Qayıdış
Hekayə
Araq qutularının, plastik yağ çəlləklərinin, taxtaları üzərinə xırda hərflərlə dastan yazılmış konteynerlərin arasına tabutu gecə gətirib qoymuşdular. Dörd tərəfdən basan import mal üstünə minməməklə, elə bil, yuxarını sorğu-suala gələn gözəgörünməzlər üçün açıq saxlamışdı. Hündür darvazaların arxasında bu malın, bu əmtəənin, bu kapitalın gedəcəyi dəqiq ünvanlar və sahibinə fayda verəcək konkret təyinatları vardı. Yalnız tünd qırmızımtıl mebel parlaqlığı, qabarıq qapağının simmetrik haşiyə xətləri və aşağıda görünən qızılı metal əlcəkləri ilə o matahlara oxşayan tabutun içindəki meyit bu qənaəti yaratmırdı. O, üstünə şığıyan qırğı caynağından qurtulmaq üçün dəstəsindən ayrı düşmüş, özünü dünyanın bu "perpetuum mobile" icadlarına çırpıb öldürmüş quşa bənzəyirdi. Daha onun məskəni və ünvanı uca göylər deyil, torpaq idi; belə hallarda üzü həmişə soyuq, adına isə uzaqlarda "vətən" deyilən qara torpaq. Payız sərinliyinə baxmayaraq, onun içindəki vəziyyəti təsəvvür edəndə torpağın əvəzedilməzliyi nağılsız, şeirsiz də başa düşülürdü.
Pasportlarda bəzəkli gerblərin, ölkə adları və bayraqların standartlaşdırılmış iddiaları boksçuların rinqdə döşədöymə cövlanını xatırladırdı. Tabutun içindən baxanda onların rəsmiliyi, redaktə əlçatmazlığı, Budapeştdə iki sutkaya başa gələn formal möhürlənmə-filan dünən diriykən danışan, deyib-gülən, gələcəyə planlar quran, kimisə sevən, kiməsə nifrət edən adamın bugünkü çürüyən meyit halı kimi bihudə görünürdü. Cavanlıqda Rasimin qıvrım saçları, yumru sifəti, hər şeyi dərhal görən, aydın baxışları vardı. Dolu bədənini otaqda kölgə kimi səssiz-səmirsiz, parketi və yer kürəsini incitmədən hərləyirdi. Qəttəzə olimpiya çarpayısında adyalı başına çəkib indi tabutdakı ölü sükutu ilə yatırdı: cavan olmasa, bir daha oyanacağına şübhə edərdin.
Anbar əməkdaşı pasportların tanış mətninə, viza ştamplarına baxandan sonra, deyəsən, qadınların harada olduğunu soruşdu, ardınca Əsədin öz vəsiqəsini də tələb edib, onların hər birinin meyitə qohumluq dərəcəsilə maraqlandı. Mızıltını eşitmək üçün Əsəd qulağını pəncərə deşiyinə yapışdırıb hər dəqiqləşdirmə cəhdində kişini dübarə, əziyyətə salmalı oldu. Yalnız bundan sonra Əsəd diqqətlə baxıb heyrətləndi: kiçik, şüşə kabinəyə müvəqqəti inventar kimi qablaşdırılmış kişinin səsi elə bil, şəffaf, pərdəli və dikinə qoyulmuş tabutun içindən, yəni o dünyadan gəlirdi. Ancaq ölü deyil, sağlam, hətta sifətdən qüsursuzun biri idi. Müştəri ilə ucadan danışmayıb mızıldanmağının səbəbini anlamaq hər oğulun işi deyildi!
- Tələbə yoldaşım olub Rasim, - ucadan deməklə Əsəd bu qaçılmaz, məcburi dialoqda əməkdaşı qarşılıqlı güzəştə dəvət etdi.
- Bəs bunlar nəyidi? - yəqin elə-belə soruşdu, çünki Rasimin pasportuna əlavə edilmiş ölüm kağızında hər şey yazılmışdı. Doğrudur, ingiliscə yazılmışdı.
- Afət bacısıdı. Firuzə isə bacısının rəfiqəsi, tabutu Macarıstandan o, müşayiət eləyib. Dünən götürə bilmədik. İndi gəlmişik.
Kişi uzaq diyarlarda ölüb doğma torpağa qayıtmağın sirrini, hikmətini və savabını bilirmiş kimi başını qaldırıb Əsədin üzünə ağsaqqal bəsirətilə ilə baxdı, sonra yenə nəsə mızıldandı. Əsəd yenə ikinci cəhddən müəyyən edə bildi ki, sənədlərə irad yoxdur, tabutu konteynerlərin arasından çıxarmaq üçünsə, qaldırıcı kar lazımdır və xatalı kimi o, indi hansısa təyyarədən yük boşaltmağa gedib. "Allah bilir, hansı təyyarədən!" - kişinin bu dediyini Əsəd ilk dubldan eşidə bildi və bu boyda anbarın yeganə maşınının bütün düşmən qüvvələri ilə tək vuruşan əsgərə bənzərliyi haqqında bir lətifə xatırladı, ancaq lətifə vaxtı deyildi. Necə deyərlər, din-iman vaxtı idi.
Əsədin çarəsiz dayandığını görən Afət dinməzcə yaxınlaşıb kabinənin dəmir çəkələyinə yaşıl yüzlüyü soxmaqla yükqaldıran karı təcili anbara qaytardı.
Cərəyana qoşulmuş cihaz kimi dərhal canlanan kişi pulu götürüb vəzifə borcunu sonadək icra etmək həvəsilə mikrofonun düyməsini basdı: onun səsi göy gurultusu kimi anlaşıqlı, oktavaya yatımlı boğaz tembri isə yaddaqalan, hətta unudulmaz oldu.
- Deyirəm, çox geniş coğrafiyadı, xanım, - qaytarmazdan öncə dəstləyib aşağı küncündən tutduğu pasportları, sanki Mayakovskinin acığına şəstlə göstərib birbaşa Afətə müraciətlə dedi: - Bağdad, Amman, Moskva, Budapeşt, İstanbul, Praqa... Əvvəllər bu adları biz həsrətlə qəzetdən oxuya bilərdik. Allah rəhmət eləsin!
- Hə-ə, sonda yenə Mingəçevir, - Əsəd təəssüf və qüssə ilə mızıldandı. - Dairə qapandı, limit bitdi...
- Limit bitər, amma pasport kontrolu bitməz, - əməkdaş yəqin ki, müvafiq quruma aid aforizmi öz həyat təcrübəsindən sitat kimi dinamikdə guruldatdı. - Qəbirsandıxda da tələb eliyeceyler. Hələ onnan soyra da...
Firuzənin pasportu müxtəlif ölkələrin gömrük ştampları ilə dolmuşdu. Yeddi-səkkiz il əvvəlin bəzək-düzəkli şəklində ivlə ortadan ayrılmış sarışın saçları, sürməli, cazibədar gözləri vardı. Şüvərək, uca qaməti, sanki sərhəd postlarında metalaxtaran elektromaqnit çərçivələrdən keçə-keçə beləcə nazilib incəlmişdi. Əynindəki qara şuba da onu ətə-qana gətirə bilmirdi. Maşında şəhərdən aeroporta qədər yolu kəlmə kəsmədən, plastik maneken kimi susmuşdu. Dünən belə deyildi. Çoxdan görmədiyi rəfiqəsilə hüzn əhvalını unutmadan, bəzən pıçıltıya keçən, asta səslə dilavərlik edirdi. Görünür, gecə sözləri çəpləşmişdi. Anbarın mərtəbəli, uzun dəhlizlərində də ətrafa laqeydliklə baxa-baxa geri qalır, elə bil dəfn mərasiminin uzaq Sarıca kəndində yox, burada, malla dolu, yarıqaranlıq gömrük anbarında keçiriləcəyinə əminliklə heç yerə, heç nəyə tələsmirdi.
