Zirvəyə
qovuşan yol
Şair Hidayətin 80 illik yubileyinə sözönü...
Burdan
- Azərbaycan ədəbiyyatından
min atlı keçdi. Min atlı da keçməkdə
davam edir. O çaparların birindən
- ağır yüklü,
ağır gərdişli,
batman yerişli, sözü
də, özü də bütöv, kəsərli, adı adlar, odu odlar
siyahısında, doğru
yolda, haqq yolunda addımlayan, insanlara haqqı göstərən, insanları
haqqa səsləyən
- Hidayətdən söz
açacağam.
Düz 22 il əvvəl
əziz dostumun "Ömrümün çəhlimləri"
adlı şeirlər
kitabını oxuyandan
sonra öz təəssüratlarımı "Yollara qovuşan çəhlimlər" başlığı
altındakı məqaləmdə
bölüşmüşdüm. Orda belə bir cümlə var idi: "Səhərin alatoranında otların, çiçəklərin üstünə
almaz kimi parıldayan şeh damcıları düzülür.
Sən də bu şehli biçənəklərdə
gəzirsən, otların,
çiçəklərin üstündəki damcıları
istər-istəməz, yerə
səpələyirsən, ayaqların,
şalvarının balağı
şehə, suya batır. Hələ səhər-səhər heç
kəsin addım atmadığı otlaqda çəhlim, iz salırsan". Onda mən Hidayətin saldığı çəhlimdən
söz açmış,
onun iziylə gedənləri, getmək istəyənləri Hidayət
yaradıcılığının dərinliyinə səsləmişdim.
Bu günlərdə dostumun
ədəbi yaradıcılığını
yenidən varaqladım,
onun yeni-yeni çəhlimlərinin
şəhdinə büründüm.
Və bir daha əmin oldum ki, Hidayət öz yolunu hələ çox gənc yaşlarından seçib, ayırıb, kol-kosdan təmizləməyə
başlayıb. Onun 19
yaşında, universitetin
elə ilk illərində
yazdığı bir şeirə diqqət edək:
Biri köhnə yolları
Köhnə arabasıyla
Başa vurmaq istədi -
Uğur! - dedilər.
Biri sıldırım
qayaları
Qəlpə-qəlpə qoparıb,
Özünə bir yol açdı,
Cığır dedilər!
Təkcə bu misralar 19 yaşlı bir gəncin həyata baxışının,
müşahidə gücünün,
təfəkkür qüdrətinin,
həyatın alt yapısına
enmək bacarığının
inikasıdır. Hidayət
hələ gənc yaşlarından ağla-qaranı,
halalla-haramı, yaxşıyla-pisi
seçməyi bacarıb
və özü-özünə
pıçıldayıb ki, "Hidayət, gedilmiş yolla getmə, özünün yolun, izin, cığırın
olsun". 19 yaşlı
bir gənc onu da yaxşı bilirdi ki, başqasının
cığırıyla addımlayanlar
uğura daha tez çatır, nəinki sıldırım
qayaları qəlpə-qəlpə
qoparıb özünə
yol açanlar...
Aylar, illər ötüşdü, Hidayət
heç kəsin saldığı yolla addımlamadı, özünə
yol açdı, bu yolda qayaları,
dağları dırnaqlarıyla
yararaq uğurun yolunu tapdı, dünyanı salamladı:
Salam, dünya!
Sinən üstdən
ötənlərdən
Kimlər köhnə
yollarınla
səssiz-ünsüz yeriyiblər,
kimlər təzə
yollar açıb, cığır salıb?
- dedi və yalnız öz yoluna inandı.
Gəlin, onun keçdiyi yollara bir daha nəzər
salaq: Hidayət Orucov bizdən ağac-ağac uzaqda doğuldu - Qərbi Azərbaycanın Meğri
obasının Maralzəmi
kəndində. Ancaq qəlbi, ruhu, saleh əməlləri, torpağına, dilinə,
dininə bağlılığı
bizə bizdən yaxın oldu. Başqa respublikada, başqa dildə danışanlar arasında təhsilə yiyələnsə də,
öz dilinə, ədəbiyyatına, mədəniyyətinə
olan vurğunluğu onu Bakı Dövlət
Universitetinin filologiya fakültəsinə gətirdi.
Oxudu, ali təhsilə yiyələndi,
Azərbaycan dilini sevə-sevə şagirdlərinə
öyrətdi, mətbu
orqanlarda öz dilinin şirinliyini oxucularına daddırdı.
