Həmid Araslı və "Kitab-i
Dədə Qorqud"un Azərbaycan sərüvəni
Almaniyanın Drezden şəhərinin arxivində
saxlanılan "Kitab-ı Dedem Korkud Ala Lisan-ı Taife-i Oğuzan", yəni
"Oğuz tafyalarının
dilində yazılmış
Dədə Qorqut Kitabı" və Vatikanda saxlanılan və altı hekayədən oluşan
"Hikayet-i Oğuzname,
Kazan Beğ ve Gayrı " əlyazmaları
Oğuz türklərinin
bilinən ən qədim epik hekayələrindən ibarətdir.
XIV və ya XV yüzildə anonim bir yazar tərəfindən
orijinaldan köçürülmüş
və başda Azərbaycan, Türkiyə
və Türkmənistan
olmaq üzərə Oğuz xalqlarının ortaq mədəni mirasının bir parçası olan bu dastanlar, İslam dinini qəbil etməzdən öncə
Oğuz türklərinin
mübarizələrini, həyat
tərzlərini, inanclarını,
əxlaqi və milli dəyərlərini, ədəbi
təfəkkürlərini araşdırmaq və öyrənmək baxımından
misilsiz bir qaynaq olmaqdadırlar.
"Dədə Qorkud Kitabı"nın Drezden nüsxəsini ilk dəfə
alman H.O.Fleisch tapmışdır.
Kitab haqqında ilk məlumat
isə alman türkoloqu
Heinrich Friedrich von Diezinnin 1815-ci ildə yazdığı məqalədə verilmişdir.
Bu yazıdan 100 il sonra
Kilisli Rıfat bəy Drezden nüsxəsinə dayanaraq
"Kitab-ı Dede Korkud ala Taife-i Oğuzan"ı
ilk dəfə 1916-ci ildə
İstanbulda çap etdirmişdir. 1938-ci ildə
isə görkəmli
qorqudşünas alim Orxan
Şaiq Gökyay dastanı fotosurəti və "Dədə Qorqut" adıyla yayımlamışdır. Kitab müəllif tərəfindən
təkmilləşdirilərək dəfələrlə çap
olunmuşdur.
Maraqlıdır ki, Orxan
Şaiq Gökyayın
nəşrindən bir
il sonra, 1939-cu ildə
gənc alim Həmid Araslı, ölkədə tüğyan
edən repressiyalar və bu repressiyaların
əsas qurbanlarından
birinə çevrilmiş
türkologiya elmi və türkoloq alimlərin, türkçü
yazarların həbs olunduğu, Sibirə sürgün edildikləri,
hətta güllələndikləri
bir vaxtda, Azərbaycanda ilk dəfə
"Kitabi-Dədə Qorqud"un
əhatəli şərhlərlə
mükəmməl elmi-tənqidi
mətnini hazırlayaraq
çap etdirir. "Kitabi-Dədə Qorqud"u
nəşr etdirməklə
o, Azərbaycan ədəbiyyatına,
mədəniyyətinə, eləcə də bütün türkologiya elmimizə böyük xidmət göstərmişdir.
Alim eyni zamanda "Kitab"ın araşdırılması
ilə də ciddi məşğul olmuşdur. Bu mədəni
abidənin üzərində
çalışarkən, Həmid
Araslı kompleksli araşdırma sistemi olan türkologiya elminin uğurlarından geniş istifadə etmişdir.
Bilindiyi kimi, akademik Həmid Araslı milli ədəbiyyatşünaslığımızın
formalaşmasında önəmli
rol oynayan azsaylı filoloq və türkoloq-şərqşünaslarımdan
biridir. Geniş erudisiyaya sahib olması və şərq dillərini mükəmməl
bilməsi sayəsində
o, orta əsrlər Azərbaycan ədəbiyyatını
islam mədəniyyəti
kontekstində araşdırmış
və ona yeni baxış açısı
gətirmişdir. Böyük
klassiklərimiz Nizami,
Nəsimi və Füzuli irsinə həsr etdiyi əsərləri Həmid
Araslını orta əsr ədəbiyyatımızın
nüfuzlu bilicisinə
çevirmişdir.