Tabutu mühasirədən çıxaran kar sürücüsünə də, onu çiyinlərində gətirən dörd fəhlənin dördünə də Afət əlində hazır tutduğu yekə cüzdandan pul çıxarıb verdi. Təzəcə çapdan çıxmış kimi görünən şax onluqları dalbadal verdikcə kişilərin üzünə baxır, sanki "Az olmadı?" soruşurdu. Gözlənilməz məbləğ fəhlələri maşının qapısı önündə cəld sıraya düzüb bir ağızdan ölüyə rəhmət oxutdurdu. Hətta onlar aeroport məscidinin mollasını da dəvət etmək niyyətilə tabutu maşına yerləşdirməzdən əvvəl yerə qoyub gözləməyə başladılar.
- Bir az da keçsə, aeroportun bütün xidmət heyəti töküləcək bura, - Əsəd tabutu yola salmaq üçün toplaşmaqda olan anbar işçilərinin sayının artdığını görüb xanımları tələsdirdi.
- Ərəblər deyir, in tubduu-s-sadaqaati fəniamma hiyə, va in tuxfuuhəə*, - qaça-qaça gəlmiş iki-üç nəfərə də pul paylayan Afət, nəhayət, maşına əyləşəndə nisbətən uca səslə dedi. Elə bil arxa oturacaqda büzüşüb sifətini də yumşaq xəzin içində gizlətmiş Firuzəni hala gətirməyə çalışdı. Ancaq Firuzə qızdırmağa başladığı yumşaq yerində qımıldanmadı. Pasport şəkli çəkdirirmiş kimi iri gözlərini geniş açıb irəlidə bir nöqtəyə baxmağına davam etdi. - Lakin ərəblər deyir ki, İ fuqəraa-ə fəhuva xeyrun**, - Afət həmin təmiz və cingiltili səslə əlavə elədi, - Bakı gömrüyündə isə, maşallah, nə yoxsul var, nə də gizlin...
Çəpərli həyətdən çıxanda da onları, sanki pul almaq üçün deyil, maşınları "rəhmət" bağlamaları ilə daha çox doldurmaq üçün saxladılar. Afət məsələni pəncərədən həll etdi, darvaza birbaşa ödənişli cənnətə açılırmış kimi taybatay açılıb meyiti buraxdı.
- İndi mən pul verməsəm, neyləyəcəydilər? - Afət bu dəfə Əsəddən soruşdu. - Meyiti verməyəcəydilər?
- Verəcəydilər, - Əsəd bir qədər sonra, döngəni burulub əsas yola çıxanda dedi. - Ancaq ölünü də, dirini də urvatdan salacaqdılar...
Əsəd səhərlər evdən çıxanda pilləkən meydançasında, - "Mən instituta yox, döyüşə gedirəm", - deyə ailəsi və qonşuları ilə vidalaşan mərhum Bürhan Əfəndini xatırlayıb onun əhvalatını danışmaq istədi. Ancaq əhvalat vaxtı deyildi. Ona görə başqa şey dedi:
- Deyir, əgər sən həqiqətlə vətən arasında seçimdə vətəni seçirsənsə, axır başı hər ikisindən olacaqsan! - Əsəd həqiqətə, vətənə, Bürhan Əfəndi və Rasimin xatirəsinə ərklə gülümsündü. Elə bil qarşıda gedən katafalkın arxa qapısına çöllərin bakirə güllərindən toxunmuş əklil yapışdırdı.
O uzaq illərdən üzü bəri əsən soyuq küləyin sazağı maşının içində hiss edildi. Firuzə arxada bir az da büzüşüb küncə qısıldı. Dünən danışırdı ki, Praqada əri, oğlu var, toxuculuq fabrikində rəssam işləyir. Buradan baxanda nə Praqa, nə fabrik, nə də rəssam işi görünürdü. Görünən yalnız qara xəzin içində sarı tel-birçəyin altından baxan bir cüt yorğun, asanlıqla tanınan milli qaş-göz idi. Cahangirlərin ən böyüyü oğullarına nəsihətdə deyirdi ki, evlənmək üçün seçəcəyiniz qızın üzü duzlu göl səthi kimi düz, əndamı möhkəm, gözləri mütləq qıyıq olmalıdır, çünki iri gözlərə cin-şəyatin asanlıqla girir, dünyanı olduğu kimi görməyə mane olur. Görəsən, bunların tam əks mücəssəməsi olan Firuzə və onun Çexiyadakı əri Cahangirlə razılaşardılarmı?
Afət Mingəçeviri xatırlayırdı: qadınlar, kişilər şəhərə hər gün moda yarışına çıxırmış kimi, bəzənib-düzənib gedir, qızmar günəş altında maşınların yoldan qaldırdığı toz-torpaq belə onları bu vərdişdən çəkindirə bilmirdi. Rasimin geyim-kecim estetliyi də, sən demə, ordanmış. Belə çıxırdı ki, Mingəçevirdə o cür bəzənib hər gün üzünü qırxan, bığının, telinin tüklərini sayla düzən, başmaq parıldatmaq üçün cibində məxmər cında gəzdirən kişilərə indinin özündə də "Matışka Əlihüseyn" deyirlər. İşıq şəhərinə məxsus məişət əfsanələrinin birində deyilirdi ki, çimizdirəndə Sədiqə onun başında su töküləsi yeri dəqiq müəyyənləşdirə bilmədiyi üçün Əlihüseyn arvadının əlindən tutub çiynindəki körpücük çökəyinə elə möhkəm basıb ki, qadının barmağı çıxıb.
- Mən Mingəçevir kişilərini köynəyin varatnikinin şaxlığından tanıyıram, - Afət deyirdi. - Əvvəllər o varatnikin altına bir dəsmal da qoyurdular.
Rəhmətlik Rasimin də səliqə-sahmanına söz ola bilməzdi. Yalnız türkcəsi pinti, bəsit, ləhcəli və bütün bunlara görə bir az şirintəhər idi. Nitqinə emosiyanın cüzi bir sızıntısı onu dərhal ruscaya keçirirdi, elə bil daxilində rele işə düşüb dalğa tezliyini avtomatik dəyişirdi: rəvan, axıcı, təyinli-tamamlıqlı akademik rus cümlələrini, istəsən, birbaşa kitaba köçürə bilərdin.
- Mən feysbukdan izləyirdim, - Əsəd öz gümanlarını dəqiqləşdirmək üçün dedi, - Moskvada, deyəsən, onu incidirdilər. - Hə, Firuzə xanım? - dönüb arxaya baxmaqla rəfiqələr arasında əsəbi gərginliyin aradan qaldırılmasına öz töhfəsini vermək istədi.