Bütün bunlarla da
yetinmədi, Azərbaycan
mədəniyyətini, adət-ənənəsini,
dilinin lətafətini
dünyaya göstərmək
üçün yazdı-yaratdı,
müxtəlif vəzifələrdə
çalışdı - Ermənistan
Yazıçılar İttifaqının
Azərbaycan Ədəbiyyatı
Şurasına rəhbərlik
etdi, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində
XIX-XX əsr Azərbaycan
ədəbiyyatından dərs
dedi, azərbaycanlı
şairlərin, yazıçıların
kitablarının nəşrində
böyük işlər
gördü, C.Cabbarlı
adına İrəvan
Dövlət Azərbaycan
Dram Teatrının direktoru
oldu, sonra Bakı şəhərinə
köçdü və
uzun müddət
"Gənclik" nəşriyyatında
əvvəlcə baş
redaktorun müavini, sonra isə baş redaktor kimi fəaliyyət göstərdi, Azərbaycan
Respublikası Prezidentinin
millətlərarası münasibətlər
üzrə müşaviri,
Azərbaycan Respublikası
Milli siyasət məsələləri
üzrə Dövlət
müşaviri, Azərbaycan
Respublikasının Dini Qurumlarla
İş üzrə
Dövlət Komitəsinin
sədri, Azərbaycan
Respublikasının Qırğız
Respublikasında fövqəladə
və səlahiyyətli
səfiri vəzifələrində
çalışdı.
Bu gün Hidayət Orucovdan söz düşəndə
bəzilərimiz ona dövlət xadimi,
diplomat, bəzilərimiz şair-dramaturq,
tərcüməçi, publisist
deyirik. Bəli, sanki bir bədəndə
iki ayrı-ayrı ruh yaşayır. Onun biri məntiq,
diqqət, məsuliyyət,
soyuqqanlılıq tələb
edən siyasətçi,
o biri isə hadisələrə ürəyinin
gözüylə baxan,
Məcnun sevdalı, Fərhad külünglü,
Kərəm yanğılı
ozan, şair, söz adamı, dəli-dolu Koroğludur.
Hidayət ruhundakı
dəli-doluluq Azərbaycan
müstəqil olandan sonra müstəqillik qazanmamışdır. O, hələ
sovetin qılıncının
hər iki tərəfinin kəsdiyi dönəmlərdən sözünü
deməyi, yuxarılarla
(Moskva ilə, Kreml ilə) mücadiləyə
qalxmağı bacarırdı.
Bu fikrimə də örnək gətirim: 1983-cü
ildə 34 nəfər
erməniyə rəhbərlik
edən azərbaycanlı
şair - Hidayət ta
Ağrı dağın
ətəklərindən Çexoslovakiyaya
səyahətə çıxır.
Dəstəmiz İrəvan
dəstəsi idi,
Sevilən, tanınan
sənətkarlardı.
Dəstədə otuz dörd erməni vardı,
Yalnız bir şairdi - azərbaycanlı.
Onu da qeyd edim ki, örnəyim olan bu şeir
hələ 22 il əvvəl
də mənim diqqətimi çəkmişdir.
Bu gün yenidən bu misralara dönməyim
Hidayət poeziyasının
heç vaxt solmadığının, illər
keçsə də, öz aktuallığını
itirmədiyinin sübutudur:
O bircə nəfər
azərbaycanlı - Hidayət
Orucov otuz dörd nəfər erməniyə Azərbaycan
xalqının böyüklüyündən,
mərdliyindən, döyüşkənliyindən
sevə-sevə söz
açır və Böyük
Vətən müharibəsindəki
(1941-1945) qələbədə Azərbaycanın həm arxa cəbhədə, həm də ön cəbhədə göstərdiyi şücaətdən
danışır.
O el Od yurdudur, üfüqləri
qan,
Heç zaman bağçası,
gülü solmayıb.
Ulu tarix boyu Azərbaycandan
Hələ bircə
nəfər satqın
olmayıb!
- deyir.
