2022-ci ilin Nobel laureatı
seçilən nasiri tanıyaq
Anni Erno (Annie Ernaux) tam adı-soyadı Anni Terez Blanş Düşen olan fransız nasiri və pedaqoqudur.
1 sentyabr 1940-cı ildə Normandiyanın şimalındakı
Lilbonn şəhərində
anadan olub. Əvvəlcə,
özəl katolik məktəbdə, sonra isə Ruan Universitetinin
filologiya fakültəsində
təhsil alıb.
16 yaşından şəxsi
gündəliklərini yazmağa
başlayan Anni sonradan
həmin qeydlər əsasında özünün
ilk romanını qələmə
alsa da, onu çap etdirməyə bir gərək duymayıb.
1964-cü
ildə Filipp Erno ilə ailə
qurub və Ansi şəhərinə
köçüb. Bu nikahdan
onun iki oğlu dünyaya gəlib.
1970-ci illərdə yazar Ansi-le-Vye və
Pontuaz şəhərlərindəki
ibtidai və orta məktəblərdə
dil-ədəbiyyat fənnini
tədris edib. Bir müddət sonra isə Distansiyalı Təhsil üzrə Milli Mərkəzdə ixtisasına
uyğun işlə təmin olunub.
1980-ci illərin əvvəllərində
ərindən boşanan
və həmin vaxtdan etibarən Serji şəhərində
məskunlaşan yazar
ədəbi yaradıcılığa
daha sıx şəkildə bağlanıb.
Təkcə "Abort" romanını çıxmaq şərtilə,
onun bütün əsərlərində avtobioqrafik
elementlər daha geniş yer tutmaqdadır.
1974-cü
ildə işıq üzü görən ilk
romanı - "Boş
şkaf" ona şöhrət qazandırıb.
Yazarın digər romanları
isə aşağıdakılardır:
"Boş gündəliklər…"
(1977), "Donmuş qadın"
(1981), "Başqa bir
qadın" (1988), "Yalın
ehtiras" (1992), "Jurnal
qapağı" (1993), "Xəcalət" (1997), "Gecədən
kənara çıxmadım
ki mən" (1997), "Abort" (1999),
"Təmiz havada yaşamaq" (2000).
Uğurlu ədəbi yaradıcılığına
görə o, bir sıra ədəbi ödüllərə, 2022-ci ildə
isə ədəbiyyat
üzrə Nobel mükafatına
layiq görülübdür.
Nobel Komitəsinin Anni Ernonun
laureat seçilməsilə
bağlı açıqlamasında
deyilir:
"Şəxsi yaddaşa yadlaşmanı, ona kənardan göstərilən
kollektiv basqını
və bunun köklərini ortaya çıxararkən sərgilədiyi
böyük cəsarətə
və barışmazlığa
görə".
2008-ci ildə fransız rejissoru Patrik-Mario Bernar Anni Ernonun "Başqa bir qadın" romanı əsasında bədii
film çəkib.
"İllər" romanına
görə A.Erno
2008-ci ildə həm Marqerit Duras, həm də Fransua Moriak mükafatlarına layiq görülüb. Həmin
il o, bütün yaradıcı
fəaliyyətinə görə
"Fransız dili ödülü"nü, 2017-ci ildə isə Marqerit Yursenar adına mükafatı qazanıb.
2014-cü
ildən A.Erno
Serji-Pontuaz Universitetinin
fəxri doktorudur.
Oxuculara ilk bölümünü təqdim etdiyim "Atamın yeri" romanı 40 il öncə,
1983-cü ildə Parisdəki
"Gallimar" nəşriyyatında
çap olunub və sonrakı il Fransanın nüfuzlu ədəbi ödüllərindən
sayılan Renodo mükafatına layiq görülüb.
Atamın yeri
Romandan bir bölüm
Öz-özüm üçün
də dəqiqləşdirirəm:
yazmaq - xəyanətdən
sonra mənim tapa biləcəyim ən sonuncu sığınacaqdır.
Jan Jene
Orta məktəbdə müəllim
işləmək üçün
diplom almaqdan ötrü Krua-Russdakı
Lion liseylərindən birində
keçirilən imtahanlardan
uğurla çıxdım.
