Natəvan - kədərli qürur abidəsi
Təxəllüsündəki kədər
qədəri idi... İşğaldan sonra sökülüb-dağılmış, baxımsız qalmış
yurdunda sarayın otaqlarında gəzən
Xan qızının məğrur
yerişini, sinəsi övlad dağlı ananın pəncərələrdən
uzaqlara zillənən
kədərli baxışlarını
xəyal edib düşünürsən ki, viran
qalan təkcə bu yurd yeri
deyil; bu saraydan çox əvvəl Natəvanın
həyata keçməmiş
arzuları talan olub. Xanın "Dürri-yekta"sı Xan qızı
kimi yaşadı, tarixdə özünə
və əcdadına layiq ad qoysa
da, arzuları çin
olmayan qadın kimi ömür sürdü...
Natəvanın nəvəsi
(qızı Xanbikənin
övladı) Əkbər
xan Naxçıvanski
yanında böyüdüyü
nənəsini xatirələrində
belə təsvir edir: "Natəvan çox ucaboylu deyildi, gözləri ala idi, çox gözəl siması vardı. O çox sadə idi." Bütün patriarxal cəmiyyətlər kimi, Qarabağ mühiti də Xan qızına sadəlik və zərafətinə sığdırdığı
gücünü, bir çox kişilərin belə, məhrum qaldığı cəsarət
və mərdanəliyi,
səxavətini bağışlaya
bilmədi. Xeyirxahlıq
və rəhmdillik rəmzi olan Natəvanın şəxsi
ağrı-acısını ona unutduracaq məlhəm ailəsinin və əhalinin şərtsiz dəstəyi
ola bilərdi, amma olmadı.
Mirzə Mustafa Fəxrəddin
Ağabalinin Seyid Həmzə Nigariyə həsr olunmuş "Hümayü-ərş" kitabında
yazdığına görə,
Natəvan üzüyünə
"Fələklə diz-dizə
oturmuş, Fatimənin
kənizi Xurşidbanu"
ifadəsini həkk etdiribmiş. Mirzə
Mustafa əlavə edir:
"Xasay xan ilə izdivacından sonra bəzi tərbiyəsizlər divarlara:
[Fələklə diz-dizə
oturmuş, hamamlarda
... zamani Xurşidbanu]
yazmışlar. Şuşa
qalasında təsadüf
etdiyim bir zatdan xanımın halını sorğu-sual etdim. Cavabında divarlara yazılı olan bu sözü
söylədi. Başqa
bir söz əlavə etmədi. Anladığıma görə,
bu izdivac incikliyi xanımın vəfatından sonra da yaddan çıxmamışdı.
Allah təqsirindən keçsin".
Təkcə elə bu sətirlər məğrur Xan qızının
necə dillərə
düşdüyünün sübutudur. Bəlkə də, Natəvan hər zaman əl tutduğu, kömək etdiyi əhali tərəfindən dəstəklənsə
idi, mənən bu qədər yıxıq olmaz, itirdiyi övladının
acısını digər
övladlarının varlığı
ilə ovudar, özündə təpər
tapıb həyat eşqinə sarılardı.
Amma güclü qadını
gözü götürmədiyindən
onu mənən əzmək üçün
böhtanlar yağdıran
nankor cəmiyyət o
vaxt da məqsədinə
nail olmuş, sonuncu Qarabağ xanının qızı ayağıçarıqlıların
dilinə düşmüşdü.
Bütün bunlar onun dərdini birə-beş artırmaq üçün kifayət
edirdi.
Taleyindəki kədərin
qisasını cəmiyyətdən
alan pislərdən deyildi Natəvan, əksinə, xoşbəxtliyi
yaxşı əməllərdə,
işığa inamında
idi. Bu qədər ağrılı, əzablı
həyat yaşamasına
baxmayaraq Xan qızı
ona layiq qürurla ömür sürdü, başını
əymədi, bütün
yaradıcılığı kədərlə süslənsə
də, qürur abidəsi Azərbaycan qadını örnəyinə
çevrildi.
