Atam deyərdi ki

 

Atam deyərdi ki, bu zəmanədə

Pislik etməməyin özüyaxşılıq.

Gedib bir aqildən məsləhət alsan

Belə insanların sözüyaxşılıq.

Atam deyərdi ki, dünyada var

Abırdan, həyadan, ismətdən artıq?!

Əlləşib-vuruşmaq havayı şeydir

Heç kəs yeyə bilməz qismətdən artıq.

Atam deyərdi ki, getdiyin evin

Dönüb qadınına, qızına baxma.

Kədər , sevinc Tanrı payıdır,

Bu payın çoxuna, azına baxma.

Atam deyərdi ki, qonşun ac olsa

Əl uzat, bir tikə çörəyini böl.

Hər yetən insana vermə sirrini,

Qardaş-bacın ilə ürəyini böl.

Atam deyərdi ki, yurddan ayrılmaq

Ölümə bərabər, zülümə təndir.

Qürbətdə ən gözəl yer vətən olmur,

Vətən torpağında hər yer vətəndir.

Atam deyərdi ki, ata olanda

Dediyim bu sözlər düşər yadına.

…Ata da, baba da oldum, ay ata,

Dəyərli sözlərin çatdı dadıma.

 

                                                                20 aprel 2024

 

Dünya məndən,

mən dünyadan narazı

 

Yaşadıqca hesab çəkdim özümlə,

Şax dayandım içimdəki dözümlə,

Od götürdüm kirpiyimlə, gözümlə,

Sağalmadı ürəyimin yarası

Dünya məndən, mən dünyadan narazı.

Allah verən bir ömür var əmanət,

Aza-çoxa, vallah, yoxdu zəmanət,

Diz tutulur, bel bükülür nəhayət,

Canmı qalır bu yolları yorası,

Dünya məndən, mən dünyadan narazı.

Azərbaycan ürəyimdə yerləşib,

Hər zərrəsi gövhər olub, dürləşib.

Xəyalımda iki sahil birləşib

Nəfəsimlə əritmişəm Arazı,

Dünya məndən, mən dünyadan narazı.

Gileyim çox bu vəfasız ömürdən,

Mən insanam, yoğrulmadım dəmirdən.

Nələr deyir saçlarıma düşən dən:

Bu dünyaya gəlməyəydim ən azı

Dünya məndən, mən dünyadan narazı.

 

                                                                 8 dekabr 2023

 

Ömrün başdan-başa

burulğan idi

 

                               Görkəmli şair Məmməd Aslanın

                                             məzarı önündə düşündüklərim

 

Heç zaman üzünə gülmədi həyat,

Bu fani dünyanın qəmiydin, qəmi.

Sahili sahilə sözlə tikərdin,

Fikir ümmanında gəmiydin, gəmi.

Bir ömür yaşadın sözün ərkində,

Göylərə ucaldın xəyal tərkində.

Ay əmi, söz yox ki, bu söz mülkündə

Sünbülü sovulmaz zəmiydin, zəmi.

Haq sözü deməyin «nahaq qan» idi,

Dözən ürək  idi, dözən can idi.

Ömrün başdan-başa burulğan idi,

Bir şair bəxtinin kəmiydin, kəmi.

Sən idin küsünün, kinin qayçısı,

Söz olan məclisdə sözün başçısı.

Kövrək könüllərin ağrı-acısı,

Yaşaran gözlərin nəmiydin, nəmi.

Yayın ortasında qışın gələrdi,

Bax onda yaş üstə yaşın gələrdi

Mən «əmi» deyəndə xoşun gələrdi,

Sən Adil Cəmilə əmiydin, əmi.

 

                                                             30 aprel 2024

 

Qarada , ağda qara

 

Mən özümdən başlamışam,

Mən özümdə bitəsiyəm.

Bir gün bir göz qırpımında

Mən gözlərdən itəsiyəm.

Hələ qeydə alınmamış,

Üstündən yol salınmamış,

Məkanı kəşf olunmamış

Yeni dünya qitəsiyəm.

Söz əhlinin fəhmi varmış,

Düz sözünün zəhmi varmış.

Rəbbimin rəhmi varmış

Bilir şıltaq bəndəsiyəm.

Yazmadığım yazım qalıb,

Yozmadığım yozum qalıb.

Çoxum gedib, azım qalıb

Ömrün payız vədəsiyəm.

Qarada , ağda qara,

Hara gedir, karvan hara?

Bu dünya bir karvansara

Gəlmişəm ki, gedəsiyəm

 

                                                              30 oktyabr 2022

 

Sənə yadam

 

Həsrətinlə  alovlandım

Niyə atdın oda məni.

Naz-qəmzənə kimsə dözməz

Öldürdü bu əda məni.

Eşqi sönməz odamdedim,

Amma sənə yadamdedim.

«Canım» dedim, «qadam» dedim,

Tutdu bu qan-qada məni.

Sən danışma başımdan,

Xəbərin yox öz yaşından

Silinmişəm yaddaşından,

Heç salmırsan yada məni.