- Bilmirəm, - Afətin dinmədiyini görən Firuzə birbaşa müraciətə cavab vermək məcburiyyətində qaldı: - O, Macarıstanda, mən Praqada, - astaca dedi. - Təzə gələndə bir dəfə görüşmüşdük.
Utancaq deyildi, ancaq danışmaq istəmirdi. Əslində tanış olmayan adamla, adətə, susmamaq xatirinə danışırlar. Buna özünütənqidin bayağı notunda "gijləmək" də demək olar: həyatda hər şey fayda və gərəkliyin ideal nizamında deyil ki! Danışmaq üçün bu uzun yola Afət kifayət edirdi. Səddam Hüseyn hakimiyyəti, onun devrilməsi, qonşu ölkələrə qaçmış tərəfdarlarının aqibəti tükənməz söhbət xəzinəsi idi. Xüsusən, diktatorun edamqabağı ilk məhəbbətinə həyat xülasəsi kimi yazdığı dörd quruca sözdən ibarət məktub: "Səni sevən öldü, Rizvanə!"
Rasimin bu yaşda da Moskvadan Bakıya, Mingəçevirə yox, yenidən Macarıstana üz tutması təəccüblü deyildi. Bəlkə də tənhalığın, yad ölkələrdə qohum-əqrəbasız yaşamağın yaratdığı yalquzaq sindromu idi, müəyyən məsələlərdə isə Bakının Moskvadan heç nəyilə fərqlənmədiyinə əminliyi ona belə diktə etmişdi. Tezliklə qutuda qayıdacağını bilsə, bəlkə də hər şeyi kənara qoyub bütün iddialarını tapdaya-tapdaya öz ayağı ilə gələrdi: onsuz da, həyatının estrada dövrü çoxdan keçib getmişdi. Bir küncdə oturub bu günü gözləməyə səbri və müdrikliyi çatardı. Bəlkə də ölümün yer üzünü zəifləmiş, çirkli enerji tullantılarından təmizləmək vasitəsi olması kimi mənasız həqiqətlərdən birini özü üçün kəşf edib təskinlik tapardı, toxtayardı, dözərdi. Öləndə başının üstündə doğma adamlar, tanış sifətlər görərdi.
- Bir
dəfə gəldi ki, indicə bir macar qızı
ilə tanış oldum. Qız deyil, anqeldi, anqel, - dedi. Elə qəmli-qüssəli dedi
ki, ürəyim ağrıdı.
- "Anqel" nədi?
- nəsə naməlum
bir ümidlə soruşdu. Dedim: mələk! Diskotekaya düşə-düşə bir
neçə dəfə
öz-özünə dodaqaltı
təkrarladı: mələk! Bizdə iki-üç macar qızı oxuyurdu, hamısı da bizim Firuzə xanım kimi buzlu, - Əsəd
astaca güldü ki, arxadakı xanım bunu zarafat kimi
qəbul etməkdə
çətinlik çəkməsin.
- Firuzə buzlu deyil, - tezcənə səda gəldi. - Firuzə duzludu, hamı ondan istifadə edir. Kimi bir çimdik götürüb
xörəyinə tökür,
kimi də ovuclayıb şoraba qoyur!
Xanımın hər şeyi yerindəydi! Amma elə bil, nəyisə
çatışmırdı. Bəlkə pulu?
- Firuzə xanım təkcə duzlu deyil, dadlı-duzludu,
- Afət deyib ani baxışla geri qanrıldı, amma dad-duz yenə xəzin
altında heç cür özünü marçıldatmadı.
Əsəd Moskvadakı
tələbəlik xatirələrinə
qayıtdı.
- Rasim bunların yanına qonaq gəlmiş Anna ilə tanış olmuşdu, bizdən xeyli uzaqda yerləşən
akademiyanın kimyaçı
aspirantı idi. Tezliklə Rasim Annanın yanına köçdü və
biz hərdən onunla
yalnız institutda görüşdük. Onların
"Araqvi" restoranında
keçən toyu tətil vaxtına düşdüyü üçün
mən orada iştirak edə bilmədim.
Afət danışırdı
ki, iraqlı əri Kərimlə o toyda tanış olub. Kərim Annanın aspirant yoldaşlarındanmış. Sonralar
İraq neft sənayesində
böyük vəzifələr
tutub, Səddam Hüseynə yaxın olub. İndi o, ailəsilə
İordaniyada qaçqın
həyatı yaşayırdı.
İraq mütləqiyyətinin süqutundan sonra Afət özünü yer kürəsindən qopmuş, nadir metallarla zəngin göy cismi sayırdı. Bağdadda, Fərat sahilində onun ailəsinin bomba zərbəsindən zədəli
villası, susuzluqdan yanıb kül olmuş bağ-bağçası,
Ammanda işsizlikdən
darıxan, hər gün emiqrant dostları ilə görüşüb talanan
neftin haqq-hesabını
çəkən əri,
universitet tələbəsi
qızı, Budapeştdəki
kompüterdə qardaşına
göndərdiyi qısa
məktublar qalmışdı.
İndi Bakıdan
Mingəçevirə gedə-gedə
buralarda keçmiş
gənclik illərini xatırlayırdı. Firuzə
mürgüləyirdi. Ələtə
çatanda yatmaq istəyinə üzrxahlıq
kimi nəsə deyib çəkmələrini
soyundu və şubasının kapyuşonunu
başına keçirib
uzandı. Hacıqabulda
isə onun qara reytuzla bələnmiş
ayaqlarındakı qırmızı
corabları pəncərədən
Qafqaz sıra dağlarını salamlayırdı.
Zaman Azərbaycan
qadınlarını dünyaya
səpələyib onların
geriyə yolunu qapamışdı. Əvvəllər
qeyri-müsəlmana ərə
getməyi yolverilməz
sayan bu xanımlar indi sivilizasiya dalğası altında kiminlə gəldi, ailə qurur, uşaq doğur, ocaq, yurd istisindən yadırğamış avropalı
kişiləri özlərinin
xam qızıl yatağı kimi əl vurulmamış qadın mehri, ana səxavəti və sevgili sədaqətilə
xoşbəxt edirdilər.
- Firuzə, dur dağlara bax, - Afət geri dönmədən əlini
uzadıb onu dümsüklədi. - Allah bilir,
bir də buralara gələcəyikmi?!
Gəlsək də, Rasim kimi qutuda
gələcəyik.
Sanki bu yerdə Afət qardaşının ölümünü
və onu dəfn etməyə apardığını xatırlayıb
əlini incə, əmanət kimi burnuna toxunduraraq ağlamsındı: - bacısı
ölsün, Rasimin!
Firuzə tez qalxıb oturdu, gözlərini ovuşdurub
qurtarandan sonra da, elə bil, qəsdən
dağlara tərəf
baxmadı. Bekarçılıqdan
çəkmələrini geyinməyə
başladı. Çəkmələr
onun ayaqlarını dizəcən ağuşuna
alıb zəncirbəndin
iki sərt vızıltısı ilə
sükutun kürəyini
bıçaq kimi yazdı.
Maşın magistralın
xroniki təmir hissələrindən birinə
girib qoyun sürüsü kimi tək sıra ilə gedən karvanda çətinliklə
özünə yer eləyə-eləyə katafalkdan
ayrı düşdü.
Bütün yolboyu efirdə susan katafalk sürücüsü
də bunu görüb zəng vurdu.