Ali Baş Komandan, dünya liderləri sırasında
öz yolu, öz çəhlimi olan İlham Əliyev iki yüz ildən
artıqdır müxtəlif
ölkələr tərəfindən
işğallara məruz
qalmış bir diyarın, Azərbaycanın
müqəddəs torpaqları
uğrunda Haqq savaşına
qalxdı. Onun bircə çağırışına
Azərbaycan oğulları
sıralandı, boy-boy döyüşə
yollandı. Biz haqq savaşından - Azərbaycan
Vətən müharibəsindən
üzüağ çıxandan
sonra təkcə itirilmiş torpaqlarımızı
deyil, əsrlərdir alnımızda möhürlənən
ləkəni təmizlədik,
dilimizi, dinimizi, ədəbiyyatımızı, tariximizi, mədəniyyətimizi
işğaldan azad etdik. Və Hidayətin düz qırx il bundan əvvəlki ümidini
"Ulu tarix boyu Azərbaycandan // Hələ
bircə nəfər satqın olmayıb!" doğruldan Ali Baş Komandanımız xalqa qələbə müjdəsini çatdıranda
belə bir ifadə işlətdi:
"Biz 44 gün ərzində
döyüş meydanında
Azərbaycan xalqının
gücünü və
yüksək mənəvi
keyfiyyətlərini göstərmişdik.
Bir nəfər də
olsun bizim ordumuzdan qaçan olmamışdır". Uzaqgörən,
xalqının İlham oğullarına,
ilhamlı oğullarına
güvənən Hidayət
düz qırx il əvvəl bu günü görərək
yazırdı:
...fərəhimdən
gözlərim doldu,
Əzəldən sevincçün
bir az dəliyəm.
Dedim, mən o xalqın bir kiçik oğlu,
Kövrək misrasını
yazan əliyəm.
Şairin ömür
yoluna nəzər salanda görürük
ki, o, dünyanın yarısından
çoxunu dolaşıb,
müasir şəhərlər,
qədim elatlar, əsrarəngiz gözəlliklər,
sonugəlməz mənzərələr,
dibsiz göllər, dənizlər görüb.
Ancaq harda olursa-olsun, vətən deyib, bütün gözəllikləri vətəniylə
müqayisə edib, bütün gözəlliklərin
üstündən vətənə
boylanıb,
Qədim Avropanın
mərkəz nöqtəsi,
Burdan boylanıram
təpəyə, dikə.
Qoca Savalanın uca zirvəsi
Üfüqlər dalından
görünə, bəlkə...
Vətən üçün
qəribsəyib, vətənə
məktub yazıb, qürbətdən də Vətən umub:
Vətən yada düşür,
Söz qucaq-qucaq,
Şərqisi köklənib
kaman, tar üstə.
İstəsən, qolunu burda geniş aç,
Qürbətdən də bir az sən
Vətən istə!
Hidayət təkcə
vətəninin dağını,
daşını, torpağını,
ağaclarını deyil,
insanlarını da eyni
dillə, eyni nəvazişlə əzizləyir,
sevir. Hidayətə görə dünyanın
bütün gözəl,
saf, bakirə qızları Azərbaycan
qızlarıdır, yaxud
da Azərbaycan qızlarına
bənzəyən qızlardır.
Balatonda bir qız gördüm,
Dağ qızına
oxşayırdı.
Dodağında ot saplağı,
Saçlarında səhər
mehi,
Gözlərində qara gilə...
Yeri-göyü dalğaları,
Çiçəkləri, ağacları
İlk sevgitək
oxşayırdı.
Poeziya Hidayət
ömrünün yol yoldaşı, yaradıcılıq
atributudur. Yer kürəsi Ayın, Ay Günəşin başına
dolandığı kimi
dolanıb şeirin başına. Pərvanə
Şəmin, Kərəm
Əslinin, Janna arzularının
oduna yandığı
kimi yanıb şeirin oduna. Bu dolanmalar, bu yanmalar Hidayəti heç vaxt bezdirməyib, usandırmayıb,
onu xoşbəxtliyə
səsləyib. Və
şair şeirinin vüsalında tapıb xoşbəxtliyini.
Heraklitə görə
xoşbəxtlik düşünməkdə
və təbiəti eşidib, ona uyğun davranmaq və danışmaqda idi, Levkippə görə xoşbəxtlik
gözəllikdən həzz
almaqda idi, Demokrit yazırdı:
"Az ilə kifayətlənən
xoşbəxt adamdır;
əsl sərvət
var-dövlət yox, ürəkdir", Sokrat xoşbəxtliyi insanın
xeyirxah əməllərində
görürdü... Hidayətə
görə isə, xoşbəxtlik bütün
ali keyfiyyətləri
özündə ehtiva
edən poeziyadır:
Əvvəli - yox,
Sonu - bitməz bir nəğməyəm.
Əsrlərdən-əsrlərə addımlayan
təranəyəm.
