Xeyrəddin Qocanın gülüşü
(Əvvəli 13 -14 - cü
sayımızda)
“Gəlin, mümkün
qədər qısa yazaq, onsuz da
həyatda söz əlindən tərpənmək
olmur”
Y.Lents
Yazıçı
Xeyrəddin Qoca əlinə qələm alandan bəri cəmiyyətdəki çatışmazlıqları,
nöqsanları, eybəcərlikləri,
bir sözlə, bütün naqislikləri
tənqid atəşinə
tutur, satirik-yumoristik dillə oxucularına bir-birindən maraqlı əsərlər təqdim
edir. Dəyərli kitabların, pyeslərin, yüzlərlə satiranın
müəllifi olan ədib ömrü boyu haqsızlıqlarla, ədalətsizliklərlə mübarizə
aparmışdır. Bu
yolda onun özünün də başına qəribə
əhvalatlar gəlmişdir.
Bu əhvalatlarla bağlı yazıçının
mənalı, gülüş
doğuran hazırcavablığı
da, onun atmacaları da, bəzən bilərəkdən,
bəzən bilməyərəkdən
etdiyi hərəkətlər
də - satiraya, yumora, tənqidə xidmət edir.
Xeyrəddin
Qoca nəyə isə etirazını bildirir, kimə isə istehza edir, kimlərəsə öz yerini göstərir. Beləliklə,
sözün əsl mənasında, nələrə,
kimlərə isə gülür. Qəribə
(əslində, qəribə
görünür) dialoqlar,
atmacalar, istehzalar bəzən mənalı bir hekayəni əvəz edir.
"Xeyrəddin
Qocanın gülüşü"nün
əlyazması ilə
tanış olan Xalq şairi Nəriman Həsənzadə
yazır: "Hörmətli
qələm dostumun həcmcə kiçik yazılarını oxuduqca,
gözlərim önündə
həyatın istisini,
soyuğunu görmüş
bir insan canlanır. O birinci növbədə müsahibindən
yüksəkdə durmağı
bacaran hazırcavabdı.
Müdrikdi. Buradakı
fəlsəfi ümumiləşdirmələr
sadədən mürəkkəbə,
mürəkkəbdən sadəyə
meyillidi. Çünki
müəllif bilir ki, onun oxucuları
da müxtəlifdi - hər kəsin özünəməxsus dərketmə
qabiliyyəti olur. Buradakı pritçalar, atmacalar, lətifələr,
kiçik hekayələr,
məişət söhbətləri,
düzünə tuşlanmış
eyhamlar, satirik müraciətlər, ismarıclar,
bir sözlə, bütün ədəbi janrlara bənzəyən bu yazılar Xeyrəddin Qocanın daim ədəbi axtarışlarda olduğunu
və həyatın, cəmiyyətin müəyyən
məqamlarında mənalar
axtardığını, eləcə
də mənəvi paklığını göstərən
nümunələrdi.
Müəllif
hamı və hər kəslə danışdıqca, əslində,
öz düşüncələrini
çatdırır, beləliklə,
teatr işçilərinin
dili ilə desək, personajların birinə çevrilir. Cəmiyyətdə yaşayıb,
cəmiyyətdən kənarda
qalmır. O, həyatı,
insanları sevir, qəlbindəki işığı
paylamaq istəyir və paylayır da".
Təsadüfi
deyil ki, Türkiyədə yayınlanan
"Bu dünyadan məktublar..." kitabı
ilə tanış olan ədəbiyyatşünas
Camal Anadol X.Qocanı "Azərbaycanın
Əziz Nesini", türkiyəli qələm
sahibi İrfan Ülkü "Azərbaycanın
Zoşşenkosu" adlandırmış,
“Hürriyyət” qəzetinin
müxbiri Dursun Özdən isə onu Nəsrəddin Xocaya bənzətmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü,
professor Nizami Cəfərov yazır ki, "Xeyrəddin Qocanın əsərlərində
Əziz Nesindən, Cəlil Məmmədquluzadədən,
Mirzə Ələkbər
Sabir, Əbdürrəhim
bəy Haqverdiyevdən
də nə isə var. Lakin
bu hekayələrin, lətifələrin, zarafatların
müəllifi məhz,
onun özüdür
- Xeyrəddin Qocadır".
Möhtərəm
oxucular!
