Dost var, düşmən
var...
Azərbaycanın tarixində
XIX əsrin ilk yarısı
o qədər mürəkkəb
və qarışıqdır
ki, bəzən bu qarışıqlığın içindən nəyin xeyir, nəyin şər, nəyin yaxşı, nəyin pis, kimin dost, kimin düşmən olduğunu seçmək çox çətin olur və çətinliyin
bir ucu da zehniyyətimizdə "daşlaşmış",
klişelərə çevrilmiş
yanlış təsəvvürlərdən
gəlir. Yanlış
təsəvvürlər ədəbiyyatın
tarixinə münasibətdə
də öz ağır ətalətini
saxlayır və miras kimi nəsildən-nəslə
ötürülür.
Təhriflərin başlıca
qaynaqlarından biri o dövrün hadisələrinin
uzun zaman Rusiya imperiyasının mövqeyindən
qiymətləndirilməsi olub
və çox təəssüf ki, həmin
ənənə bir çox hallarda və bir sıra
səbəblərdən, bəzən
şüurlu, bəzən
də şüursuz şəkildə indiyə
qədər davam etdirilməkdədir.
Azərbaycan toplumunun
yanlış təsəvvürlərinin
hədəfinə düşən
şəxsiyyətlərdən biri alman alimi, professor Fridrix fon Bodenştedtdir.
Öz ölkəsində
alimlikdən əlavə,
şair və tərcüməçi kimi
də məşhur olan F.Bodenştedti,
biz Mirzə Şəfi
Vazehin əsərlərini
Tiflisdən Almaniyaya aparan, orada nəşr
etdirib öz adına çıxaran şeir oğrusu kimi tanıyırıq (söhbətin konkret hansı şeirin oğurlanmasından getdiyini
isə hələ heç kəs faktla, dəlillə, sübutla ortaya qoymayıb)...
Bu yazıda mən F.Bodenştedtin
şeir və tərcümə yaradıcılığından
bəhs etməyəcəyəm,
onun Qafqaza gəlişi və buradakı fəaliyyəti
ilə bağlı indiyədək əhəmiyyət
vermədiyimiz, yaxud əhəmiyyət vermək
istəmədiyimiz bəzi
məqamlara toxunmağa
çalışacağam.
F.Bodenştedt Qafqaza Rusiyanın o dövr üçün ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Tiflis gimnaziyasının direktoru
kimi gəlmişdi (ya da gətirilmişdi). O vaxt bu vəzifəni daşıyan adam Qafqazda dövlətin açdığı bütün
rus məktəblərinin
rəhbəri sayılırdı.
Məsələyə bu
mövqedən yanaşsaq,
F.Bodenştedt ilə ona Azərbaycan
və fars dillərini öyrədən,
klassik Şərq şeirini sevdirən Mirzə Şəfi arasında direktor - müəllim əlaqəsinin
olduğunu gərək
nəzərdən qaçırtmayaq.
Mirzə Şəfi
Tiflis gimnaziyasına Azərbaycan
dili müəllimi vəzifəsinə də
F.Bodenştedtin tövsiyəsi ilə qəbul edilmişdi və Mirzə Şəfi burada işləyərkən dilimizin
ilk dərsliklərindən birinin - "Kitabi-türki"
("Türk dili kitabı") müntəxəbatının
hazırlanmasında iştirak
etmişdi.
Dilləri öyrənmək
sahəsində yüksək
qabiliyyət sahibi olan F.Bodenştedt
Tiflisdə olarkən Azərbaycan və fars dillərini (təkrar vurğulayaq ki, Mirzə Şəfi Vazehin köməyi ilə), eləcə də gürcü və erməni dillərini öyrənmişdi
və Qafqazın müsəlman xalqlarının
Rusiyaya qarşı müqavimət hərəkatı
ilə bağlı araşdırma aparmışdı.
1847-ci ildə Almaniyaya
qayıdandan sonra ilk işlərindən biri
"Qafqaz xalqları və onların ruslara qarşı azadlıq mübarizəsi"
("Die Völker des Kaukasus
und ihre Freiheitskämpfe
gegen die Russen") kitabını
yazmaq olmuş və 600 səhifəyə
yaxın kitabı
1848-ci ildə Frankfurtda
nəşr etdirmişdi.
