Amerikalı yazıçı : “Yəqin ki, hamımız Şekspirlə görüşmək
istərdik”
Amerikalı yazıçı
Coys Kerol Outs 16 iyun 1938-ci ildə anadan olub. İlk kitabını 1963-cü ildə
çap etdirib. O vaxtdan bəri yazıçının 58 romanı,
çoxlu sayda pyesi, novellaları, bir neçə cilddə qısa hekayələri, şeirləri,
qeyri-bədii əsərləri
çap edilib.
Onun "Qara su" (1992), "Mən nə üçün yaşadım" (1994), "Sarışın"
(2000) romanları və
"Məhəbbət çarxı"
(1970), "Sevimli, qaranlıq,
dərin: Hekayələr"
(2014) adlı hekayələr
toplularının hər
biri Pulitser mükafatının finalçısı
olub. O, yazılarına
görə bir çox mükafatlar alıb, o cümlədən,
"Onlar" (1969) romanına
görə Milli Kitab mükafatına
layiq görülüb,
iki dəfə O.Henri Mükafatı,
Milli Humanitar Elmlər
Medalı və Yerusəlim mükafatı
(2019) qazanıb.
O, Rozamond Smis və Louren
Keli təxəllüsü ilə bir neçə
roman da nəşr etdirib.
Yazıçı 1978-ci ildən
2014-cü ilə qədər
Prinston Universitetində
dərs deyib və Yaradıcı Yazarlıq proqramı ilə Humanitar Elmlər üzrə
Professor Emeritadır. 2016-cı ildən 2020-ci ilə qədər o, Berklidəki
Kaliforniya Universitetində
qonaq professor olub və burada yaz semestrlərində qısa bədii ədəbiyyat dərsləri
verib. Hazırda Nyu-Brunskvildəki Rutgers Universitetində
dərs deyir. Outs,
2016-cı ildə Amerika Fəlsəfə
Cəmiyyətinə üzv
seçilib.
Yazıçının oxumağı
sevdiyi, onu yazıçılığa ruhlandıran,
gənclərə oxumağı
məsləhət gördüyü
kitablar haqqında danışdığı müsahibəsini
təqdim edirik.
- Harada
və nə vaxt oxumağı sevirsiniz?
- Hər yerdə! Ən sevdiyim və ən rahatı sərin havada, soba (kamin) qarşısında oxumaqdır, təyyarədə
oxumaq da ləzzətli
olur, gözləmə
zallarında, ya da növbədə gözləyərkən,
hətta bu günlərdə tez-tez telefonda gözlədiyim vaxtlarda belə oxuyuram. Oxumalı olduğumuz kitablar təcili hallar üçün əlimizin
altında olmalıdır.
- "Audiokitab"lara
qulaq asırsınız?
- Bəli, bir neçə dəfə dinləmişəm,
amma daha çox dinləyəcəyimə
ümid edirəm. Axtarıb öz kitablarımın da audiovariantını
tapmağa çalışacam,
onları da belə dinləmək istəyirəm,
olduqca təsirli idi.
- Oxuduğunuz sonuncu ən gözəl kitab hansı olub?
- Ceyms Coysun "Uliss" romanı. Bu ilin iyun ayında, daha əvvəl bu kitabı oxumamış, ərimlə
birlikdə "Blumsdey
şənlikləri"nə görə (Dublində hər il iyunun 16-da qeyd olunan Ceyms
Coys heyranlığına
həsr olunmuş bir gün - tərc.) Dublinə getməyə hazırlaşarkən
bir daha oxudum (Ən sevimli hissəm "Ithaca"dır).
- Hansı kitab sizə daha çox təsir edib? Hansı kitabı özünüz
yazmaq istərdiniz?