Sizə
təqdim edilən bu miniatür hekayələrdə X.Qocanın
deyimlərinin bəlkə
də, mində biri toplanmışdır.
Bu gülüş
"payı"nda yazıçının
ayrı-ayrı əsərlərindən
fikirlər də verilmişdir. Onlar da yüksək mənalar kəsb edir.
Xeyrəddin
Qocanın miniatürlərini
çap etdik ki, onun səmimiyyətini
bir daha hiss edəsiniz. Görəcəksiniz, satira,
yumor, gülüş
çox yerdə sizinlə olacaq. Məsəl var, deyərlər: "Bir dəfə ürəkdən
gülmək yeddi gün dəniz sahilində istirahətə
bərabərdir"
Teatrda
Xeyrəddin Qoca Akademik Milli Dram Teatrında
«Mesenat» tamaşasına
baxırdı. Ona hörmət
əlaməti olaraq lojada yer vermişdilər.
Tamaşa son dərəcə
maraqlı olduğundan
tamaşaçı ilə
dolu salondan səs çıxmırdı.
Xeyrəddin Qoca bir də görür
ki, oturduğu stul əyilir, əyildikcə də, cırıltılı
səs çıxır.
Heç demə, stul sınıq imiş. Barmaq işarəsi ilə arada - ortada gəzən nəzarətçini
yanına çağırıb
pıçıltı ilə
deyir:
- O Hacı Zeynalabdinə deyin ki, bu qədər xeyirxah işlər görür, bu stulları da dəyişdirsin.
Nəzarətçi gülür,
çünki Hacı
Zeynalabdin rolunu teatrın direktoru oynayırdı...
Müvəqqəti işsiz
Qurultayda Siyasi Şura üzvlərinin
ad-soyadları olan siyahı oxunur. "Xeyrəddin Qoca - müvəqqəti işsiz"
sözləri oxunarkən
iki mindən çox adam tutan Respublika Sarayında hamı gülür.
Fasilədə vəzifəli
şəxslər - nazirlər,
dövlət adamları,
millət vəkilləri
Xeyrəddin Qocaya yaxınlaşıb deyirlər:
- Deməli, bu yaxınlarda sənə mütləq iş veriləcək.
Xeyrəddin Qoca cavab verir:
- Heç bilirsiniz, salondakılar nəyə gülürdülər?
Mən müvəqqəti
yox, əbədi işsizəm...
Doğrudan da məşhur
yazıçı uzun
müddət işsiz
qalır. Bir gün onu toya çağırırlar.
İçərisində 100 manat nəmər qoyduğu zərfin üstünə "Xeyrəddin
Qoca - müvəqqəti
işsiz" sözlərini
yazıb qutuya atır.
Sonradan toy sahibləri
başa düşürlər
ki, guya Xeyrəddin Qoca "müvəqqəti
işsiz" sözlərini
yazmaqla toya saldığı nəmərin
az olduğuna işarə edir. Yəni "işləsəydim,
daha çox nəmər salardım"
- demək istəyir...
Zarafat
Xeyrəddin Qoca səhər tezdən evini təmir edən ustaya zəng vuraraq zarafatla deyir:
- Usta, mənə iki milyon dollar lazımdır.
Usta yuxulu-yuxulu sanki həmin məbləğin bir hissəsini verəcəkmiş
kimi, soruşur:
- Çox deyil?
Xeyrəddin Qoca dillənir:
- Yaxşı, milyon yarım olsun!
Usta zarafatı başa düşüb xeyli gülür...
Olan yerdən
Xeyrəddin Qoca taksiyə minir. Sürücü başlayır
şikayətlənməyə:
- Yenə səhər-səhər qanım
qaraldı. Qaz pulu, işıq pulu, su pulu
üçün gəlmişdilər.
X.Qoca dillənir:
- A kişi, bazardan havayı bir kiloqram pomidor
ala bilərsən? Qaz,
işıq, su işlətmisən, pulunu
ödə də...
- Qaqaş, olan yerdən də...
Evinin yanına
çatanda Xeyrəddin
Qoca taksidən düşərək sürücüyə
pul vermədən aralanır.
Sürücü:
- Qaqaş, gediş haqqını ver də!..
X.Qoca:
- Qaqaş, olan yerdən də! - deyə cavab verəndə görür ki, sürücü
əsəbiləşir, qayıdıb
gediş haqqını
ödəyir.