- Yox, nə çay?! - Afət qəti cavab verdi. - Bizi gözləyirlər, hava da pisləşir. Yubanmayaq.
Hava çüyüd
qarpız kimi rəngsiz idi, göydə nə günəş, nə bulud, nə də bir quş
vardı. Kürdəmirlilər
quşları güllələyib
yol qırağındakı
dəyələrdə satırdılar.
- Adam evdən-evə
köçəndə doğma
hisslərin çoxunu
itirir, o da qala ölkədən-ölkəyə... - Afət söhbətin harasındansa bir çimdik qıncıdıb
dedi. - Çöllər
heç dəyişməyib.
Bir dəfə kənddən
mənə elçi gəlmişdilər. Nədənsə,
mənə elə gəldi ki, bu adamlar məni Sarıcaya yox, haradasa çox uzaqlarda olan bir səhraya aparacaqlar, mən də orada çadırda
yaşayacam. Sən demə, heç bir il keçməmiş
o uzaq səhraya mən özüm gedib çıxacaqmışam.
Kərimlə ilk dəfə
İraqa uçanda təyyarədən görən
kimi tanıdım o səhranı: dünya, ər-filan mənə çox mənasız göründü. Başa
düşdüm ki, bu
mənim taleyimdir.
Allah bilir, bəlkə
də keçmiş həyatımda mən dəvə olmuşam.
- Dəvə yox, ilan... - Arxada, xəzin içində nəsə fısıldadı.
- Yaxşı, yaxşı, - Afət
ana öyüdü kimi
dedi. - Sən kinli qız deyildin axı... Dəvə iddiasında hələlik mənəm.
Uzaqdakı seyrək
dumanlı bozluqda dağlar başını
göyün ətəyi
altına soxub bütöv, keçilməz
kölgə kimi sallana qalmışdılar.
Diqqətlə baxanda,
hətta onların bekarçılıqdan yırğalandığını
da zənn etmək olardı. Ancaq payızın soyuğundanmı,
son nöqtəsinə doğru
şütüyən matəm
əhvalındanmı, yoxsa,
nədənsə gedib
onlara çatmaq, onları yaxından görmək, daşına-qayasına
toxunmaq, zirvələrindəki
qarlara baxmaq həvəsi yaranmırdı.
Pərakəndə səpələnmiş
kəndlərin, şoranlıqlardan
qoparılmış kiçik
tarla parçalarının,
kol-kosu saralmış
kanal dambalarının
büzüşmüş, hərəkətsiz duruşu
bu mənzərəni
bir az da yadlaşdırırdı. Məmləkət
yatmamışdı, köçməmişdi,
ancaq elə bil bütün həyat həniri, səslər, rənglər
hərdən qarşı
dağların arxasında
ac qurd kimi ulayan müharibənin xofu altında qısılıb qalmışdı.
Yəqin yağacaqdı.
Yolsuz-yolağasız müsəlman
qəbiristanlıqları altı-üstünə
çevrilmiş xaotik
ölümün maddi
abidəsidir. Adama elə gəlir ki, dəfn vaxtı ora təkcə dirilər deyil, ölülər də çarəsizlikdən gedir.
Sarıca kənd qəbiristanlığı istisna
deyildi. Solğun bayraqlı şəhid məzarlarının əyri
sırası sonunda tikanlıqlardan boylanan başdaşı şəkilləri
və yazıları keçmiş zamanın oyanmaz, əbədi yuxusu ilə adamı turşumuş meyit iyi kimi
vururdu. Saralmaq bilməyən, telini əsdirə-əsdirə payızı
da növbəti ölütək
qarşılayıb yerbəyer
edən qoca söyüd bu vahimə və qorxu məkanında yeganə həyat nişanəsi olaraq hərdən quş səsi çıxarırdı.
Elə bil yuxarıda quşlar yox, aşağıda ölülər təcili
toplaşaraq təzə
xəbəri bir-birinin
sözünü kəsə-kəsə
müzakirə edirdilər.
Rasimi söyüdün
yaxınlığında, valideynlərinin
böyründə basdırdılar.
Daşın üstündən
ağsaçlı, qalstuklu
atası sönməz
həyat eşqi və qətiyyət dolu baxışları ilə zərbəçı
əmək kollektivini
asfalt-beton istehsalında
yeni qələbələrə səsləyirdi. Elə bil məzuniyyətdən təzəcə qayıtmışdı
və bu dəqiqənin özündə
də onu işindən-gücündən eləyən Əzraillə
qızğın mübahisə
edirdi. Anası yorğun baxırdı, doğulub bu dünyada yaşadığına
peşman olmuş adam kimi idi:
özünə və
tanıdığı dirilərə
yazığı gəlirdi.
Ətrafa səpələnmiş
başqa şəkillər,
adlar, soyadları, şeirlər də vardı, onların dedikləri həmin an heç kimi maraqlandırmırdı. Sanki o deyilənləri daha yaxşı anlayıb sezdirmək üçün
qarşıda hər kəsi əbədiyyət
kimi sonsuz bir ölü zamanın, unudulmaq və yox olmaq
qərinələrinin gözlədiyini
hamı əzbər bilirdi. Sanki ona qədər hər kəs bu dünyada
yaşamaqdan bezməli,
dünyanın qayğılarından
yorulub usanmalı, nəfəsi və nitqi tükənənə
qədər çarpışmalı
idi.
Firuzə Afətlə
yanaşı dayanıb
qəbrin qara ağzına baxa-baxa yekəpər mollanın pauzasız, qaçaraq avazını dinləyirdi.
Hətta qəbrin bir addımlığında
dayanıb ölümün
qaçılmazlığını düşünəndə belə
bu qısa məsafə hər kəsə bütün yollardan uzun və keçilməz görünür. Firuzə
belə adi və bayağı mərasim naminə ölkələr, sərhədlər
keçib bura gəlməyinə peşman
kimi idi.
Mollanın və payız yağışlarının
xasiyyətinə yaxşı
bələd olan kənd camaatı qəbiristanlığı tez-tələsik
tərk etməklə,
elə bil ölünü də, ölümü də unutmağa çalışırdı.
Arxayın, sakit və sıradan heç nəyilə seçilməyən adamlar,
sanki dəfələrlə
ölüb-dirilmiş, vaxtaşırı
biçilən ot kimi buna vərdiş etmişdilər. Mərasim
evinin qarşısındakı
böyük meydan, oradan pinti məcazla
çıxan çılpaq,
kimsəsiz küçələr
yağış suyu ilə öz tükənməz kir-pasağını
yuyub çala-çökəyə
doldururdu.
- İraqda da yağış yağırmı?
- Əsəd soruşdu.
- Az yağır,
- Afət dedi. -Yağan kimi də torpağın altından bütün həşəratlar üzə
çıxır.
Əsəd qəbiristanlıqda
adamların yağışdan
islanan qara görkəmini bayaq niyə o cür, xırdalıqlarına qədər
xatırladığını, sanki indi başa
düşdü.
- Bu havada maşın sürmək sizin üçün çətin olmayacaqmı?
- susmaqdan bezmiş Firuzə birdən dilləndi, elə bil səhərdən bəri açarla qurdaladığı xarab qapı kilidini, nəhayət, açdı.
- Qaranlıq da düşüb
artıq.
