Məsud Əlioğlunun tənqidçi
fərdiyyəti
Ədəbi prosesdə
öz orijinal yazı üslubu ilə yadda qalan Məsud Əlioğlunun ədəbi-tənqidi görüşləri
ədəbi tənqid
tarixinin XX əsrin
50-70-ci illər mərhələlərini,
ənənələrini üzə
çıxarmaq baxımından
vacibdir. Ədəbiyyatşünas
ömrünün qısa
tarixçəsinə geniş
tədqiqat əsərləri,
ədəbi tənqidin
vacib problemlərini əhatə edən kitablar, klassik irsin araşdırılmasını
diqqət mərkəzinə
çəkən publisistik
məqalələr yerləşdirmişdir.
Tənqidçinin nəzəri-estetik
fikrin aktual məsələlərini əhatə
edən məqalələri
göstərdi ki, ədəbi-nəzəri
fikrimizə müstəqil
düşünə bilən,
yaradıcılığın bədii estetik cəhətlərinə, fəlsəfi
ümumiləşdirmələrə daha çox diqqət yetirən cəsarətli bir ədəbi şəxsiyyət
gəlir. Öz fəaliyyətində məhdudiyyət
tanımayan Məsud Əlioğlu ədəbiyyatımızın
müxtəlif nəsillərini
təmsil edən Natəvan, Nizami, Füzuli, Vidadi, Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə,
Mirzə Ələkbər
Sabir, Hüseyn Cavid, Məhəmməd Hadi, Süleyman Sani Axundov, Hacı Kərim Sanılı, Osman Sarıvəlli,
Zeynal Xəlil, Balaş Azəroğlu, Süleyman Rəhimov, Mikayıl Müşfiq, Rəsul Rza, Səməd Vurğun, Məmməd Səid Ordubadi, Mir Cəlal,
İlyas Əfəndiyev, Mirzə
İbrahimov və başqalarının
yaradıcılığını təhlil edərkən, çox vaxt obyektiv mövqedə dayanır, onların hər birinin yaradıcılığını konkret ədəbi faktlar əsasında tədqiqata cəlb edirdi.
Ədəbiyyatşünasın ilk məqaləsi
1947-ci ildə "Oxucunun
qeydləri" başlığı
altında hələ
tələbəlik illərində
çap olunmuşdur.
Tələbə qələmindən
çıxan bu məqalə gənc tədqiqatçının leksikonunun
zəngin olduğunu göstərir, ədəbiyyata
istedadlı bir tənqidçinin gələcəyindən
xəbər verirdi.
1949-cu ildə çap
olunan "Bir gəncin
manifesti" məqaləsində
Mir Cəlal sənətkarlığına
yanaşma tərzi, fikirlərinin aydınlığı,
qələminin itiliyi,
romanın təhlili zamanı gəldiyi yekun nəticələrdə
ədəbi prosesə
həvəslə qoşulan
tənqidçinin izlərini
görmək mümkündür.
Səməd Vurğun
Məsud Əlioğlunun
yüksək dəyər
verdiyi yazıçılardan
idi. Səməd Vurğunun əsərlərinin
bədii dəyəri
tənqidçinin doğru
yolda olduğunu göstərirdi. "Vaqif"
dramının sənətkarın
istedadının ortaya
çıxmasında oynadığı
rolu diqqətə çatdırmaqda tənqidçinin
məqsədi orijinal,
heç kimə bənzəməyən dramaturq
obrazını yaratmaqdır.
Tənqidçi "Vaqif"
dramının yaranmasında
üç əsas fəlsəfənin rolunu yüksək qiymətləndirmişdir:
1. Xalq hikməti.
2. Xalqın mübarizəsindən doğan
həyat fəlsəfəsi.
3. "İnsan insana qarşı canavar yaranmışdır"
fəlsəfəsi.
Birinci fəlsəfənin
izahında Vaqifin şair təbiəti, şəxsi iztirabları
- bir sözlə, xalqa bağlı Vaqif obrazı yaradılmışdır. İkinci
fəlsəfə əsasında
Eldarın simasında
xalqın mübarizə
əzmi, onun Qacarla vuruşma səhnəsi əsaslandırılmışdır.
Üçüncü fəlsəfənin
baş qəhrəmanı
isə Qacardır. Qacara aid edilən bu fəlsəfi fikrin tarixi çox
qədimdir. Roma dramaturqu
Plavtın fikirlərindən
qaynaqlanan, Tomas Hobbsun əsərində təsdiqini
tapan, Ziqmund Freydin müdafiə etdiyi bu mühakimə
XX əsrin 50-ci illərində
Məsud Əlioğlunun
məqaləsində öz
real həllini tapmışdır.
