Nizami Gəncəvinin mərhəmət -  sosial dövlət anlayışı

 

"Yeddi gözəl" məsnəvisinin "Quraqlıq ilinin təsviri Bəhramın şəfqəti" adlı bölməsinin şərhi

 

                                                                                                                                                (Əvvəli burada)

 

Otuz beşinci beytin şərhi:

gedə bilərdi

 

Əgər bir kor istəsə idi, damların üstü ilə,

Reydən İsfahana gedə bilərdi.

 

Nizami hər kəsə mərhəmət hərəkatının, hər kəsə mərhəmətlə yanaşan şahın, hər kəsi mərhəmətlə qucaqlayan sosial dövlətin xeyrini çoxluq, zənginlik, böyüklük, genişlik, təhlükəsizlik anlayışları ilə verir, ideyanın ifadəsi üçün yeni vasitələr seçir:

- "Bam" ("dam", evin damı) sözünü iki dəfə işlədir, damları bir-bir sayır ki, çoxluq, sıxlıq bilinsin, "bam bər bam", bir evin damdan o biri evin damına, yəni var-dövlət insanların gözəl evlər (imarətlər) tikməsinə yol açdı, o qədər ev tikildi ki, evlər bir-birinə o dərəcədə sıx oldu ki, İsfahandan Reyədək evlərlə doldu;

- "Əgər", Nizami şərt qoyur, bağlayıcını mərhəmətin gətirdiyi zənginliyin ifadəsinə yönəldir - mərhəmət adlı dəyər ifadə olunacaq şərtin yerinə yetirilməsinə yol açmışdı;

- Şair məhz kor bir insan seçir, bu yolla zənginliyi, çoxluğu, sıxlığı, təhlükəsizliyi, nizamı tanıdır, o kor insan istəsə idi, dam-dam, hər dama ayaq basaraq, yanında kimsə olmadan gedə bilərdi, bu ölçü deyir: a) ev çox idi; b) bir-birinə çox yaxın tikilmişdi; c) nizamlı tikilmişdi - düz idi; d) ölkədə güvənlik var idi;

- O kor insan haradan haraya gedə bilərdi? Şair mərhəmətin yol açdığı imkanların ifadəsi üçün məsafəni böyüdür, "əz" - "be" (-dan2, -a2) deyir, Reydən İsfahana (öncəki beytdə İsfahandan Reyə), altı yüz kilometrlik yolu nəzərdə tutur: dəhşətli qıtlıq bitib, mərhəmət ölkəni o dərəcədə zənginləşdirib, acından ölən, ac canavar kimi bir-birini yeyən insanlar o qədər varlanıblar ki, belə böyük məkanda evlər tikiblər, bir kor insan da o evlərin damı ilə kimsənin yardımı olmadan Reydən İsfahana gedə bilər;

- Hüzur, güvən, var-dövlət, nizam, barış istəyirsinizsə, mərhəmətə inanın, mərhəmət uğrunda mücadilə edin, əxlaqınızı onunla mayalayın, onu həyatınıza daşıyın;

- Beytin rədifi var, qafiyədən öncə gəlib, "olmaq" feilidir, mümkünlüyü, var olmağı, imkanı ifadə edir - mərhəmət imkan, güc, hüzur, ümiddir, mərhəmət varsa, ev , var-dövlət , güvən , nizam da var, kor insan da rahat olar - mərhəmət yoxluğun, qıtlığın, nifrətin, acgözlüyün, qarışıqlığın, əxlaqsızlığın, təkəbbürün, savaşın ziddi, düşmənidir;

 

Otuz altıncı beytin şərhi:

rəvayət edəndir

 

Sənə bu hekayə aydın deyilsə (inandırıcı deyilsə),

Buna zamin mən deyiləm, rəvayət edəndir.

