Unudulmayan alimin xatirəyə
dönən şair ömrü
Ömür şirin
olar cavan yaşında,
Gözüm qalıb
bir cüt qara qaşında.
Anam nəvəsinə
beşik başında
Tək layla çalanda, xatırla məni.
Cəfər İsmayıloğlu
İyirmi yaşlı
gəncin qələmindən
süzülmüşdü bu misralar. Bəlkə
də, qısa ömrünün ürəyə
daman xəbərçisi idi
"Xatırla məni"
şeiri... bu şeiri oxuduqca, hər misrada ürək sızladan nakam duyğular dilə gəlir və yarımçıq
ömrün vəsiyyəti
kimi kağızdan ruha hopur. Bəli,
yarımçıq ömür...
O, az yaşadı, cəmi 57 il... amma bu ömrə nələr sığdırmadı
ki...
Ölümündən sonra 75 illik yubileyinə töhfə olaraq "Xatırla məni" şeirlər çələngi
2013-cü ildə işıq
üzü gördü.
Bu kitabda alimin orta məktəb illərindən, ta ömrünün
sonuna qədər vətənə, el-obaya həsr etdiyi şeirlərlə yanaşı,
görkəmli alimlərin
də alim-şair haqqındakı fikirləri
yer alır. Akademik Tofiq Hacıyevin "Cəfər
müəllimin öz
dünyası vardı",
akademik Nizami Cəfərovun "Mərhum
türkoloq haqqında
bir neçə söz", professor Qara Namazovun "Qayğıkeş
insan, öyünüləsi
alim", Məmmədəli Qıpçağın "Nəcib
insan, gözəl müəllim", Vəli
Əliyevin "Cəfərin
türk dünyası"
və başqa görkəmli alimlərin,
söz nəhənglərinin,
onu yaxından tanıyan dostlarının
Cəfər müəllim
haqqında reallığı
əks etdirən fikirləri, xatirələri
onu görmək və tanımaq fürsəti olmayanlar üçün aydın mənzərə yaradır.
Akademik Tofiq Hacıyev Cəfər müəllimi belə xarakterizə edirdi: "Cəfər müəllim
zəmanəmizin, sovet
rejimi dövrünün
gözəl insanlarından
idi. Başdan-başa antitürk, təpədən-dırnağa
anti-Azərbaycan olan bir quruluşda Cəfər iliyinəcən
bir millətçi kimi, türk oğlu türk kimi, böyük ürəkli bir azərbaycanlı kimi, əsl sədərəkli
kimi yaşadı".
Sədərəkli alimin
tərcümeyi-hal göstəricilərinə
qısa nəzər salaq:
Tanınmış dilçi-türkoloq
alim, əsl vətəndaş-ziyalı
Cəfər İsmayıl
oğlu Cəfərov
qədim türk-oğuz
yurdu Naxçıvanın
qəhrəmanlıq səngəri
olan Sədərəkdə
20 fevral 1938-ci ildə
doğulmuşdu. Elə
orta məktəbi də həmin kənddə bitirmişdi.
Azərbaycan Dövlət
Universitetinin şərq
filologiyası ixtisasında
(1956-1961) təhsil alıb.
Hələ tələbəikən
Şərq dillərinə
olan meyli və şair ruhu orijinaldan etdiyi tərcümələrin,
sanki doğma dilimizdə yazıldığı
təsiri bağışlayır.
O, Pərvin Ettesaminin
"Yetimlərin göz
yaşı"nı, Pərviz
Natel Xanlarının
"Qartal" və digər əsərləri
fars dilindən ana dilimizə hərfi deyil, bədii tərcümə etmişdir.
Ali təhsilini uğurla
başa vurduqdan sonra tale yolu onu Türkmənistana aparmışdı. Həyatda
təsadüfi heç
nə olmur, hər şey alın yazısıdır.
