Selma
Lagerlöf - ilk Nobel mükafatlı qadın
yazar
XX əsr qadın yazarları içərisində həm
şəxsiyyəti, həm
də yaradıcılığı
baxımından diqqəti
cəlb edən, xüsusi istedada malik sənətkarlardan biri də məşhur İsveç yazıçısı,
siyasətçisi, qadın
hüquq və azadlığının alovlu
müdafiəçisi Selma Lagerlöfdür. S.Lagerlöf 1909-cu ildə
yüksək idealizm, parlaq təxəyyül və mənəvi dərketmə cəhətləri
ilə səciyyələnən
əsərlərinə görə qadın yazarlar arasında ilk dəfə Nobel mükafatına
layiq görülmüşdür.
Selma Ottiliya Lovisa Lagerlöf 20 noyabr 1858-ci ildə İsveçin cənubunda
Vermland əyalətində
leytenant Erik Qustav Lagerlöfün ailəsində
dünyaya göz açmışdır.
Uşaqlıq illərində
Lagerlöfün tərbiyəsi
ilə əsasən nənəsi məşğul
olmuş, balaca qızın yaddaşında
danışdığı maraqlı nağıl və əfsanələrlə
silinməz izlər buraxmışdır. O, böyüyüb
məşhur yazıçı
olduqdan sonra da yerli folklorun gözəl biliciləri olan nənəsinin və dayəsi Nananın söylədiyi əhvalatların
sehrli təsirindən
qurtula bilməmişdir.
Selmanın doğulduğu
Vermland əyaləti olduqca gözəl təbiətə və zəngin şifahi xalq yaradıcılığı
ənənələrinə malik idi. Uşaqlıq illərində nənəsindən
eşitdiyi nağıl
və əfsanələrin,
gözəl təbiət
mənzərələrinin təəssüratları Selmanın
təxəyyülünü daha da zənginləşdirir,
onun fantaziyalarına qol-qanad verirdi… "Əgər qədim adətlərinin və əfsanələrinin bolluğu
ilə tanınan Morbakkada böyüməsəydim,
heç vaxt yazıçı olmazdım",
- deyə sonralar Lagerlöf etiraf edirdi.
İllərlə içinə
yığdığı təəssüratları
oxucularla bölüşmək
qərarına gələn
Lagerlöf ilk romanını
yazmağa başlayır
və onun birinci fəslini "İdun" jurnalının
keçirdiyi ədəbi
müsabiqəyə göndərir.
Jurnalın redaktoru nəinki S.Lagerlöfü
birinci mükafata layiq görür, həmçinin ona romanı bütünlükdə
jurnalda çap etdirməyi təklif edir. Yaxın rəfiqəsi baronessa Sofi
Adlersparrenin maddi dəstəyi sayəsində
Lagerlöf məzuniyyət
götürür və
"Yosta Berlinq haqqında saqa" (1891) romanını bitirir. S.Lagerlöfün digər əsərləri
kimi bu roman da öz kökünü qədim Skandinaviya əfsanələrindən
və saqalarından götürmüşdür. Realizm
ənənələrinin həmin
dövr ədəbiyyatında
üstünlük təşkil
etməsinə baxmayaraq,
yazıçı öz
əsərini romantik üslubda yazmış, İsveçin kənd həyatını və təbiətini vəsf etmişdir. Məhz bu cəhətlərinə
görə Lagerlöfün
əsəri
Avqust Strindberq, Henrix İbsen və digər realist skandinav yazıçılarının
əsərlərindən fərqlənirdi.
Onun romanı Bayronik qəhrəmanı
xatırladan dönük
keşişin macəralarından
bəhs edirdi.
"Yosta Berlinq haqqında saqa" XIX əsrin sonlarına aid olan çox məşhur əsərlərdən biri
idi. Bu əsəri başqa cür şifahi şəkildə,
ağızdan-ağıza keçən
qədim İsveç
əfsanələrinin, rəvayətlərinin
və novellalarının
məcmusu da adlandırmaq
olar. Əsərin qəhrəmanları köhnə
Vermlandın "həyatın
təsvirolunmaz rəngarəngliyinə,
şirinliyinə, acılığına,
zənginliyinə" heyran
qalan romantik sakinləri idi. Onların xarakteri mürəkkəb və ziddiyyətlidir. Bu daha çox əsərin qəhrəmanı Yosta Berlinqə aiddir. O, eyni zamanda həm
möhtəşəm və
cılız, həm də xeyirxah və qəddardır. Yosta Berlinq yalnız
başqalarına qarşı
deyil, özünə
münasibətdə də
çox acımasızdır. O, öz hərəkətlərinə görə
bəzən özünü
belə sərt şəkildə mühakimə
etməkdən çəkinmir.
S.Lagerlöfün yaradıcılığı
üçün səciyyəvi
olan bu əsərin
əsas ideyasını
fədakarlıq və
sevginin xudbinlik, ədavət və qəddarlıq üzərindəki
qələbəsi təşkil
edir.