 

Nizami məsnəvinin süjet xəttindən bir addım "uzaqlaşır", oxucuya müraciət edir, əslində, uzaqlaşma halını da hər kəsə mərhəmət hərəkatının dəyərinin ifadəsinə yönəldir, belə ki, şair mərhəmət hərəkatının ortaya çıxardığı nəticələri tanıdarkən bu sözlərə yer vermişdi: "ölkədə dörd ildə bircə insan da ölmədi", "düzlər, dağlar imarətlərlə doldu", "İsfahandan Reyədək evlər bir-birinə qamış kimi hörüldü", "bir kor istəsə idi, Reydən İsfahana evlərin damı ilə gedə bilərdi". Oxucu düşünə bilər ki, mərhəmət hərəkatının nəticələri bu dərəcədə böyük ola bilməz, bunlar inandırıcı deyil, Nizaminin uydurmalarıdır, xəyaldır...

Şair deyir ki, mərhəmət hərəkatının nəticələri oxucuya qeyri-adi, inanılmaz görünəcək dərəcədə böyükdür, bu dəyər ölkəni, insanları tamamilə dəyişdirəcək gücə sahibdir...

Deyilənlər Nizaminin sözü, xəyalı, uydurması deyil fikrinin ifadəsi üçün bu vasitələr seçilmişdir:

- "Əgər sənə", şair qəti hökm vermir ki, bunlar sənə inandırıcı görünmür, şərt qoyur, ehtimalı dilə gətirir, ola bilər ki - mərhəmət hərəkatının nəticələri o qədər böyükdür ki, şübhəyə düşə bilərsən;

- "Aydın deyilsə" - qavramağa çətinlik çəkirsənsə, bu ola bilməz deyirsənsə;

- Nizami dəlilli/şahidli danışır, mərhəmət hərəkatının nəticələrini açıqlayan yeddi beytdə üç dəfə şahidlik bildirən söz seçir: "eşitdim ki", "eşitmişəm ki", "bu sözün məsuliyyəti ravilərə aiddir" - Bəhramın mərhəmət hərəkatı o qədər böyük nəticələr ortaya çıxartdı ki, dillərdə dastan oldu, hamı bu hadisədən danışdı, nəsillərdən nəsillərə keçdi, Nizamiyədək gəldi, danışılanları o da eşitdi, eşitdiyini yazdı, bir şey uydurmadı - əsası olmayan hadisə uzun müddət yaşamaz, unudular;

- Nizami "bu hədis" deyir, göstərir, mərhəmət hərəkatını başqa hadisələrdən ayırır - o elə bir dəyərdir ki, ona inananları, işləri ona uyğun olanları əsla unutdurmaz;

- Şair məhz "hədis" sözünü seçir, eyni kökdən olan "hadisə" sözündən imtina edir, niyə? "Hədis" sözünün inandırma gücü daha çoxdur. Bu söz ərəbcədir, "h-d-s" kökündəndir, eyni kökdən olan sözlərin bu mənaları var: "anlatmaq", "ortaya çıxmaq", "mesaj", "hadisə", "mövzu", "yeni". "Hədis" sözü dini termindir, Allah Rəsulunun sözüdür/işidir;

- Nizami inandırıcılığı artırmaq üçün bir söz seçir: "ravi" - Allah Rəsulunun sözlərini danışan insan ravi adlanır, onun əsas özəlliklərindən biri güvənilir olmasıdır. "Hədis" sözü ilə "ravi" sözü bir-birinə bağlıdır, "söz zənciri" var, hədisin Allaha Rəsuluna aid olduğunun sübutlarından biri odur ki, ravi rəvayət zəncirini Allah Rəsuluna bağlamalıdır: mən filakəsdən, o filankəsdən ... o da Allah Rəsulundan eşitdi, hər ravinin kimliyi bilinməli, güvənilir olduğu təsdiq edilməlidir, belə deyilsə, deyilən söz hədis sayılmaz...;

- Şair deyir ki, yazdığım hadisə hədis-ravi bağına/ölçüsünə uyğundur, öz sözüm, uydurma deyil;