Gələcəyin məşhur
türkoloqu Türkmənistan
Elmlər Akademiyasında
elmi fəaliyyətlə
məşğul olur,
türkologiyaya xidmət
edən axtarışlar
aparır. Eyni zamanda Türkmənistan Dövlət Universitetində
fars dilinin tədrisi ilə məşğul olur.
1971-ci ildə "Müasir
türkmən dilində
fars sözləri"
mövzusunda dissertasiya
işini müdafiə
edir. "Gəzdim səyyah kimi", - deyən Cəfər müəllimin həyat yolu harada yaşamasından
asılı olmayaraq xalqın ulu keçmişinin
tədqiqinə, millətə
xeyir vermək duyğusuna hesablanmışdır.
Onun 1974-cü ildən,
ta ömrünün sonuna
qədərki taleyi Azərbaycan Dövlət Universiteti Filologiya fakültəsinin "Türkologiya"
kafedrası ilə bağlı olub. Azərbaycanın elə bir bölgəsi yoxdur ki, Cəfər müəllimin oradan tələbəsi olmamış
olsun. Onu tanıyanlar onu rəğbət hissi ilə xatırlayır. Öz yetirmələrinə
tədris etdiyi sahənin dərinlikləri
ilə yanaşı, onlara xalqımızın mənəvi dəyərlərini,
vətən, torpaq, el-oba sevgisini də aşılayıb, xeyirxahlığı, insani
keyfiyyətləri isə
öz şəxsi nümunəsi ilə təlqin edib. Özünü cəmiyyətin
mənəvi tərbiyəsinə
həsr edən əsl müəllim həm də öz dəyişməz xarakteri ilə gənclərin ürəyində
ümid çırağı
yandırmağı bacarmalıdır.
Cəfər müəllim
də məhz belə müəllimlərdən
olub. Həm şərəfli müəllim,
həm də məhsuldar alim ömrü
yaşamaq hər kəsə nəsib olmur. Biz onun müəllimlik fəaliyyəti,
insan kimi xarakterik keyfiyyətləri
haqqında danışdıq.
Digər tərəfdən,
Cəfər müəllimi
səciyyələndirən istiqamət onun məqalələri, tədqiqatları,
monoqrafik əsərləridir.
Cəfər Cəfərovun
qədim yer-yurd adlarımız Qafqaz, Gəncə, Naxçıvan,
Yerevan, Noraşen, Abşeron,
Arsak və s. haqqındakı orijinal etimoloji tədqiqatları uzun illərdir ki, elmi ictimaiyyətin rəğbətini qazanıb.
Azərbaycan, türkmən,
türk, alman və rus dilində 50-dək elmi məqaləsi, "Aslar kimdir?", "Milli etnik yaddaşın izi ilə" adlı monoqrafiyaları işıq üzü görmüşdür. Tam əminliklə
deyə bilərik ki, bu əsərlərin əksəriyyəti milli meyarlar
baxımından heç
vaxt öz müasirliyini, aktuallığını
itirməmişdir. Akademik
Nizami Cəfərov qeyd edir ki, "Cəfər Cəfərov
asların izlərini hər yerdə, qədim türk yazılı abidələrində,
türklərə məxsus
damğalarda, digər
simvolik işarələrdə,
qədim türk piktroqrafiyasında Hind, Çin,
İran, Avropa mənbələrində
axtarırdı". Həqiqətən
də, C.Cəfərovun
istər Azərbaycan damğaları, qədim türk işarələr
sistemi, Qobustan qayaüstü işarələrinin
oxunuşu, qədim yer-yurd adlarımızın
etimoloji izahı, istərsə də qədim türklərin etnik mənşəyi hesab olunan aslarla
bağlı sanballı
tədqiqatları müstəqillik
dövründə milli kökə
qayıdış konsepsiyasına
həsr olunan əsərlərin əsas
istinad mənbələrindəndir.