Firuzənin danışmasına
sevinən Afət bunu çox da büruzə vermədi, ancaq qapının açılmasının mükafatı
kimi:
- Verəcəm, verəcəm sənə etibarnaməni, - dedi. -
Rahat ol. Anna Amerikadan, mən də Ərəbistandan gəlib
Macarıstan məhkəmələrində
sürünəsi deyilik.
Qayıdaq Bakıya, gedərik notariusa.
Firuzə dinmədi,
yenə öz qınına çəkilib
telefonda qurdalanmağına
davam etdi.
- Bəlkə, doğrudan, gecəni qalaq? - Firuzənin məntiqini də qiymətləndirən Afət
dönüb Əsədin
üzünə baxdı.
- Siz də yorğunsunuz, dincəlib səhər çıxarıq.
Buralarda, yəqin ki,
hotel var.
Əsəd qaşlarını
dartdı. Gecələr
onsuz da pis yatdığını xanımlara
demədi. Gündüzün
baş qarışıqlığında
unudub üstündən
keçdiyin xırdalıqların,
uzaq keçmişlərdə
qoyub gəldiyin adamların ilğımlı
gecə yürüşlərinin
təfsilatını danışmağın
nə mənası?! Yuxuda da dincəlməyən,
duyduğun hər yaxşıya, hər pisə görə əziyyət çəkən
bədənin və ruhun halbahal dönəmləri haqda kiməsə dastan açmağın
nə mənası?!
Afət qohumlarından
"Əliş" adlı
birini çağırıb
hoteli soruşdu. O dedi ki, ən yaxını "Yemişanlı
dağ"dı. Təzə
tikilib.
- Yaxşı hoteldi? - Afət soruşdu.
- Dörd yekə, qızıl ulduzu var! - Əliş qürurla dedi. Elə bil o qızıl ulduzları
yay gecələrində bu
dağların başı
üzərində açılan
çıraqban göy
qübbəsindən özü
irdələyib çıxarmışdı.
Əliş fürsətdən
istifadə edib qəbiristanlığın ətrafına
çəpər çəkməyə
yardım etməsilə
bağlı yerli hökumətin xahişini
də Afətə çatdırdı.
- Yaxşı, yaxşı, qoy, buranın haqq-hesabını
verim, - Afət mərasim evini nəzərdə tutaraq dedi. - Sonra danışarıq.
Qəbrin üstünü
də düzəltmək
lazımdır. Səddamı
asıblar e-e-e, - Afət
dönüb Əsədə
pıçıldadı.
Əliş axsaq ayağını ardınca
sürüməzdən öncə
nasaz dizini dəqiq ölçülü
reduktor performansı ilə bir neçə
dəfə əsdirib
orada nəyisə tarazladı, elə bil içəridə hərəkətə icazə
verən siqnalı eşidəndən sonra çıxışa doğru
taytıdı. Yüz
səksən dərəcəlik
geridönüşü də
o cür icra edib yarıyoldan qayıtdı və orta stolda oturmuş
yerli hökumət nümayəndələrinə şad xəbəri isti-isti çatdırdı.
- Müharibə veteranıdı, hansısa
təpəni alanda minaya düşüb, - Afət Əlişin axsamağına işarə
ilə dedi. - Protezini Dubaydan mən alıb göndərmişəm, içi
doludu elektronikaynan. Deyəsən, yaxşı
işləmir.
Afət təzədən
Əlişi çağırıb
hansı təpədə
yaralandığını soruşdu.
- Lələtəpədə,
- Əliş günahkarcasına
gülümsündü.
- Heç Topal Teymur da sənin kimi belə gözəl axsaya bilməzdi, - Afət dedi.
- Andırın içində burjun ilişir, sıxılıb-açılmağı
bir az ləngiyir.
Həyətdə bir neçə böyük avtobus Əlişin hücuma hazır hərbi taqımı kimi yan-yana düzülmüşdü.
Qorxunc aerodinamika, yekə güzgü buynuzları və zəhmli qara şüşələrilə onlar da yağışdan xoşhal kimi görünən hotel binası,
bəzəkli dəmir
hasar və arasında rəngarəng
fənər işıqları
közərən qızılgül
kollarının sırasıtək
məmləkətdə yeni dönəmlərin başlandığından
xəbər verirdilər.
Payızın soyuğunda
dünyanın bu Yemişanlı dağına
turist axını qırmızıpapaq qarsonun
iki qara çətirlə həyətə
qaçıb onları
qarşılamağı kimi
təzə peydahalıq
idi.
Kiçik parkı
xatırladan hotel həyətində
kimsə gözə dəymirdi. Arada səngimiş yağış
yenidən çisəyə
çevrilib səssizcə
ələyirdi. Nəsə
tənha adam mızıltısına oxşar
bir ovqat vardı yağışın
bu davamlı, lal sidiməsində. Belə havada isti hotel otağının
narıncı işıqla
dolu, pərdəli pəncərələri kənardan
daha cazibədar, orada kölgəsi oynaşan adamlar isə az qala,
bəxtəvərlik nümunəsi
kimi görünür.
Ancaq dünyada mahiyyətcə çox şeyin kənardan göründüyü kimi
olmadığını Əsəd
bilirdi: elə müxtəlif qitələrdə
yaşayan, indisə, təsadüfən gəlib
onun maşınında
oturmuş bu yarıəcnəbi xanımlar
kimi, Macarıstandan
"ölməyə vətən
yaxşı" deyə
taxta qutuda qayıdan Rasimin hədər getmiş mühacir ömrü kimi...
- Sizin nömrələriniz dördüncü
mərtəbədədir, - administrator məlumat verdi. - Aşağı mərtəbələrimiz
şagirdlərlə doludur.
Onlar bir az səs-küylüdürlər.
Etiraz etmirsiniz ki?
- Yox, etiraz etmirik, - Afət dedi. - Biz üç nömrə sifariş vermişdik.
- Bəli, xanım. Nömrələr
eynidir. Əgər istəsəniz, bir lüks də verə bilərik, ancaq o bu nömrələrdən
bir az aralı
düşəcək.
- Bilmirəm... - Afət tərəddüdlə
dedi və dönüb Əsəddən
soruşdu: - Əsəd
bəy, lüks istəyirsinizmi?
- Ehtiyac yoxdur, - Əsəd dilləndi. Afət sualı Firuzəyə də verdi. O, hotelin qüsursuz işləyən istilik sisteminin şərəfinə
soyunduğu şuba ilə bərabər başını yellədi.
Qarson Afət
xanımın çamadanını
quş vurmuş ovçu sevincilə götürüb liftə
tərəf addımladı.
Vəznəli çuxa
ilə qotazlı qırmızı papağın
alabəzək krossovkaya
uyğunlaşdırılmış təpişdirməsi onun şən, hazırcavab və qoçaq oğlan olduğunu yüngül dovşan yerişindən də nümayiş etdirirdi.
Hotel məsafələrinin yığcamlığını nəzərə alaraq qarson zirzəmidəki
sauna, massaj, kuafor, fitnes xidmətlərini, restoran və bar menyularının bir qismini liftdəcə sadalamaqla öz vəzifəsinin gərəkliyini
diqqətə çatdırmağa
tələsdi. Afət
pul vermək üçün çantasını
açanda isə oğlan qarşıdakı
dağın başına
gecə səyahətinə
də özünün
bələdçilik xidmətini
təklif edirdi.