Sənin nə işin var
Konsulluğun qadın
əməkdaşlarından biri baş konsulun
kabinetinə gəlib,
Bakıya xəstə
anasının yanına
getmək üçün
ondan bir həftəlik icazə istəyir.
X.Qoca deyir:
- Bir həftə
az olar, get, iki-üç ay Bakıda
gəz, sonra gələrsən...
Əməkdaş:
- Bəs, mənim işimi kim görəcək?
X.Qoca gülümsəyərək:
- Burada heç mənim işim yoxdur, sənin nə işin var? - deyir.
Doğrudan da həmin
qadın üç il
idi konsulluqda çalışırdı, amma
heç kim bilmirdi o nə işlə məşğuldur.
Baş konsul isə bilirdi ki, ailə başçısını
itirmiş bu qadını maaş alıb dolanmaq üçün bu işə göndərmişdilər...
Elə axırıdır...
Bir tanışı
ovqat yaratmaq üçün gecə-gündüz
Xeyrəddin Qocaya zəng vuraraq soruşur:
- Xeyrəddin müəllim, bu işlərin axırı
necə olacaq
X.Qoca da hər
dəfə belə cavab verir:
- Elə axırıdır də...
Yaxşı ki...
Xeyrəddin Qocaya zəng vurub bildirirlər ki, Əli adlı iki naziri
vəzifəsindən çıxarıblar.
O, qeyri-iradi dillənir:
- Yaxşıdır
ki, bizim adımız Əli deyil...
Zəlzələ
Türkiyədə zəlzələ
olur. Onda baş konsul Bakıda idi. Özəl televiziyalardan birinin aparıcısı canlı yayımda ona zəng vurub,
zəlzələ barədə
məlumat istəyir. Baş konsul əvvəlcədən məlumat
topladığından, bildiklərini
söyləyir. Ekranda
onun şəklinin altından isə yazılır: "Baş
konsulumuz İstanbuldan
xəbər verir..."
Uydurma ad
Akademik
Milli Dram Teatrında X.Qocanın
"Hərənin öz
payı..." pyesi tamaşaya qoyulmuşdu. Başdan-ayağa cəmiyyətdəki
eybəcərliklərdən, çatmazlıqlardan, nöqsanlardan
bəhs edən komediyada bəzən aktyorlar tamaşaçıları
güldürmək üçün
yaratdıqları obrazlara
əlavələr edirdilər.
Pyesdə
olmaya-olmaya Gülən
adam Gülməyən
adama deyirdi:
- Amerikadan
Danbalbay Bakıya gəlir...
X.Qoca
"Danbalbay" sözündən
çox əsəbiləşir,
fasilədə Gülən
adam rolunu oynayan aktyorun qrim otağına gedir və etirazını
bildirir. Aktyor da söz verir
ki, növbəti tamaşada "Danbalbay"
əvəzinə "Xose
Marti" deyəcək.
Növbəti
tamaşada görün
nə baş verir?!
Gülən adam: - Deyirlər, Amerikadan Xose Marti Bakıya gəlir.
Gülməyən adam: - Xose Marti kimdir?
Gülən adam: - Danbalbayın kiçik qardaşı!
Aktyorların obrazlara
ciddi yanaşmadıqlarını
görən X.Qoca
səhəri gün teatrın direktorunun yanına gedib, ondan xahiş edir ki, tamaşanı repertuardan çıxarsınlar.
Elə də olur...
Dolanmaq olar
Xeyrəddin Qoca
diplomat tanışına zəng
vurur, soruşur ki,
"haradasan, gəl, görüşək". O da cavab
verir ki, "işdən
çıxıb bir-iki
yas yerinə dəyəcəyəm..." X.Qoca onun sözünü kəsir:
- Hə, yaxşı peşə tapmısan, pis deyil. İşdən sonra mollalıq edirsən. Dolanmaq olar...
"Sən
də onlara qarış..."
Bir gün yazıçılardan biri
Xeyrəddin Qocanın
qarabuğdayı olduğuna
işarə edərək
deyir:
- Sən get Mozambikə səfir, gördün ara qarışdı, məzhəb
itdi, sən də onlara qarış, it...
(Davamı
olacaq)
Xeyrəddin Qoca
Ədəbiyyat qəzeti.
- 2024. - 11 may, ¹ 17. - S. 7.