Qarabağın sonuncu hakimi Mehdiqulu xan dəfələrlə
evlənsə də, yalnız Uğurlu xan Ziyadoğlu-Qacarın qızı Bədircahan bəyimdən anasının
adını verdiyi Xurşidbanu bəyim adlı qızı doğulmuşdu. 1832-ci ilin
15 avqustunda doğulan qız övladı əlli yaşlı atasına taleyin gecikmiş hədiyyəsi,
Qarabağ xanlığının
yeganə varisi idi. Atasını itirəndə 13 yaşı
tamam deyildi. Kədər də taleyinə elə o zamanlar ayaq açdı.
Xurşidbanunun Xasay xanla evliliyi ilə bağlı elmi ədəbiyyatda müxtəlif versiyalar mövcud olsa da, siyasi əhəmiyyətə
malik olması barədə
hamısı ortaq fikirdədir. Bu izdivac Qafqaz canişinliyinə Qarabağ xanlığının
taleyini qarantiləmək,
Xasay xana çarlığa sədaqətini
nümayiş etdirmək
üçün sərf
edirdi. Bəs Natəvana? Onun fikri heç kimi maraqlandırmırdı.
Knyaz Xasay xan Usmiyev. Rus ordusunun general-mayoru Xasay xanın milli mənsubiyyəti uzun illər müzakirə obyekti olsa da, son illər yayğın qənaətə görə,
o, soy-kökü etibarilə
Qazıqumuq şamxalları
nəslinə mənsub
olub. 1808-ci ildə Qumuq əyalətinin Köhnə Aksay kəndində, nüfuzlu qumuq knyazı Musa Xasav Usmiyevin ailəsində dünyaya gələn Xasay xan Natəvandan 24 yaş böyük idi. Qafqaz ordusunda
xidmətlərinə görə
çarın şəxsi
təşəkkürlərini almış, müxtəlif
orden və mükafatlara layiq görülmüşdü. Onun
Natəvanla tanışlığı
və evliliyi məsələsi ədəbiyyatşünaslığımızda
müzakirə obyektidir:
belə ki, versiyaların
birinə görə,
Xurşidbanu və anası Tiflisə səfər edərək mübahisəli mülk məsələlərini yoluna
qoymağa çalışmışlar
və Xasay xan Natəvanla evlilik müqabilində onlara kömək vəd edib. "Digər versiya isə qumuq əsilzadəsi ilə Qarabağın hakim ailəsi
arasında qohumluq münasibətlərinin yaranmasının
Qafqaz canişini Vorontsovun layihəsi olduğunu iddia edir." (Vilayət Quliyev) Hər iki halda bu
izdivac könüllülük
zəminində yox, bir növ, könüllülüyə
məcburiyyətdən yaranmış
olur. Xasay xanla Natəvan 1848-ci ildə (müxtəlif mənbələrə görə
bu tarix 1847-1850-ci illər arasında dəyişir) ailə qurmuş, toydan sonra birlikdə Dağıstana yola düşmüşlər. Gənc
ailə müxtəlif
vaxtlarda Tiflis və Bakı da daxil olmaqla ara-sıra səfərlər etsə
də, əsasən Şuşada yaşamışlar.
