Şərqin şöhrəti Mövlana Məhəmməd
Füzuli Cənubi
Azərbaycan ədəbiyyatında
Cənubi Azərbaycanın
əksər söz sənəti yolçuları
Vətənimizin keçmişinə,
bu gününə, onun görkəmli sənətkarlarının həyat
və yaradıcılığına,
saya-hesaba gəlməyən
dəyərli əsərlərinə,
onların məna və ünvanlarına yaxşı bələddirlər.
Elə ona görədir ki, onların
yaradıcılığında klassik
ədəbiyyatımızın nümayəndələrinə həsr edilən səmimiyyət dolu əsərlər mühüm
yer tutur. Bu qələm sahiblərinin
bütün türk xalqlarının böyük
şairi, alimi, mütəfəkkiri, filosofu,
Azərbaycan, fars və ərəb dillərində yazıb-yaradan
Məhəmməd Füzuli
(1994-1558) kimi dünya
şöhrətli söz
ustalarımızı öz
əsərlərində böyük
məhəbbətlə tərənnüm
edib oxucularına yaxından tanıtdırması,
sələflərinin onlara
etibar etdikləri xalqa sədaqətlə xidmət etmək sahəsindəki tövsiyələrinə
sadiq qalmaq yolundakı səmərəli
fəaliyyətləri klassiklərimizə,
onların irsinə olan dərin hörmət və sonsuz məhəbbət hisslərinin təzahürüdür.
Bu əsərlərin
sırasında Məhəmmədəli
Manafzadə Sabitin
(1888-1908), "Füzuli xatirəsinə",
Məhəmmədhüseyn Şəhriyarın (1906-1988) "Əziz şairimiz Füzuli", Əli Tudənin (1924-1996) "Füzuli
ilə söhbət"
"Azərbaycan torpağı",
Aşıq Hüseyn Cavanın (1916-1985) "Füzuli",
Firudin Hasarinin
(1934-2020) "Süleyman qardaşıma",
Mir Mehdi Çavuşinin (1909-1967) "Yurduma", "Azərbaycan",
Həsən Məcidzadə
Savalanın (1940) "Qəzəl",
Əli Şərif Dilçuyi Adsızın
(1955) "Dilim", "Sərmayə
sahibi", Sabir Nəbioğlunun
(1926-2013), "Mən Azərbaycanam!",
Fərman Fəzli Mövlanın (1978) "Etməzmidin
(Böyük Füzuliyə)"
və başqa əsərlərdə Məhəmməd
Füzuli şəxsiyyəti
gözəl mənalandırılmışdır.
Sənət heykəlisən,
vüqarlı dağsan,
İlham mənbəyisən,
qaynar bulaqsan,
Xalqının qəlbində
həmişə sağsan,
Sanma ki, dünyadan köçdün, Füzuli!
- deyən Təbrizin ən məşhur şair-aşıqlarından
olan H.Cavan
hər misrasına ləldən, cəvahirdən,
dürdən, gövhərdən
don biçən, şeir,
sənət vurğunu,
həqiqət yolunda daim mətin dayanan, həmişəyaşar
Füzulini eyniadlı
şeirində oxucusuna
belə təqdim edir.
1945-ci ildə Təbrizdə "Vətən
yolunda" qəzeti yanında yaradılan
"Şairlər məclisi"
üzvləri Əli Fitrətin, Mir Mehdi Etimadın,
Hüseyn Səhhafin, Müzəffər Derəfşinin,
Mir Mehdi Çavuşinin, Yəhya
Şeydanın və Balaş Azəroğlunun
İran Azərbaycanı Milli Hökumətinə ünvanladıqları
məktub - şeirdə
onlar dahilər yetişdirən Vətənimiz
Azərbaycanla hərtərəfli,
o cümlədən, görkəmli
insanları ilə də fəxr etdiklərini böyük qurur hissilə vurğulayırdılar:
Azəristan torpağında
saysız insanlar yatıb,
Düşmənin bir qanına min qan edib, qana batıb.