Çünki Cəfər
müəllim hər bir araşdırmaya məqalə sayı çoxalsın deyə deyil, zərgər dəqiqliyi ilə yanaşıb. Akademik Tofiq Hacıyevin təbirincə desək:
"Cəfər cibində
zərrəbin gəzdirərdi",
o bu zərrəbinlə
tarixin dərinliklərindən
xəbər verən tutarlı faktları üzə çıxarıb
"qədim türk mədəniyyəti haqqında
əsassız və mücərrəd konsepsiyalar
irəli sürən erməni, ingilis və rus tədqiqatçılarına
qarşı" (akademik
Vəli Əliyev) elmi mübarizə aparan alim olmuşdur.
İnsan taleləri
kimi, xarakterlər də müxtəlifdir. Hər alim öz doğruları üzərində
araşdırmalarını nizamlayır. Cəfər müəllim də ictimai-siyasi cəhətdən
müasir dövrümüzdən
fərqli olan bir quruluşda yaşamış və təzyiqlərə baxmayaraq
öz nəticələrini
qorxmadan, cəsarətlə
yüksək kürsülərdə
və kütləvi informasiya vasitələrindən
elmi ictimaiyyətin diqqətinə çatdırmışdır.
Bax, beləcə Cəfər müəllim
öz əməllərilə
ömürnaməsini, tale kitabını
yazdı və unudulmayan alim ömrü həzin-həzin, dalğa-dalğa
xatirəyə dönən
şair ömrü kimi onun şeirlərində,
misralarında yaşayır.
Bəli, türkoloq-alim
Cəfər Cəfərov
həm də şair idi... O, şeirlərini Cəfər
İsmayıloğlu təxəllüsü
ilə yazıb. Onun bədii yaradıcılığı da maraqlı, ürəyəyatım
və yaddaqalandır.
Bu yazının ümumi
ruhu Cəfər müəllimin gördüyü
işlərin təhlilinə
və mənalı ömür yolunun tədqiqinə hesablanmışdı.
Ona görə də Cəfər Cəfərovdan
yazıb, Cəfər
İsmayıloğlunu xatırlamamaq
ədalətsizlik olar.
Cəfər müəllimin
"Xatırla məni"
şeir çələngini
vərəqlədikcə professor İfrat Əliyevanın
kitab haqqındakı fikirləri
düşüncələrimə tərcüman olur:
"...bu kitabda mən Cəfərin müxtəlif illərdə
müxtəlif münasibətlərlə
əlaqədar yazdığı
əsərlərini oxudum
və oxuduqca onun infarkt keçirmiş
yaralı ürəyinin
yaralı misraları məni bu kitab barədə söz deməyə sövq etdi... "Xatırla məni" şeirlər
toplusu adi bir kitab deyil. Biz bu kitabda 20-ci əsrdə xalqımızın
son illərdə gördüyü
dərdlərini və
yaralarını oxuyuruq".
Tədqiqatçı-alim Cəfər
Cəfərov elmi araşdırmalarının nəticələrini
Cəfər İsmayıloğlunun
bədii düşüncəsi
ilə çulğaşdırıb
ustalıqla poetik şəklə salır:
A dostlar, Qafqazı yıxdı xəyanət,
Yalan ayaq tutdu, itdi həqiqət.
Yaxşı ki, bir səslə söylədi
millət:
"Az ərlər"in
ocağıdır Qarabağ!
Azərbaycan torpağıdır
Qarabağ!
Bu misralardakı Vətən və yurd sevgisi kimi
poetik düşüncələri
yüksək şeiriyyətlə
qələmə almışdır.
Təəssüf ki, qanlı-qadalı
90-cı illərdə "Azərbaycan torpağıdır
Qarabağ!", - deyən
vətəndaş ziyalımız
dünyanı lərzəyə
gətirən "Qarabağ
Azərbaycandır!" şüarının
44 gündə həsrətə
son qoyan reallığını
görmədi...