Onu da qeyd edək ki, tezliklə populyarlıq qazanan həmin kitab sonradan Almaniyada bir neçə dəfə nəşr olundu, 1855-ci ildə isə Rusiya imperiyasında çar sarayının məxfi mətbəəsində
çap etdirildi.
Müəllifin özünün
"Şərqin ən
yeni tarixinə töhfə"
kimi təqdim etdiyi, bölmələrindən
biri Azərbaycanın
sufi mütəfəkkiri
kürdəmirli Hacı
İsmayıl Əfəndi
Şirvaniyə həsr
olunuş "Qafqaz xalqları..." kitabı
Azərbaycanın tarixini
öyrənmək, mühüm
hadisələri yenidən
qiymətləndirmək baxımından
müstəsna əhəmiyyət
daşıyır. F.Bodenştedt kitabın
giriş hissəsində
Rusiyanın Qafqazda on illər ərzində apardığı "sonu
görünməyən qanlı
müharibəni" ədalətsiz
hesab etdiyini, bu müharibədə Rusiyanın qələbə
qazana bilməyəcəyini
vurğulayır, zaman keçdikcə
müharibə atəşinin
yenidən alovlanacağını
və əsr boyunca davam edəcəyini
yazırdı. (Tarix F.Bodenştedtin təxmin etdiyi zaman hüdudunu arxada qoydu - artıq üçüncü əsrdir
ki, Qafqazdakı yanğın
sönməyib...)
F.Bodenştedt oxucuların
diqqətini işğalçı
Rusiyanın öz məqsədlərinə çatmaq
üçün Qafqaz
xalqları arasına ixtilaf saldığına,
bu xalqları bir-birinin üstünə
qaldırdığına yönəldirdi.
O, mülahizələrinə aydınlıq gətirmək
üçün 1816-cı ildən 1827-ci ilə qədər "Qafqazın
sərdarı" olmuş
Aleksey Petroviç Yermolovun
yürütdüyü siyasətin
iç üzünü
açmağa çalışırdı.
Qeyd edirdi ki, general Yermolov ayrı-ayrı tayfalar arasında gah dini ixtilaf yaratmaq,
gah qan qisasını alovlandırmaq, gah da düşmənçiliyi
qızışdırmaqla regiondakı
qarışıq vəziyyətdən
Rusiyanın maraqlarına
uyğun şəkildə
ustalıqla istifadə
edə bilib və elə bir nüfuz qazanıb ki, Dağıstan
və Qafqazın digər xalqları
arasında nə ondan əvvəl, nə də ondan sonra bunu
etmək heç kəsə müyəssər
olmayıb
"O, fəth edilmiş tayfalara qarşı könül alıcı bir mülayimliklə, düşmən
tayfalara qarşı isə əksinə, qəddarlıq həddinə
çatan sərtliklə
rəftar edirdi. Təpədən dırnağa
rus olan Yermolov öz vətəninin şöhrətindən
vəcdə gələrək
Rusiyaya xeyir gətirən hər bir vasitəni müqəddəs hesab edirdi. O, düşmən tayfalar arasında ixtilaf məşəli atdı və nisbətən zəif tayfaları güclülərə
qarşı qaldırdı
ki, zəifi özünə
borclu, güclünü
isə tabe etsin..."
Çox təəssüflər
olsun ki, bu mənfur siyasətin hədəflərindən və
vasitələrindən biri
də Rusiya imperiyasının "tatar"
adlandırdığı Azərbaycan
türkləri idi. Qafqazda xristian və müsəlman xalqları arasında kəskin ayrı-seçkilik
siyasəti yürüdən
Rusiya imperiyası Azərbaycan türklərindən
digər müsəlman
xalqlara qarşı apardığı işğalçılıq
müharibəsində (eləcə
də Rusiya-Osmanlı
müharibəsində) istifadə
edirdi...
1863-cü ildə
Peterburqda "General-leytenant
knyaz Mədətovun həyatı" adlı
kitab nəşr olunub
(Mənim istinad etdiyim həmin kitabın üçüncü,
1874-cü il nəşridir). Kitabda general Mədətovun
Şimali Qafqazda Rusiya imperiyasına qarşı çıxan
xalqlara qarşı apardığı müharibənin
təfərrüatlarına geniş yer verilib.
Qısaca bir şeyi diqqətə çatdırmağı zəruri
sayıram ki, soyadı
bizə yaxın görünən Valerian Qriqoryeviç
Mədətov Şuşa
yaxınlığındakı Çanaxçı kəndində
doğulmuş ermənidir.