- Nənəm
Luis Kerolun "Alisa möcüzələr
ölkəsində" və
"Alisa xəyal güzgüsündə"
romanlarını mənə
verəndə doqquz yaşım vardı və onlar mənə
çox təsir etmişdi. Bunlar, şübhəsiz ki, məni
yazmağa ruhlandıran
kitablar idi və Alisa illər ərzində ən çox özümə bənzətdiyim qəhrəman
idi. Onun prinsipləri də mənimkinə bənzəyir:
"Daim hər şeylə maraqlanan"...
- Prezidentə
(ABŞ prezidentindən söhbət
gedir - tərc.) bir kitab oxutdura bilsəydiniz, bu hansı kitab olardı?
- Amerikalı faciəvi dastanımız
Herman Melvilin "Mobi Dik" romanı. Çox mənalı bir kitabdır.
- Oxuma vərdişiniz necədir?
"Kağız", yoxsa,
elektron kitabları daha çox oxuyursunuz? Qeydlər apararaq oxuyursunuz?
- Təbii ki,
"kağız" kitablara
üstünlük verirəm,
onlar cildləri və səhifə tərtibatları ilə bir-birindən çox fərqlənir, elektron kitablar belə deyil, orada sözlər
suda üzən qarışqalara bənzəyir.
Kitabları tez-tez nəzərdən keçirdiyim
üçün qeydlər
aparıram. Amma səyahət
edirəmsə, elektron
kitablar da oxuyuram.
- Sizi güldürən, yoxsa, ağladan, nələrsə
öyrənəcəyiniz, yoxsa, fikrinizi dağıdacaq kitablar oxumağı üstün
tutursunuz?
- Niyə birini seçməliyəm?
Ən yaxşı kitabların çoxu bir deyil, adamda
bir çox hiss oyadır. Mən demək olar ki, bütün yazılarımda
yumoru (əgər qara yumorsa) gizlətməyə
çalışmışam, lakin oxucularımın bəzisi bunun fərqinə varıb - etdiyim, Obri Bördsleyin
rəsmlərindəki "ədəbsizliyi gizlətməsi"
kimi bir şeydir.
- Uşaqlıqda
ən çox sevdiyiniz kitab hansı olub?
- Buffalonun şimalında, Nyu-Yorkun qərbində, kiçik,
çox da zəngin olmayan bir fermada
böyüdüyüm üçün
əlimə keçən
çox az kitab vardı və onların hamısı, eynən Alisa seriyasından
olan kitablar kimi çox qiymətliydi. Yəqin ki, ən çox sevdiyim əsər çox gənc yaşlarımda oxuduğum
Edqar Alan Ponun "Qızıl böcək"
romanıdır.
- Sonuncu kitablarınızdan biri -
"Sənə deməyi
unutduğum bir neçə şey" gənclər üçün
yazdığınız bir
ktabdır. Gənclər
üçün olan ən çox sevdiyiniz bir neçə kitab adı çəkə bilərsiniz?
- Günümüzün
standartlarına görə,
"Helkberri Finnin macəraları", "Vəhşiliyin
çağırışı",
"Toyun bir üzvü", "Bülbülü
öldürmək", "Çovdarlıqda uçurumdan
qoruyan", "Milçəklərin
Tanrısı" kimi
klassiklər gənclər
üçün romanlara
yaxşı nümunə
ola bilər.
- Sizdə məyusluq yaradan, həddindən çox şişirdilmiş, kifayət
qədər yaxşı
olmadığı halda,
sevəcəyinizi düşündüyünüz
və sevmədiyiniz kitablar hansılardır? Bitirmədən qaytarıb
rəfə qoyduğunuz
son kitabı xatırlayırsınız?
- D.H.Lourensi
ilk oxumaq cəhdim uğursuz olmuşdu - o vaxt kifayət qədər yetkin deyildim, indi Lourens Universitet dərslərimdə
tələbələrimə dəfələrlə öyrətdiyim
və ən sevdiyim müəlliflərdən
biridir. Başqa bir məyusluğum, çox gənc yaşlarımda oxuduğum
Volt Vitmenlə bağlıdır
(bilirəm, inanılmazdır,
axı kim Volt Vitmen oxuyub xəyal
qırıqlığı yaşadığını etiraf
edə bilər? Lütfən, təhqiredici
elektron məktublar göndərməyin).
