Məhəmməd Füzuli - Seyid Əzim Şirvani - Əliağa Vahid - Azərbaycan qəzəlinin üç sütunu

 

                                                                                                                                                                        (əvvəli ötən saylarımızda)

 

Vahid ürfan əhli deyildimi?

 

Biz xərabət əhliyik, meyxanələrdən çıxmışıq,

Badələr nuş etmişik, peymanələrdən çıxmışıq.

Atəşi-qəmdən qorxaq kim, Səməndərxislətik,

Şəmilər yandırmışıq, pərvanələrdən çıxmışıq.

Pirimiz piri - Muğandır, xadimi-meyxanəyik,

Rindlər zövqün görüb, divanələrdən çıxmışıq.

Qədri-qiymətsiz bizi zənn etmə, Vahid, arif ol,

Pürbəha gəncinəyik, viranələrdən çıxmışıq.

 

Bu tipli misalların sayını başqa paralellər üzrə davam etdirə bilərik. Nəhayət, Vahid etiraf edir ki: "Böyük Füzulimizin yadigarı mən özüməm".  Fikrimizcə, bu, çox səmimi etirafdır, ancaq bu, o demək deyil ki, Vahid Füzulinin kölgəsidir. Sadəcə olaraq, Vahidin öz boynuna götürdüyü missiya fərqli idi. Füzuli ruhunu Füzuli ənənəsini yaşatmaq, lakin qəzəli sadə, xalqın başa düşəcəyi, anlayacağı bir tərzdə xalqın özünə çatdırmaq! Təbii ki, Füzulidə dərin, alt qatda gizlənən mənalar, az qala hər beytində super məcazlar diqqəti cəlb edir. Əgər müqayisə caizsə, deyək ki, Füzuli böyük bir dəryadır, Vahid isə o dəryaya axan gur bir çay.

Ancaq təbii ki, Füzuli Vahid arasında iki mühüm fərqi mütləq nəzərə çarpdırmaq lazımdır. Professor Azadə Rüstəmova yazır: "Füzulidə məhəbbət daha çox hissi-assosiativ, ruhi-hiperbolik məzmunda özünü göstərir. Aşiq-məşuqə  münasibətlərində dramatik ehtiraslar sərhəd tanımır, həm burada məhəbbətin predmeti - gözəllik kateqoriyası əlçatmaz ənginliklərdə olduğu üçün mənəvi-əxlaqi eləcə ictimai gerçəkliyin fəci şərhi üstünlük təşkil edir, kədər, iztirab motivi şairin lirik "mən"inin psixoloji vəziyyətini şərtləndirən başlıca amil rolunu oynayır". "Ruhi-hiperbolik məzmun" - "əlçatmaz ənginliklər" Vahiddə əsas qayə deyil, hətta gözəllərin vəfasızlığından gileylənən məqamlarda belə Vahidi "iztirab motivi"nin qəhrəmanı saymaq olmaz. Vahid realistdir, mümkün olduqca xəyali sevgilərlə ovunmur, o, yaşadığı dövrün - XX əsrin gözəllərini vəsf edir:

 

Bəxtiyar aşiq odur ki, onu cananı sevir,

Binəva bülbülünü öz güli-xəndanı sevir.

Mən o zülfün azı yüz dəfə bəlasın çəkdim,

Dəli könlüm yenə ol zülfi-pərişanı sevir.

Sevirəm mən o nəzakətli gözəl dilbəri ki,

Musiqi elmini, rəssamı, qəzəlxanı sevir.

Piri könlüm gəlir ilhamə, görərkən hərdən,

Bir nəcabətli gözəl qız, gözəl oğlanı sevir.

Vahidin ovçuluğu olsa da, insafı da var,

Öz kəməndinə düçar etdiyi ceyranı sevir.

 

İkinci fərqli məqam: Füzuli qəzəllərində konkret olaraq Vətən anlayışı yoxdur. "Vətənimdir, vətənimdir, vətənimdir vətənim"! misrası yarın - sevgilinin məskəninə aiddir. Vahid isə Azərbaycan qəzəlinə konkret Vətən obrazını - Azərbaycanı gətirir. "Könlüm yenə bülbül kimi şeydayi-vətəndir, Məcnun edən aşiqləri leylayi-vətəndir", "Bu şərafət mənə nəslən qalacaqdır, Vahid, qədər xidmət edəm Azərbaycanım üçün", "Vahid, cəhənnəm, istəməsin qoy rəqiblər, Sən fəxr qıl ki, Azərbaycan sevir səni". Vahidin qəzəllərində Azərbaycanın şəhərləri, rayonları vəsf edilir, görkəmli musiqiçilər tərənnüm olunur s.

Nəhayət, ən vacib bir məsələni qeyd edək. 20-ci əsr əruz ədəbiyyatında Vahid ədəbi məktəbi yarandı. Bu ədəbi məktəbə daxil olan Ələkbər Şahid, Rüstəm Samit, Hacı Mail, Ənvər Nəzərli, Mirhaşım Talışlı, Seyidağa, Əliağa Bakir, Rəhim Saraylı, Həkim Qəni, Müzəffər Şükür, Ağaəmi Buzovnalı, Şahin Fazil, Arif Buzovnalı, İlqar Fəhmi, Gülarə Munis, Lilpar xanım, Xatirə Xatun məhz "böyük Füzulinin yadigarı olan" Vahidin açdığı yolla getdilər, hərəsinin öz fərdi üslubları nəzərə çarpsa da, bədii ifadə təsvir vasitələrində Vahid yoluna sadiq qaldılar. Bu qəzəlxanlar Vahiddən sonra əruz qəzəl boşluğunu aradan qaldırıb Azərbaycan qəzəlinin müasir - sadə, anlaşıqlı, səlis dilli nümunələrini yaratdılar. onların hər bir qəzəlində "Füzulidən bir dad, bir duz" var.

 

Bu yazıya son söz:

Lövhi-aləmdən yudum əşk ilə Məcnun adını,

Ey Füzuli, mən dəxi aləmdə bir ad eylərəm.

 

Beş əsrdən çoxdur Füzuli poeziyamızın ab-havasına qarışır. Şeirimizin bütün meridianlarda öz rənglərini, poetik naxışlarını  qatır. Görkəmli  füzulişünas Sabir Əliyev yazırdı ki, "bu saat müasir poeziyada tam bütöv bir Füzulini axtarmaq,  "bax, bu şair Füzulidir" demək mümkün deyil. Amma hər bir şairdə  Füzulidən lap kiçicik olsa, bir hissə var. Mən istedadlı şair Adil Cəmilin bir şeirindəki dörd misra ilə sözümə xitam verirəm:

 

Ölməzlik közərir söz ocağında,

O, ölməz sənətin özülü imiş.

Ən gözəl şerini yazan çağında

Hər şair bir azca Füzuli imiş.

 

Vaqif YUSİFLİ

 

Ədəbiyyat qəzeti.-  2024. - 4 may, ¹ 16. - S. 33.