Çünki şairdir
Şeir nədən
doğulur? Sevgidən?
Əlbəttə, belə
olmasaydı Fizuli Fizuli olmazdı.
Şeir nədən
doğulur? Qəmdən,
kədərdən, ağrıdan?
Əlbəttə, belə
olmasaydı Fizuli Fizuli olmazdı.
Oqtay Şamil, şübhəsiz, Füzuli
deyil. Heç bir iddiası da yoxdur. Lakin Oktay Şamil çağdaş
şeirimizin ən istedadlı nümayəndələrindəndir.
Ən istedadlı və ən iddiasız...
"Azərbaycan"
jurnalının 3-4 nömrələrində
dərc edilmiş şeirlər silsiləsi bunun əyani sübutudur.
Oqtay Şamil də öz "Şikayətnamə"sini yazır,
dövrandan, daha doğrusu yaşadığımız
günlərin bəzi
əcaib-qəraib təzahürlərindən
narazılığını ifadə edir:
Söz azaddı!
Vaxt amma minorlaşıb
özgə laddı!
Meydan pulun meydanıdı
aldananlar mələkləşib,
aldadanlar - şeytandı!
Duyğusala "salam"
yoxdu.
Salam versə,
alan yoxdu!
Yaxud bu ruhda başqa şeirindən misralar:
Bu qrupu qurucudu,
tikib qurur.
Qürur duyur,
beynindəki ədalətdi!
Digər qrup yırtıcıdı,
qırıcıdı
ürəyində ədavətdi,
xəyanətdi,
cinayətdi!
Şər atanlar,
Şarlatanlar,
ara qatanlar
sakit durmaz,
dinc oturmaz.
İncə ruhlu insanların
gözü toxdu,
nəfsi yoxdu.
Bu təzadlı dünyada şair yenə xilası, pənahı, ümidi sevgidə tapır. Bu sevgidə sevgili "nəfəsiylə gizlədir
sevdiyinin səsini, gözlərinin qara çərçivəsinə salır sevdiynin əksini".
Ümid içində
nigaranlıq çalarları
da var, "mən elə
bilirdim dənizə dönüb çəkilmisən"
təlaşı da.
Başqa bir sevgi şeiri:
Sevgidən başqa
hər şey
məzarlıqdı.
İnanmazdım,
sən inandırdın.
Sevgi bürcündən
aşağıdakılar
bazarlıqdı.
Oqtay
Şamil Şuşamızın
azad edilməsinə sevindiyi kimi çağdaş insanları
yadlaşdıran, canlı
ünsiyyəti əvəz
etmiş cib telefonlarının əyəncəsinə
də acıyır,
"namərdin mərdlə,
mərdin namərdlə
görüşməsinə, düşmənlə, dostun,
dostla düşmənin
öpüşməsinə dözə bilmir. Çağdaş əlaqələrin
deformasiyası baxımından
Oqtayın bəzi gənclərdən şikayəti
də anlaşılandı:
"Sosial
şəbəkələrdə dil pəhləvanları"
qocalığımızı başımıza qaxanda və özlərinin "səbətə nə qoyduqlarını" soruşanda
"dəvə nalbəndə
baxan kimi baxırlar". Oqtay soruşur: "Bu cavanlar da haçansa
qocalacaqlar. Öz arxivlərinə baxanda nə tapacaqlar?"
Əziz
Oqtay, bəyəm bilmirsən ki, indi yalan-palan, şər-böhtan da bədii yaradıcılığın
bir janrı sayılır! Bir də ki, bəzi
cavanlar qətiyyən
qocalmır. İyirmi-iyirmi
beş il bundan qabaq necə
ümid verən cavanlardısa, hələ
də ümid verən cavanlardır. Xoşbəxtlikdən əsl
cavanların əksəriyyəti
elə gənc yaşlarından onlara olan ümidlərimizi doğruldurlar, yaşa dolduqca daha da
püxtələşirlər, yetkinləşirlər. Çünki
şöhrətə yox,
poeziyaya bağlıdılar.
Poeziya
- qısqanc qadındır.
Ona şöhrətlə
xəyanət edənlərdən
üz döndərir...
Oqtayın
nəcib və xəfif gileyini də anlayıram. Oğluna müraciətdə
deyir:
"Bizim
elə bəxtimiz var övladım dənizə getsə quruyar"
Fevral ayında
Oktay Şamilin 80 yaşı tamam oldu. Suçumuzu etiraf edirəm. Bu yubileyi layiqincə qeyd etmədik. Amma, hökmən edəcəyik.
İl uzundur.
İl uzundur, lakin fevral qısadır.
Başqa aylarla müqayisdə fevral kəm aydır. Şeirlərinin birində
şair bunu belə mənalandırır:
Doğulub fevrala düşdüm.
Boyum - fevral,
dilim -fevral,
əlim qısa
- fevral kimi.
Əlbəttə elə deyil. Boyu, əli
qısa deyil. Dili də heç qısa deyil, şirin-şəkər azəri
türkcəsidir. İntəhası
dilli-dilavər deyil.
Və yaxşı
ki, deyil. Yaradıcı
insanın ən böyük mükafatı
onun Allah verən istedadıdır. Məhz istedaddan yanıq olanlar şöhrət tamarzılarıdır...
Əlbəttə, Oqtay Şamil də səmimi yubiley tədbirinə layiqdir.
Amma, Oqtay yubileyi üçün, fəxri
ad üçün qapının dabanını
çıxaranlardan, hər
şeyi alıb yenə gözü doymayanlardan deyil.
Yaxşı ki deyil.
Çünki - şairdir.
6 may 2024-cü il
Anar
Ədəbiyyat qəzeti.
- 2024. - 11 may, ¹ 17. - S. 8.