Xasay xanı nə Qarabağ elitası qəbul edə bilirdi, nə də yeni qohum-əqrəbası. Bunda
xanlığın gəlirlərini
əhalidən gizləyən,
onlara yuxarıdan aşağı baxan Xasay xanın öz günahı da az deyildi. Hər
iki uşağını
anasının yanında
qoyaraq Şuşadan gedəndən (1864) az müddət sonra knyaz Usmiyev öz
kəndində knyaginya
N.Kaplanova ilə evlənir. 1862-ci ildə Qafqaz süvari qoşunlarında
saxlanmaqla general rütbəsinə
yüksələn knyaz
X.Usmiyev 1866-cı ildə 860 manat təqaüdlə hərbi
xidmətdən azad edilir. Belə ki, o, həmişəlik Osmanlı
imperiyasına köçmək
fikrinə düşsə
də, çar imperiyasının müsəlman
əhalisinə pis nümunə olacağından
ehtiyat edən Qafqaz canişinliyi onun xahişini rədd edir və hərbi xidmətdən tərxis edib Voronejə göndərməklə, bir
növ, sürgünlə
cəzalandırır. Az sonra
özünə qarşı
münasibətlərdən sarsılan Xasay xan Usmiyev intihara
cəhd edir: başından aldığı
ağır yara ilə aylar sonra (21 aprel 1867) vəfat edir. Şuşada onun Natəvanla izdivacından doğulan iki varisi - oğlu Mehdiqulu və qızı Bikə bəyim (1856-1924) qalır.
Natəvanın övladları.
Xasay xanla evliliyin ilk illərində
Xurşidbanunu kədərə
boğan səbəblərdən
biri də övlad xiffəti idi. Ana ola bilməyən Natəvan bir müddət Tiflisdə müalicə aldıqdan sonra Bakının Şıx kəndinə, Bibiheybət pirinə pənah gətirmişdi.
Bu ziyarətdən sonra
övlad arzusu çin olduğu üçün knyaz Usmiyev öz hesabına Bakıdan Bibiheybət məscidinə
qədər yol çəkdirmişdi. Bu məqamı
Aleksandr Düma da özünün
"Qafqaz səfəri"ndə
xüsusi qeyd edir.
Natəvanın ilki Mehdiqulu Usmiyev (1855-1900) hərbçi idi: çar ordusunun polkovnik-leytenantı 1900-cu ilə
qədər Qafqaz Hərbi Dairəsində qərargah zabiti kimi xidmət etmiş, hərbi xidmətlərinə görə
dəfələrlə təltif
olunmuşdur. Həmçinin
Vəfa təxəllüsü
ilə şeirlər yazırdı. Xasay xanın ölümündən
sonra Natəvan Seyid Hüseyn Ağamirovla ailə qurmuşdu. Bu evlilikdən
sonra dövlətdən
bəy ünvanı almasına, Yelizavetpol (Gəncə) quberniyasında
bir çox məktəblərin hamisi
olduğuna, quberniya katibi mülki çini daşımasına
baxmayaraq, qarabağlılar
Xan qızına əvvəli
papaqçı olmuş
rəiyyətlə evliliyi
bağışlaya bilmirdi.
Onların bu izdivacdan 3 oğlu (Mir Həsən, Mir Abbas, Mir Cabbar)
və 2 qızı (Saray xanım və Həcər xanım) doğulmuşdu.
Natəvanın böyük
oğlu Mehdiqulu xan Usmiyev özünü
Qarabağ xanının
birbaşa varisi saydığından onlara
məxsus mal-mülkün
kiçik bir hissəsinin belə, Seyid Hüseynin övladlarına çatmasının
əleyhinə idi. Odur ki, oğlu Mir Abbası uzun sürən xəstəlikdən
sonra 17 yaşında itirməsinin əzabı azmış kimi, böyük oğlunun miras davası, anası və ögey bacı-qardaşları
ilə bitib-tükənməyən
qovğası Natəvanın
dərdinə dərd
qatırdı.
Xeyriyyəçi Xan qızı.