Al günəşin
nəhəngliyi
On dörd günlük büllur ayın şöləsiyəm,
Çinarların,
Çəmənlərin,
Çiçəklərin
Mən yaşamaq
həvəsiyəm.
Bu dünyaya şeirlə - laylayla gələn şair bu fani dünyadan
köçəndə, əbədiyyətə
yol alanda da (Allah Hidayətə söz ömrü, şeir ömrü versin! -
M.Ə.) sadiq, vəfalı
dostu, könül yarı şeirlə uğurlanmaq arzusundadır:
Ən gözəl
şeirlər ilk yaz çəməni,
Hər gün
o çəməndə dinləyin,
məni.
Laylayla beşikdə
böyüdün, dostlar,
Dünyadan şeirlə
götürün məni,
- deyir.
Hidayətin poeziyasında
- qoşmalarında, laylalarında,
bayatılarında yer
alan təbiət mövzusu, mənzərə
təsviri, tərənnümlər
də özünəməxsus
bir dildə, biçimdədir. Gəlin,
biz də Hidayətin gözləri ilə əzəmətli dağların
qoynundan yol alan Misgər çayının şəffaflığına,
bədirlənmiş ayın
çaya düşən
büllur əksinə,
yanaqları alov-alov yanan, Tanrı fırçasından çıxmış
Günəşin gözəlliyinə
boylanaq:
Bu su Misgər suyudur,
İçib dağlar
uyudu.
Ay soyunub lüt çimdi,
Günəş üzünü
yudu.
Azərbaycanın təbii
gözəlliklərindən söz açan şair, Nizaminin yaşıdı, Nizami qəzəlləri kimi
ulu, ali, saflığı,
dürdanəliyi ilə
təbiətə meydan
oxuyan Göygölü
də misra-misra, söz-söz sevir, əzizləyir:
...Güllər, ağaclar, otlar
Quşlartək dinə-dinə,
Qəlbimizdə paklığın
Müqəddəs nəşidəsi.
Gözlərimiz önündə
Saflığın mənzərəsi!
Gəlin, bir az da Hidayətin sevgi şeirlərinin limanında lövbər salaq. Onu da bilirəm
ki, şairin sevgi şeirlərindən ayrıca
bəhs etmək də düzgün olmaz. Çünki onun şeirləri bütövlükdə sevgidən,
eşqdən mayalanıb.
Hidayət poeziyasında
sevgiylə yazılmayan
bircə misra belə tapmaq olmaz. Ancaq ozan-aşiqin
"Vəfaya məktublar"ını
ayrıca xatırlamasam,
günaha bataram. Bu məktubları dünya ədəbiyyatında az sayda yer alan
sevgi məktubları sırasına aid etmək
olar. Bu məktubları
biz səmimi, saf, sevgi dolu, həyatsevər,
vüsal eşqiylə
çırpınan Mariusun
Kozettaya yazdığı
(V.Hüqo "Səfillər") məktublar
kimi birnəfəsə
oxuyuruq, yox, oxumuruq, o məktublardakı
misralarla sevirik, ürək sözlərimizi
sevdiyimizə pıçıldayırıq:
Məni soruş!
Məni səslə!
Sənə uçan
təyyarənin qabağını
duman kəssə,
Sərnişinlər arasında
məndən başqa
bir kimsə də
mənzilinə tələsməsə,
Sənə gələn
qatarların yolları
da
bağlı olsa,
sənə gələn
başqa minik tapılmasa...
üz tutaraq ürəyimdə nağıllaşan
bir ünvana,
kövrək ada
gələcəyəm pay-piyada,
gələcəyəm, qatarlardan
sürətlə mən...
Hidayətə görə
sevginin ömrü əbədidir. Sevginin qüdrəti insanı saflaşdırdığı, bütün
pisliklərdən arındırdığı,
bütün naqisliklərdən
qoruduğu kimi, insan ömrünü əbədiləşdirməyi də bacarır:
Yeddi uca dağ aşmağa,
Zirvələrdə dolaşmağa,
Gülüm, sənə
qovuşmağa,
Mənim ömrüm
çatar, çatar!!!