Rusiya ordusunda yetişdirilərək "general-leytenant" rütbəsi
almışdı. XIX əsrin
əvvəllərində Rusiyanın
Osmanlı ilə apardığı müharibələrdə
fərqləndiyinə görə
çar tərəfindən
dəfələrlə mükafatlandırılmışdı.
Türk düşmənliyi
qanına yeridilmiş
Mədətov 1817-ci ildə
çarın fərmanı
ilə Qafqazda Qarabağ, Şəki və Şirvan xanlıqlarını əhatə
edən ərazi üzrə hərbi dairənin rəisi vəzifəsinə təyin
edilmişdi.
F.Bodenştedtin Rusiya imperiyasının öz məkrli siyasətini həyata keçirmək üçün Qafqazın
müsəlman xalqları
arasında ixtilaf salması, bu xalqları bir-birinin üstünə qaldırması
ilə bağlı mülahizələrini təsdiqləyən
dəlillər Mədətovun
həyatından bəhs
edən kitabda kifayət qədərdir. Azərbaycan dilini bilən, adət-ənənələrimizə,
etnik psixologiyamıza bələd olan knyaz Mədətovun Azərbaycan xanlıqlarına
nəzarət edən
rus hərbi qüvvələrinə komandan
təyin olunması təsadüf deyildi. Kitab boyu rus ordusuna
cəlb edilmiş azərbaycanlılardan digər
müsəlman xalqlara
qarşı "məharətlə
istifadə olunduğu"
vurğulanır.
"Avqustun əvvəlində İstelər
kəndində iki piyada batalyonundan, artilleriya rotasından, 300 kazakdan, eləcə də vilayət rəisi general-mayor knyaz Mədətovun Qarabağ,
Şirvan və Şəkidən öz dindaşlarına qarşı
başladılan yürüşə
cəlb etdiyi 650 atlıdan
ibarət kiçik qoşun bölüyü bir araya gətirildi..."
Burada barəsində
bəhs edilən hadisə 1919-cu ilin avqustunda olub. Kitabın başqa bir yerində isə knyaz Mədətovun Qazı-Kumık
hökmdarı Surxay xanın üstünə Qarabağdan 500, Şirvandan
400, Şəkidən 300 atlı
ilə getdiyi qeyd olunub...
Yermolov üçün
Mədətovun azərbaycanlıları
hərbi əməliyyatlara
cəlb etməsi, F.Bodenştedtin də müşahidə etdiyi kimi, Rusiya
imperiyasının əvvəlcədən
düşünülmüş strateji planının tərkib hissəsi idi, Qafqazda yürüdülən
dövlət siyasətinin
özəyini təşkil
edirdi. Yermolovun Mədətova göndərdiyi
22 avqust 1819-cu il tarixli
məktubda bu, açıq şəkildə
ifadə olunub: "Tatarların (Azərbaycan türkləri nəzərdə
tutulur - M.O.) sənin komandanlığın altında
cəsarətlə xidmət
etdiklərinə necə
heyran olduğumu təsəvvür edə bilməzsən. Bütün
bunlar barədə İmperatora raport yazacağam və əminəm ki, o, çox
razı qalacaq."
Kitabda üsyançı
qüvvələrin döyüşlərdə
general Mədətovun başçılıq
etdiyi Azərbaycan türklərindən (o vaxtın
rəsmi termini ilə
"tatarlardan") ibarət
atlı əsgərlər
tərəfindən məğlub
edildiyi barədə faktlar sadalanır. Maraq doğuran məqamlardan biri də Rusiya imperatoru çar I Aleksandrın Yermolovun raportu əsasında
general Mədətovu ordenlə
təltif etməsidir.
Rusiya çarı
I Aleksandr, Yermolovun əvvəlcədən
əmin olduğu kimi, knyaz Mədətovun
fəaliyyətindən razı
qalmış və onu ali dövlət
mükafatına layiq görmüşdü. Çarın
knyaz Mədətovun birinci dərəcəli
"Müqəddəs Anna" ordeni ilə təltif olunması barədə 31 oktyabr
1819-cu il tarixli məktubunda
onun bu ali
mükafata "Tabasaran
vilayətinin fəthi
zamanı göstərdiyi
mükəmməl xidmət, yorulmaz fəaliyyət" ilə
yanaşı, "müsəlmanlardan
öz dindaşlarına
qarşı məharətlə
istifadə etməsi"
də ayrıca qeyd edilmişdi..