Çox bu torpaqda yatıb Xaqanitək dürdanələr,
Ya Nəsimi, ya Füzuli tək ulu fəvzanələr.
Bu məkan olmuş əzəldən
qəhrəmanlar məskəni,
Əymə qəddin
düşmənə, aslan
ana doğmuş səni.
"Şairlər
məclisi"nin işində
Cənubi Azərbaycandan
olan və Azərbaycan dilində yazıb-yaradan 40-dan artıq şair və yazıçılarla birlikdə
o dövrdə ordu sıralarında
İrana, Cənubi
Azərbaycana
gedən şimallı
qələm sahibləri
də iştirak etmişdilər. "Şairlər
məclisi"nin məşğələlərində,
bir qayda olaraq, əvvəlcə klassik ədəbiyyatın
nümayəndələrinin əsərlərindən nümunələr
oxunur, təhlil edilir, fikirlər söylənilir, sonra müasir şairlərin şeirləri oxunub rəy verilirdi.
O taylı-bu taylı Azərbaycanın
görkəmli şairi
Ə.Tudə yazır: "Biz hər məşğələdə ədəbi
söz ustadımız
Məhəmməd Füzulinin
bir qəzəlini səbrlə, diqqətlə,
heyrətlə təhlil
edirdik. Sonra növbə
ilə şeirlərimizi
oxuyub rəy söyləyirdik. Bu rəy
sorğusunda Şimaldan
gəlmiş qələm
sahibləri də öz fikirlərini bildirirdilər. Bəyənilmiş
şeirlər, həm
"Şairlər məclisi"
məcmuəsində, həm
də "Vətən
yolunda" qəzetində
dərc olunurdu".
M.Füzulinin rəsmində
təsvir edilən ağ çalmasını
həyatın ağır
yumruğu, düyünlü
qaşlarını üsyankar
xəncər, saqqalını
zamanın dümağ
qoruğu, kədərli
gözlərini dumanlı
səhər kimi qələmə verən Ə.Tudə "Füzuli ilə söhbət" şeirində
həyatın hər üzünü görmüş
bu söz ustadına layiq hər hansı şeir misrası yazmağa, hər hansı kəlam söyləməyə çətinlik
çəkir. Onun şeirdə layiqli surətini vermək üçün dünya poeziyasının iftixarı
Nizami Gəncəvinin
(1141-1203) sağlığını vacib bilir və
M.Füzuliyə müraciətlə deyir:
Elə sikkədir
ki, sənin hər kəlmən,
Min gövhər gərəkdir xırdalamağa!
Elə mənadır
ki, sənin hər nəğmən,
Min əsər yazılar sadalamağa!
Ömürlük məhəbbət
bəs edilməyən
aşiq, muğam məclislərində yeri
ən başda olan sənətkar, ona həsr edilən
əsərlərə öz
misraları yaraşıq
verən qüdrət
sahibi, öz surətini neçə əsr qabaq yaradıcılığının zirvəsi olan "Leyli və Məcnun"
poemasında yaradan dahi, xalqının diləklərinin "muzdsuz
qələm çalan
tərcümanı" olan
M.Füzulinin dili ilə əsərinin
sonunda dediyi aşağıdakı misralar
şairin əzablı
həyatını oxucusunun
gözü qarşısında
canlandırır:
Həqiqət gəzməkdən
qəddim əyildi,
Dəmir misralarım
çəliklərimdir.
Qarşımda əriyən
şamlar deyildi,
Qəzəbdən əriyən
sümüklərimdi.
Fələyin əlindən
zara gəlsəm də,
Demədim kef çəkim,
saraylar görüm.
Mən şeirə
can verdim, dedim, ölsəm də,
Qoy, şeirin ömründə uzansın
ömrüm.