Qarabağ əhalisinin
qayğıları ilə
yaşayan Natəvan üçün onların
problemlərini həll
etmək prioritetləri
sırasında idi. O,
yüz min manat sərf edib yeddi kilometrlik məsafədən sıldırım
qayaların döşü
ilə, saxsı borularla Şuşaya su kəməri çəkdirərək (1873) könüllərdə
xeyirxah insan kimi yuva qura
bildi. Təkcə bu deyildi. Tədqiqatçı
Ənvər Çingizoğlu
"Cavanşir eli: sarıcalılar" kitabında
yazır ki, Qarabağda
kəndlilərin təsərrüfatının
tamamən məhv olduğu 1887-ci ildə Xurşidbanu bəyimin əmrilə qarabağlı
yoxsul kəndlilərə
siyahı üzrə,
qaytarmaq şərtilə
taxıl paylanmışdı;
evinin yanında tikdirdiyi "buzxana" anbarındakı buzdan həkim göstərişi
olduqda pulsuz istifadə edirdilər; bağının meyvəsini
siyahı üzrə fəqir-füqəraya paylayardı;
heyvanlar kəsdirib qazanlar dolusu yemək bişirtdirər və kənd əhalisinə qonaqlıqlar
verərdi və s.
1864-cü ildən
fəaliyyət göstərən
"Məclisi-üns" şeir
və musiqi məclisi 1872-ci ildən Natəvanın evində toplaşmağa başlamışdı.
Otuzdan çox üzvü olan məclisə Xurşidbanu
bəyim rəhbərlik
edirdi. Natəvanın
həyatındakı silsilə
kədərli hadisələr
səbəbilə 1890-cı illərin əvvəllərindən
başlayaraq "Məclisi-üns"ün
fəaliyyəti zəifləsə
də, Xan qızı
Natəvanın vəfatına
qədər davam edib (ətraflı bax: "Məclisi-üns")
Həyatının sonlarına
doğru Xan qızının
evindən xeyirxah məqsədlər üçün
ayrılmış bir
sandıq qızıl
pul və qiymətli əşyalar oğurlanır. Bu hadisə
Natəvanın Arazdan
Mil düzünə çəkdirməyə
başladığı arxın
Kəngərli məntəqəsində
yarımçıq qalmasına
səbəb olur.
Natəvan və
Aleksandr Dümanın baş
tutmamış şahmat
oyunu. Natəvanın bioqrafiyasında diqqətçəkən
məqamlardan biri də məşhur fransız dramaturqu, jurnalist və səyyahı Aleksandr Düma
(ata) ( 1802-1870) ilə görüşüdür.
Elmi araşdırmalarda
əksini tapmayan,
"tarixdən bəllidir
ki" sözləri ilə
mənbələrə əsaslandırılmadan
məqalədən-məqaləyə keçən A.Dümanın
guya Şuşadan keçərkən Xan qızı
ilə görüşməsi,
onların şahmat oynaması, Natəvanın
fransalı səyyahı
mat edərək qabiliyyəti
ilə də mat qoyması və bunun müqabilində qonağın xanıma öz şahmatını bağışlaması haqqında
məlumat gerçəyi
nə dərəcədə
əks etdirir? Əlbəttə, tarix üçün Dümanın
Qafqaza səyahətinin
baş tutduğu
1858-ci il elə də
uzaq sayılmamalıdır
və onların görüşünün təfərrüatları
əks olunmuş mənbə mütləq olmalıdır. Və belə bir mənbə
Dümanın öz səfər təəssüratlarını
əks etdirdiyi "Qafqaza səyahət" əsəridir (1859). Dünyanın
müxtəlif dillərinə
tərcümə edilərək
çap olunan kitabın Azərbaycana həsr olunmuş hissəsi dilimizə
1985-ci ildə Qəzənfər
Paşayev və Həmid Aslanov tərəfindən tərcümə
edilib.