- Nizami inandırıcılığı artırmaq üçün bir addım da atır: deyir ki, bu hədisin - mərhəmət hərəkatının nəticələrini açıqlayan sözün məsuliyyəti ravinin üzərindədir ("ohde bər ravist" - onun vəzifəsi, borcudur);

- Mətndə bu, Nizaminin sözü, uydurması deyil, o, yalan yazmaz mesajının verilməsi üçün bir vasitə var: şair "nist" ("deyil") sözünü rədif mövqeyinə yerləşdirir, özünə aid edir, "bər mən nist" - ey oxucu, mərhəmət hərəkatının nəticələri ilə bağlı oxuduğun sözlərin məsuliyyəti Nizaminin deyil, hədisi danışan ravinin üzərindədir;

- Toplayaq: hər kəsə mərhəmət hərəkatı elə böyük nəticələr ortaya çıxartdı ki, tarixə, insanların yaddaşına yazıldı, dildən dilə düşdü, nəsillərdən nəsillərə daşındı, Nizami dövründə danışıldı, şair eşitdiklərini yazdı - bu dərəcədə böyük hədis olmasa idi, Nizami ondan yazmazdı, Allah mərhəmət adlı dəyərə sahib çıxanların adını, saleh əməllərinin bərəkətini unutdurmaz;

 

Otuz yeddinci beytin şərhi:

nemət daha çox idi

 

Ölkədə nemət yeyənlər çox idi,

Lakin nemət nemət yeyənlərdən çox idi.

 

Beyt hər kəsə mərhəmət hərəkatının, mərhəmətli şahın, sosial dövlətin xeyrini, ortaya çıxardığı nəticələri bolluq, bərəkət, ruzi, çoxluq anlayışları ilə tanıdır, uyğun vasitələr seçilir:

- Nizami insanların sayını çoxaldır, mərhəmət hərəkatı zənginləyə yol açdı, insanlar evlənmək, ailəsinin ehtiyaclarını təmin etmək imkanı qazandılar, nəticədə, əhalinin sayı artdı;

- Şair beytin açar qəlibi olaraq "nemət" sözünü seçir, çoxluğu, bolluğu, bərəkəti onunla ifadə edir, beytdə üç "nemət" sözü var, deyir ki, ölkə nemətlərlə dolu idi. "Nemət" sözü ərəbcədir, "n-ayn-mim" kökündəndir, eyni kökdən törəyən sözlər bu mənaları daşıyır: "nemətləndirmək", "gözəl", "bəli", "heyvan", "yumşaq olmaq", "rifah", "sevinmək", "lütf edilən gözəl şey", "yaxşı hal", "yaxşılıq", "gözəl həyat", "xoşbəxtlik"… İnsanı sevindirən gözəl şeylərin hamısı nemətdir;

- Bəhramın mərhəməti Allahın rəhmətini cəlb etmiş, qıtlıq bitmiş, insanlar nemətlərə qovuşmuşdular; 

- Nizami mərhəmət nemət bolluğuna yol açar ölçüsünün ifadəsi üçün bir vasitəyə yer verir: iki misra arasında qarşılaşdırma - müqayisə bağı qurur, ortaya "ancaq" bağlayıcısı yerləşdirir: nemət yeyənlər - əhalinin sayı çox idi, ancaq…;

- Şair əhalinin sayının çoxluğunu göstərərkən "besyar" ("çox"), nemətin çoxluğunu ifadə edərkən "fozun" ("artıq", "əlavə", "daha çox") sözünə yer vermişdir, yəni nemətin miqdarı nemət yeyənin sayından daha çox idi, ölkənin ehtiyacdan daha çox neməti var idi;

Mesaj budur: mərhəmət əhalinin sayını da, nemətin miqdarını da artırar, var-dövlətə yol açar.

 

                                                                                                                                                          (Davamı olacaq)

 

Siracəddin HACI

 

Ədəbiyyat qəzeti. - 2024. - 4 may, ¹ 16. - S. 36.