- Senk you! - qarson təşəkkür
edib pulu quş cəldliyi ilə çuxanın altına soxdu. Məmləkətdə Afətdən
başqa heç kim əlindəki pulu başqalarına göstərmək fikrində
deyildi. - Oraya kanat yolumuz da var, - yəqin ki, dağın başını nəzərdə
tutaraq əlavə elədi.
Yan-yana standart nömrələrdi:
hamam, ikinəfərlik
hündür çarpayı,
divarda televizor, stolun altında balaca soyuducu və kənardan, xüsusilə, cazibədar
görünən həmin
sarımtıl pərdəli,
bir divarlıq böyük pəncərə.
Afət otaqlara bir-bir baxıb hamısının eyniliyinə
əmin olandan sonra koridordaca Əsəddən soruşdu.
- Hansı tərəfdə yatmağı
xoşlayırsınız, Əsəd bəy? Sağda, ya solda? - Güclə seziləcək tərzdə
qımışaraq əlavə
etdi: - Bəlkə ortada?
Sual kəhkəşandan
qoparılmış yekə
ulduzları, ətəyinə
çoxmərtəbəli hotelin nizə kimi sancıldığı
bütün Yemişanlı
dağı əhatə
etdiyi üçün
Əsəd bəy bir anlıq pauzadan sonra cavab verdi:
- O baxır nəyə nisbətdə
sağ-sola...
- Nəyə yox, kimə.
- Eləsə, qoy sağ olsun.
- Eləsə, xeyirli olsun, bismillah! - Ardınca yenə ərəbcə əlavə
elədi: - Summə ləətiyənnəhum min beyni
eydiiim va min xəlfihim***... Sizə sağ, Firuzəyə sol,
mənə orta. Firuzə, etirazın yoxdur ki?
Firuzə yenə
sarışın başını
və qar altından qorxaq bənövşə kimi çıxmış şubasız,
arıq çiynini naməlum istiqamətə
tərpətməklə cavab
verdi.
- Bu haqda bir lətifə yadıma düşdü,
- Əsəd dedi. - Üç dost gəlir mehmanxanaya, bunlara deyirlər, yer yoxdur. Amma bir dənə enli çarpayımız var, üçünüz
də yerləşərsiniz.
Razılaşıb yatırlar...
İti addımlarla
dovşan kimi tullana-tullana qayıdan qarson xəbərdarlıq
etdi ki, bu axşam restoran saat doqquzadək işləyəcək. Hələ
nömrəyə qədəm
qoymamış hotel qonaqlarına
belə xəbəri gəncliyə xas ruh yüksəkliyilə təqdim etməyin bir səbəbi də çuxanın altındakı yaşıl
əskinas ola bilərdi.
- Nə isə... Ardını sonra danışaram, - qarson sözün arasından çıxandan
sonra Əsəd dedi.
- Danışın,
danışın, - Afət
əllərini belinə
vurub lətifəni axıradək dinləmək
fikrində olduğunu
açıq təbəssümü
ilə bildirdi.
- Sonra, sonra danışaram, - Əsəd
əlinin işarəsilə
də lətifəni sonraya saxlayıb üzbəüz nömrədən
dəhlizə çıxmış
cütlüyə yol vermək üçün
kənara çəkildi.
Firuzə əvvəlcə
başını, sonra
çiyinlərini, sonra
da yavaş-yavaş bədənini
irəli verərək,
sonda sarı qəbiristanlıq palçığı
tam təmizlənməmiş çəkməsini dəyərli
"ÜEBO" malı kimi
qapıdan içəri
keçirdi.
Afət də öz otağında bir dövrə vurub, sanki məhz
bunun üçün
yonulmuş ücbucaq burnu ilə künc-bucağı iyləyəndən
sonra çamadanını
dəhlizdən içəri
dartdı. Bir gecə yatmaq üçün kirayələnmiş hotel otaqları
elə bil özlüyündə nəsə
daha vacib tələbat və ehtiyacların ödənilməsi
obyektinə çevrilməyə
başladı. Qonaq qəbul edən sükut dolu, yumşaq xalılı dəhliz yuxudan ayılmış kimi əsnəyib işığını
artırdı, bu gecə qonaqlar yatmayınca çimir vurmayacağı haqda dörd ulduzun dördünə də
and içdi.
Afət bir azdan Əsədin yanına gəlib pəncərədən yağışa,
qaranlığa bürünmüş
dağa, sonra da ilk dəfə belə yaxından görürmüş
kimi onun üzünə diqqətlə
baxdı.
- Duş qəbul edək, sonra görək, nə fikirləşirik, -
ağır günün
yorğunluğunu zərrə
qədər də
hiss etdirməyən gümrahlıqla
dedi. Elə bil gedib Bakıdan
daha bir ölü gətirib basdırmağa hazırlaşırdı.
O yalnız uzun ətəyinə palçıq
çilənmiş paltosunu
soyunmuşdu, gen, qara donu bədənini də, qol-qıçını
da, boyun-boğazını da beş dəqiqə əvvəlkindən daha uzun, daha sanballı,
daha işgüzar və mehriban göstərirdi. - Belə
qəşəng hoteldə
işığı söndürüb
uzun gecəni yatmaq, sizcə, israfçılıq olmazmı?
- Bəli, payız axşamıydı,
hava qaranlıq... - Əsəd milli poeziyanın
zarıncı muğama
çevrilməsində rekordlar
qırmış ən
bayağı misranı
da bayaq lətifəni
gizlətdiyi yerə tulladı.
- İmenno! - nədənsə rusca deyən Afət pərdəni çəkib
çöldəki qaranlığa
baxdı.
Bu an elə bil onları eşitdilər: gur işıqlı projektorlar
bir göz qırpımında qaranlığı
yararaq, daranmış
meşənin arası
ilə dağın başına dümdüz
xətlə qalxan ağ pilləkənləri,
onların qırağındakı
gecə fənərlərini
və kanat yolun trosundan sallana qalmış şəffaf kabinələri
işıqlandırdı. Bu mənzərəyə göyün
xeyir-duası kimi gələn narın yağışın arxasından,
hətta zirvənin də bir neçə
fənər işığı
kadra sıçradı.
Qara, təlatümlü
qübbənin altında
bu işıq və yağış sidiməsinə qərq olan aylı-ulduzlu hotel, elə bil açıq
dənizə çıxmış
çoxmərtəbəli gəmi kimi üzməyə başladı.
Gözlərini yumub vannada uzananda divarın arxasında suyun şırıltısından
bildi ki, Afət də eyni işlə
məşğuldur. Ona elə
gəldi ki, kafeli davamlı çıqqıldatmaqla
xanım onun cavab verməsini, keçən günün
ağırlığının bir hissəsini elə bu morze
oyunu ilə atmaq istədi. Ancaq o, cavab vermədi, özünü
elə apardı ki, guya qonşu nömrənin hamamında
ona dəxli olmayan bu təsadüfi
çıqqıltı nazik
divarın o üzündən
deyil, çox uzaqlardan, gənclik illərinin qarlı bir şəhərindən
gəlir. Onlar vannada uzanıb konyak içirdilər. Bütün məsələ,
əlbəttə, alkoqolun
təsirində idi, amma şam işığında
krandan axan suyun fınxırtı dolu gur şırıltısı
dağı-daşı lərzəyə
gətirən yaz seli kimi onları
basırdı, yuxarı
qalxan dolaşıq əl-ayaq kölgələri
divarlardan keçib şəhərin pəncərələrinə
dırmaşır, soyuğun
evlərə doldurduğu
adamlarla məzələnərək
geri qayıdırdı.