 

                                                          28.02.2024

 

Canlının canı şirin

 

Üzümə oxudu həkim

çarəsiz diaqnozumu.

Yox idi bu gerçəyin

başqa yozumu..

İnsan hər yaşda insandır,

canlının canı şirin.

Bir anlığa düşündüm ki,

həyat, səndən hanı şirin?

Bir anlığa qayıtdım mən

Ötən sağlam günlərimə.

Cavan oğlan günlərimə.

Arzulardan, xəyallardan

O doğulan günlərimə.

Anladım ki, varlığımda

nəyim varsa

Vallah, bircə-bircə gedir.

İnsan oğlu bu dünyaya

Qartal gəlib, sərçə gedir

 

                                                             5 dekabr 2023

                                                  Ankara, Qazi xəstəxanası

 

Düşünmə şairsən

 

Sosial şəbəkələrdə özünü

görkəmli şair kimi izləyicilərə

sırıyan istedadsız adamlara

Özünə görkəmli şair söyləyib

Çinara bənzətmə söyüd sözünü.

Böyüyü dinmirsə söz sənətinin,

Bacara bildikcə böyüt sözünü.

Düşünmə şairsənadın, sanın var,

Sənin sünbülün, xırmanın var.

Di gəl ki, hazırca dəyirmanın var —

Hələ ki, fürsətdir üyüt sözünü.

Həyası olana nədir bu həyat?

Hər yerdə qarşıya çıxırsan rahat.

Üzünü görməkdən bezib camaat,

Bir az abıra sal bu lüt sözünü.

Səni qınamıram, getdi o dəmlər

Başqa havalara köklənib simlər

Yerdən götürəcək bilmirəm kimlər

Özün diri ikən meyit sözünü.

 

                                                                       13 aprel 2024

 

Cinaslı bayatılar

 

Hər  günahı,

Günah bil hər günahı.

Bədəsil övlad sənə

Çəkdirər hər gün ahı.

 

Sər çəmənə,

Yaylığın sər çəmənə.

Qəfəsdən baxan qartal

Göründü sərçə mənə.

 

Kəs məni

Şikəstəni, kəsməni.

Yalanım üzə çıxsa

Doğra məni, kəs məni.

 

Gün düzə,

Şəfəq saçır Gün düzə.

Ömür keçsə firavan

Gecə dönər gündüzə.

 

Ər isə,

Sel gələr qar ərisə.

Qadını xatun eylər

Ər dediyin ər isə.

 

Yar aşsa,

Bu zirvəni yar aşsa.

Dedi-qodu azalar

Yar yarına yaraşsa.

 

Yardımı,

O görünən yardımı?

Sevən kəslər qovuşar

Tanrı yapsa yardımı.

 

Yara bir,

Dərd birdimi, yara bir?

Ömrüm xəzan çağında

Xəbər verin yara bir.

 

Yar ansa,

Sevinərəm yar ansa.

Ömür boyu sağalmaz

Sevgin sənin yaransa.

 

Dərəni,

Sellər yuyur dərəni.

Güllərin şahı bildim

Yamacda gül dərəni.

 

Balasına,

Kim qıyar balasına?

Ata, ana ovular,

Qoymaz ki, bala sına.

 

Dərdi var,

Hərənin öz dərdi var.

İnsan yoxsa içində

Quzulayar dər-divar.

 

Qar qara,

Qarışıbdı qar qara,

Məcrasına sığışmır

Qar yağdıqca Qarqara.

 

Yad olsun,

Ya boşalsın, ya dolsun.

Yad gəlib doğma olur,

Doğma niyə yad olsun?

 

Qara bax,

Dağ başında qara bax.

Xalqımın qüdrətiylə

Azad oldu Qarabağ.

 

Bu çənə,

Duman dedim bu çənə.

Elə üyüdüb tökür

Heç dayanmır bu çənə.

 

Dəb dəbə,

Qarışıbdı dəb dəbə.

Sadə yaşa, sadə ol

Nəyə lazım dəbdəbə.

 

Daşı bir,

Bu daşları daşı bir.

Vətəndaşın, yurddaşın

Torpağı bir, daşı bir.

 

Bağ salar,

Kamil insan bağ salar.

Qara daş da göyərər

Xoş nəzərlə baxsalar.

 

İl anlar,

Olmayaydı ilanlar.

Həsrət çəkən ürəklər

ay, il anlar.

 

Yar attı,

Mən piyada, yar attı.

Yar deyən yarımırsa

Allah niyə yaratdı?!

 

Ömür-gün,

Yaman keçdi ömür-gün.

Hanı sənin o yuxun,

Hanı sənin o mürgün?

 

Qışqıra,

Aciz odur qışqıra.

Yazqabağı çıxanı

İnsafdırmı qış qıra?

 

Sağ ikən,

Vəsiyyət et sağ ikən.

Onsuz da insanlığın

Solu kəmdir, sağı kəm.

 

 

Adil Cəmil

 

Ədəbiyyat qəzeti. - 2024. - 4 may, ¹ 16. - S. 23.