"Mənim könlüm deyir ki..."

 

  Lirika mövzusunda variasiyalar

 

                                                                                                              (Əvvəli 11-12 sayımızda)

 

Müşfiqin lirikasında fantastik bir uzaqgörənlik var. "Telefon söhbəti" şeirinə nəzər salsaq görərik, 21 yaşlı gənc şair 1929-cu ildə 60-70 il öncəni görüntülü telefonun kəşfini görə bilib:

 

Əvət böylə qalmaz yarın bu ölkə,

Telefonda fikrimi açarkən sənə

Həsrətlə baxdığım üzün bəlkə,

Uzaqdan-uzağa görünər mənə.

 

Fəqət, Müşfiq lirikasının qüdrəti bu uzaqgörənlikdə deyil, büllur kimi təmizliyində paklığında ondan da aşırı səmimiyyətində, sərhədsiz coşqun xəyalındadır.

 

Mənim xəyalımda vardır hər zaman

Qartal təbiətli bir insan olmaq

Səslənib, səslənib dağlar başında

Əsən küləklərlə həmzəban olmaq.

 

Müşfiqin lirikası xəyalın romantikasından doğulmuşdur. Ona görə bu şeir kainat qədər hüdudsuzdur.

 

Sən varlığın eynisən, buna sözmü var?

Gecələr ay, sənindir, gündüzlər günəş

kainat kimi!

Hər şey gözəlləşəndə sən gözəlləş

bu həyat kimi!

 

O, "Şeirim" lirikasında öz şeirlərini belə səciyyələndirirdi: dərin süslü!

M.Müşfiq ilhamı XX əsrdən bir başa XVI əsrlə, Mövlanə Məhəmməd Füzuli ruhuna bağlanırdı. Bir az qeyri-təvəzökarlıqla M.Müşfiqi sadələşmiş Füzuli adlandırmaq olar. Xüsusilə, onun bəstələnməmiş nəğmələrini - incə cilalanmış eşqlə süslənmiş mahnılarını nəzərdə tuturam.

Fəqət, şairin "Yenə o bağ olaydı" məşhur poetik simfoniyası  şuxluğuna coşqusuna görə Nəsimi üsyankarlığına köklənir:

 

Yenə o bağ olaydı, yenə o qumlu sahil

            sular ötərdi dil-dil

Saçın kimi qıvrılan, dalğalara dalaydım

            dalıb ilham alaydım

Əndamını həvəslə qucaqlarkən dalğalar

            qəlbimdə qasırqalar

Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı

            məni hirsin boğaydı

Cumub alaydım səni dalğaların əlindən

            yapışaydım belindən

Xəyalımız üzəydi sevda dənizlərində

            ləpələr üzərində

İlhamımın yelkəni zərrin saçın olaydı

            sular xırçın olaydı.

 

Bu süjetli şeir ürkək baxışlarıyla şairin ruhunu dindirən əsmər bənizli bir gözələ olan sevgi hekayətidir.Müşfiqin "Yağış yağarkən" lirik şeiri alletrasiya əsasında yazılıb, onun başına bəla olmuş "Duyğu yarpaqları" isə şairin azadlıq simfoniyasıdır.

Sosializm dövrünün qüdrətli şairləri Səməd Vurğundan, Süleyman Rüstəmdən, hətta  Məmməd Rahimdən həqiqi lirikaya dair misallar vermək olar.

S.Rüstəmin "Təbrizim", "Ana poçtalyon" şeirləri. Adətən bizdə gözəlliyin şiddətlənmə dərəcəsi "Gözəllər gözəli" ifadəsi ilə zikr olunur.  Görün S.Rüstəm gözəlliyi necə vəsf edir: "Sən gözəllər gözəlindən gözəlsən, gözəlim". M.Rahim isə belə deyir:

 

Qız, xaliqin öləydi

Səni yaradırdısa

Məni xəlq etməyəydi.