Şairin 1996-cı ildə
qələmə aldığı
"Milli ordumuza" şeiri,
sanki son illərdə
yazılmış zəfər
mövzulu şeir təsiri bağışlayır:
Ey milli ordumuz, xilaskar oldun
Sülhün, səadətin
keşiyində sən.
Necə ki, düşmən
var, hər gecə-gündüz
Bu azad xalqımın keşiyindəsən!
...Ədəbiyyatın,
daha çox da poeziyanın hər zaman müraciət etdiyi ənənəvi mövzulardan
biri və ya birincisi Ana mövzusudur. "Uşaqkən
anadan yetim qalmışam", - deyən
Cəfər İsmayıloğlu
ürəyində qübara
çevrilən bu nisgili "Anasız cahanı sevmirəm mən də, Anamın dərdidir qalıb sinəmdə"
misralarını axarınca
biri digərinin davamına çevrilən
"Ana", "Anama", "Anam gəlsin" kimi şeirlərində məhrəm duyğularının
pıçıltısı eşidilir:
Dərdimi tək bircə anama deyin,
Anamın
əlilə dərman
eyləyin.
"Ana
südü", "Anamın
məktubu" kimi şeirlərin müəllifinin
"Ögey anama"
yazdığı şeiri
oxumadan öncə düşündüm ki, bu şeirdə paradoksal və təzadlı fikir, küskünlük kimi duyğu və düşüncələri əks
etdirən misralar olacaq. Amma yanıldım...
reallığı əks
etdirən bu şeirin bir nağıl kimi sirli-sehrli dünyası, ürək sızladan büyülü duyğusu,
mərhəmət libasına
bürünən sevgi
hissləri o qədər
axıcı bir dillə misralara tökülür ki, heyrətlənməyə bilmirsən.
Ana obrazının ucalığını, "Ananın
ögeyi, doğması
olmaz" düşüncəsini
və Azərbaycan qadınının - Anasının
ümumiləşmiş obrazını,
poetikləşən, heykəlləşən
ruhunu görürsən.
Onun
"Pişik", "Quzu",
"Qaranquş", "Qoçaq
kirpi", "Bahar",
"Təyyarə", "Aya uçanda" kimi uşaqlar üçün yazdığı
şeirlərinin ab-havası
bir başqadır:
Gül
gülə baxdı,
Güldən
tər axdı,
İnsan da güldü,
Cahan da güldü.
Tərtibçilər "Xatırla
məni" kitabının
növbəti bölməsində
bəşər övladının
bineyi-qədimdən özü
ilə yaşatdığı
kövrək və həzin, köhnə duyğuları "Yeni duyğular"
adı altında cəmləşdirib. Bu qəbildən
olan "Həsrət",
"Xatirə", "Sevgi",
"Ayrılıq", "Xəyanət", "Kişilik",
"Qocalar", "Gənclik",
"Görəndə", "İnanmıram", "Yollar",
"Özümə nə
deyim, sənə nə deyim?" və digər şeirlərində köhnə
duyğulara öz nəfəsi ilə yeni poetik ruh verib,
misraları öz ürəyinin sevgisi ilə isidib...
Müasir poeziyanın
ənənələrinə sadiq qalan şair
şifahi söz sənətini də yaddan çıxarmır.
Onun folklorik janrlardan biri olan bayatıları da layla kimi şirin-şirin,
mirvari kimi gizlin-gizlin qulağa süzülür:
Əzizim, anan mənəm,
Od tutub yanan mənəm,
Sən özün
bilməsən də,
Tək səni
anan mənəm.
Onun könül dünyasında "Bizim ellər"in ecazkar bir vəsfi var. C.İsmayıloğlunun
"Bizim ellər"
adlı lirik poeması Naxçıvanı
tərənnüm edən
ballada və ya tarixi-bədii salnamə təsiri bağışlayır...
