Postmodernizm və teatr estetikası: janrdan poetik elementə
Tarixi minilliklərlə
ölçülən dram janrı müxtəlif mədəniyyətləri və
dövrləri əhatə
edir. Qədim dramaturgiya öz inkişafına teatrın
mədəniyyətin və
ictimai həyatın mühüm hissəsi olduğu Qədim Yunanıstanda başlamışdır.
Esxil, Sofokl və Evripid kimi məşhur qədim yunan dramaturqları dünya dramaturgiyasının klassiklərinə
çevrilmişlər. Orta
əsrlərdə dramaturgiya
dəyişikliklərə məruz qalaraq daha çox dini-mənəvi xarakter aldı və dini ayinlərlə əlaqələndirilməyə başladı. Avropada İntibah dövründə
Şekspir kimi böyük dramaturqun meydana çıxması dramaturgiyaya yeni baxış
gətirdi. Sonrakı əsrlərdə dramaturgiya
inkişaf etməkdə
davam edərək müxtəlif forma və janrları, o cümlədən,
komediya, faciə, dram və musiqili teatrı özündə
ehtiva etdi.
Absurd teatrı -
XX əsrin ikinci yarısında yaranmış
və məntiqi ardıcıllığın olmaması,
süjetlərin, dialoqların
və personajların absurdluğu ilə səciyyələnən teatr
cərəyanıdır. Absurd teatrının əsas nümayəndələri Samuel Bekket, Yevgeni İonesko, Jan
Gene və başqalarıdır.
Onlar varlığın
mənasızlığını və absurdluğunu vurğuladıqları əsərlər
yaratmış, varlığın
absurd və ümidsizliyini
çatdırmaq üçün
komik və qrotesk elementlərdən istifadə etmişlər.
Absurd teatrının dramaturgiyası
teatr sənətində
qeyri-adi süjetlərin
istifadəsi, məntiqi
ardıcıllığın olmaması, dil və forma ilə oyun, eləcə də ənənəvi dramatik konvensiyaların qəti şəkildə rədd edilməsi ilə xarakterizə olunan xüsusi bir janrdır. Bu janrda çox vaxt mənasız dialoqlar, gülünc vəziyyətlər və
personajların davranışındakı
ziddiyyətlər vasitəsilə
ifadə olunan absurd elementi var. Absurd teatrı çox vaxt dünyada mənasızlıq
və xaos hissini çatdırmaq, eləcə də tamaşaçını həyatın
mənası və insan təbiəti haqqında düşünməyə
çağırmaq üçün
istifadə olunur.
Postmodernizm və müasir teatrın yaranması ilə dramaturgiya dəyişən
sosial-mədəni və
bədii cərəyanları
əks etdirərək
daha eksperimental, daha rəngarəng bir hala gəldi.
Postmodern dramaturgiya teatr
sənətinin postmodernizm
cərəyanının xüsusiyyətlərini
əks etdirən formasıdır. Bura metamətndən
istifadə, janr konvensiyaları ilə teatrlaşdırma, xətti
süjet strukturunun
alt-üst edilməsi,
dil və forma təcrübələri və
müxtəlif mədəni,
tarixi kontekstlərdən
istifadə daxildir.
Postmodern dramaturgiya klassik
tərzdə qurulmuş
teatr konvensiyalarını
şübhə altına
alır və tamaşaçını teatr
tamaşası prosesinə tənqidi
yanaşmağa çağırır.
Postmodern dram qeyri-adi süjetləri,
qeyri-xətti quruluşu,
dil və forma oyunu, metamətn vasitələrinin istifadəsi
ilə xarakterizə olunan absurd teatrı ilə oxşarlıqlara malikdir. Postmodern dram çox
vaxt ənənəvi
dəyərlərin məhv
edilməsi mövzularını,
sənətin və reallığın təbiəti
haqqında düşüncələri
əks etdirir, tamaşaçının janr
gözləntiləri ilə
oynayır. Beləliklə,
absurd teatr və
postmodern dram qeyri-standart texnika
və tamaşaçıda
şübhələr, düşüncələr
yaradan mövzuların
istifadəsində kəsişir.
İohannes Birrinqerin
1991-ci ildə çap
olunan "Teatr, nəzəriyyə, postmodernizm"
əsərində bu məqamlara əhatəli şəkildə toxunulmuşdur.
İ.Birrinqerin fikrincə, postmodern teatr özündə reallıq
təsəvvürünün konvensiyalarına və sərhədlərinə uyğun
olaraq necə görünməyə, nəyi
görməyə hazırlıq
və təfəkkür
potensialının həddi
kimi məqamları ehtiva edir.
