Kədər, həsrət və ümid nəğmələri
Bəkir
Çobanzadə poeziyası.
II məqalə
Özünü "yıxılan
dünyanın" şairi
adlandıran Bəkir Çobanzadənin Budapeşt
dövrü yaradıcılığında
kədər, nisgil, şikayət və narazılıq motivlərinə
tez-tez təsadüf etmək mümkündür.
Ötən yazıda onun bir çox
şeirlərinə xas
olan "Bayron kədəri"ni ötəri
xatırlatmışdım. Amma qayğısız Britaniya
lordunun, bəlkə də, həyatın puçluğu düşüncəsindən
doğan kədəri
ilə müqayisədə
itirilmiş vətən,
əsir millət, unudulmaqda olan ana dili, ümidlərdən xali gələcəklə
bağlı bir-birindən
acı gerçəklərlə
üzləşən krımlı
şairin qüssəsi
arasında yerlə göy qədər fərq vardı.
Bəkir Çobanzadənin
kədəri daha predmetli idi, subyektiv-fəlsəfi olmaqdan
çox konkret ictimai-siyasi xarakter daşıyırdı. Bu kədər
işğala məruz
qaldığı 1783-cü ildən sonra faciələr zolağından
çıxa bilməyən
Krımın və Krım türkünün
acı taleyi ilə bağlı idi. "İl uzun, son günü soyuq bir məzar, Yeni il yox bizə, çünki biz: Tatar!", yaxud
"Tataram, xalqımın
sapsarı bəti, Qanı suya dönüb, çürüyüb
əti" - deyən
şair mənasız,
məqsədsiz mövcudluqdansa
ölümü üstün
tuturdu. Bu motiv müxtəlif şeirlərində
fərqli aspektlərdə
təkrarlanırdı. "Bir ölü olayım, məzarsız, daşsız.
Duasız, zikrsiz, saxta göz yaşsız"- kimi misralar əslində çıxış yolu tapılmayan fəci vəziyyətin yekunu kimi təqdim edilirdi. Bəzən çıxış yolu mübarizədə deyil, ölümdə görülürdü.
Bədii irsindən
topladığı və
çox rəmzi səslənən "Qaval
səsləri" adı
verdiyi (yəqin ki, bu ad altında soydaşlarını qəflət
yuxusundan oyatmaq, mübarizəyə səsləmək
nəzərdə tutulurdu),
adlandırdığı kitaba
müəllif kiçik,
lakin çox təsirli müqəddimə
yazmışdı. Tam şəkildə
aşağıda gətirdiyim
ön sözdə deyilirdi:
"Mənim yazılarım heç bir şey göstərməsə
də, qırılan,
çökən, darma-dağınıq
yaşayan, bəlkə
də, bu gün-sabah öləcək,
yox olub gedəcək Krım tatarını, onun xətalarını, qüsurlarını,
kədərini, duyğularını
çox gözəl dilə gətirir. Bir gün tarix Krıma yar olsa, Krım tatarı öz soydaşlarını
arasa, o zaman yazılarım
ortaya çıxar.
Amma belə olmasa da, zərəri yox... Krım tatarının bunca şanı, şöhrəti, bayrağı,
torpağı qeyb oldu, mənim bir neçə yuxusuz gecəm, kədərli gündüzüm
itsə nə dəyişəcək? Bu sətirləri
yazmağımın verdiyi
zövq, bəxtəvərlik
mənə yetər. Tatarca bir kimsə
danışmasa da, o yenə
mənim üçün
böyük bir sevinc və zövq mənbəyi kimi qalacaq. Çünki
bu dildə qəhrəman xalqımın
min illik sevincli-kədərli
tarixi yatır, məğrur səsi eşidilir".
