Qədim
tariximizdən keçən
müqəddəs mətnlərin
arasında Zərdüştiliyin
ana kitabı olan "Avesta"nın xüsusi yeri olub. Azərbaycan xalqının islamdan əvvəlki mentalitetini, dünyagörüşünü dərk eləməkçün
bu kitabın xüsusi yeri var. Hərçənd, son yüz ildə
bu kitabın Azərbaycan tarixindən qoparılması prosesi də gedib, lakin şükürlər
olsun ki, son onillikdə bir tarixi şəxsiyyət
olaraq, Zərdüşt
peyğəmbərin özünün
də, Zərdüştiliyin
də birbaşa Azərbaycan ərazisiylə
bağlı olduğunu
sübut edən çoxsaylı elmi araşdırmalar ortaya çıxıb... Lakin əfsuslar olsun ki, bu müqəddəs
kitabın əldə
olan, müasir dövrə gəlib çıxan hissələri
Azərbaycan dilinə
yalnız fraqmentlər
şəklində tərcümə
edilmişdi. Yalnız
son illərdə araşdırmaçı şair Xanlar Həmid tərəfindən
"Avesta"nın hər
üç kitabının
Azərbaycan dilinə
tərcüməsi həyata
keçirilib. Son üçüncü kitab
yaxın günlərdə
işıq üzü
görüb və mayın on dördündə
AYB-nin Natəvan klubunda təqdimatı keçiriləcək.
Tərcümələrin
maraqlı cəhəti
ondan ibarətdir ki, müəllif, sadəcə, əldə olan mətnlərin tərcüməsi ilə
kifayətlənməyib, məsələyə
araşdırmaçı-alim kimi yanaşaraq, kitablara zəngin izahlar və şərhlər əlavə
edib ki, müasir oxucular tərəfindən rahat dərk olunsun. Heç bir təmənna olmadan bu ağır işin altına girən, tərcümələrə
iyirmi ilə yaxın vaxt sərf eləyən Xanlar Həmidin bu işi, əlbəttə
ki, təqdirəlayiqdir
və Azərbaycan tarixini öyrənənlər
üçün çox
qiymətli mənbə
olacaq...
İlqar FƏHMİ
AYB-nin katibi
Ədəbiyyat qəzeti.
- 2024. - 4 may, № 16. - S. 31.