Onlara elə gəlirdi ki, bu qapalı məkandan bezəndə gözlərini
yumub çöldəki
qarın üstünə
tullanır, qar kürüyən qadınların
da zəhləsini tökəndən
sonra uçub uzaqlardakı isti ölkələrə gedirlər.
Xanım danışırdı
ki, bir dəfə o, vannanı südlə doldurub içində çapalayanda südün
üzünə əl
qalınlığında, sapsarı
yağ çıxmışdı.
"Onda biz tələbə
yataqxanasında ac qurd
kimi ulaşırdıq.
Çağıraydın, o yağı yığıb
kartof qızardardıq",
- o demişdi və bir tava qızardılmış
kartofun bütün arzulardan gözəl göründüyü vaxtları
xatırlamışdı.
Hamamdan çıxanda
qarderobda səliqə
ilə qatlanıb çinlənmiş dəsmalların
yanında paketə qablaşdırılmış ağ
xələti geyinmək
marağından vaz keçmədi. Kəmərli
xələt tiftikli, qalın maxerdən tikilmişdi,
ağuşuna hər kəsin məmnuniyyətlə
yumbalandığı dərin,
yumşaq kreslo kimi rahat idi.
Yekə cibinin manjetində hotelin adı yaşıl sapla toxunmuşdu - "Yemişanlı dağ".
Fikirləşdi ki, yemişanı
bir dəfə Şamaxı meşəsində
görüb: təzəcə
qızarırdı, yağışın
islatdığı qara
gövdəli palıdların
yanında yeniyetmə
qız məsumluğu
ilə kolluqdan boylanırdı. Bədənində
isti suyun yaratdığı ağırlığı
sehrli xələt, sanki bir göz
qırpımında özünə
çəkib yox elədi, yüngülləşmiş
əl-ayağına hərəkət
sərbəstliyi, canına
güc verməyə başladı. Afət də ağ xələtdə, amma saçlarını dəsmalla
əmmamə kimi bürümüş halda
gəldi:
- Siz də xələti geydiniz? - dedi. - Mənim də xoşuma gəldi. Gedim, Firuzəyə deyim, o da geyinsin. Yoxsa ağlı kəsməyəcək, - tez
otaqdan çıxdı.
Restorana getmədilər,
istəyir doqquzda yox, lap on doqquzda bağlansın. Nömrəyə
sifariş verdilər.
Örtüklü, kəcavə
kimi uzun araba altı-üstü dolu gəldi.
- Doğma torpağın nemətlərindən
dadlısını heç
yerdə görmədim,
- Afət təamları
masaya düzə-düzə
dedi.
- Doğma torpağın kişilərinin
dadından xəbərin
yoxdur! - Firuzə soyuducudan çıxardığı
ətir şüşəsi
kimi balaca butulkaların üzərində
yazılanları diqqətlə
oxuya-oxuya, sanki öz-özünə mızıldandı.
- Firuzə, sən ciddisən? - Afət bu mühüm
məsələyə görə
servirovkanı dayandırıb
ayağa qalxdı.
- Əlbəttə.
- Bizimkilərin dadı ayrı cür olur?
- O-o-o! - ani baxışla
Əsədi süzüb
qaşının birini
dartdı. Əsədə
elə gəldi ki, xanım göz də vurdu.
- Əsəd bəy, zəhmət olmasa, ayağa qalxın, - Afət başındakı əmmaməni
kənara tullayıb saçlarını bir-iki
dəfə süpürgə
kimi havada yelləməklə nizama salmağa çalışdı.
Əsəd qalxıb onunla yanaşı dayandı. - Məni qucaqlayın, görüm!
Əsəd bəy qızardı:
- Mən çoxdan belə imtahanlar vermirəm, - dedi.
- Bu imtahan deyil, zaçotdu. Qucaqlayın. Mən həssas qadınam, dadı belə də duyacam. Ancaq hisslə qucaqlayın.
Əsəd yüngülcə
qucaqladı, Afət özünü ona sıxdı. Xələtin
altından ayaqlarını
toxundurdu. Saçlarından
gələn acı ot iyi naşatır
spirti kimi qıcıqlandırıcı idi.
Düyməsiz xələtin
qucaqlaşmaq üçün
də rahatlığı
bütün hisslərdən
qabaq özünü büruzə verdi.
Nar əla idi, qutabla ləzzət
eləyirdi. Üzümü
motal pendiri və isti təndir
çörəyilə elə
yeyirdilər, elə bil ehsandan yox,
uzun yolçuluğun
səhra aclığından
çıxmışdılar. Yedikləri hər tikəyə, içdikləri
hər qurtuma görməmiş kimi sadəlövhlüklə sevinirdilər.
Hiss olunurdu ki, qayıdandan
sonra da bu xatirələrlə özlərini
xeyli müddət sevindirməyə çalışacaqlar.
Hətta baxmadıqları
televizorun üyütdüyü
qurşaqdan aşağı
goplamalar belə doğma nitqin ştampları ilə onlara ləzzət verirdi. Rasimdən sonra onlar, sanki
bir-biriylə, buralarda
doğma nə varsa, hamısı ilə vidalaşıb ayrılırdılar.
- Heyif ki, mən bir də
buralara gəlməyəcəm.
Həyatımın çox
hissəsini keçmişəm,
atam, anam, yeganə qardaşım - hamısı torpağın
altında, daha nəyə gəlim? Ölünün ruhunu anmaq üçün onun qəbri üstünə gəlmək
vacib deyil.
- Mən elə düşünmürəm,
- Firuzə astaca etiraz elədi. - Ölü bizim üçün təkcə
ruh deyil, çox şeydir. Doğma adamların nə ölüsünü,
nə də dirisini unutmaq olar. Çünki onlar bizim həyatımızın
bir parçasıdır.
Biz də onların...
- Sarıca kəndinin yarısı mənim atamın, yarısı da anamın qohumlarıdır, - Afət
dedi. - Ona qalsa, gərək mən ayda bir dəfə
duram Ammandan bura, ya toya,
ya da yasa gələm. Yox, mən patriaxatla qurtarmışam. Rəhmətlik
Rasim də elə düşünürdü,
ona görə ikinci seçimində də buranı yox, Avropanı seçdi.
- Bəs niyə axırda bura qayıtdı? - Firuzə soyuq və tikanlı tərzdə davam etdi. O, rəfiqəsinə
qarşı səmimiyyətin,
bəlkə də ötən gecəki mübahisələrindən doğan
açıq etirazın
astanasında dayanırdı.
Hər dəfə onun addım atıb astananı keçməyinə, əl
uzadıb ortadakı pərdəni yırtmağına
nəsə mane olurdu. Bu, açıq danışmağı, hər
şeyə aydın nəzərlə baxmağı
sevən, İordaniyadan
bütün dünyanı
olduğu kimi görən Afəti yenə bezdirməyə başlamışdı.