S.Lagerlöf "Yosta
Berlinq haqqında saqa" əsərində
Vermland sakinlərinin timsalında xalq fantaziyasından doğan nağılvari obraz və personajları
canlandırır. Məsələn,
yeni sənaye İsveçinin
nümayəndəsi, zavod
sahibi Sintram şər qüvvəni təmsil edən obraz kimi verilir.
Onun adı şərin sinonimidir. Əsərdə sehrli, romantik elementlər reallıq və gerçəkliklə müşayiət
olunur. Qeyd etmək lazımdır ki,
fantastikanın reallıqla
vəhdətini yaradarkən
Lagerlöf danimarkalı
yazıçı Hans Kristian Andersendən bəhrələnmişdir.
Gölləri, çayları,
dağları, düzləri
canlandıraraq şəxsləndirən
Lagerlöf folklor ənənələri ilə
yanaşı, həm də bu məşhur
nağılçının ənənələrini davam
etdirirdi.
"Yosta Berlinq haqqında saqa" çapdan çıxdığı ilk dövrdə
tənqidçilər tərəfindən
heç də birmənalı qarşılanmadı.
Bəziləri müəllifi
dahi kimi səciyyələndirsə də,
onu iddialı və aşırı emosional olmaqda ittiham edənlər də oldu. S.Lagerlöfü
hətta "kənd nağılbazı"
belə adlandırdılar.
Yalnız romanın nəşrindən iki il sonra danimarkalı tənqidçi Georq Brandesin yazdığı müsbət rəy yenidən diqqəti yaxşı mənada bu əsərə yönəltdi. G.Brandesin
fikrinə görə
məhz bu roman sayəsində gənc S.Lagerlöf
"İsveç ədəbiyyatında
görkəmli yer tutdu və yeni müstəqil istiqamət
götürdü". Məşhur
alman yazıçısı T.Mann isə
S.Lagerlöfü
dünyaya "Yosta
Berlinq haqqında saqa"nı bəxş edən "dahi isveçli" adlandırırdı.
1906-cı ildə
S.Lagerlöfün məşhur uşaq romanı "Nils Holgerssonun
İsveç boyu möcüzəli səyahəti"
çapdan çıxdı.
Nağıl ruhunda və üslubunda yazılmış bu əsərdə sehrli nağılların xəyal
dünyası ilə kəndli realizmi vəhdət təşkil
edirdi. Burada yazıçının qismən
R.Kiplinqin naturalist hekayələrindən bəhrələndiyi
də hiss olunurdu. Əslində yazıçı
Nilsin səyahəti haqqındakı nağılını
bir növ coğrafiya dərsliyi kimi nəzərdə tutmuşdu. İsveçin
Təhsil Nazirliyi də əsəri ölkənin coğrafiyasını
öyrənməkdə əhəmiyyətli
hesab edərək onu dərs vəsaiti
olaraq qəbul etmişdi.
Nils Holgersson S.Lagerlöfün ən məşhur personajı olub onu bütün dünyaya tanıtmışdır.
Dünyanın 60 dilinə
tərcümə olunan
bu əsəri yalnız isveçlilər
sevmir. Almaniyada bərə və məktəblər Nilsin adını daşıyır,
İsveçdə onun
adına abidələr
ucaldılır, mükafatlar
təsis edilir. 1991-ci ildə İsveçin ən məşhur 20 kronalıq əskinasında
Nilsin şəkli təsvir edildi. Sadə insanlar arasında "Selma" adlanan
bu əskinasın digər üzündə isə S.Lagerlöfün
öz şəkli həkk olunub.
Romanın yaranma tarixi Lagerlöfün İsveçin xalq məktəbləri müəllimlərinin
ümumi ittifaqının
rəhbərlərindən olan Alfred Dalindən məktub aldığı
gündən başlamışdır.
Nəticədə, yazıçı
bütün İsveçi
- cənubi Skonedən
tutmuş, şimali Laplandiyaya qədər quş uçuşu yüksəkliyindən təsvir
edən heyrətamiz bir nağıl yaratdı. İsveç həyatını havadan müşahidə edən
müəllif oxucuda öz doğma ölkəsinin coğrafiyası,
tarixi və mifoloji keçmişi barədə dolğun təsəvvürlər yaratdı.
Tanınmış rus
yazıçısı Yuriy
Naqibin yazırdı:
"Nils haqqında nağılı
oxuyarkən inanırsan
ki, qaz belində sən uçmusan, hava cərəyanları sənin gözlərini yaşla, qəlbini coşqu ilə dolduraraq üzünün və bədəninin yanından ötüb keçmişlər..."
Nils haqqındakı
bu ikicildlik nağıl-romanında yazıçı
ərköyünlüyündən və xudbinliyindən cırtdana çevrilən
on dörd yaşlı
oğlanın başına
gələn əhvalatları
nəql edir.
1909-cu ildə yazıçı ədəbiyyat
üzrə Nobel mükafatına
layiq görülür.