Həyatının ağır
keçməsinə - iki
yaşında şəhərin
təhsilli alim-ruhanilərindən
olan atası Hacı Məhəmmədtağı
Ərəszadəni, daha
sonra anası Dürrübəyim xanımı
itirən və bir müddət Gəncənin tanınmış
ziyalılarından olan
yaxın qohumlarının
himayəsində yaşayan
Həmid Araslı həmişə təhsilə,
oxumağa maraq göstərmişdir. O, əvvəlcə,
Gəncənin Şah
Abbas məscidi nəzdindəki
mədrəsədə, 1922-ci ildə isə Gəncə Darülmüəllimi
seminariyasında təhsil
almağa başlamış,
seminariyanı bitirdikdən
sonra Nəbiağalı
kənd məktəbində
əvvəlcə müəllim,
sonra isə direktor vəzifəsində
işləmişdir. H.Araslı 1929-cu ildə
Bakıya gələrək,
Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun dil və ədəbiyyat
fakültəsinə daxil
olmuşdur. 1932-ci ildə
aspiranturada təhsil almaqla yanaşı, keçmiş SSRİ EA-nın
Azərbaycan filialının
nəzdində təşkil
olunmuş kitabxananın
şərq şöbəsində
müdir işləmişdir.
1938-ci ildə Azərbaycan
Dövlət Universitetinin
filologiya fakültəsində
orta əsrlər Azərbaycan ədəbiyyatı
tarixindən dərs deməyə başlayan Həmid Araslı,
1943-cü ildə "XIII-XVI əsrlərdə Azərbaycan
ədəbiyyatı" mövzusunda
dissertasiya müdafiə
edərək filologiya
elmləri namizədi elmi adını alır. 1944-cü ildə
isə Azərbaycan Dövlət Universitetində
Yaxın Şərq ədəbiyyatı kafedrasının
müdiri vəzifəsinə
təyin olunur.
1954-cü ildə "XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi"
mövzusunda doktorluq dissertasiyası müdafiə
edir. Bir il sonra ona professor adı verilir. H.Araslı
1958-ci ildə Azərbaycan
EA-nın müxbir üzvü, 1968-ci ildə
həqiqi üzvü seçilir. 1968-ci ildə
Özbəkistanın, 1979-cu ildə Azərbaycanın Əməkdar elm xadimi adına layiq görülüb.
Bunları xatırlatmaqda
məqsədim Həmid
Araslının Azərbaycan
ədəbiyyatı tarixinin
öyrənilməsində, ədəbiyyatşünaslıq elminin gəlişməsində,
əlyazmalarının toplanması
və sistemləşdirilməsində,
türkologiyanın inkişafında
nə qədər böyük rol oynadığını xatırlatmaqdır.
Zənnimizcə, onun ədəbiyyatşünaslıq sahəsində böyük
uğurlara imza ata bilməsinin əsas səbəblərindən
biri, alimin eyni zamanda görkəmli
türkoloq və folklorçu olması ilə bağlıydı.
Bütün bunlar həqiqətdir. Bir həqiqət
də ondan ibarətdir ki, Həmid Araslının həyatı
və elmi fəaliyyəti, göründüyü
kimi, hər zaman rahat olmamış, çox ağır sınaqlardan da keçmişdir.
1951-ci ildə Mir
Cəfər Bağırov
"Kitab-ı Dədə Qorqud"un
"mahiyyətinə burjua-millətçilik
zəhəri hopmuş"
"irticaçı xarakter
daşıyan" bir
abidə olduğunu
elan edir və Xalq yazıçısı
Elçinin də yazdığı kimi
"bundan sonra
anti,"Dədə Qorqud"
kompaniyası başlayır.
Dünənəcən bu
abidənin həqiqi qiymətini vermiş ən istedadlı Azərbaycan ədəbiyyatşünasları
Mir Cəfər Bağırovun
bu iddiasını təsdiq etmək məcburiyyətində qalır
və əvvəllər
bu abidəyə yüksək qiymət verdikləri üçün
üzr istəyirdilər
(bunu da deməyi borc bilirəm ki, yalnız rəhmətlik akademik Həmid Araslı istəmir).
("Elçin. Mir Cəfər
Bağırov kim idi?" - "Ədəbiyyat
qəzeti". 27 aprel
2024). "Dədə Qorqud
Kitabı"na qarşı
qaralama kompaniyalarının
aparıldığı mərkəzlərdən
biri də Azərbaycan Yazıçılar
İttifaqı olmuşdu.