Təzəcə istifadəyə
verilən həmin liseydə müdiriyyət
və müəllimlər
üçün nəzərdə
tutulan otaqlarda yamyaşıl dibçək
bitkiləri düzülmüşdü,
kitabxananın döşəməsinə
isə açıq boz rəngdə palaz sərilmişdi. Müfəttişin və
ədəbiyyat fənni
üzrə iki təcrübəli müəllimin
iştirakıyla sınaq
dərsinə girməkdən
ötrü mən çağırılacağım anı kitabxanada oturmaqla gözləyirdim. Yazılı imtahanın yekunlarıyla bağlı
vərəqləri qarşısına
düzən bir qadın özündən
arxayın və rahat tərzdə onları gözdən keçirirdi. Qalan ömrüm boyu eyni işi görməkdən
ötrü girəcəyim
bu sınaq dərsində məndən
üstün bir səviyyə göstərmək
tələb olunurdu.
Riyaziyyat
təmayüllü yuxarı
siniflərə həmin
dərsi keçərkən,
şagirdlərə Balzakın
"Qorio ata" romanından seçdiyim iyirmi beş sətrin ardıcıl şəkildə nömrələnməsini
tapşırdım.
Sonra, yəni lisey müdirinin kabinetində ikən, müfəttiş
mənə öz iradını bildirdi:
"İzahınız əcəb
uzun çəkdi, bir az da uzansaydı,
şagirdləri yuxu tutacaqdı".
Bunu deyərkən o, bir cüt assistentinin - bir kişi ilə
çəhrayı tufli
geyinən və gözləri zəif görən xanımın
- arasında əyləşmişdi.
Mən isə onlarla üzbəüz oturmuşdum. Həmin on beş, iyirmi dəqiqə boyu o, gah irad bildirdi, gah məni təriflədi,
gah da öz dəyərli
tövsiyələrini verdi:
mən isə karıxıb qalmışdım
ki, görəsən, bütün
bunlar mənim işə qəbul olunduğuma dəlalət
edir, ya yox. Onların üçü də - qeybdən gələn vahid komandaya əsasən - qəfildən,
həm də ciddi görkəmlə ayağa qalxdı. Mən də o əsnada həyəcanla yerimdən durmalı oldum. Müfəttiş əlini mənə uzatdı. Düz gözlərimin içinə
baxaraq dedi: "Təbrik edirəm, madam".
Digərləri də
əlimi sıxmaqla:
"Təbrik edirəm",
- dedi, qadın isə hələ mənə gülümsədi
də.
Ta avtobus dayanacağına çatana qədər mən həmin səhnəni xatırladım,
xəcalət və çılğınlıq hisslərinə
qapıldım. Elə
o axşam yazdığım
məktubda özümün
artıq diplomlu bir müəllim olduğumun müjdəsini
ata-anamla bölüşdüm.
Cavab məktubunda anam bu uğuruma
ürəkdən sevindiklərini
bildirdi.
Atam bu əhvalatdan düz iki ay sonra - həm də günü-gününə
- dünyasını dəyişdi.
Onun altmış yeddi yaşı vardı və o vaxta qədər Senaboyu departamentə aid İ. şəhərindəki
vağzalın yaxınlığında,
sakit bir məhəllədə yerləşən
kafesini anamla birgə işlədirdi.
Qeyd: Mətndə sıx təkrarlanan "İ." işarəti
ilə müəllif Normandiyanın şimalındakı
Ruan vilayətində yerləşən İvto
(fransızca: Yvetot) şəhərini nəzərdə
tutur - A.Y.
Əslində atam bir il sonra ticarətdən uzaqlaşmaqla, pensiyaya çıxmaq niyyətindəydi.
Lion liseyində yaşadığım
o səhnənin atamın
ölümündən öncə,
yoxsa, sonra baş verdiyini dəqiqləşdirmək lazım
gələndə, adətən
mən nədənsə
karıxıb qalıram:
qərar verə bilmirəm ki, Krua-Russdakı
dayanacaqda avtobus gözlədiyim o küləkli
aprel gününü
daha əvvəl yaşamışam, yoxsa, atamın vəfat etdiyi o bürkülü iyun gününümü?
Ölüm faktı bazar günü,
günortadan sonrakı
saatlarda gerçəkləşdi.