Çox təəssüflər
olsun ki, tariximizin gövdəsində partladılmış
dinamitin qəlpələri
milli yaddaşın ən
üzüyola və həssas daşıyıcısı
olan ədəbiyyata
da sıçrayıb və
bugünkü vəzifələrimizdən
biri ədəbiyyat tariximizi həmin partlayışın dağıntılardan
təmizləmək olmalıdır
ki, yeni "partlayışlar" baş verməsin, milli yaddaşımız yeni zədələr
almasın..
Knyaz Mədətovun hərbi süvari alayına cəlb etdiyi əsgərlərdən
biri məşhur şairimiz, sonradan həyatında böyük
mənəvi sarsıntılarla,
fərdi faciələrlə
üzləşmiş Qasım
bəy Zakir olub. Qasım bəyin bir süvari əsgər kimi döyüş təcrübəsinin
bəzi təfərrüatları
şairin öz qohumu və müasiri Baba bəy Şakirə müraciətlə
yazdığı, ədəbiyyatda
"Car müqəddiməsi" kimi xatırlanan mənzum məktubda nəzm dilinin imkan verdiyi səviyyədə
əks olunub. Əslində, tarixin yaralı xatirələrini
oyatmamaq naminə bu şeirin üstündən sükutla
keçmək, bəlkə
də, daha məqsədəuyğun olardı.
Ancaq həm bu şeir haqqında,
həm də Rusiya imperiyasının Qafqazda təşkil etdiyi azərbaycanlı atlı dəstələrinin
tariximizdəki yeri barədə yanlış
təsəvvürün hələ
də zehinlərdən
silinməməsi, Rusiyanın
Qafqazda aparmış olduğu hərbi əməliyyatlar ilə bağlı Azərbaycanın
bugünkü dövlətçilik
doktrinasının müddəalarına,
milli maraqlarımıza zidd
olan ziyanlı mülahizələrin meydan
sulaması bəzi məqamlara aydınlıq
gətirilməsini, bəzi
mətləblərin xırdalanmasını
tələb edir.
Hələ də Zakirin tərcümeyi-halında
şairin Mədətovun
başçılığı ilə girdiyi döyüşlərdə göstərdiyi
igidliyə görə
"Rusiya çarının
1828-ci il 15 mart tarixli əmrinə
əsasən, gümüş
medalla təltif olunduğu" müsbət
bir hadisə kimi təqdim olunur. Uşaq kitabxanası əməkdaşlarının
tərtib etdiyi biblioqrafik göstəricilər
kitabında Zakirin
"1830-cu ildə könüllü
polis dəstələrinin tərkibində
Balakənə getdiyi,
Cardakı üsyanların
yatırılmasında iştirak
etdiyi" fəxrlə
qeyd olunur. Təəccüb doğuran
isə biblioqrafiya tərtibçilərinin Rusiya
ordusunun Azərbaycan əhalisinə qarşı
törətdiyi qanlı
qırğını, bu
faciəni bizim öz əlimizlə yerinə yetirdiyini uşaqlara rəğbət
doğuran bir hadisə - igidlik və şücaət kimi təqdim etmələridir. Kitabdakı
təqdimata əsasən,
Zakir "...dostu Baba bəy
Şakirə göndərdiyi
"Car müqəddiməsi" adlı mənzum məktubunda Qarabağ atlılarının döyüşdə
göstərdiyi igidlikləri
tərifləmiş, özünün
şücaəti haqqında
yazmışdır..."
Qeyd edək ki, bu mülahizə Azərbaycan Respublikasının
Diasporla İş üzrə Dövlət Komitəsinin sosial şəbəkə vasitəsilə
yaydığı paylaşımdan
olduğu kimi köçürülüb. Düzü,
bunu xatırlatmaqda məqsədim plagiat axtarmaq, "oğru tutmaq" deyil. Əminəm ki, son vaxtlar bu şeirə istinad edənlərin əksəriyyəti ya onu oxumayıblar, ya da oxuyublarsa, başa düşməyiblər.