Əsərdən öyrənirik
ki, Düma Azərbaycanda
olduğu müddətdə
tanınmış şəxsiyyətlərdən
sonuncu Şəki xanının nəvəsi
Məhəmməd xan,
şamaxılı Mahmud ağa,
həmçinin Xurşidbanu
Natəvan və həyat yoldaşı Xasay xan Usmiyevlə
görüşmüşdür. Lakin müəllif Natəvanı
şair, ictimai xadim kimi deyil,
adını belə çəkmədən, sadəcə
olaraq, Mehdiqulu xanın qızı kimi təqdim edir: "Səbirsizliklə
gözlədiyimiz, hörmətlə
qəbul olunduğumuz
bu məclisdə bizi görmək istəyən iki azərbaycanlı xanım
və onlardan birinin - gənc xanımın əri də iştirak edirdi. Çadra örtmüş bu xanımların biri Qarabağın axırıncı
xanı Mehdiqulu xanın arvadı, o biri qızı idi. Anaya qırx, qızına iyirmi yaş vermək olardı. Hər ikisi milli geyimdə idi. Qəşənglikdən
daha çox bahalı olması ilə seçilən nazik paltarda cazibədar görünən
gənc xanımın
yanında iki uşağı da vardı."
(s. 63)
Adətən, mənbəyə
əsaslanmadan müəlliflər
Dümanın bu görüşdə Natəvanın
ağıl və qabiliyyətinə heyran olduğunu, füsunkarlığını
mədh edtiyini yazırlar və təəssüf ki, bunu bəzən hətta elmi məqalələrdə
də görə bilirik. Bu, əlbəttə
şairə olan sevgidəndir, lakin Natəvanın belə təhriflərlə təriflənməsinə
ehtiyacı yoxdur və olduğu kimi də tərifi
haqq edən qadın, şair və ictimai xadimdir. Aleksandr Düma, Natəvanın əksinə,
həyat yoldaşı
Xasay xan Usmiyevdən çox ətraflı və xüsusi rəğbətlə
bəhs edir, "dəqiqliyi ilə avropalılardan da üstün
olan", "fransızca
parislilərdən heç
də pis danışmayan" Xasay xanı "ləyaqətli
adam" adlandırır:
"Gənc xanımın
həyat yoldaşı
Xasay xan Usmiyev ürəyəyatan,
gözəl insanlarla yolda baş çəkdiyimiz Andreyevo kəndində anadan olmuşdur. Otuz beş yaşlı Xasay xan qədd-qamətli
idi. Alışıb-yanan
gözlərində nəsə
bir narahatlıq duyulurdu. Qapqara saqqalı onun dişlərini daha da ağ göstərirdi. Başına qıvırcıq
quzu dərisindən tikilmiş gözəl papaq qoymuşdu. Uzun, qara çərkəzi
çuxa geyinmişdi..."
Əsərdən bəlli
olur ki, X.Usmiyev
ortaq tanışlarına
A.Düma vasitəsilə
salam göndərir və silah həvəskarı
olduğundan səyyah
qonaqdan xahiş edir ki, Parisə qayıtdıqdan sonra ona Devim emalatxanasında
istehsal olunan silah göndərsin. Ata Düma özü ilə gətirdiyi Devim tapançasını
Xasay xana bağışlayır. 1 saat
sonra qonaq X.Usmiyevdən səhvsiz fransızca ilə yazılmış məktub və hədiyyə alır:
"Sizin elə gözəl, elə zəngin silah kolleksiyanız var ki, ora nəsə əlavə etmək mümkün deyil. Odur ki, bu pul kisəsini
və iki arxalığı qəbul
etmənizi xanımım
xahiş edir. Pul kisəsini xanımım öz əlləri ilə tikmişdir! Xasay xan Usmiyev". Göründüyü kimi,
Natəvan A.Dümaya
özü tikdiyi pul kisəsini ona bağışlanan şahmat qarşılığında
hədiyyə etməyib,
bu tikili Usmiyevin qonağa cavab jesti olub.
Aleksandr Düma ilə Xurşidbanu Natəvanın görüşü
uydurulub yazıdan-yazıya
keçdiyi şəkildə
baş tutmasa da, bu xəyal məhsulu
yeni sənət əsərlərinin
yaranmasına da rəvac
verib. Belə ki, heykəltaraş Akif Əsgərovun
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində
saxlanılan "Xurşidbanu
Natəvan və
Aleksandr Dümanın Bakıda
görüşü" adlı
heykəlciyi, rəssam
Çingiz Mehbalıyevın
Xurşidbanu Natəvan
və Aleksandr Dümanın
şahmat oyunu" adlı rəsmləri və s. nümunələr
bu qəbildəndir.