Əvvəlcə anam pilləkənin
başında peyda oldu. Gözlərinin yaşını sildiyi salfeti o, çox yəqin, gündüz yeməyindən sonra yataq otağına qalxmazdan əvvəl mətbəxdən götürmüşdü.
Hər hansı çalardan məhrum bir səslə elan elədi: "Hər şey bitdi". Sonrakı dəqiqələrdə
nələrin baş verdiyi indi dəqiq
xatirimə gəlmir. Elədə atamın mənim arxa tərəfimdəki bir nöqtəyə dikilən
gözləri və üst dodağının
altından görünən
damağı canlanır
yaddaşımda. Deyəsən,
o ara anama demişdim ki, mərhumun gözlərini qapatsın.
Xalam da öz əriylə birgə yatağın böyrünü kəsdirmişdi.
Onlar mərhumu yumaq və üzünü
təraş etmək üçün öz yardımlarını təklif
elədilər, çünki
cəsəd soyuyub qacıyana qədər bu işləri bitirmək vacib imiş. Anam bildirdi ki, atama üç il əvvəl
mənim toyuma aldığı kostyumun geyindirilməsi məsləhətlidir.
Hamımız təmkinli,
yəni hönkürtü
və nalə qoparmadan davranırdıq,
təkcə anamın
gözləri qızarmışdı
və hıçqırığı
heç cür keçmək bilmirdi. Ən adi sözlər
qopurdu dilimizdən. Xalam ilə əri elə hey təkrarlayırdılar: "Çox
da əziyyət çəkmədi",
"Zavallı yamanca dəyişibmiş ha".
Anam isə, hələ də sağ imiş kimi, atamla dərdləşirdi
- sanki qadın öz həyatının fərqli bir mərhələsinə adlamışdı.
Bir neçə kərə
mərhuma hələ:
"Bizim zavallı atamız" deyib, durdu da.
Üzünü qırxdıqdan sonra
xalamın əri meyiti qaldırıb, dik oturtdu ki, son günlər boyu dəyişmədiyi köynəyi
birtəhər əynindən
çıxarmaqla, mərhuma
yenisini geyindirə bilsin. Atamın başı o ara mavi damarları sezilən çılpaq sinəsinə düşdü.
Mən ilk dəfəydi
ki, atamı belə, yəni lüt-anadangəlmə
görürdüm. Anam
köynəyinin ətəkləriylə
əlüstü meyitin
ora-burasını örtdü
və xəfifcə gülümsünərək: "Örtsənə bu ayıb yerlərini, ay zalım", - dedi.
Əyin-baş geyindiriləndən sonra
atamın birləşdirilən
əllərinin arasına
bir təsbeh qoydular. Dəqiq xatırlamıram, kim - anam, yoxsa, xalam
- dedi: "Belə o, bir xeyli yaxşı
görünür", yəni
daha təmizdir, daha baxımlıdır mənasında. Pəncərə
qapaqlarını qapayıb,
ta nahardan bəri qonşu otaqda yatan oğulbalamı oyadaraq, qulağına pıçıldadım: "Səssiz
ol ha, baban lay-lay edib".
Xalamın əri İ.-də
yaşayan bütün
qohum-əqrəbaya xəbər
saldı və onlar da durub, qapımıza gəldilər.
Anam və mənimlə birgə yataq otağına qalxan bu qohumlar
bir neçə dəqiqə boyu səssiz-səmirsiz yatağın
böyründə dayandıqdan
sonra atamın xəstəliyi və qəfil vəfatı barədə nələrsə
pıçıldaşmağa başlayırdılar. Aşağı
endikləri vaxt isə biz onlara kafemizdə oturub, nə isə içməyi təklif eləyirdik.
Ölüm faktını təsdiqləyən
həkimin kimliyi də artıq yaddaşımdan silinib-gedib.
Bir neçə saat ötüncə, atamın
üzü tanınmaz
hala düşdü. Axşamüstü, onun otağında oturduğum
vaxt mən tamamilə yalqız idim. Pəncərə qapaqlarının arasından
süzülən işıq
zolağı linoleum örtüyün
üzərinə düşürdü.