Qacar kimi mənfi obrazı xarakterizə etmək üçün bundan uğurlu yanaşma tapmaq olmazdı. Çox keçmir ki, bu insan münasibətlərini
təcəssüm etmək
üçün sovet
dövründə bunun
əksi olan aforizmin təbliğinə
başlanılmışdır: "İnsan insanın dostudur, yoldaşı və qardaşıdır".
Bu şüar 1961-ci ildə
Sovet İttifaqı
Kommunist Partiyası
XXII qurultayında irəli
sürülmüşdür. Bununla belə, Məsud Əlioğlu
1961-ci ildə çap
olunan "Məfkurə
dostları" kitabına
daxil etdiyi həmin tənqidi məqalənin məzmununu
dəyişməmiş, öz
müəllif hüququnu
qoruyub saxlamış,
"əsl tənqidçi
necə olmalıdır"
məsələsini elm aləminə
nümayiş etdirmişdir.
Məsud Əlioğlunun
tənqidçilik fəaliyyətində
Azərbaycan romantizminin
nümayəndələrinə qayğı və məhəbbəti hiss olunmaqdadır.
Məhəmməd Hadi,
Abdulla Şaiq, Abbas Səhhət,
Hüseyn Cavid yaradıcılığı estetik
tənqidin prizmasından
təhlil olunmuşdur.
Romantiklərin yaradıcılığının
vətən eşqi, hürriyyət obrazı, təbiətin təsviri, mədəni tərəqqi
mövzuları ətrafında
təhlili romantizmin əsas mövzular aləmini açmağa kömək etmişdir.
"Faciəli istedad"
birləşməsi Hadinin
şəxsi həyatına
və bədii yaradıcılığına yönəlmiş
düzgün ifadədir.
Yaradıcı şəxsiyyətin
faciəvi sonunun mühitin faciəsi ilə əlaqələndirilməsi
Hadinin fikir dünyasının genişliyinə
yönəlmiş düzgün
qənaət idi.
Abdulla Şaiqin uşaq
ədəbiyyatının inciləri
sırasına daxil olan şeirlərində təbiətin saflığının
uşaq psixologiyası
ilə uyğunlaşdırılması
romantik əsərlərin
əsas leytmotivi kimi dəyərləndirilmişdir.
Məsud Əlioğlu
Abbas Səhhət yaradıcılığındakı
ilin fəsillərini bədii obraz səviyyəsində təhlil
etmişdir. Belə
ki, peyzaj lirikasına
Abbas Səhhət qədər
fəsil obrazı gətirən yoxdur. Bu şeirlər fəsillərin
növbələşməsini xatırladır və insan hissləri ilə vəhdətdə verilir. Tənqidçinin bu dəyişməni görməsi və izaha çalışması
Səhhət romantizminin
təhlilində ilk addımdır.
"Mənim tanrım"
şeirinin Cəfər
Cabbarlının lirikasının
manifesti şəklində
təqdiminin şairin
romantizminin aydınlaşdırılması
baxımından əhəmiyyəti
böyükdür. Hüseyn
Cavidin "Mənim tanrım gözəllikdir,
sevgidir" fikri ilə Cəfər Cabbarlının "Bir tanrım
var - gözəllik" fikrinin
bir-birini tamamlaması
doğru istiqamətdə
şairin romantik sənətkar kimi təsdiqinə gətirib çıxarmışdır.
1956-cı ildə
çap olunan "Məhəbbətin qüdrəti"
məqaləsi Məsud
Əlioğlunun Hüseyn
Cavid yaradıcılığına
ilk yanaşması idi.
Məsud Əlioğlu
"Hüseyn Cavidin romantizmi" monoqrafiyasını
"Cavid - sənətkar"
adı altında çap olunmasını nəzərdə tutmuşdur.
Onun 1968-ci ildə
"Ədəbiyyat və
incəsənət" qəzetinə
verdiyi müsahibədə
bu sözlərə təsadüf edirik: "Azərbaycan romantik şeirinin görkəmli nümayəndəsi
Hüseyn Cavidin yaradıcılığı məni
çoxdan bəri düşündürür. Hazırda
"Cavid - sənətkar"
monoqrafiyası üzərində
işləyirəm". Ancaq
təəssüf ki, tənqidçi
bu monoqrafiyanın çapını görə
bilmir, monoqrafiya onun ölümündən
sonra Yaşar Qarayevin redaktorluğu altında çap olunur.