Orada keçirilən iclaslarda,
Elçinin dili ilə desək, "bu görkəmli (eləcə də görkəmsiz) yazıçılar"
Bağırovun bu böyük abidə haqqında dediklərini qızğın dəstəkləyir,
"Dədə Qorqud
Kitabı"nın araşdırmaçılarını,
ilk növbədə də,
onu hazırlayıb nəşr və tədqiq edən Həmid Araslını kəskin tənqid atəşinə tuturdular.
Məni uzun illər bir sual maraqlandırırdı.
Mahiyyəti, xasiyyəti
etibarı ilə olduqca mədəni, mülayim, sakit, dedi-qodulardan uzaq olan yaxın qohumum, dayım Həmid müəllimin, repressiyanın, təqibin,
qorxunun hökm sürdüyü bir vaxtda, başqalarından fərqli olaraq, Bağırovun dediklərindən
sonra üzr istəməməsinin, "Kitab" haqqında öz fikrində, mövqeyində
qalmasının bir bədəli olacağını,
"hökmdarın" qəzəbinə
tuş gələcəyini
bilmirdimi? Keçən
əsrin 70-ci illərinin
əvvəllərində Həmid
müəllim Türkiyədə
keçirilən bir konqresə qatılmaq üçün Moskvaya gəlmişdi (o vaxtlar xaricə ancaq Moskva üzərindən getmək
olardı). Oğlu
Elman Araslının evində
qaldığı iki-üç
gün ərzində tez-tez görüşüb,
söhbət edirdik. Fürsətdən istifadə
edib, illərdir məni tədirgin edən bu sualı
Həmid müəllimə
verdim. O, yarımçıq
çəkilmiş siqaretini
söndürüb yenisini
yandırdı, xəyala
getdi və bir müddətdən sonra: "Əlbəttə,
qorxurdum, özü də möhkəmcə. Həm də özümdən çox,
ailəm üçün
qorxurdum. Yazıçılar
İttifaqındakı ittihamlarla
dolu çox ağır iclasdan sonra evə gəlib Balacaxanımdan (həyat yoldaşı) xahiş etdim ki, bir-iki isti paltarımı
kiçik çamadana
yerləşdirib, giriş
qapısının yanına
qoysun, məni aparmağa gələndə,
heç olmasa, isti paltarlı o çamadanı özümlə
götürə bilim.
Çünki hər
an gəlib məni apara bilərdilər.
Stalin ölənə, Bağırov
həbs olunana qədər mən və ailəm 2-3 il beləcə qorxu içində yaşadıq".
Ölkədə siyasi iqlim bir az
yumşalan kimi Həmid Araslı yenidən böyük əmək sərf etdiyi "Dədə Qorqud Kitabı" ilə bağlı çalışmalarını davam etdirir, 1962 və 1978-ci illərdə
bu qiymətli abidəni genişləndirərək
yenidən yayınlayır.
Bir haşiyə:
1960-cı ildə məktəbi
bitirdikdən sonra mən Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin
türk filologiyası
bölümünə daxil
olmaq istəyirdim. Yaxın qohumumuz Məmməd dayının
təklifi ilə məsləhətləşmək məqsədilə Həmid
müəllimin yanına
getdik. Türkoloq olmaq istədiyimi öyrəndikdə, o, türkologiyanın
bəlalı bir elm olduğunu dedi və təkidlə ərəb və ya fars filologiyalarından
birini seçməyimi
təklif etdi. Mən isə türkoloq olmaq istəyirdim, çünki
Həmid müəllimin
elmi fəaliyyətindən,
başına gələnlərdən
az-çox xəbərim
vardı. Odur ki, fikrimdən dönmədim,
istədiyim bölümə
daxil oldum, fərqlənmə diplomu ilə bitirdikdən sonra 1966-cı ildə Moskvaya gedib SSRİ EA-nın Şərqşünaslıq
İnstitutunun aspiranturasına
daxil oldum, 1968-ci ilin sonlarında dissertasiyamı müdafiə
etdim və İnstitutun istəyi ilə orada çalışmağa başladım.
İnstitutda işlədiyim
25 il boyunca və sonralar Həmid müəllimin yolunu bir baxıma davam etdirməyə çalışdım.