Qasım bəy Zakirin "Car müqəddiməsi"
tariximizin qanayan yarasıdır. Bu şeir
Rusiya imperiyasının
Qafqaz siyasəti ilə bağlı F.Bodenştedtin dediklərini - imperiyanın
Qafqaz xalqlarını
bir-birinin üstünə
qaldırdığı barədə
mülahizələrini əyaniləşdirən,
göz önünə
sərən poetik illüstrasiyadır. Şeirdə
rus ordusunun polkovniki Aleksandr Mixayloviç
Miklaşevskinin komandanlığı
ilə Qarabağ atlılarının rus əsarətinə tabe olmayan Car-Balakən camaatının üstünə
yeridildiyi, qoşunla yerli əhali arasında gedən qanlı döyüş və döyüşün
sonunda müqavimətin
qırıldığı, yerli əhalinin evlərinin talan edildiyi göstərilir. Şeirin bir hissəsi isə mədhiyyədir - burada rus ordusunun polkovniki
A.M.Miklaşevskinin döyüşdəki "şücaəti"
tərənnüm edilir:
Miqlaçevski olub pişcəng,
Canibi-meydanə sürdü
bidirəng,
Yeridi topxana, atıldı tüfəng,
Göy üzü
tutuldu, tirə-tar oldu...
Bu misraların məzmunu belədir ki, döyüşə öndə
gedən Miklaşevski
atını dayanmadan meydana tərəf sürür. Onun arxasınca toplar yeriyir, tüfənglər
atılır və göyün üzü tutulub qaranlıqlaşır.
Növbəti bənddə
Qasım bəy Zakir indiyə qədər dünyaya Miklaşevskiyə
bərabər bir sərkərdə gəlmədiyini,
onun döyüş meydanında mifik Rüstəm pəhləvana
bərabər hünər
göstərdiyini yazır.
Sonra da əlavə edir
ki, buraya indiyədək
ayaq basan padişahlar Car vilayətini
fəth eləyə bilməmiş, buradan əliboş qayıtmışdılar.
Buranı fəth edən təkcə Nadir şah olmuşdu, indi də A.M.Miklaşevskidir. Qasım
bəy Zakir məktubda
A.M.Miklaşevskini mədh etməklə kifayətlənmir, özünün
onun qarşısında
mənəvi təbəəliyini
də etiraf edir, onu "sahibim" adlandırır:
Neçə padişəhlər
gəlib getmişdi,
Vilayəti-Cardan kənar
ötmüşdi;
Bu fəthi bir dəfə Nadir etmişdi,
Bir də sahibimdən yadigar oldu.
Qeyd edək ki, Qasım bəy Zakirin "sahibim" dediyi polkovnik A.M.Miklaşevski Qafqaza 1826-cı ildə göndərilmişdi. Hərbçi
kimi Rusiya-İran və Rusiya-Osmanlı müharibələrində, eləcə
də Yermolovun, Paskeviçin və Mədətovun Rusiya imperiyasına tabe olmaq istəməyən yerli əhaliyə qarşı keçirdiyi hərbi əməliyyatlarda
yaxından iştirak etmişdi. 1829-cu ildən yeger alayının komandiri təyin olunmuşdu və əsas işi Rusiyaya tabe olmaq
istəməyən Qafqaz
müsəlmanlarına qarşı
müharibə aparmaq idi.
A.M.Miklaşevskinin Qafqazdakı
hərbi fəaliyyəti
barədə rus yazıçısı Bestujev-Marlinskinin
"Dağıstandan məktublar"
adlı əsərində
də geniş bəhs olunub. "Məktublar"da da yerli əhalinin, o cümlədən
azərbaycanlıların "qara polkovnik" adlandırdıqları A.M.Miklaşevski ilə
yanaşı, könüllü
süvarilərdən ibarət
müsəlman alayının
öz dindaşlarına
qarşı döyüşlərdə
iştirak etdiyi bildirilir. Bestujev-Marlinskinin
mövqeyində də
F.Bodenştedtin müşahidə etdiyi siyasi oyunun var gücü ilə işlədiyi aşkar görünür: imperiya Qafqazın bir xalqının atlılarını
o biri xalqının üstünə göndərməklə
onların arasında ixtilaf ocağı qalayır və Qafqazı yanğın yerinə çevirirdi...