"Məhəbbət
və qəhrəmanlıq",
"Füzuli və Üzeyir", "Vaqif və Vidadi", "Məfkurə dostları",
"Məslək qardaşları"
məqalələri orijinal
düşüncə tərzi
ilə seçilən
tənqidi materiallardır.
Oxşar və fərqli cəhətləri
aşkara çıxarmaq
üçün tutuşdurulan
ədəbi simalar, məqalələrə seçilən
adlar üslubi semantikanın dərinliyindən
xəbər verir.
Məsud Əlioğlunun
"Məhəbbət və
qəhrəmanlıq" məqaləsi
həcminin və qaldırılan problemlərin genişliyinə
görə monoqrafik tədqiqat əsərlərini
xatırladır. Bu əsərdə
məhəbbət və
qəhrəmanlıq vahid
mərkəzə istiqamətlənir:
Xalqa doğru. Xalqın düşüncə
tərzini, adət-ənənələrini,
mədəniyyətini, məişət
və əxlaq normalarını nizamlayan
"Kitabi-Dədə Qorqud"
və "Koroğlu"
əsərlərində vətənpərvərlik
və azadlıq ideyalarının təbliğinə
yönələn fikirlər
təcəssümünü tapmışdır. Cəmiyyətin
əxlaqi-etik və psixoloji-estetik təsəvvürlərini
yaşadan, xalqın fikir axtarışlarının
nəticəsi olan dastanların və aşıq yaradıcılığının
müasir həyatımız
üçün vacib
tərbiyəvi əhəmiyyətini
tənqidçi qeyd etməyi unutmamışdır.
Onun tədqiqatında
üç xüsusiyyəti
özündə birləşdirən
Dədə Qorqud obrazına rast gəlirik. Alim, həkim-filosof
və müəllim-tərbiyəçinin
bir müdrikin şəxsində cəmləşdirilməsi
Dədə Qorqud fəlsəfəsinin təsir
gücünü göstərən
faktor idi. Dədə Qorqudun elmin sirlərini araşdırdıqda alim, insanın
psixoloji-ruhi aləmini
tədqiqə başladıqda
həkim-filosof, etika məsələləri ilə
məşğul olduqda
müəllim-tərbiyəçi kimi dəyərləndirilməsi
tənqidçinin ona
yanaşmasında yeni baxış
idi.
Aşıq yaradıcılığı
şifahi xalq yaradıcılığı ilə
yanaşı, yazılı
ədəbiyyatın xüsusiyyətlərini
özündə əks
etdirən hikmət xəzinəsidir. Aşıq
yaradıcılığının sinkretizmini səciyyənləndirən
təkcə bir neçə sənət sahəsini özündə
cəmləşdirməsi deyil,
yazılı və şifahi xalq ədəbiyyatının xüsusiyyətlərini
də özündə
birləşdirməsi kimi
də başa düşmək olar. Məsud Əlioğlu aşıq yaradıcılığını
tam folklor hadisəsi kimi qiymətləndirmir,
"yazılı xalq
ədəbiyyatı" ifadəsini
işlədirdi.
Tənqidçinin "Məfkurə
dostları" məqaləsində
Sabir və Mirzəli Möcüz yaradıcılığı
qarşılaşdırılır, ortaq fikirlər üzə çıxarılır,
"Məslək qardaşları" tədqiqat
əsərində isə
Sabir şeiri ilə Cəlil Məmmədquluzadə
məqalələri arasında
tutuşdurmalar aparılırdı.
Möcüzlə paralel
şəkildə Sabir satirasının
əsas tənqid hədəfləri sırasına
daxil olan Şərq xalqlarının
vəziyyəti, imperializmin
müstəmləkə siyasəti
təhlil olunurdusa, Cəlil Məmmədquluzadənin
əqidə dostu Sabiri daxili düşmənlər
maraqlandırırdı. "Məslək qardaşları"
məqaləsində söz
və fikir azadlığının boğulması
məsələsi diqqətdə
idisə, "Məfkurə
dostları"nın əsas
predmeti dini xurafat, cəhalətin tənqidi məsələsi
idi.