Hidayət şeir
yazanda nəsihət verməkdən çox, örnək göstərməyi,
duyğularını özünə
pıçıldamağı sevir, Qədim yunan fəlsəfəsindəki
"özünə rəva
bilmədiyini başqasına
rəva bilməyəcəksən"
fikrinə sadiq qalır. O, öz sələflərindən - Qasım
bəy Zakir, Abbasqulu Ağa Bakıxanov, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabirdən
fərqli olaraq xələflərinə nəsihət
vermədən "həyatdır
bu, yıxıla bilərsən, yıxılmaq
insana xasdır, əsil insanlıq isə yıxılandan sonra durmağı bacarmaqdır", - deyir:
Cəsarət də budur,
Hünər də budur.
Belə cəsarətlə
həyat qurasan.
On yol yıxılsan da, ayıb deyildir,
Özün
yıxılanda özün
durasan.
Söhbətimə
bu fikirlərlə başlamışdım - sözü
də, özü də bütöv, kəsərli Hidayətdən
söz açacağam.
Bəli, Hidayət sözü daim qılıncdan iti olub. Onun özünün
bütövlüyündən doğulub iti sözü. Aşağıdakı
örnəkdə şair
içi kinlə dolu, qəlbi şeytan yuvası, pisliklə, ziyankarlıqla
qidalanan kəsləri
dar ağacına çəkir. Bu dar ağacındakı təşbehlərlə oxucu
bənzəyən və
bənzədilən tərəflə
yanaşı, onların
əlamətlərini - sifəti
görür:
Gözünün
qarası - ilan yuvası,
Ağı
- sarı şeytan bazarı kimi.
Kədərin
- qocalmış bir əyyaş yaşı,
Sevincin
- təlxəyin azarı
kimi.
Diqqət
edin, gözünün
qarası ilan yuvası, ağı şeytan bazarı olan məxluqun kədəri də simasına bənzəyir.
Gözlərə qüssə,
baxışlara kölgə,
qamətə yük olan kədər o məxluqlarda qocalmış
bir əyyaşın yaşına bənzəyir.
O məxluqun sevinci də saxtadır, sünidir, ikrah doğurur. Bu isə mütəəssəl
təşbehi mükəmməl
şəkildə ortaya
qoyan, üfunət qoxuyan məxluqları söz qılıncından
keçirən şairin
uğurlu ədəbi
priyomudur.
"Qurani-Kərim"də
tez-tez işlənən
"Hidayət" sözünün
mənası lütf və mehribanlıqla başqasını yönəltmək,
ona bələdçilik
etmək deməkdir. Yəni "hidayət"
sözünün kökündə
yaxşılıq, mehribanlıq
durur. Ömrünü
yaxşılığa, mehribanlığa,
lütfə həsr edən Hidayət bu dünyaya nə qədər inansa, bu dünyanın,
dünyamızın gözəlliklərini
vəsf etsə də, çox yaxşı bilir ki, arzular, istəklər,
aylar-illər varaq-varaq
yox olacaq, itəcəkdir:
Uçdu uzaqlara
min arzu, soraq,
İtirdim illəri
mən, varaq-varaq.
Yerdə xoşbəxtliyi
ayaqlayaraq,
Göylərdə axtardım
səadətimi.
Sufizmdən boy verən,
irfana doğru yol açan bu qəbil şeirlərində
şair insanlara bir ismarıc da verərək deyir: - Yerdə nə qədər xoşbəxtliyə
nail olsan da, əbədi
səadətini göylərdə
tapacaqsan!
...Mən Hidayət müəllimi ötən əsrin 80-ci illərindən tanıyıram.
Onda Hidayət Orucov "Gənclik" nəşriyyatında baş
redaktor vəzifəsində
işləyirdi. Hidayət
müəllimin nəşriyyata
rəhbərlik etdiyi dönəmdə bu gün Azərbaycan ədəbiyyatında adla
tanınan simalar çalışırdı. Azərbaycan
folklorunu, klassik ədəbi irsini, ədəbiyyatını, mədəniyyətini,
adət-ənənəsini, ləhcə və şivələrini dərindən
bilən bu böyük insan bildiklərini bizə öyrətməyə, kitab-kitab el-obaya, dünyaya yaymağa can atırdı...
...Hörmətli
Hidayət müəllim!
1983-cü ildə otuz
dörd erməniyə
Azərbaycanın gücündən-qüdrətindən
danışanda bu günü görürdün.
İndi biz təkcə üç-dörd
milyonluq erməniyə
deyil, bütün dünyaya öz gücümüzü, qüdrətimizi
bəyan etdik.
Günümüz, ilimiz mübarək!
Musa
ƏLƏKBƏRLİ
Ədəbiyyat qəzeti.
- 2024. -11 may, ¹ 17. - S. 8-9.