M.Füzulinin adının
əsrlər boyu ümman kimi aşıb-daşması onun
şeirinin ömründə
özünün ömrünün
uzandığının bariz
nümunəsidir. Ürəklərə
yol tapan Nizami Gəncəvi və Məhəmməd Füzuli yaradıcılığını
böyük məhəbbətlə
təhlil və tədqiq edən ədəbi problemlərin
mahir bilicisi, görkəmli siyasi xadim Məhəmməd Əmin Rəsulzadə şairanə bir məhəbbətlə yazırdı:
"Nizami Məcnunu şeirləşdirmişsə,
Füzuli şeiri Məcnunlaşdırmışdır".
M.Füzulinin ziddiyyətlərlə,
ağrı-acılarla dolu
bir həyat yolu keçməsi Cənubi Azərbaycanın
tanınmış şairi
F.Hasarinin "Süleyman qardaşıma"
adlı şeirində
də vurğulanır.
Əsərdə müəllif
M.Füzulinin kədərli həyatını
bir daha yada salır və eyni zamanda öz
həyatının da onunku
kimi ah-nalə içərisində keçməsindən,
bu dərdi duyub ona şərik
çıxanın, sağalması
üçün dərman
tapanın belə olmamasından şikayətlənir:
Füzulitək göylərə
qovzandı ahım,
Fələkdən başqası
yanan olmadı.
Ney oldum, göylərə ucaldı
naləm,
Naləmi, dərdimi
qanan olmadı.
Bu və bunun kimi bir
çox əsərlərdən
bəlli olur ki, müasirlərimiz klassiklərimizin
həyatını, yaradıcılığını
dərindən mənimsəyərək
onlardan yalnız sənətkarlığı deyil,
dərdə dözümlülüyü
də öyrənmişlər.
Ədəbiyyat aləminin
bütün dövrlərində
Azərbaycan dilinə
qarşı olan təzyiqlər onun qüdsiyyət və varlığının qorunmasını
əsas məsələ
kimi qarşıya qoyub. Əsl yaradıcılığa inqilab illərində başlayan
Ə.Ş.Dilçuyi
"Adsız" təxəllüsü
ilə şöhrət
tapmış Cənubi
Azərbaycan şairi,
gah güldürən, gah ağladan,
xalqının şad
və dərdli günlərində ona ortaq olan Azərbaycan
dilinin Nizamidən, Nəsimidən, Füzulidən,
Vurğundan qüdrət
aldığı üçün
daim yüksəldiyini
fəxrlə vurğulayır.
Onun daim bir güzgütək parladığından iftixarla
söz açır:
Almış o qüdrət Füzulimdən,
Nəsimimdən mənim,
Vurğunun təbində
indi yüksələn
dağdır dilim!
Çox sitəmlər
görsə də, çıxdı sınaqdan,
sınmadı,
Sabit oldu aləmə hər bir zaman haqdır dilim!
Cənub poeziyasında
elə bir şair tapmaq olmaz ki, Dil mövzusunda
əsər yazmasın.
Ünsiyyət, məhəbbət
aləmi olan şeir dünyasındakı
gözəllikləri oxucuya
çatdırmaq qabiliyyəti
Cənubi Azərbaycan
poeziyasının yeni nəslinin
nümayəndələrindən olan Nasir Davəraninin şeirlərində də
yüksəkdir:
Dilim Füzulinin yazdığı qəzəl,
Cənnətdir Vətənim,
hər yeri gözəl.
Şeiriyyət bizimlə
yaranıb əzəl,
Kəlmələr gül-çiçək,
dilim bahardır.
Mirzə Ələkbər
Sabir və Hüseyn Cavidin əsərlərini
mütaliə etməklə
şeir yazmağa başlayan M.M.Çavuşi
"Azərbaycan" şeirində
Xaqani, Nizami, Füzuli kimi ölməz sənətkarlar
yetişdirən Azərbaycanla
qürur duyur və qanında onların qanı olduğu üçün
bu dahilərin haqq yolundan ayrılmayacağına
and içir.