Hə, qarşımda uzanan bu kişi daha
mənim atam deyildi. Üzülmüş
sifətinin böyük
qismini burnu zəbt eləmişdi. Əyninə gen gələn
tünd göy rəngli kostyumun içində isə o, yuxuya gedən zərif quşcığazı
xatırladırdı. Keçindiyi
vaxt geniş açılan, donuq gözlərə malik sifəti
də artıq tanınmaz bir hala düşmüşdü.
Ancaq bundan sonra mən onu - hətta bu kökdə belə - əsla görə bilməyəcəkdim.
Onu harada və necə dəfn edəcəyimizi, cənazə
ayininin harada icra olunacağını, ölüm xəbərini
kimlərlə bölüşəcəyimizi,
dəfn mərasiminə
nə geyinəcəyimizi
öz aramızda müzakirə elədik. İçimdə elə təəssürat yaranmışdı
ki, bütün bu hazırlıqların, əslində
atama zərrəcə
dəxli yoxdur. Sanki bu, mərhumun özünün məlum səbəblər ucbatından
qatıla bilməyəcəyi
bir mərasim idi. Anam hədsiz
dərəcədə həyəcanlı
görünürdü, hətta
bir ara mənə
dedi ki, ölümü
ərəfəsində, gecə
vaxtı atam onu öpmək üçün önə
doğru uzansa da, artıq danışmağa
heç heyi qalmayıbmış. Sonra anam
əlavə elədi:
"Bilirsən də,
cavan vaxtı o, xeyli yaraşıqlı kişi idi".
Bazar ertəsi günü otaqda bir qoxu
peyda oldu. Onun necəliyini əvvəllər heç
təsəvvürümə də gətirməzdim. Suyu uzun müddət
dəyişdirilməyən vazada artıq çürüməyə başlayan
çiçəklərə xas, əvvəlcə xəfif, daha sonra isə üfunəti xatırladan
bir qoxu idi bu.
Anam, sadəcə, dəfn günü öz ticarətinə ara verdi. Əks halda, o, müştərilərini
itirə bilərdi və bunu özünə
heç cür rəva görməzdi. Mərhum atamın nəşi üst mərtəbədə uyuyurdu,
alt qatdakı məkanda
isə anam öz müştəriləri
üçün cirə
arağı və qırmızı şərab
süzürdü. Nəcib
tərbiyə görmüş
şəxslərin ortaq
qənaətinə görə,
mərhumun yaxınları
göz yaşı axıtmalı, susub-durmaqla,
bacardıqca ləyaqətli
davranmalıdırlar. Anam
isə, eynilə digər qonşularımız
kimi, gündəlik məişət qayğılarına
sədaqətini sərgiləyirdi
deyə, davranışlarında
o ləyaqətin bircə
zərrəsi də sezilmirdi.
Atamın
keçindiyi bazar günündən
dəfn olunacağı
çərşənbəyə qədərki müddətdə
kafeyə baş çəkən daimi müştərilərin hamısı
masa arxasına keçən
kimi bu ölüm
faktına qısaca rəy bildirirdi, ya: "Belə qəfil ölməsi qəribədir, vallah...",
ya da süni bir şuxluq sərgiləyərək: "Deməli,
məkanın sahibi də öz təslim bayrağını
qaldırdı" - deyirdilər.
Bu xəbəri ilk dəfə
öyrənərkən hansı
hissləri keçirdiklərini
də hələ bizimlə bölüşürdülər:
"Möhkəm sarsıldım"
və ya: "Nə hala düşdüyümü
sözlərlə ifadə
eləməm, düzü,
imkansızdır". Guya
bununla, nəzakət xatirinə də olsa, anama demək
istəyirdilər ki, onun
dərdinə şərik
çıxırlar. Bir çoxları
diri ikən atamı son kərə necə gördüklərindən
söz salır, o son görüşü ən
xırda təfərrüatlarına
qədər bizə təsvir eləməyə
çalışırdılar: o görüşün harada,
nə vaxt, hansı hava şəraitində baş
tutduğundan, mərhumla
nə barədə danışdıqlarından ətraflı
söz açırdılar.