Əgər nəzərdən
keçirdiyim kitab məyusluqla
nəticələnərsə, mən mətndən çoxsaylı cümlələr
göstərərək onu
obyektiv şəkildə
oxucuya təqdim etməyə çalışıram
ki, oxucu mənim təsirimə düşmədən
öz fikrini formalaşdıra bilsin. (Əslində, məncə,
bu fikirlərin o qədər də önəmi yoxdur. Bir oxucunun, sanki Çin yeməklərini bəyənmirmişcəsinə Beovulf kimi klassiki
bəyənməməsi necə
önəmli ola bilər
ki?!)
- Yazarlıq dərsində müəllim
olaraq istifadə etməyi ən çox sevdiyiniz kitab hansıdır? Sizcə, bütün yazıçılar
hansı kitabı mütləq oxumalıdırlar?
- Sadəcə, bir mətnin və ya antologiyanın
adını çəkə
bilmərəm. Yeri gəlmişkən - 1978-ci ildə
Prinstonda oxuduğum vaxtdan bəri - öz sevimli qısa hekayələrimi və qısa esselərimi, adətən
bədii ədəbiyyat
emalatxanalarımda oxutdurduğum
bir neçə antologiyaya yerləşdirmişəm.
Bunlara "Oksford
Amerika Qısa Hekayələri
Kitabı", "Müasir
Amerika Qısa Bədii
Əsərlərinin Ekko
Antologiyası" və
"Hekayələr Antologiyası:
Yazıçılar üçün
Antologiya" daxildir.
- Həyatda olmayan bir yazıçı
ilə tanış
ola bilsəydiniz, o kim
olardı? Nə soruşmaq, nəyi bilmək istərdiniz? Heç özünüz hər hansı oxucunuza yazmısınızmı?
- Yəqin ki, hamımız Şekspirlə
görüşmək istərdik
(adamın bütün
bu pyesləri yazıb-yazmadığını soruşa bilərdik). Bəzilərimiz də
Emili Dikinsonla görüşməyi
xəyal edirdik (soruşmaq
lazımdır ki, Uilyam
Şekspir və Emili Dikinson bizimlə görüşmək istərdimi?!).
Təəssüf ki, vaxtımın
doxsan faizini yazıçı dostlarıma
və oxucularıma məktublar, elektron məktublar yazmağa sərf edirəm. Problem ondadır ki, onlar cavab yazırlar və mən də cavablayıram.
Təbii ki, mənə
çoxlu məktublar
gəlir, əksəriyyəti
isə belə başlayır: "Müəllimim
amerikalı bir yazıçı haqqında
yazmağımızı istədi,
mən də sizi seçdim, amma sizin haqqınızda
çox məlumat
tapa bilmirəm. Nədən
yazırsınız? Ən
sevdiyiniz kitablar hansılardır? Yazmaq üçün ideyaları
necə əldə edirsiniz? Ümid edirəm ki, bazar ertəsinə
qədər cavab verəcəksiniz, çünki
yazımı bazar ertəsi
təhvil verməliyəm"...
- Tanış olduğunuz yazıçılardan
hansı sizə daha çox təsir edib?
- İndiyə qədər 1449 yazıçı
ilə tanış olmuşam və bir çoxları da tanış olmağı gözləyir. Əminəm
ki, onların hamısından,
xüsusilə də,
gözəl işləri
olan, istedadlı yazıçı dostlarımdan
çox təsirlənmişəm,
amma inanıram ki, ən böyük sürprizlər hələ
gəlməyib.
- İndi nə oxumağı planlaşdırırsınız?
- Bu müsahibəyə
başladığımızdan bəri, çoxu yazıçı dostlarımdan
gələn 16 mühüm
elektron məktubu...
Hazırladı: Nilufər Hacılı
Ədəbiyyat qəzeti.
- 2024. - 4 may, ¹ 16. - S. 48.