Azərbaycanın Şimalında
olduğu kimi, Cənubunda da bir çox sənətkarlarımız
öz əcdadlarının
yolu ilə getməyi, nə olursa-olsun, hansı çətinliklərlə rastlaşırlarsa-rastlaşsınlar,
onların haqq yolundan dönməməyi
qarşılarına məqsəd
qoymuş və onları özləri üçün bir məktəb hesab etmişlər. Bu baxımdan,
vətənpərvər şair
H.M.Savalanın "Qəzəl"i maraq doğurmaya bilməz:
Eşqdə yannam Füzulitək, sədaqət
gözlərəm,
Yurdum odlar yurdudur, atəşi bünyadım mənim.
Gər Nəsimitək
soyulsam eşqdə başdan-başa,
Dönmərəm, çün
dönməyiblər
haqdan əcdadım
mənim.
H.M.Savalanın M.Füzulinin
həyat və yaradıcılığı haqqında
bir sıra məqalələr yazıb
Azərbaycandilli "Varlıq"
jurnalında dərc etdirməsi də onun Füzuli dühasına böyük
məhəbbətindən irəli
gəlir.
Uzun illər Azərbaycan ədəbiyyatı
sahəsində fasiləsiz
olaraq böyük bir mətanət və əzmlə çalışan Yəhya
Şeyda yazır:
- Nizami, Nəsimi, Füzuli, Vaqif, Seyid Əzim,
Sabir Azərbaycan ədəbiyyatının
parlaq kökünün
ən dirəxşan ulduzlarındandır. Onların
əsərləri Avropa
ariyantalistlərinin (şərqşünaslarının)
ağzını təhsin
və təəccüblə
açmışdır.
Əsərləri Avropa şərqşünaslarının ağzını təəccüb
və heyrətlə açmağadək gətirib
çıxaran Nizamiləri,
Füzuliləri bəsləyən
Vətəni ilə fəxr edən M.M.Çavuşinin "Yurduma" şeirini oxuyarkən, onun doğma yurduna olan böyük sevgisinin, onunla, qucağında bəslədiyi
görkəmli adamlarıyla
qürur duyduğunun şahidi oluruq:
Gəlinidir qoca Şərqin, gözəlidir
dünyanın,
Yer üzündə
cənnət kimi diyarı var yurdumun.
Qucağında Nizamilər,
Füzulilər bəsləyən
Tarixlərdə fəxr
elənən diyarı
var yurdumun.
Ə.Tudə də
"Azərbaycan torpağı"
şeirində Nizami iradəli, Füzuli şöhrətli
bu Vətən torpağı ilə fəxr etdiyini söyləyir. Cənubşünas
alim S.Nəbioğlu isə, "Mən Azərbaycanam!" adlı
məqaləsində "Mən
kiməm?", "Ata-babalarım
kimlər olmuşdur?"
suallarının cavabında
deyir:
"Mənim köküm bəşər
özünü dərk
etdiyi gündən ilk
şüurlu addımlarını
atdığı çağlara
aparıb çıxardı.
Bildim ki, beşiyim başında öz dühaları ilə dünyanı heyran qoyan Xaqanilərin, Nizamilərin, Füzulilərin,
Nəsimilərin ötdükləri
nəğmələr qəlbimi,
ruhumu, şüurumu Vətən adlı müqəddəs torpağa
bağlayan ustadlarım
olmuşdur. Bu nadir zəka
sahiblərinin mənə
verdikləri təlimin
baş qayəsi havasını udduğum, suyunu içdiyim Vətən adlı müqəddəs diyara məhəbbət bəsləmək
olmuşdur. Onların
verdikləri təlimin məğzi,
məna və məzmunu bu sözlərdə ifadəsini
tapmışdır:
- Sən gecələri, gündüzləri
atəşi səngiməyən
əbədi Odlar yurdunun - Azərbaycanın
övladısan".
Ə.Ş.D.Adsızın "Sərmayə
sahibi qəzəli də Füzuli şəxsiyyətinə, Füzuli
yaradıcılığına böyük məhəbbətin
nəticəsi kimi meydana gəlmişdir. M.Füzulinin əsərlərindən
ilham alaraq təsirlənən şair
onun Füzuliliyin Məcnundan böyüklüyünü
təsdiq edən
"Məndə Məcnundan
füzun aşiqlik istedadı var", "Aşiqi-sadiq
mənəm, Məcnunun
yalnız adı
var" - misralarını öz
qəzəli üçün
epiqraf götürmüşdür.