Azərbaycan dramaturgiyası
müxtəlif dövrləri
və üslubları
əhatə edən zəngin tarixi irsə malikdir. Mirzə Fətəli Axundov, Cəfər Cabbarlı və digər dramaturqların əsərləri Azərbaycan
dramaturgiyasının inkişafında
mühüm rol oynamışdır. Azərbaycan
dramaturgiyası dünya
ədəbiyyatının, dramaturgiyasının, teatr
sənətinin inkişafına
mühüm töhfələr
verib. Müstəqillik
dövrü Azərbaycan
dramaturgiyası müxtəlif
ədəbi cərəyanları,
müasir mövzuları
və cəmiyyətin
problemlərini əks
etdirərək inkişaf
edir. Azərbaycan
postmodernist dramaturgiyası müstəqillik
dövrü ədəbiyyatının
maraqlı və rəngarəng hadisəsidir.
Bu dramaturgiya Qərb mədəniyyətinə xas
olan postmodernizm elementlərini Azərbaycan
ədəbiyyatının özünəməxsus
xüsusiyyətləri və
ənənələri ilə
birləşdirir. Azərbaycan
postmodern dramaturqları çox
vaxt tamaşaçıların
janr gözləntiləri
ilə oynayır, metatekst üsullarından istifadə edir, həmçinin müxtəlif
mədəni və tarixi kontekstlərə müraciət edirlər.
Bu, onlara həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə
maraq və müzakirələr yaradan
unikal və orijinal əsərlər yaratmağa imkan verir. Azərbaycan postmodern
dramaturgiyasının əsas
imzaları Kamal Abdulla, Orxan
Fikrətoğlu və
İlqar Fəhmidir.
Kamal Abdullanın
"Kim deyir ki, Simurq quşu var imiş",
"Ruh", "Pis kişi", "Yağmurlu
gecələr" və
"Elə bil qorxa-qorxa", "Bir, iki
- bizimki!", "Casus", "Şah İsmayıl, yaxud hamı səni sevənlər buradadır" dram əsərləri
Azərbaycan postmodern dramaturgiyasının
mərkəz xəttini
təşkil edən əsərlərdir. Kamal Abdullanın
dramlarında postmodern poetikanın
qabarıqlığı, özəlliklə
dekonstruktiv və qrotesk elementlərin üstünlüyü xüsusilə
diqqəti cəlb edir. Yazıçının
"Casus" və "Şah
İsmayıl, yaxud hamı səni sevənlər buradadır" dramlarına
xüsusi diqqət çəkmək istərdim.
Bu əsərlərin ana xətti
ikili hipertekstuallıqla
xarakterizə olunur.
İlk qatda yazıçının bu
pyeslərində "Kitabi-Dədə
Qorqud" motivlərinə
və Şah İsmayıl Xətai obrazına postmodern baxış
dayanır və hipertekstual əlaqə qurulur. Digər tərəfdən, bu dramlar həm də Kamal Abdullanın öz romanının -
"Yarımçıq əlyazma"nın
fərqli janrda hipertekstual təzahürüdür.
Kamal Abdullanın dramaturgiyasında
dekonstruktiv və dekanonik elementlərin komik, qrotesk pərdə, rübənd altında,
"homer qəhqəhəsi" stilində təqdim edilməsi müəllifin
ideyasının daha güclü şəkildə
ifadəsinə rəvac
vermişdir.
Orxan Fikrətoğlunun
dram yaradıcılığı özünəxas postmodern üslubda
"TAS", "Qıyığın ölümü", "Şəkilçi
və şəkilçi",
"Xas igidin dastanı", "İtki"
və s. pyeslərlə təmsil olunur. Ravinin nəqlində reallaşan
"Xas igidin dastanı"nın əsas obrazı Xas igid Səbri seçsə də, həyat nağılının heç
bir məqamında bu seçiminə sadiq qala bilmir.
Həyatdan köçərkən
peşman olur, yenidən doğulub ömrünü fərqli
şəkildə yaşamaq
istəyir və Raviyə: "Ravi, bayaqdan
bəri nəql etdiyin bu yazını
sən yazmamısan, bəyəm? Dəyiş də, ömrümü. Nə olar? Bir dəfə də dirilt məni!" Lakin
"yazıya pozu yoxdur" və Xas igid yaşayıb
anlamadığı dünyadan
həsrətlə köçür.
Pyesdə nağıl
elementləri, postmodern təhkiyə
diqqət çəkir.
Pyesdə Xas igidin yolu əksliklərdən
keçir: ağ-qara,
tərs-düz, sağ-sol.
