Nisgilli gözlərin işığı
...İsi Məlikzadə
mənim yaxın qohumum idi. Ona görə də onu hələ uşaqlıq illərimdən
tanıyırdım. Atası
Abbas əmini, anası
Zəriş xalanı,
onların şirin, duzlu- məzəli söhbətlərini yaxşı
xatırlayıram. İsi müəllim
şən, zarafatcıl,
mehriban, bəzən isə dalğın, sanki nələrisə tez-tez xatırlamağa çalışan bir insan idi. Gözlərinin
dərinliyində həmişə
bir nigarançılıq,
sanki sual dolu nisgilli bir
nöqtə vardı.
Yaxın olsaq da, belə hallarda bunun səbəbini aramızdakı yaş fərqinə görə soruşmağa utanır, çəkinirdim. Amma indi
düşünürəm ki, kaş soruşaydım... Bəlkə elə o zaman İsinin verəcəyi cavab mənim onu daha dərindən
tanımağıma kömək
edəcəkdi...
İsi Məlikzadə
1934-cü ildə may ayının
1-də Ağcabədidə dünyaya gəlmişdi.
Sanki elə bu səbəbdən baharın
gözəlliyi və
təravəti onun qəlbinə, düşüncəsinə,
mənəviyyatına hopmuşdu.
Görünür, buna görə
də, İsi Məlikzadə
həyatda çoxlarının
görə bilmədiyi
rəngləri, işığı,
sevinci, kədəri görür və təmənnasız olaraq bütün gördüklərini
hamıya çatdırmaq
istəyirdi.
Mən onun əsərlərinin əksəriyyətini
oxumuşdum. İsini yaxından tanıdığımdan
bu əsərləri oxuduqca, yaratdığı
bır çox obrazların simasında sanki öz doğmalarımı,
ətrafdakılarımı görüb təsirlənirəm.
Çünki o, mənim
yaxından tanıdığım
insanların obrazını
yaratmışdı.
İsi Məlikzadə
1982-1983-cü illərdə özünün parlaq əsərlərindən birini
- "Gümüşgöl əfsanəsi" povestini
yazdı. Bu onun mühit, cəmiyyət haqqında düşüncələrinin
nəticəsi idi. Yazıcı xalq əfsanəsindən cəmiyyətin
problemlərini əks
etdirmək üçün
istifadə etmişdir.
İsi Məlikzadə bu
povestdə bütün
məharəti ilə
öz düşündüklərini
təsvir edə bilmişdi.
"Gümüşgöl"
əfasanəsində müəllif
milli-mənəvi dəyərlərimizin
itməməsini, adət-ənənələrimizin
qorunmasını təbliğ
etməklə yanaşı,
dövrün qüsurlarını
ustalıqla göstərmişdir.
Yazıçı ideal bir
cəmiyyət görmək
arzusundadır. Ancaq maneələr var. Maneələr
elə cəmiyyətin
özü olduğundan
yazıçı əsərdə
sirli-sehirli, əfsanəvi
bir göl yaratmaqla, arsuzuna birbaşa yox, dolayısıyla "çatır".
Orxan ali təhsilli bir gəncdir. Elmi iş götürüb, onun üzərində işləyir. Orxanın evlənmək vaxtıdır.
Ancaq o, hələ evlənmək istəmir. Daha doğrusu, Orxan ərindən boşanmış Səfa
ilə oturub-durur. Orxanın anasının
buna etirazı kəskindir
və o, oğlunun bu hərəkətinə
mane olmağa çalışır.
İsi Məlikzadə
povestin əsas qəhrəmanlarından biri
olan Orxanın, eləcə də əsərdəki digər
obrazların: - Ağbəyim,
Bənövşə, Səfa
və Yavərin taleləri fonunda cəmiyyətin üzləşdiyi
bu cür problemləri əks etdirməyə çalışmışdır.
Yazıçı əsərlərində
o dövrün səciyyəvi
xüsusiyyətlərini verməklə
yanaşı, cəmiyyətin
nöqsanlarını, qüsurlarını,
eybəcərliklərini elə
ustalıqla göstərib
ki, sovet senzurasının
güclü bir vaxtında belə detalların necə çapa getməsinə təəccüb edirsən.
Məsələn, "Evin
kişisi" povestində
oxuyuruq: Milis idarəsində milisioner işləyən Qaçay
hərdən rəisinin
qapısında odun doğrayır. Yazıçı
burada incə bir priyomdan istifadə
edir. Qaçayın rəisin həyətində
odun doğramaq xoşuna gəlir. Axı, rəisin Bakıda oxuyan qızı Gülxar tətildədir. Qaçay
odun doğrayanda o,
piano çalır. Rəisin
Qaçayla münasibəti
çox səmimidir.