Onun Vaqif və Vidadi şeirinin mahiyyətini açanda eyni problemə müraciət edən şairləri doğmalaşdıran, qoşalaşdıran
səbəbləri üzə
çıxarması, Vaqifin
şeirlərinə xas
olan nikbinlik fəlsəfəsi ilə
Vidadi poeziyasının
mahiyyətinə hopan
kədər fəlsəfəsinin
iki sənətkarın
məşhur deyişmələri
kimi qarşı-qarşıya
qoyulması maraqlı
yanaşma tərzini ortaya çıxarırdı.
Heç təsadüfi
deyil ki, Azər Turan tənqidçi haqqında belə yazırdı: "Məsud
Əlioğlu Azərbaycan
ədəbiyyatşünaslığının
qumsallığına eşq
və kədər yağmuru kimi yağdı". Bu sözlər
təsdiq edirdi ki, onun klassik irslə
bağlı yazdığı
məqalələrinin başlıca
tədqiqat obyekti eşq və kədərdir. "Natəvanın
kədəri" məqaləsində
tənqidçi kədər
motivini Natəvanın
bədii yaradıcılığı
və şəxsi həyatının vəhdətində
axtarır, bunun nəticəsində humanist sənətkar,
kədərli ana, kövrək
şairə obrazı
yaranırdı. Vidadinin
lirikasında kədər
motivinə toxunan tənqidçi "xalq kədəri" fikrini irəli sürməklə,
şairin kədər
anlayışını subyektivlikdən
uzaqlaşdırır, bu
kədərdə tərki-dünyalıq
görmürdü. Məsud
Əlioğlu Füzuli
kədərinin fəlsəfi
izahını belə
müəyyənləşdirirdi: "Füzulinin kədəri insan idealı ilə ictimai varlıq, insan diləkləri ilə real
həyat arasındakı
uyğunsuzluqdan, uçurumlardan
doğan odlu bir fəryadın ifadəsidir".
Məsud Əlioğlu
Nizami, Füzuli, Natəvan, Vidadi, Vaqif yaradıcılığının
təhlili ilə bir tənqidçi kimi vacib bir
missiyanı yerinə yetirmişdir: xalqı sevmək və öz keçmişini qorumaq.
Məsud Əlioğlunun
uğuru o zaman üzə
çıxırdı ki, böyük
bir ictimaiyyəti və ədəbi prosesi öz sərbəst mövqeyi və cəsarətli fikirləri ilə arxasınca apara bilmişdir. Bununla da, ədəbi tənqidin başlıca problemi olan polemika yaratmaq
qabiliyyətini nümayiş
etdirmişdir. Bu polemikanın
nəticəsində bədii
əsərin əsas məziyyətləri üzə
çıxmış, ədəbiyyata
yeni gələn mövzuların
necə qarşılanması
məsələsi bütün
aydınlığı ilə
diqqətə çatdırılmışdır.
Əslində bu mövqe əsərin özünün də araşdırılması tempinə
müəyyən qədər
təkan vermişdir. Xüsusilə, onun 1961-ci ildə "Ədəbiyyat
və incəsənət"
qəzetində çap
olunan "Səriyyə
haqlıdırmı?" məqaləsi
dövrü mətbuatda
silsilə məqalələrin
yazılmasına səbəb
olmuşdur. Eyni zamanda "Aygün"
əsərinin qadın
obrazına obyektiv münasibət nümayiş
etdirməsi qərəzsiz
tənqidçi şəxsiyyətindən
xəbər verirdi.
Vəfatından əvvəl
"Azərbaycan gəncləri"
qəzetində çap
olunan son məqaləsi
İskəndər Coşqunun
"Söhrab və Rüstəm" mənzum
dramının teatr səhnəsində oynanılması
ilə bağlı idi. Bədii əsərlə dramın
səhnə həyatını
qarşılıqlı şəkildə
təhlil edən Məsud Əlioğlunun incəsənətə olan
marağı bu tipli yazıların yazılmasına səbəb
olmuşdur.
Obyektivlik, tələbkarlıq,
qərəzsiz fikirlər,
yazı texnikasının
aydınlığı, yeniliyə
qarşı açıq
olunması, bədii mətnlərin təbiətindən
doğan problemlərə
diqqət yetirilməsi
Məsud Əlioğlunun
tənqidçi şəxsiyyətini
formalaşdıran amillər
idi. Onun tənqidçilik fəaliyyəti
bu amilləri özündə təcəssüm
etdirən elmi platformaya çevrilmişdir.
Nurlanə Hümmətqızı
AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat
İnstitutu Ədəbi Tənqid şöbəsi
Filologiya üzrə fəlsəfə
doktoru
Ədəbiyyat
qəzeti. - 2024. - 4 may, № 16. - S. 27.