Rast gəldiyi məkanlarda müsbət tərəfi seçdiyi üçün başına
bəlalar gəlir. Pyesdə postmodern elementlərlə
yanaşı, Mirzə
Cəlil təsiri əsərin quruluş texnikasında, obrazların
simvolik-ironik çalarlı
monoloqlarında izlənilir.
İlqar Fəhminin
"Mənəm mən...",
"Dərvişin qeydləri",
"Qaçağan", "Müsibəti-Fəxrəddin" kimi dramlarında postmodern poetikanın elementləri üstünlük təşkil
edir. Yazıçının
"Mənəm mən..."
pyesi Nəsimiyə həsr olunsa da, əsərdə ümumən
hürufilik və nəsimilik tam yeni kontekstdə
açılır. İlqar
Fəhminin postmodern poetikanın
tədqiqi baxımından
maraqlı əsərlərindən
biri də "Müsibəti-Fəxrəddin" pyesidir. Bu pyes yalnız Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" əsərinin deyil, Cəlil Məmmədquluzadənin
"Ölülər" əsərinin
də dekonstruksiyası
və dekanonizasiyası
üzərində qurulub.
Azərbaycan postmodernizmində
teatr estetikası yalnız janr kimi deyil, poetik
element kimi də özünü göstərir.
Bu məqamı biz İlqar
Fəhminin "Akvarium"
romanında izləyirik.
Yazıçı əsəri
"teatral roman" altbaşlığı
və mesajı ilə oxucuya təqdim edir. Teatral roman istilahı bu romana yalnız
teatrdan bəhs etdiyi, teatr temasını
işıqlandırdığı üçün verilməyib.
Romanın özündə
də poetik element səviyyəsində teatrallıq
mövcuddur. Əsərin
qəhrəmanı Sahib premyeraya
gələn 124 tamaşaçını
124 kitaba bənzədir:
Sahibin oxuduğu "kitablar"ı əslində
oxumadığını, sətirlər
arasındakı işarələrdən
bixəbər olduğunu
onun ömründən
keçən insanları
əslində tam, bütün
yönləri ilə,
gizli yaşantıları
ilə tanımamasını
göstərir. Bu ilkin
qat, ilkin mənadır.
Lakin burada postmodernin daha bir elementini,
simvolunu görürük
- kitab. Kitab və onun
ilkin variantı olan əlyazma həm arxetip, həm də simvol kimi postmodern mətnlərin bir çoxunda rast gəlinən bir məqamdır. Azərbaycan
postmodernist ədəbiyyatında bu obraz, arxetip,
motiv özəlliklə
xüsusi işlənmə
tezliyi ilə seçilir. Kitab poetik, semantik element, obraz kimi postmodern əsərin strukturuna həm əşya, həm də ümumən məkan kontekstində daxil ola bilər. Bəzi postmodern əsərlərdə
bir kitabın, əlyazmanın taleyi işıqlandırılır, bəzilərində isə
ümumən kitabxana,
qiraətxana, arxiv kimi məkanlar əsas götürülür.
Daha qədim dövrlərdə kitab dünyanın,
insanın simvolu kimi götürülürdü
və əsas qayə məhz bu "kitab"ların sirrini çözələmək
idi. "Akvarium"un
qəhrəmanı Sahibin
də insan=kitab düşüncəsi məhz
bu məqamla bağlıdır. Mövlana
Cəlaləddin Ruminin
kəlamlarında da tez-tez
rast gəlinən
"kitab" obrazı da, məhz
insanı simvollaşdırmaq,
tərif və təqdim etmək üçün istifadə
edilir.
Ümumiyyətlə, postmodern mövcudiyyətin
əsas elementlərindən
biri məhz teatrallıqdır. Bu xüsusiyyət
müasir həyatın
ədəbi, mədəni,
sosioloji, fəlsəfi
qatlarında təkzibedilməz
bir fakt kimi özünü göstərir. Bu postmodern məqam
dramatiklikdən daha çox maskarad, karnaval, şou kimi postmodern zamanda, eləcə də mətndə təzahür
edir. Vilyam Şekspirin "Bütün
dünya teatrdır"
kəlamı postmodern dövrün
zaman və mətn estetikasında tam fərqli
məna və transformasiyalar qazanır və beləliklə, performans, vizual effektlər yalnız səhnə, şou kontekstində deyil, mətn səviyyəsində
də önə keçir.
Elnarə QARAGÖZOVA
Ədəbiyyat qəzeti. - 2024. - 4 may, ¹ 16. - S. 38.