Hiss olunur ki, o, Qaçayı
gələcək kürəkəni
görmək istəyir.
Niyə də olmasın. Qaçayın
rəisi Sahibov Qaçaya kifayət qədər bələddir.
Doğrudan da Qaçay
saf, pak, fiziki və mənəvi cəhətdən
sağlam gəncdir. Yoxsa vəzifəsi ictimai asayişi qoruyan milis işçisinin
rəisin qapısında
odun doğramasını
yazıya gətirmək
çətin olardı.
Yaxud "Gümüşgöl
əfsanəsi" povestində
belə bir epizod var: "Arvadının
ölümündən bir
müddət sonra, Mirzə Muxtar da rəhmətə getdi və eyvanına tut ağacının budağı
toxunan İçərişəhərdəki
evini Tambovdan gəlmiş bir rusa- fəhlə ailəsinə verdilər".
Adıkeçən povesti
İsi müəllimin sağlığında
oxumuşdum. Məni povestdə olan bu epizod həm
düşündürür, həm də narahat edirdi. Əsərdə təsvir
edilən İçərişəhər,
tut ağacı, Mirzə
Muxtar... Bunların hamısı milli və koloritli idi. Bəs elə isə niyə evi Tambovdan gələn
gənc rus ailəsinə veriblər?
Bu o dövr idi ki, Bakıda ev növbəsinə durmaq üçün ən azı beş il Bakıda daimi qeydiyyatda olmalı idin. Ondan sonra,
gərək ən azı beş-on il də gözləməli idin ki, ev növbən
çatsın. Sözsüz
ki, Mirzə Muxtarın
qonum-qonşusunda, ətrafında
illərdir ev gözləyən neçə-neçə
elm adamları, müxtəlif
peşə sahibləri
kirayədə qalırdılar.
Onda necə olurdu ki, Mirzə Muxtarın evini çoxdan ev növbəsi gözləyən
çoxsaylı azərbaycanlılardan
birinə yox, məhz Rusiyadan, Tambovdan gəlmiş bir rus ailəsinə
verirdilər?
Qərara gəldim
ki, bu sualı münasib bir vaxtda yazıçının
özünə verim.
Belə də etdim. İsi Məlikzadə
ilə görüşən
zaman bu sualı ona verdim. O, mənə mənalı bir baxışla baxıb, bir az susandan sonra
dedi:
- Sən məni yaxşı başa düşmüsən.
Hər bir yazıçı üçün,
o cümlədən mənim
üçün bundan
yaxşı mükafat
yoxdur. Bunu senzura, senzor sənin kimi anlasaydı, ən azı həmin epizod povestdən çıxarılacaqdı. Bundan
isə povest çox şey itirərdi. Belə sətiraltı mənaların
əsərdə qalması
yazıçının qələbəsidir.
Onu da qeyd edək ki, belə sətiraltı mənalar yazıçının əsərlərində
yetərincədir.
İ.Məlikzadənin yaradıcılığında
hər şey təbii ciddi, düşündürücüdür: yumor da, kədər də. O yumoru sevdiyindən yaradıcılığında
yumor bol olmaqla yanaşı kədərli notlar da var.
İ.Məlikzadənin əsərlərində
kəmağılılar da səmimi, xeyirxah və zəhmətkeşdirlər.
"Gümüşqol" əfasanəsindəki kimi.
"Baton" ləqəbli Qorxmaz metroda "işə" girib, səhər erkən düşür metroya. Qatara daxil olub,
özünə yer tutur. Növbəti stansiyada qatara qoca - qadın daxil olanda o, ehtiramla yerini onlara verir. Bu minvalla o axşam saat 8:00-a kimi vicdanla vəzifəsini yerinə yetirir. Oxucu isə Qorxmazın hu halına yanıb acıyır.
"Qırmızı
yağış" romanında
isə vəzifə düşkünü Əhəd
ağıldankəm, amma
heç kimlə işi olmayan, səmimi, qayğıkeş,
fağır qardaşı
Əbili qəzmək
adıyla aldadıb, ruhi dispanserə göndərir. Əbilin ürək pörşələyən
vida çıxışını
və ölümünü
göz yaşısız
oxumaq olmur.
İsi Məlikzadənin
yaratdığı ədəbi
obrazlar, qəhrəmanlar
müxtəlif idi. Onun əsas qəhrəmanları gənclər,
tələbələr, müxtəlif
peşə adamları
- kəndli, pinəçi,
süpürgəçi, ocaqçı,
ziyalı, zabit, həkim, müəllim və digər adamlar idi. İsi Məlikzadə öz qəhrəmanlarını əsərlərində
elə şəkildə
təsvir edir ki, oxucunun həyatda belə adamların həqiqətən də olmasına şəkk-şübhəsi
qalmır. Çünki
yazıçı həmin
qəhrəmanların həm
daxili aləmini, xarakterini bir psixoloq kimi açır,
həm də zahiri görkəmlərini
peşəkar bir rəssam kimi təsvir edir.