Bütün bunlar yaşanmış tarixdir və nə ondan imtina etmək,
nə də onu geri çevirmək,
təzədən yaşamaq
mümkündür. Olanlar
olub. Keçmişdə
baş verənlərə
görə Qasım bəyi ittiham etmək də mənasız olardı və mənim qətiyyən belə bir niyyətim yoxdur. Qasım bəy bütün ziddiyyətləri, savab və günahları ilə öz dövrünün övladı
olub. Ancaq XIX əsrin başlanğıcında
olmuşları iki əsrdən sonra - XXI əsrdə o dövrün
(elə bu dövrün də!) Rusiya imperiyasının baxış bucağından
oxumaq, imperiyanın mövqeyindən qiymətləndirmək
nəinki düzgün
deyil, həm də öz dövlətçilik mənafeyimiz
baxımından zərərlidir
və məni bu mövzunu gündəliyə gətirməyə
vadar eləyən də budur.
Qasım bəyin
həyatından bəhs
edən yazıların
əksəriyyətində şairin süvari alayındakı hərbi fəaliyyətinə hələ
də yanlış mövqedən yanaşılır.
Bu cür yazılardan
birində XIX əsrdə
Tiflisdə nəşr
olunan "Qafqaz" qəzetinə istinad edilərək şairin dağıstanlılara qarşı
Miklaşevskinin komandanlığı
ilə hərbi əməliyyatlarda iştirak
etdiyi fəxrlə
yada salınır: "Qasım
bəy Zakir milisdə
xidmət edib. O, şəxsən cəsur olaraq xüsusilə polkovnik Miklaşevskinin rəhbərliyi altında
Car ləzgilərinə qarşı
ekspedisiyada fərqlənmişdir..."
(Bax: https://paralel.az/az/article/444391)
Buradakı yazı
savadının səviyyəsini
qiymətləndirməyi müəllifin
və nəşr redaktorunun öhdəsinə
buraxıb, onlardan Miklaşevskinin harada və kimə qarşı "ekspedisiya"
keçirdiyinə bir
daha diqqət yetirmələrini tövsiyə
edirəm.
Qarabağ atlılarının
Balakənə döyüşə
gətirilməsində üstündən
keçilməsi mümkün
olmayan bir incə məqam da var. Azərbaycana ruslar gələnə qədər
Qarabağ xanlığının
və əhalisinin ən yaxın müttəfiqi Balakən camaatı idi. İran hökmdarı Ağa Məhəmməd şah Qacar Qarabağa qoşun yeridəndə, burada qanlı qırğınlar törədəndə
İbrahim xan (Qasım
bəy də
İbrahim xanın nəslindəndir)
ailəsini və yaxınlarını götürüb,
Şuşadan Balakənə
pənah aparmışdı.
Balakən üsyançılarının
üstünə Qarabağ
atlılarını göndərən
Rusiya imperiyasının
tarixi yaddaşın bu işığını
söndürmək məqsədi
güddüyünü istisna
etmək sadəlövhlük
olardı. Miklaşevski
Qarabağ atlılarını
həm də yaddaşın işığını
söndürməyə, dostu
düşmənə çevirməyə
cəlb eləmişdi.
"Dostun düşmənə
çevrildiyi" Qasım
bəyin "Car müqəddiməsi"ni
ünvanladığı Baba bəy Şakirin Gəncüm ağa Markar oğlu Xandəmirova - Rusiya hökumətinin Qarabağa
təyin etdiyi erməni divanbəyiyə
ünvanladığı mənzum
məktubda da dilə gətirilmişdi:
Olub düşməni-can
həqiqi dostlar,
Ehtiyatən hərə
bir yabı bəslər
O sən görən mallı-dövlətli
kəslər
Möhtac olub bir dinara, ərz
elə!
Ciddi elmi araşdırmalar jurnalında
nəşr edilmiş
hərb mövzusunun bədii ədəbiyyatda ifadəsi barədə məqalədə isə
"Car müqəddiməsi" şeirinə qəribə
bir şərh verilir: guya Qasım
bəy şeirdə Miklaşevskiyə kinayə
edirmiş: "Zakir "Car müqəddiməsi" şeirində
maraqlı bir məqama da toxunur: o, Şuşada ikən tanış olub dostlaşdığı, Car-Balakəndə
ləzgilərin üsyanını
yatırmaq üçün
göndərilən hissələrə
komandanlıq etmiş
Miklaşevskinin də
adını çəkir.