- Dedim axı, verəcəm sənə etibarnamə, niyə burnunu sallayırsan? - Afət onu qınadı. - Get, macar məhkəmələrində
sənədləşdir, Rasimin
nəyi var, sənin olsun. Mən daha bundan artıq
nə edim bunun üçün, Əsəd bəy?
- Nəsə ciddi bir şey
qalıbmı Rasimdən?
- Əsəd bəy tələbəlik dostu, həmkarı və yaşıdının dünyanın
tamam başqa bir səmtində qazandıqlarını, sanki
özünün burada
qazandıqları ilə
müqayisə etmək
üçün soruşdu.
- Evi qalıb, maşını,
kiçik biznesi qalıb. Kartları, telefonu bloklanıb onlarda nə qədər pul-parası, alıb-verəcəyi var, mən
bilmirəm. Mənim heç nəyə ehtiyacım yoxdur, götürsün, nə istəyir, eləsin. Özgə neyləyim mən bunun üçün, Əsəd
bəy?
Firuzə öz rəssam beyni ilə düşünüb
bunların cavabında
nəsə rəngli bir şey deyə
bilərdi, ancaq dinmədi, susdu. Elə bil Atilla nəvələrinin Macarıstanı
öz Balaton gölü,
Tuna çayı, qəhrəman
İmre Nade qarışıq, daha onu maraqlandırmırdı.
- İstəmirəm,
- Firuzə boğaz acışması ilə qısaca deyib öskürməyə başladı.
Sonra da mövzunu tərk
etdiyini qəti bildirmək üçün
keçib hündür
çarpayıda dizlərini
qarnına yığaraq
uzandı. Qısa xələtin altından görünən, yay qaralması
hələ tam keçməmiş
baldırlarının təqdimatına
yüngülvarı dizayn
verdi. - Gəncədə
mənim xalam yaşayır, səhər
gedib ona baş çəkəcəm.
Yüz ildir görmürəm, bəlkə
də ölüb.
- Bizi tərk eləyir, - Afət eyhamla Əsədə dedi. - O lətifənin sonunu bayaq danışmadınız
axı, - Afət də mövzunu dəyişməyi aşkarca
qət etdi.
- Elə lətifələr var ki, onları
danışmaq üçün
psixoloji və ekoloji mikromühit yetişməlidir, yoxsa, gülmək çətin
olur, - Əsəd bəy süfrədəkilərə
işarə ilə dedi.
- Səhərə
kimi yetişərmi?
- Bilmirəm.
- Yox, maraqlıdır axı, üç kişinin gecəni bir çarpayıda yatması.
- Əsəd bəy, danışın,
toxtasın, - Firuzə
gözlərini açmadan
mızıldandı. - Yoxsa,
səhərə kimi sizi yatmağa qoymayacaq.
- Yaxşısı
budur, mən Misirə turist səfərimi danışım,
- Əsəd dedi. - Şarm əş-Şeyxə.
- Misirdə mən on dəfə olmuşam, - Afət dedi. - Misiri istəmirəm. Üç
kişini istəyirəm!
- Afət şaqqanaq çəkib güldü.
- Yox, danışın, Əsəd
bəy, maraqlıdı,
- Firuzə elə bil rəfiqəsinin acığına dedi.
Safari söhbəti
Ərəbistan səhralarını
keçib Nil çayı
boyunca yavaş-yavaş
Afrikaya doğru qalxanda Firuzəni yuxu apardı. Xələtin altından xeyli sürüşmüş
dizindən yuxarıda
cərrah iynəsinin ağız əyrisi kimi tikiş yeri qalmışdı. O, Əsədin geniş çarpayısının bir
qırağında yatmış
dişi ceyrana bənzəyirdi, sanki bədəninin yuxuda başlanacaq hövr çağırışından qəflətən oyanıb
indiyədək olmuş
bütün söz-söhbəti
unudacaq, yalnız özünün instinktiv fiziki tələbatları
ilə məşğul
olacaqdı. Əsl həngamə də yəqin ki, onda başlanacaqdı...
Lətifənin ardı
üçün mikromühitin
bəlkə dağın
başında daha tez yetişəcəyinə
ümid etdiyini deyən Afət aşağı zəng vurub kanatın işə salınmasını
sifariş verdi. Onlar tələm-tələsik
xələtin üzərindən
paltolarını geyinib
yuxarı, dağın
başına qalxdılar.
Şıltaqlığı ilə adamları incitdiyinə görə vicdan əzabı çəkən yağış,
nəhayət, susmuşdu.
Yuxarıda bədənin
paltarsız yerlərilə
güclü radiodalğa
kimi tutulan sazaq olmasaydı, gülöyşə narıtək
tərtəmiz bu havanı səhərədək
udmaq üçün
oradakı bağlı
kafenin çardağı
altında oturmaq, hətta lətifə də danışmaq olardı. Ancaq bədən qəbul edib-etmədiklərini özü
müəyyən edir,
heç kimdən heç nə soruşmur. Lətifə tələb edilmirdi.
Dağın başından
kəndlərin uzaq işıqları, yolboyu şütüyən maşınların
tez-tez itib yox olan işıq
axınları payız
qaranlığı ilə
cırmaqlaşma kimi görünürdü.
- Sarıca bu tərəfdədi, - Afət az qala
dirsəyə qədər
paltonun qolundan çıxan əlilə
qara dağların harasınısa göstərdi.
Açığı, axşamın
bu qarışıq vədəsində soyuqdan
və dördgözlə
onlara baxan hotel sifətindən başqa heç nəyi olmayan dağ zirvəsində dayananda Sarıcanın, hətta Rasimi öz ağuşuna almış
qəbiristanlığın da harada, hansı tərəfdə olması
vacib deyildi. Həyat oyunla doludur, hərdən onlardan bəzilərini, mənasından, məzmunundan
asılı olmayaraq, axıradək oynamaq lazım gəlir.
- Bu yol da, yəqin ki, Gəncə yoludur, - Əsəd maşın yoluna işarə ilə dedi.
- Əşşi,
sözüydü da dedi,
- Afət üşüyən
əllərini yekə
ciblərinə basıb
bədənilə ona
qısıldı və
gözlədi ki, Əsəd
güclü qolları
ilə onu bayaq hoteldə qucaqladığı kimi qucaqlasın. - Gəncəyə
gedəndi o?
Səhər Firuzəni
otağında tapmadılar.
Onları vestibülün
ortasında qarşılayan
qarson dedi ki, xanım sarı taksilərindən birini götürüb Gəncəyə
getdi. Kağız da yazıb qoymuşdu. "Məni gözləməyin".
Bu an pilləkəndən səs-küylə
uşaqlar aşağı
tökülüşməyə başladı. Ancaq mərmər sütunlu, güllü-çiçəkli foye onlara boş
və səssiz göründü. Döşəmənin
bir qırağına
uca pəncərələrin
monumental şəklini çəkmiş
lazımsız gün
işığı da öz
həniri və səxavətilə onları
sevindirmədi.
2023
* Yoxsullara
aşkarda sədəqə
verməyiniz yaxşıdır.
** Onu
gizlində versəniz,
daha yaxşı olar.
*** Sonra onların
yanına qarşıdan
və arxadan gələcəyəm...
Səfər Alışarlı
Ədəbiyyat qəzeti. - 2024. - 4 may, ¹ 16. - S. 28-30.