"Yordu əyri-üyrü yoxuşlar
məni" - desə
də, xalqa xidmət yükünü
zəif çiyinlərinə
yükləməkdən yorulmadı,
qələmi kimi ürəyini də şam kimi əritdi.
Bu ziyadan neçə-neçə
qəlbə nur səpələndi...
P.S. Gecənin ala
qaranlığından sonra
dan yerinin sökülməsinə
lap az qalır... su kimi axıb
gedən düşüncələr
əlimi bir an belə klaviaturadan çəkməyə qoymur.
Hər şeyi yazmaq istəyirəm... Qarşımdakı kompüterə
toxunduqca çık-çık-çık
gələn səslər
yazının ahənginə
ritm tutur... bu həzin sədalar
altında gözlərim
pəncərəmdən görünən
təbiət mənzərəsinə
dikilir. İlahi, gördüklərim məni
valeh edir. Hər tərəf ağ örpəyə bürünüb... yəqin
buludlar da mənim kimi yuxuya gedə
bilmir. Havada rəqs edən qar dənəcikləri yorğunluğumu tamamən
alır. Mən qış nağılına
bənzəyən şair
ömrünün kövrək
akkordlarının son dilinə
basıram və beləcə alim ömrünə
həsr etdiyim yazınınsa saat 05:20-də
son nöqtəsini qoyuram...
Ertəsi gün bu yazının ilk oxucusu Aytən xanım olur. Bir yerdə oxuyur, bəzi faktları birlikdə dəqiqləşdiririk...
anidən otağa bir səssizlik çökür və gözlərimizdən gilələnən
yaşlar vərəqlərə
səpələnir. Və
Aytən xanımın
kitablarla, kar-kağızla
dolu olan iş stolunun üzərinə qoyulan çərçivələnmiş rəsmdəki nigaran baxışlar üzümüzə
zillənib, başımızın
üstündə isə
qürurla dayanan ata ruhunu hiss etməmək mümkün
deyil. Sanki bir sarı işıq bizə doğru boylanır, elə həmin andaca müdrik atanın qızları ilə fəxr edən məğrur duruşunu görür, saçlarımıza
isti bir əlin sığal çəkdiyini hiss edirik.
Bəli, bizlər tutduğumuz yolla, həyat amalımızla, yaşam fəlsəfəmizlə
valideynlərimizin başını
dik, ruhunu şad edirik!..
Doğrudan da, valideynin
yeri o vaxt behişt olur ki, özündən sonra onun əməlisaleh övladı qalır. Çünki övlad valideyn ömrünün davamıdır. Bu gün onun başladığı
yolu ləyaqətlə
davam etdirən, hər sözündə Cəfər müəllimi
ehtiramla yad edən, yoxluğu ilə bir an belə barışmayan qızı
dosent Aytən xanım vətəndaş-ziyalı
kimi vətəninə,
xalqına ləyaqətlə
xidmət edir. Cəfər Cəfərov
bir pedaqoq kimi tələbələrinin
ürəyində, bir
alim kimi mənsub olduğu xalqının, qayğıkeş ata kimi də övladlarının
ürəyində taxt,
bir qala qurub. Elə bir qala ki, onun
torpağı vətənə
məhəbbət, xalqın
ulu keçmişinə sədaqət,
ailəsinə sonsuz sevgi ilə yoğrulub. Onun təbirincə desək:
"Məhəbbət, mərhəmət,
bir də sədaqət Ürəkdən-ürəyə
daşıyır bizi".
Özü cismən aramızdan ayrılsa da, əsərlərində və
qəlblərdəki xanimanda
yaşayacaq.
Zülfiyyə İsmayıl
Filologiya üzrə fəlsəfə
doktoru,
dosent AMEA Naxçıvan Bölməsi
Ədəbiyyat
qəzeti. - 2024. - 4 may, ¹ 16. - S. 42-43.