgi tamam yeni bir ab-hava,
azad bir üslubda idi. Ona görə çox böyük maraqla oxunurdu. Bu gün yeni
texnologiyaların dərgidə
əksini görmək,
zövqlü yazılarla
tanış olmaq xoşdur. Mən yaradıcı heyəti təbrik edirəm, onlara uğurlar diləyirəm”.
Xalq
yazıçısı Anar
“Qobustan” dərgisinin Türkiyə sayını
tarixin ədaləti kimi qəbul etdiyini bildirib: “Bu gözəl görüş və tədbir üçün
hamınıza minnətdarlığımı
bildirirəm.
Məni
burada Füzuli ilə müqayisə etdilər. Əlbəttə,
bununla razı deyiləm. Yüz-yüz illərdir öz dahiliyini sübut edən Füzuli ilə heç kəs müqayisə oluna bilməz. Amma böyük şairin bir beytini xatırladım:
Füzuli,
eylədi ahəngi-eyşxaneyi-rum.
Əsiri-möhnəti-Bağdad
gördüyün könlüm.
Nə
gözəl ki, mən Bağdaddan yox, azad Azərbaycandan,
qalib xalqın yazıçısı kimi,
sizlərdən ötrü
qardaş Azərbaycan
türklərinin nümayəndəsi
kimi buradayam. Zamanında “Qobustan”ı sadəcə toplu adlandırdığımız üçün, “ön söz”, “danılmaz”, “çağdaş” və sair sözləri istifadə etdiyimiz üçün bizə deyirdilər ki, siz Türkiyə türkcəsində yazırsız.
Və “Qobustan”ı
pantürkist meyllərinə
görə ittiham edirdilər sovet dövründə. O zaman mənim 30 yaşım vardı, indi 86 yaşım var. Və bu yaşımda
bütünlüklə Türkiyəyə
həsr olunmuş dərginin burada təqdimatının keçirilməsini
tarixin ədaləti hesab edirəm. Keçmişimizi azdırmağa,
milli kimliyimizi səhv yazmağa, anlatmağa çalışanların
niyyəti baş tutmadı. Mən Yazarlar Birliyinin rəhbəri olandan sonra dostum Fikrət
Qoca, ondan sonra Ələkbər Salahzadə dərgiyə rəhbərlik etdilər.
Allah onlara rəhmət eləsin. Daha sonra Vaqif
Əlixanlı oldu dərginin baş redaktoru, ona da cansağlığı
diləyirəm və
onların hər birinin xidmətlərini yüksək qiymətləndirirəm.
Amma bunu da qeyd etməliyəm
ki, dərgi son illərdə yeni bir səviyyəyə
yüksəlib və təzə dərgi kimi çap olunur. Ona görə
mən “Qobustan”ın
keçmiş baş
redaktoru kimi indiki baş redaktoruna və onun kollektivinə öz minnətdarlığımı
bildirirəm”.
Sonda
dərginin baş redaktoru, yazıçı-dramaturq
Pərvin Nurəliyeva
tədbir təşkilatçılarına
öz minnətdarlığını
bildirib: “Bu il “Qobustan”ın
55 yaşı tamam olur və bu,
yubiley ilimizə Türkiyə sayı ilə qədəm qoymağımız təsadüfi
deyil. Dərginin keçdiyi yolu araşdıranda başa düşdüm ki, bu yolda Türkiyə
sevgisi hər zaman görünür və artıq dəfələrlə vurğulandığı
kimi, hələ sovet dövründən bu böyük sevgi senzuranın da gözündən yayınmayıb, böyük
problemlərə səbəb
olub”. P.Nurəliyeva “Qobustan” dərgisində işləməyi böyük
etimad hesab etdiyini və bu inama layiq
olacağını dilə
gətirib: “Ustad Anar müsahibələrindən
birində söyləmişdi
ki, “Qobustan” mənim övladımdır.
O zamandan düşündüm
ki, Anarın övladı yalnız və yalnız Türkiyəni sevə bilər və onun adına layiq olmağa çalışar. Ona görə bir daha sizlərin hüzurunuzda söz verirəm ki, daha yaxşı olmağa çalışacağıq!”
Tədbirin sonunda Türk Ədəbiyyatı Vəqfi qonaqlara hədiyyə və mükafatlarını təqdim edib. Xalq yazıçısı Anar “Türk dünyası ədəbiyyatının ağsaqqalı”, Rəşad Məcid və Pərvin Nurəliyeva isə “Əhməd Kabaklı adına ədəbiyyat mükafatı”na layiq görülüblər.
Ədəbiyyat qəzeti.
- 2024. - 4 may, ¹ 16. - S. 21.