Əslində Bəkir
Sidqinin poetik avtoportreti sayıla biləcək bu kədərli monoloqu, yaxud yaradıcılıq manifesti onun fikir və söz
dünyasının genişliyi,
dərinliyi ilə görməyə, axtarışlarının
məzmun və mahiyyətini üzə çıxarmağa imkan verir. Eyni zamanda
qəlbin dərinliklərindən
gələn yanıqlı,
yanğılı sətirlər
göstərir ki, onların
müəllifi şeir
yazmaya bilməzdi. Çünki anadan şair doğulmuşdu...
Bəs ümumən
nikbin, pozitiv əhval-ruhiyyəli, soydaşlarının
çoxu ilə müqayisədə şanslı
sayılacaq gənc şairi davamlı ruh düşkünlüyünə
salan, ölüm və nəhs tale haqqında biri-birindən kədərli şeirlər
yazmağa, ümidsizliyə
qapılmağa vadar edən səbəblərin
kökü, mənbəyi
nədən qaynaqlanırdı?
Bəkir Çobanzadənin
poetik külliyatını
ilk dəfə orijinalda
və Anadolu türkcəsində
nəşrə hazırlayan
Krım-tatar tədqiqatçısı
İsmail Otar suala cavab axtararkən belə qənaətə gəlmişdi: "Çobanzadə
bir çox şeirlərində "qədər",
"müqəddərat", "təqdir", "bəxt",
"alın yazısı"
kimi anlayışlarla
mücadiləyə çalışmışdı.
Necə çalışmasın
ki, soydaşı olan Krım türkü, həm də yalnız Krım türkü deyil, bütün türklük
cahilliyin, bilgisizliyin, dövrlə ayaqlaşmamağın,
zalıma boyun əyməyin, səfalətin,
naqisliyin və digər hər cür mənəvi düşkünlüklərin səbəbini
özündə aramamış,
asan yol seçərək hər
şeyi gətirib qədərə, qismətə
bağlamışdı. Ağıl
işlətmək zəhmətinə
qatlaşmadan əqli tənbəlliyə uyaraq yalnız acı
"tale" və "qədəri"
suçlamaqla yetinmişdi.
Heç bir mübarizəyə əl
atmadan zülmə boyun əyməyi, doğma yurdunu tərk etməyi bir alın yazısı
saymışdı. Birləşib
haqqını tələb
etmək əvəzinə
xudbinlik hisslərinə
qapılaraq biri-birinə
qarşı çıxmış,
düşmənin işini
asanlaşdırmışdı. Və beləcə ortaya çıxan hər faciəni asanlıqla ötüşdürmək
üçün "Qismət
belə imiş" -
deyə özünə
təskinlik vermişdi".
Soydaşlarının bu daşlaşmış düşüncəsinin
bəhrəsi kimi
"qəzavü qədər"
mövzusu Bəkir Çobanzadənin Budapeşt
dövrü şeir yaradıcılığının aparıcı xətlərindən
birinə çevrilmişdi.
Cərəyan edən
hadisələrin, vətəndən
alınan xəbərlərin,
nəhayət, fərdi
duyğu və düşüncələrin təsiri
altında mövzuya maraq fərqli rakurslarda meydana çıxmışdı. Məsələn,
folklor motivləri əsasında yazılmış
kiçik həcmli, həyati duyğular üzərində köklənmiş
"Tandu" poemasında
müəllif insan istəyi və iradəsinin bəxt, tale, qismət üzərindəki
qələbəsini əks
etdirmişdi. Mifik güclərə qarşı
çarpışan Tandu
ilə qardaşlarını
heç bir təhlükə, sehr, cadu yoldan saxlaya
bilmir. Dostlarının
intiqamını almaq üçün son ana qədər
vuruşur, niyyətlərinə
nail olurlar. Tandu bir çox cəhətdən simvolik obraz idi. Müəllif
Krım gəncliyini Tandu kimi cəsur,
iradəli və mübariz görmək istəyirdi.