- Yazıçı
əsərlərində həmişə
gənclərə mənəvi
cəhətdən sağlam
olmalarını, vətənin,
torpağın, ata-analarının
qədir-qiymətini bilib,
onları müqəddəs
saymağı aşılayır.
İsi Məlikzadənin "Duz" və "Oğul" hekayələri
bu baxımdan yaddaqalan, təsirli və ibrətamizdir.
"Duz" hekayəsində qış
tətilindən Bakıya
qayıdan Seymura, otuz il poçtalyon işləyən atası
çətinliklə otuz
manat yol pulu düzəldir. Seymur isə "azdır" - deyib pulu götürmək istəmir, anası yalvarıb birtəhər
o pulu Seymurun cibinə qoyur.
Yazıçı bununla Seymur kimi cavanlara
bir növ ibrət dərsi verir, onlara ailələrinin
maddi vəziyyətinə
uyğun davranmağı
tövsiyə edir.
"Oğul"
hekayəsində vəziyyət
əksinədir. İnstitutun
üçüncü kursunda
oxuyan Tahir atası xəstələnəndən sonra
- artıq bir aydır ki, evə gec gəlir... Səbəbini soruşduqda
isə Tahir dostlarla imtahana hazırlaşırıq,
- deyir.
Gecə saat ikidir. Tahir hələ də evə gəlməyib. Atası narahatdır. Birazdan Tahir qapıda görünür,
gözləri gülür.
Ata oğlundan şübhələnib
onu vurur, sonra da peşman olur. Heç demə, Tahir evin maddi vəziyyətini nəzərə alıb işə giribmiş. Atasını şübhələndirən
gözlərindəki gülüş
isə aldığı
ilk maaşın sevinci
imiş.
İsi Məlikzadənin
"Qatarda" hekayəsi
ilk baxışda komediya
təsiri bağışlayır.
Ancaq dərindən fikir verdikdə görürsən ki, yazıçı
məsələni başqa
cür qoyur. İ.Məlikzadənin təqdimatında əsərdə
sanki vaqon kupesi "istintaq otağı", qatardakıların
bir çoxu əyri yollarla natəmiz, rüşvətxor
həyat tərzinə
görə "təqsirləndirilən
şəxslər", Dadaşov
isə sanki dövlət ittihamçısıdır.
İsi Məlikzadə
"Qatarda" hekayəsində
bir şəxsdə iki Dadaşov familiyası daşıtdırmaqla
maraqlı bir obraz yaratmışdır.
Bir yalançı Dadaşov,
bir də əsil Dadaşov. Qatardakılar yalançı
Dadaşovu vəzifəli
adam zənn edib, ondan ehtiyat
edirlər. Yalançı
Dadaşov da bundan məharətlə istifadə
edib, Sabit Mirzədən başqa hərəni bir iş dalınca buyurur. Sabit Mirzə Dadaşovun bu yekəxanalığına
görə onu acılamaq da istəyir. Ancaq hər dəfə də o anda Dadaşovun gözlərində adamın
ürəyini hərarətlə,
sevinclə dolduran işıq, nurlu üzündə mülayim
bir təbəssüm
görüb, pis fikrə düşməyinə
peşman olur. Hekayənin sonunda yalançı Dadaşovun
içindən Sabit Mirzənin pis fikrə düşməyə
mane olan ikinci: gülərüz pinəçi
əsl Dadaşov çıxır:
Zamanından, məkanından
asılı olmayaraq İ.Məlikzadənin qatarı hələ çox məsafə qət edəcək.
Çox təəssüf
ki, görkəmli yazıçı
yaradıcılığının məhsuldar çağında,
61 yaşında dünyasını
dəyişdi. 1995-ci il dekabrın
4-ü gecəsi aldığım
acı bir xəbər - İsi Məlikzadənin
ölüm xəbəri
mənim varlığımı
sarsıtdı. Bu, xalqımız
üçün, ədəbiyyatımız
üçün böyük
itki idi...
İstedadlı yazıçı
İsi Məlikzadə qırx
ilə yaxın bədii yaradıcılıqla
məşğul oldu,
dəyərli əsərləri
ilə ədəbiyyat
tariximizi daha da zənginləşdirdi. Özü
də təmənnasız,
iddiasız, hay-küysüz,
sakit və təmkinli olaraq.
Ruhun şad olsun, İsi müəllim...
Nəriman FƏRMAN
Ədəbiyyat qəzeti.
- 2024. - 4 may, ¹ 16. - S. 44.