Həyatın hələ
öz axarıyla getdiyi vaxtdakı həmin görüşü
xatırlamaqla, onlar bu ölüm xəbərini ağıllarına
belə sığışdırmadıqlarını
dərhal göstərməyə
can atırdılar. Sırf
nəzakət xatirinə,
onlar mərhuma bir daha nəzər
salmaq üçün
bizdən izn istəyirdilər. Ancaq anam da bu izni
hər kəsə vermirdi, çünki mərhuma həqiqi rəğbət hissi duyanlar ilə onu, sadəcə, maraq xatirinə görmək istəyənləri
dəqiq ayırd eləyə bilirdi. O, kafe müştərilərinin,
demək olar ki, hamısına atamla vidalaşmaq fürsəti
yaratdı. Qonşuluqdakı
inşaat ustasının
arvadına isə bu imkanı da çox gördü, çünki ağzını
toyuğun bir yeri kimi büzərək
danışan o qadından
hələ sağ ikən də atamın zəndi-zəhləsi
gedərdi.
Bazar ertəsi dəfn bürosunun əməkdaşları
evimizə baş çəkdi. Mətbəxdən
yuxarıya, yəni yataq otaqlarına qalxan pilləkənin tabutu endirmək üçün hədsiz
dar olduğu onda ortaya çıxdı.
Odur ki, meyiti sellofan torbaya qoyub, pillələrlə üzüaşağı, həm
də bircə saatlığa öz fəaliyyətinə ara verən kafenin tən ortasındakı boş tabutun yanına endirmək, daha doğrusu, pillələrlə sürütmək
lazım gəldi. Bu eniş prosesi hədsiz uzun çəkdi, çünki
büro əməkdaşları
cəsədi ümumilikdə,
xüsusilə də,
döngələrdə necə
daşımağın daha
rahat olacağı barədə öz aralarında bir xeyli məsləhətləşib,
durdular.
Bazar günündən bəri
atamın başı altına qoyulan yastıqda biz bir çuxur yarandığını
gördük. Meyit yataq otağında qaldığı günlər
ərzində biz orada
hər hansı yır-yığış etməmişdik
və atamın geyimləri hələ də stulun başında dururdu. Onun iş kombinezonunun
zəncirbəndli cibindən
bir dəstə pul çıxdı - bunlar, yəqin ötən çərşənbədən
qalan günlük qazanc idi. Mərhumun
dərmanlarını zibil
qutusuna, geyimlərini isə kirli paltarlar üçün səbətə atdım.
Dəfn
ərəfəsində ehsan
yeməyi kimi bir qədər dana əti qızartdıq. Çünki bizi sayıb, dəfn mərasiminə qatılan
insanları doyurmadan yola salmağı özümüzə heç
cür rəva bilməzdik.
Axşamüstü ərim də gəlib çıxdı:
mərhumun evindəki
matəm ovqatının,
sanki bu günəşdə yanıb-qaralan
adama hər hansı dəxli-zadı yox idi. Həmin
gün o, bu evdə həmişəkindən
daha yad birisi kimi davranırdı. Onunla birgə həmin gecə mən ata ocağımdakı
yeganə ikinəfərlik
yataqda, üstəlik də, atamın keçindiyi o çarpayıda
yatmağa məcbur qaldım.
Qəsəbəmizdə yaşayan xeyli insan - evdar
qadınlar və bir saatlığa işdən icazə alan fəhlələr - həmin gün kilsəyə yığılmışdı.
Gözlədiyimiz kimi,
atamın sağlığında
yaxın əlaqələr
saxladığı "yüksək
vəzifəli" məmurlardan
və həmkarı sayılan tacirlərdən
heç kəs bu tədbirə qatılmağı özünə
rəva bilməmişdi.
Onsuz da, atam heç bir təşkilata-zada üzv
deyildi, hər hansı kütləvi tədbirə də qatılmazdı, amma buna rəğmən, tacirlər
birliyinə hər ay üzvlük haqqı ödəyirdi. Əza məclisi əsnasında keşiş "halal zəhmət
və dürüstlüklə
yaşanan ömür",
"həyatı boyu
heç vaxt və heç kimin haqqını yeməyən bir insan" ifadələrini
dilinə gətirdi.
Sonra biz dəfnə qatılanların
əlini sıxmağa
başladıq. Mərasimə
rəhbərlik edən
keşişin səhlənkarlığı
ucbatından biz daha öncə əl görüşdüyümüz
insanların əllərini
təkrar sıxmağa
məcbur qalmışdıq:
özünün sonradan
dediyinə görə,
guya o, bunu iştirakçılar çox
görünsün deyə,
belə düşünübmüş.