Şair 1829-1831-ci illərdə
Şuşa müsəlman
əyalətinin rəisi,
42-ci Yeqor polkunun
(hərbi terminin dəqiqləşdirilməsinə ehtiyac olduğunu düşünürəm - "yeger polku" yazılmalı idi - M.O.) komandiri olmuş Miklaşevskini kinayə ilə "bahadiri-dövran",
"Rüstəmi-dastan", "badi-şimal" adlandırır."
(Bax: Güllü Xəlilova. XIX əsr Azərbaycan şeirində
hərb mövzusu"//
"Risalə" elmi
araşdırmalar jurnalı,
2019, ¹2, səh.170).
Şeirdə başqa
insanlarla, döyüşdə
məğlub olan üsyançılarla bağlı
kinayəli ifadələr
tapmaq mümkündür,
ancaq Zakirin "badi-şimal" - şimal
küləyi adlandırdığı
Miklaşevskiyə mübaliğəli
rəğbətini görməmək
heç cür mümkün deyildir və elmi araşdırma
müəllifinin kinayədən
bəhs edərkən
nəyi nəzərdə
tutduğu qaranlıq qalır. Onu da qeyd edim ki, "Car müqəddiməsi"ndə kinayəyə nümunə
tapmaq o qədər də çətin deyil. Məktubda Qarabağdan Balakənə
aparılan atlılar arasında Şirin adlı bir nəfərdən
də bəhs edilir. Məlum olur ki, kökü erməni olan Şirinin babası sonradan dinə gəlib:
Ərz
edəndə baxa idin Şirinə,
Yüz ildir babası gəlibdir dinə;
Yanlış danışar
düşəndə yenə,
Bir kəs ki, binadən Vartazar oldu.
Bu, artıq Qasım bəyin və onu yetişdirən
psixoloji mühitin
"binadan Vartazar olanlara" münasibətinin
siyasətə bulaşmamış,
təbəəliyi qəbul
etməmiş ifadəsidir
və Puşkinin
"Tazit" poemasının
çeçen qəhrəmanının
ata yolundan çıxıb ruslara meyl edən oğluna dediyi sözlərlə səsləşir:
Rədd ol, daha mənim oğlum deyilsən,
Çeçen də deyilsən, qoca arvadsan,
Qorxaqsan, köləsən,
sən ermənisən...
Burada biz Puşkinin
çeçen qəhrəmanının
- Rusiya imperiyasının
müharibə apardığı
və müsəlman dindaşları ilə döyüşdürüb düşmən
eləməyə çalışdığı
insanın ermənilərə
münasibəti ilə
Qasım bəyin münasibətinin üst-üstə
düşdüyünü görürük...
"Car müqəddiməsi"ndə
isə Miklaşevski ovunun üstünə şığıyan alıcı
quş, rusların təbəəliyini qəbul
etmək istəməyən
köhnə dostlar isə "düşmən" kimi
təqdim olunur. Şair Miklaşevskinin döyüşdən sağ
çıxdığına, ona "Yaradanın yar olduğuna" şükür
edir. Kinayəsiz-filansız:
Alıcı quş kimi özün toxudu,
Çünki düşmən
müqabildə çox
idi;
Sağlığına ümidimiz
yox idi,
Həqq saxladı,
Yaradanı yar oldu...
O qanlı illərdə, amansız döyüşlərin tüstüsü,
dumanı içində
Yaradanın yar olmadığı
müsəlman xalqları
oldu. Sonunda Rusiya Qafqazın bütün xalqlarını
öz siyasi əsarətinə tabe eləməyi bacardı.
Qasım bəyi
də Yaradan yarı yolda qoydu, bir məkana
çatdırmadı. Şair
dostu general Mədətovdan
deyil, uca Yaradandan imdad diləməli oldu:
Dost yolunda, cəfa cəkdim, can üzdüm,
Yetişmədim bir məkana, ay mədəd...
Yaradanı heç
A.M.Miklaşevskiyə də yar olmadı. "Qara polkovnik" 1831-ci ilin dekabrında Dağıstanda rusların
Ağacqalaya hücumu
zamanı öldürüldü
və cənazəsi döyüş meydanından
Qarabağa gətirilərək,
Şuşa qalasında
dəfn edildi. Tərcümeyi-halına aid
sənədlərdə məzarının
itdiyi göstərilir...
Məti OSMANOĞLU
Ədəbiyyat qəzeti. - 2024. - 4 may, ¹ 16. - S. 40-41.