 

Səməd Vurğunun istedadı xüsusi estetik kateqoriyadır, onun ilhamı ilahi bulağından su içib. Vurğunun məşhur "Azərbaycan", "Şair tez qocaldın sən", "Ala gözlər", "Mən tələsmirəm" kimi şeirləri ana dili lirikamızın parlaq nümunələridir. S.Vurğunun lirik-romantik ilhamı XVIII əsrdə M.P.Vaqiflə, XIX əsrdə Dədə Ələsgərlə vəhdət təşkil edir. Vaqif , Ələsgər   realist şeirin ən incə rübablı, eşq gözəlliklə cilalanıb süslənmiş nümunələrini yaratmışlar. Hərəsindən bir nümunə verək:

 

Əl atıban baş bəzəyin pozasan

Çəngələyib məməsin əzəsən

Öpəsən, qucasan düşəsən xəstə

Məst olub yanında yatasan dürüst.   

 

M.P.Vaqifin "Dürüst" rədifli qoşması bizim lirik şeirin ən kamil nümunəsi olan bayatılardan tərz alıb: Bir neçə bayatı:

 

Əzizim gül üşüdü

Şeh düşdü gül üzüdü

Güldün ağlın apardın

Bu necə gülüş idi?

 

Dağlar dağımdı mənim

Qəm oylağımdı mənim

Dindirmə qan ağlaram

Yaman çağımdı mənim.

 

dəvə düzdə qaldı

Yükü Təbrizdə qaldı

Oğlanı qan apardı

Dərmanı qızda qaldı.

 

Bizim bayatılar, qoşmalar, təcnislər rübailər ən parlaq lirika nümunələridir. Əksəriyyəti Eşq Qəm üstə köklənib xalqın kövrək qəlbindən xəbər gətirir.

M.P.Vaqifin ən yaxşı lirik əsəri "Pəri" qoşmasıdır:

 

Boyun sürahıdır, bədənin büllur

Gərdənin çəkilib minadan Pəri

Sən ha bir sonasan cüda düşübsən

Bir  bölük yaşılbaş sonasan Pəri.

 

Üz yanında tökülübdür tel nazik

Sinə meydan, zülf pərişan, bel nazik,

Ağız nazik, dodaq nazik, dil nazik,

əllərin əlvan hənadan Pəri.

 

Ovçusu olmuşam sən tək maralın

Xəyalımdan çıxmaz hərgiz xəyalın,

Ənliyi, kirşanı neylər camalın

Sən elə gözəlsən binadan Pəri

gözəl doğubsan anadan Pəri.   

 

Azərbaycan lirikasında xəyal sevgi əsas lirik obrazlar hesab oluna bilər. İstər Füzuli qəzəlində,  istər M.P.Vaqif Ələsgər qoşmasında, istərsə bayatı Təcnislərimizdə gözəllik, eşq bəzən qəm əsas yer tutur. Dahi Füzuli elmə əsaslanan şeir, başqa sözlə intellektual şeir təlimini irəli sürürdü, "elmsiz şeir əsassız divar olur" deyirdi. Füzuliyə görə "şeir fəziləti bir ayrı elmdir" o bu nəzəri fikri ayrı-ayrı qəzəllərlə təsdiq edir:

 

Ey Füzuli, eşq mənin qılma nasehdən qəbul

Əql tədbiridir ol, sanma ki, bir dünyadı var.

 

yaxud:

 

Ey Füzuli, qıl kəmali-fəzl kəsbin yoxsa mən

Kəmali eşqəm, dəxi özgə kəmalı neylərəm.

 

"Kəmali eşq" olana "özgə kəmal" lazım deyil. Elə buna görə 70 il bundan əvvəl akademik Məmməd Cəfər yazıb: "Füzuli sevir - Füzuli düşünür deməkdir". XIX əsrin  böyük lirika ustası Aşıq Ələsgər "Ələskərəm hər elmdən halıyam" deyirdi. Yaxşısı budur gəlin bu qoşmaya bütöv nəzər salaq:

 

Çərşənbə günündə, çeşmə başında

Gözüm bir alagöz xanıma düşdü.