Ancaq bu səfər adamlar bizə təkrar başsağlığı vermədən,
yəni əlüstü
əlimizi sıxmaqla,
tələm-tələsik oradan
uzaqlaşırdılar.
Yırğalanan tabut kəndirlərin köməyi ilə məzara endirildiyi an anam, eynilə
mənim toyumda ayin icra olunarkən
etdiyi kimi, özünü tuta bilməyib, hönkürtü
vurdu.
Ehsan verməkdən
ötrü kafemizdəki
masaları tək cərgə üzrə düzdük. Əvvəlcə
hamı sükuta dalsa da, getdikcə
söhbət qızışdı.
Günortaya qədər
şirin-şirin yatan
balaca oğlum masaların arasında dolaşır, bağımızdan
yığdığı çiçəyi
və ya çınqılı-daşı qonaqlarımıza paylayırdı.
Masanın digər
ucunda əyləşən
əmim məni görməkdən ötrü
irəli əyilərək
dedi: "Atanın səni velosipedlə məktəbə apardığı
vaxtlar yadına gələr də, yəqin?" Onun səsi eynilə atamınkını xatırladırdı.
Axşam saat
beşə doğru hamı öz ev-eşiyinə dağılışdı.
Biz isə kəlmə kəsmədən
masaları əvvəlki
yerlərinə qaytardıq.
Ərim elə həmin gün axşam qatarıyla geri döndü.
Mən isə
ölüm faktıyla
bağlı gərəkli
rəsmi sənədləri
yoluna qoymaqdan ötrü daha bir neçə gün anamın yanında qalası oldum. Bələdiyyədəki
ailə kitabımıza
müvafiq qeyd işləndi, dəfn bürosuna xidmət haqqı ödədik, başsağlığı mətnləri
göndərənlərə birbəbir cavablar yazıldı. Anam üçün "dul xanım A… D…" sözlərinin
yazıldığı vizit
kartları sifariş verdik. O günlər ərzində başım-beynim
qayğılardan tamamən
uzaq idi, sanki düşünmək
bacarığımı da
itirmişdim. Küçədə
gedərkən, bir neçə kərə ağlıma bu fikir gəlmişdi: "Artıq mən də yetkin biriyəm" (ilk dəfə aybaşı olanda anam da
mənə məhz belə demişdi: "Artıq sən də böyük bir qız sayılırsan").
Ehtiyacı olanlara
paylamaqdan ötrü atamdan qalan pal-paltarı
bir yerə yığdıq. Gündəlik
geyindiyi və zirzəmidə asılan pencəyinin cibindən bir pulqabı çıxdı. İçində
bir qədər pul, sürücülük
vəsiqəsi, onun düymə ilə bağlanan qismində isə bir parça
qəzetə bükülmüş
foto tapdım. Kənarları qırt-qırt
kəsilən o fotoda bir dəstə fəhlə əks olunmuşdu. Hamısı kaska taxmış bu adamlar gözlərini
düz obyektivə zilləmişdilər. Həmin
foto rəsmli tarix kitablarında verilən, tətillərə
və ya Xalq Cəbhəsinə aid fotoları xatırlatdı mənə.
Arxa sırada dayanan atamın üzündən dərin
ciddiyyət və narahatlıq ifadəsi oxunurdu. Şəkildəkilərin
çoxusu gülümsəyirdi.
Qəzet parçasında
isə Qadın Pedaqoji məktəbinə
qəbul imtahanları
zamanı yığılan
ballar çap olunmuşdu. İkinci yerdə mənim ad-soyadım gəlirdi.
Anam təkrar əvvəlki hüzuruna qovuşdu. Kafedə öz müştərilərinə xidmət göstərməklə məşğul idi. Amma qadının üz-gözü soluxmuşdu nəsə. Axı kafeni açmazdan əvvəlki saatlarda o, hər gün məzar ziyarətinə yollanırdı.
Anni ERNO
Dilimizə çevirdi: Azad Yaşar
Ədəbiyyat
qəzeti.- 2024.- 4 may, ¹16.- S.46-47.