O, bu misraları dövrünün tələblərinə
uyğunlaşdıraraq "Məcnun" adını
"Çingiz", "aşiqlik"
sözünü "zalimlik"
sözü ilə əvəz etmişdir:
Məndə Çingizdən
füzun zalimlik istedadı var,
Zalimi-sadiq mənəm,
Çingizin ancaq adı var.
Millətin kəsdim
dilin, qoydum açılmış ovcuna,
Ol səbəbdən
ağlayar, bizdən dili-naşadı zar.
M.Füzulinin cəmiyyətdə
ən çirkin saydığı şeylərdən
biri pula hərislik, rüşvət və rüşvətxorluq olmuşdur.
Elə ona görə də onunla həmfikir olan Adsız, dövrünü məzəmmət
edərək deyir:
Biz də aşiq olmuşuq pulə, vurulmuşuq şöhrətə,
"Leylinin Məcnunu, Şirinin əgər Fərhadı
var".
Küfrə uymuşlar
deyirlər dalımızca
çoxlu söz,
Sanmayın ol sözlərin bir zərrəcə bünyadı
var.
M.Füzulinin şeirlərindən
təsirlənərək əsər
qələmə alan Cənubi Azərbaycan şairləri az deyildir. Onlardan biri də Bulud
Qaraçorlu Səhənddir.
M.Füzulidə ilk düşüncənin
novatorluğunu aşkara
çıxaran Azərbaycanın
xalq yazıçısı,
akademik Mirzə İbrahimova Qasım Cahani vasitəsilə gəlib çatan Bulud Qaraçorlu Səhəndin "Dəli
Domrul" poemasını
o, Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya
salam"ından sonra
Cənubdan Şimala gələn ən qiymətli yadigar və qardaşlıq töhfəsi hesab edərək yazırdı:
"Biz bu poemada, nəinki ölməz
"Dədə Qorqud"
dastanlarının ətrini
duyur, Nizami, Füzuli, Vaqif poeziyasının isti nəfəsini hiss edirik".
Şair, yazıçı,
ədəbiyyatşünas, elmlər doktoru Ələkbər Turabinin görkəmli tədqiqatçı
Alavın "Ədəbi-tənqidi
araşdırmalar" adlı
kitabına yazdığı
müqəddimədə isə
oxuyuruq:
"Əgər Nəimilər, Nəsimilər,
Füzulilər, Sabirlər,
Möcüzlər, Şəhriyarlar
yaratdıqları ədəbi
ömürlü əsərləri
ilə ədəbiyyatın
mənəvi və mədəni atası olduqlarını göstərdilərsə,
son iyirmi ildə yaranan əsərlərin müəllifləri öz
sələflərinin ləyaqətli
övladları olduqlarını
sübut etdilər".
Ə.Turabinin sözlərinə
bunu da əlavə edək ki, yalnız o dediyi tarixdə deyil, ədəbiyyatımızın
bütün dövrlərində
öz sələflərinin
ləyaqətli övladları
olduqlarını bəlli
edən qələm sahiblərimiz az olmamışdır. Cənubi
Azərbaycanın dəyərli
övladlarının bu
baxışı həmişəki
kimi, yenə də qüvvədə qalır ki, xalq özünün yazar
qələmə malik olan
övladlarını ona
görə ərsəyə
gətirir ki, onlar da xalqının istək və arzularını, Vətənin şanı,
şöhrəti, görkəmli
insanları haqqında
yazıb onları dünyaya tanıtsın.
Lətifə MİRZƏYEVA
AMEA
Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu Cənubi
Azərbaycan
ədəbiyyatı
şöbəsinin böyük elmi işçisi
Ədəbiyyat
qəzeti. - 2024. - 4 may, ¹ 16. - S. 20-21.