Natəvanın rəssamlığı.
XIX əsr Azərbaycan
təsviri sənətinin
inkişafına töhfəsini
verən qrafik əsərləri Xurşidbanu
Natəvanın özünəməxsus
rəssamlıq irsinin
göstəricisidir. Onun
hazırda Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunda
saxlanılan "Gül dəftəri"
adlı 227 səhifəlik
albomunda (1886) Azərbaycan
incəsənətini yeni çalarlarla
zənginləşdirən sənət nümunələri
müəllifinin zərif
estetik duyumunun nişanəsidir. Albomda on
üç qəzəl,
otuza yaxın rəsm əsəri yer alır. Sulu boya və karandaşla
çəkilmiş bu
rəsmlər arasında
mənzərə və
müxtəlif bitkilərin
təsvirinə də
rast gəlmək mümkün olsa da, əsasən müxtəlif
güllər (qızılgül,
bənövşə, lalə,
süsən, qərənfil,
yasəmən) üstünlük
təşkil edir. Şeirlərlə yanaşı
yerləşdirilən illüstrasiyalar
istər motiv, istərsə rəng həlli baxımdan bədii mətndəki əhvali-ruhiyyəni əks
etdirir. Sənətşünas
Ziyadxan Əliyevin qeyd etdiyinə görə, "naturadan çəkildiyi şübhə
doğurmayan "Üzüm
salxımı", "Lalə",
"Gül", "Çiçək",
"Süsən", "Qərənfil" və
s. rəsmləri Azərbaycan
təsviri sənətində
sonradan geniş yayılacaq natürmort janrının ilkin işartısı olması
baxımından da əhəmiyyətlidir."
Cildi tirmə üzərində rəngli
saplar və muncuqlarla işlənən
elementlərlə bəzədilmiş
"Gül dəftəri"nin bir üzündə güllər və miladi tarixlə
"1886-cı il", o biri üzündə isə ağac təsvirləri və hicri tarixlə
"1304-cü il" yazısı həkk olunub.
Bundan başqa,
Natəvanın rəsm
əsərləri arasında
Qarabağ lövhələri
ilə yanaşı, səfər təəssüratlarını
əks etdirən
"Bakı mənzərəsi",
"Məscidli qala",
"Narınqala", "Kür
qırağı", "Dağlara yol", "Metex qalası", "Dəniz kənarı",
"Sahil kənarında körpü"
və s. kimi mənzərə təsvirlərini
də müşahidə
etmək mümkündür.
Natəvanın əl işləri. Milli Azərbaycan
Tarixi Muzeyində qorunan əl işləri Xan qızının
yüksək sənətkarlıq
qabiliyyətinə malik, incə
zövqlü rəssam
və bədii tikmə ustası olduğunun sübutudur. Natəvanın bacarıqlarından
soraq verən güləbətin sapla tikilmiş yaxalıq, başmaq, dövrü üçün yenilik olan "xaç" üsulu tikmə ilə bəzədilmiş
xurcun, qazantutan və s. nümunələr
muzeyin etnoqrafiya fondunda mühafizə edilir. Muzeydə qorunan xaradan tikilmiş yaxası zanbaq, qolları yelpazə biçimli nimtənənin
(qolsuz üst qadın geyimi) astarının parçanın
yerliyinin rənginə
uyğun seçilməsi,
arxalıqların dövrünə
görə qeyri-adi biçimi, xurcun, quranqabı, bəzəkli
başmaq, yaxalıq, tənbəki kisəsi, süfrə, məfrəş
və s. əl işləri Natəvanın
zövq və qabiliyyətindən xəbər
verir.
Natəvanın şairliyi.
Xurşidbanu Natəvan
bədii əsərlərinin
əksəriyyətini klassik
sənətkarların, xüsusilə
Məhəmməd Füzulinin
ədəbi təsiri
ilə yazmışdır.