1985-ci ilin mayında keçirilən
Sovet Türkoloqlar Komitəsinin illik toplantısında Komitənin
sədri akademik Andrey Nikolayeviç Kononov və SSRİ Elmlər Akademiyasının müxbir
üzvü, Komitənin
sədr muavini Əthəm Rəhim oğlu Tenişevin təkliflərilə mən
Komitənin xarici əlaqələr üzrə
sədr müavini seçildim. Qarşımda
sovet türkoloqlarının
zəif olan xarici elmi əlaqələrini
canlandırmaq, başqa
ölkələrin, birinci
növbədə, Türkiyə
alimləri və qurumlarıyla təmaslar yaratmaq, beynəlxalq konfranslar keçirmək,
düzənlənən elmi
forumlarda sovet alimlərinin fəal iştirakını təmin
etmək kimi ciddi vəzifələr qoyulmuşdu. Doğrusu, türkologiyanın inkişafından
ehtiyat edən və bu elmin
sadəcə, dilçilik
səviyyəsində tutulmasında
və siyasi konyuktura xidmət etməyində fayda görən o dövrün
iqtidarının tutumunu
nəzərə alsaq,
bu vəzifəni həyata keçirmək
o qədər də asan iş deyildi.
Komitə rəhbərliyi
və üzvlərinin
əksəriyyəti çox
yaxşı başa düşürdü ki, ciddi
beynəlxalq koordinasya,
müxtəlif ölkələrin
alimləri arasında
fikir alış-verişi,
(mübadiləsi,) ortaq
elmi araşdırmalar,
toplantılar olmadan kompleks bir elm olan türkologiyanın inkişafi mümkün deyildir.
Türkiyəni ziyarət
etdikdən, orada apardığım bir çox görüşmələr
və yazışmalardan
sonra Sovet Türkoloqlar Komitəsi daimi sovet-türk kollokviyumlarının təşkil
edilməsi təklifilə
SSRİ Xarici İşlər
Nazirliyinə rəsmi
yazı göndərdi.
Bir müddətdən sonra
yeni imzalanan Sovet-Türk
Mədəni və Elmi Əməkdaşlıq
Protokoluna hər il növbə ilə Sovetlər Birliyi və Türkiyədə keçirilmək şərtilə
Sovet-türk kollokviyumlarının
Protokola salındığını
məmnuniyyətlə öyəndik.
Nə gizlədim, məlum səbəbə görə, kollokviyumun sovet tərəfi başqanı olaraq, birinci toplantının
"Kitabi-Dədə Qorqud"a
həsr olunmasını
və Bakıda keçirilməsini istəyirdim.
Türk tərəfi ilə görüşmələrdən
sonra buna nail oldum və 1988-ci ildə Bakıda "Mədəniyyət
abidəsi olaraq "Dədə Qorqud Kitabı" mövzusunda
kollokviyum keçirdik.
Türkiyə və Sovet İttifaqı tərəfindən toplantıya
qatılan professorlar -
Orxan Şaiq Gökyay, Bahəddin Ögel, Xalıq Korolu və başqa ünlü qorqudşünas alimlərin
iştirak etdikləri
toplantının açılışında
çıxış edərək,
mən Birinci Kollokviyumun, "Dədə
Qordud Kitabı"nın
Azərbaycanda ilk araşdırmaçısı
və naşiri olan akademik Həmid
Araslının əziz
xatirəsinə həsr
olunduğunu bildirdim.
İlk dəfə
Azərbaycana, Bakıya
gələn Orxan Şaiq Gökyay mənə müraciət
edərək, qədim
məsləkdaşı Həmid
Araslının məzarını
ziyarət etmək istədiyini bildirdi. Akademikin qızı,
professor Nüşabə Araslı
onu Fəxri Xiyabanda uyuyan Həmid müəllimin məzarına apardı. Qayıtdıqdan sonra Orxan Şaiqin dediyi sözlər bu gün də
qulağımdadır: "Həmid müəllimin
"dəmir qapı"
arxasında, siyasi basqıdan, təzyiqdən
qorxmadan, çəkinmədən
"Kitabi-Dədə Qorqud"u
araşdırması və
nəşr etdirməsi,
gerçəkdən, bir
qəhrəmanlıq idi.
Ona dərin minnətdarlığımı
bildirdim və bu gün Bakıda
onun şərəfinə
"Dədə Qorqud"
kollokviyumu keçirdiyimizi
söylədim."
Oğuz tayfalarının
bu nəhəng abidəsini yaşadan, xalqlarımıza tanıdan
və sevdirən bu iki böyük
insana, alimə - Həmid Araslı və Orxan Şaiq
Gökyaya Allah qəni-qəni
rəhmət eləsin,
ruhları şad olsun.
Tofiq
MƏLİKLİ
Ədəbiyyat qəzeti.
- 2024. - 11 may, ¹17. - S. 3.