Atdı müjgan oxun keçdi sinəmdən,

Cadu qəmzələri qanıma düşdü.

 

 İşarət eylədim dərdimi bildi,

Gördüm həm gözəldi, həm əhli-dildi,

Başını buladı, gözündən güldü,

Güləndə qadası canıma düşdü.

 

Ələsgərəm hər elmdən halıyam,

Gözəl, sən təbibsən, mən yaralıyam,

Dedi nişanlıyam, özgə malıyam,

Sındı qol-qanadım, yanıma düşdü.

 

Bu miniatür qoşmada eşq qəm qoşa yeriyir, son da əlbəttə, əlahəzrət Qəm  qalib gəlir. Bəşər övladı yaranandan belə olub, eşq, sevgi şadlıq müvəqqəti, Qəm isə əbədidir. Qəm, kədər insana ən yaxın, doğma hisslərdir. Füzuli deyirdi ki, "Dərd şairliyin əsas sərmayəsidir".

 

***

 

S.Vurğun "Azərbaycan" şerinin 30-cu illərdə, Azərbaycanın ərazi bütövlüyü təhlükədə olan vaxt qələmə alınmışdır. Bu şeir şairin "Azərbaycan" poema-dastanının uvertürası kimi yazılmışdı:

 

El bilir ki, sən mənimsən

Yurdum, yuvam məskənimsən

Anam, doğma vətənimsən

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!

 

Bu şeirin motivi yazma səbəb - tarixini yaxşı bilən rəhmətlik Heydər Əliyev hər dəfə onu əzbərdən deyəndə kövrəlirdi. S.Vurğun Azərbaycanı hissə-hissə bizdən alan bolşevik qiyafəli, kommunist əqidəli daşnaklara cavab verirdi. Ona görə bu lirik şeirin xüsusən bu bəndinin poeziyadan çox, tarixi-siyasi əhəmiyyəti var: "Ala gözlər" lirikanın heyrətdən yaranmış nümunəsidir:

 

Yenə qılıncımı çəkdi üstümə

Qurbanı olduğum o ala gözlər

Yenə cəllad olub durdu qəsdimə

Qələm qaş altından piyalə gözlər. 

 

Qeyd etdiyim kimi S.Vurğunun "Mən tələsmirəm", "Şair tez qocaldın" kimi şeirlərindən lirik gözəlliyə misal çəkmək olar.

Bəzən lirikanın gücü onun həsr olunduğu məzmunda, mövzuda olmur. Əlbəttə, gözəlliyin vəsfi, Eşqin tərənnümü Lirika üçün doğma əsas şərtdir. Fəqət, istedadlı şairin çağlayan ilhamı hansı mövzuda istəsən lirik aləm yarada bilər. Məsələn, S.Vurğunun "Ceyran", "Dünya" şeirləri təbiətə taleyə həsr olunub. Lakin onun partiyaya həsr olunmuş "Zamanın bayraqdarı"  da öz yüksək lirizmi, poetik təsbih metaforaları ilə həqiqi bir lirika nümunəsidir:

 

Zaman yaşa doldu, gəncləşir illər

Tarix öz atını çapır sürətlə

Nəsillər dalınca gələn nəsillər

Oxuyub Leninin min dastanının

Yad edir müqddəs bir məhəbbətlə

Zamanın ən böyük qəhrəmanını.

 

Şair yaşamaq, 37-nin onu ( bu nəsli) qarabaqara izləyən vahiməsindən xilas olmaq, sağ qalmaq üçün totalitar bolşevik, kommunist qiyafəli daşnak sovet ideoloji basınçıdan yayınmaq üçün belə yazmağa məcbur idi. Bu XX əsrin, millətləri işğal yolu zorən özünə ilhaq etmiş sovet (əslində rus!) imperiyasının, 70 il sürən zamanın faciəsi idi.

 

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                           (Davamı olacaq)

 

Ədəbiyyat qəzeti. - 2024. - 4 may, ¹ 16. - S. 37.