Çəkdiyi iztirablar
onu ruhən Füzuliyə yaxınlaşdırmış,
ustadın qəzəllərində
öz duyğularının
ifadəsini gördüyündən
əsərlərində Füzuli
şeirinin poetik xüsusiyyətlərindən, bədii
leksikasından, təsvir
və ifadə vasitələrindən bəhrələnmiş,
bəzən hətta müəyyən hissələri
təkrar etmişdir. Natəvanın yaradıcılığının
ilk mərhələsinə aid şeirləri, təəssüf
ki, günümüzə qədər
gəlib çatmamış,
mövcud şeirləri
isə şəxsi iztirab fonunda yazılmışdır. Onun
ş?xsi h?yatı il? b?dii yaradıcılığı arasında
kədərli bir ah?ngdarlıq özünü
göstərir. "Midad
olsa əgər dərya, qələm olsa əgər əşcar, \ Başa yetməz qəmim şərhi, qələm hər ləhzə qan ağlar" - deyən Natəvan kədərinin miqyasını
anlatmağa çətinlik
çəkirdi. Övladının
vaxtsız ölümündən
sarsılaraq dərin iztirablar keçirən
ana üzüntülərini misralara köçürməklə
ovunurdu. Onun "Ağlar", "Əfsus",
"Getmə", "Sənsiz"
rədifli qəzəlləri
oğlunun ölümü
münasibətilə yazılıb.
Bu şeirlər bədii
məzmunu və poetik gözəlliyinə
görə XIX əsrin
bir sıra söz ustalarının diqqətini cəlb etmiş, Seyid Əzim Şirvani, Ağaəli bəy Naseh, Molla Ağa
Bixud, Əbülhəsən
Vaqif, İbrahim bəy
Azər kimi şairlər onlara nəzirələr yazmışlar.
Füzulinin ədəbi
təsiri Natəvanın
məhəbbət şeirlərində
daha güclü olsa da, elə bu qəzəllərində
də həyatdan şikayət, peşmanlıq,
nigaranlıq hissləri,
zəmanədən narazılıq
motivləri geniş yer tutur.
Kədərli son. Natəvanın
həyatının son illəri
daha da acınacaqlı
keçib: yaylaqlarını
və yararlı torpaqlarını itirərək
var-yoxdan çıxmış,
borca düşmüşdü.
Mətbuatın xəbər
verdiyinə görə,
ağır maddi çətinliklər üzündən
evindəki bəzək
və zinət əşyalarını açıq
satışa qoymuşdu.
Xəstəlik və məhrumiyyətlər, övladları
arasındakı mülk
davaları Natəvanın
vəziyyətini daha
da ağırlaşdırır. Bütün bu maddi, mənəvi sıxıntılar, emosional-psixoloji
sarsıntılar nəticəsində
Natəvanın xəstəliyi
şiddətlənmiş və
1897-ci il oktyabr ayının
1-də vəfat etmişdir.
Dəfn mərasimində
iştirak edən camaat, hörmət əlaməti olaraq, Xan qızının cənazəsini
Şuşadan Ağdama
qədər piyada aparmış, "İmarət"
deyilən ailə qəbiristanlığında dəfn
etmişlər.
Sağlığında yaşadıqları
azmış kimi, işğaldan sonra erməni barbarları Natəvanın qəbirüstü
abidəsini məhv edib, məzarını açıb, qalıqlarını
da götürüblər. Tək təsəllimiz budur ki, Şuşa yenidən halal sahiblərinə
qayıdıb və günbəgün abadlaşan,
dağıntıları bərpa
olunan şəhərdə
Natəvanın narahat
ruhu artıq aram tapar...
Mətanət VAHİD
Filologiya üzrə fəlsəfə
doktoru
Ədəbiyyat
qəzeti. - 2024. - 4 may, ¹ 16. - S. 24-25.