Beləliklə, S.Lagerlöf
dünyada Nobel mükafatı
alan ilk qadın yazar olur. Nobel mükafatının
təntənəli təltif
mərasimi zamanı təbrik nitqi söyləyən İsveç
Akademiyasının üzvü
K.Annerstedt "Yosta Berlinq haqqında
saqa"nı "qeyri-sağlam
və süni realizm" ənənələrindən
uzaq, olduqca orijinal bir əsər
adlandırmışdır. O, S.Lagerlöfün öz yaradıcılığında dilin təmizliyi və sadəliyini, üslub gözəlliyi və təxəyyül zənginliyini estetik güc və dərin dini hisslərlə birləşdirməsini
xüsusilə vurğulamışdır.
Nobel mükafatı diplomunu
və medalı isə Lagerlöfə kral V Qustav özü
şəxsən təqdim
etmişdir.
1920-ci ildə Lagerlöf qeyd kitabçasında Lyövenşyöldlər
haqqında trilogiyanın
birinci hissəsinin -
"Lyövenşyöldlərin üzüyü"nün qaralama
variantını yazdı.
Yazıçı Yullenspets
familiyasını Lyövenşyöldlə
əvəz etdi.
1925-ci ildə isə trilogiyanın həm birinci və həm də ikinci hissəsi çapdan çıxdı.
İsveç ədəbiyyatşünası
professor Landkvist bu əsərində S.Lagerlöfün "əsil
dahilik zirvəsinə
çatdığını" qeyd edirdi. 1928-ci ildə, yazıçının
80 illik yubileyində trilogiyanın sonuncu hissəsi - "Anna Sverd"
işıq üzü
gördü. Professor Landkvist
bu xüsusda yazırdı: "Lagerlöfün
insanlar haqqında bilgisi o qədər dərin və əhatəlidir ki, "Anna Sverd"
həmişə onun yaradıcılığında görkəmli yer tutacaqdır".
Avropanın əksər
ailə romanlarının
səciyyəvi xüsusiyyətlərindən
biri dövrün geniş epik mənzərəsinin canlandırılmasıdır.
Lagerlöfün trilogiyasında
isə tarix hadisələrin baş verdiyi fon rolunu
oynayaraq məhdud səciyyə daşıyır.
Trilogiyada hadisələr
XVIII-XIX əsrləri əhatə
etsə də, yazıçı İsveç
tarixi üçün
böyük əhəmiyyət
kəsb edən hadisələrin üzərindən
ötəri keçərək
yalnız ayrı-ayrı
əyalətlərin - Vermlandın
və Delekarliyanın
həyatından bəhs
edir. Burada isə insanlar daha çox ailə əhvalatları və miflərinin təsiri altında idilər. Trilogiya boyu Lagerlöf əyalətdəki xalq həyatının realist mənzərələrini
məharətlə təsvir
edir. O, XIX əsr əyalət zadəganlarının
kübar əyləncələrə
həddindən artıq
aludə olmasını,
vaxtlarını şeir
yazmağa, rəqs, musiqi və deklamasiyaya sərf etməsini ironik şəkildə təsvir
edir. Lakin din xadimlərinin,
xüsusilə də pastorların həyatından
bəhs edərkən
onun təhkiyə manerasında bir kədər notları hiss
olunur. Bu özünü
pastor Forsiusun əhvalatında
daha qabarıq şəkildə büruzə
verir. Yazıçı
onun alimlik istedadını dinə qurban verməsindən təəssüfləndiyini gizlədə
bilmir. Lagerlöf, həmçinin əsl cəngavər ideallarının
yerini qızıl, pul hərisliyinə verməsini, qədim zadəgan nəsillərinin
mənən cılızlaşmasını
baron Adrian, onun qardaşı
Yeran və Karl Artur kimi obrazların timsalında əyani şəkildə göstərir.
S.Lagerlöf 14 mart 1940-cı ildə uşaqlıq illərini keçirdiyi və bütün həyatı boyu möcüzələr aləmi
saydığı Morbakkada
81 yaşında dünyasını
dəyişdi. Yazıçının
ölümündən uzun
illər keçməsinə
baxmayaraq, onun yüksək bədii və intellektual əhəmiyyət kəsb
edən əsərləri
bu gün də oxucular və tənqidçilər
tərəfindən böyük
maraqla qarşılanır.
Dünyanın 60 dilinə
tərcümə edilən
həmin əsərlər
bu gün təkrar çap olunmaqdadır. Bu əsərlər
həm də İsveçin tarixi, mədəniyyəti, etnoqrafiyası
və folklor ənənələrini öyrənmək
baxımından zəngin
mənbə rolunu oynayır.
Həmidə Əliyeva
Azərbaycan Dillər Universiteti
“Xarici ölkələr
kafedrasının professoru,
filologiya elmləri doktoru
Ədəbiyyat qəzeti.
- 2024. - 4 may, № 16. - S. 45.