Amma təəssüf
ki, belə qəhrəmanlar,
onların mübarizəsini
əks etdirən epizodlar
Bəkir Çobanzadə
şeirlərində istisna
adlandırılacaq qədər
az idi. Çoxluq
mütərəddid vəziyyətdə
qalan, həyatda yolunu tapa bilməyən, ümidini taleyə və qismətə bağlayanlardan ibarət idi. Krımın bu gününün və gələcəyinin
belələrindən asılı
olması şeir və hekayələrdəki
kədər, ümidsizlik
motivini formalaşdıran
əsas amil idi.
Eyni sözləri əksər şeirlərə
xas olan nostalgiya hissləri haqqında da demək mümkündür. Xüsusilə
macar paytaxtında yaşadığı ilk aylarda
mənəvi və fiziki mənada tənhalıqdan əziyyət
çəkən şair
çox tez-tez xatirələrə qapılırdı.
Həm də bu xatirələr bir qayda olaraq
kədərli ovqat üzərində köklənirdi.
Vətənini, ata-anasını,
uşaqlıq illərini
keçirdiyi Qarasubazar
qəsəbəsini, ilk təhsil
aldığı "Rüşdiyyə"
məktəbini yada salırdı.
Ailəsinin çətin,
məşəqqətli həyatı
gözləri önündə
canlanırdı. Zillət
içində yaşasa
da, yurduna, torpağına
bağlı olan Krım türklərini sevgi və minnətdarlıqla
yad edirdi. Ölkəsinin
gələcəyi uğrunda
çalışa biləcək
insanları xəyalında
canlandırırdı. Keçmişin
munis xatirələri ilə tənhalığa,
kədərə qalib
gəlmək istəyirdi.
Bu xatirələr həm
də ona güc, qüvvə və inam verirdi,
çətinliklərə sinə gərməyə ruhlandırırdı. "Mən
qəribəm, məscidim
yox girməyə, Mehrabına dərdli üzüm sürməyə"
- deyən şair bəzən yurdun qəsəbə və kəndlərində eşidilən
azan səsi üçün
də həsrət çəkirdi:
Ağ saqqallı
müəzzin də yaşarmı?
Yenə "Allah!" deyib sözə başlarmı?
"Allah!" - desə
eşidənlər olurmu?
Namaz əhli məscidinə gəlirmi?
Yoxsa hamı bir-birini qarğayır?
Bir-birini ağlatmaqçün ağlayır?
Elin atıb qərib yurda sarılan
"Hanı yurdum?" - deyə səsi qırılan.
"Haqq! - deyəndə
nə duyarlar yurd üçün?
Yurdu didən neçə məlun qurd üçün?
Zaman baxımından
Bəkir Çobanzadənin
əksər şeirləri
keçmişlə, tarixlə
bağlı idi. Əslində onun yaradıcılığının müxtəlif janrları arasında mövzu bölgüsündən danışmaq
mümkündür. Məsələn,
macar həyatı ilə bağlı təəssürat və müşahidələrini, yurdunda
və dünyada cərəyan edən prosesləri publisist məqalələrində əks
etdirirdi. Şeirlər
isə daha çox dünəndə
qalmış xatirələrdən
qaynaqlanırdı. Bəzən
gələcəyə ünvanlansa
da, çox vaxt keçmişə müraciət
xarakteri daşıyırdı.
Amma bir qədər qəribə səslənsə də, dünənlə bağlı
şeirlər tək bu gün deyil,
həm də gələcək kontekstini
ehtiva edirdi. Məşhur soydaşı,
ömrünü qürbətdə
başa vuran Krım-tatar yazıçısı
Çingiz Dağçının
dediyi kimi, "geriyə baxmaq həyatdan qopub ayrılmaq deyil. Xüsusi ilə Krım tatarlarının indiki vəziyyətində
geriyə baxmaq müəyyən mənada
həm də gələcəyi düşünmək,
qarşıdan gələnləri
görməkdir". Bəkir
Sidqi də keçmişlə bağlı
kədərli xatirələrə
məhz gələcəyə
daha əmin-arxayın
getmək, yanlışlıqları
bir də təkrarlamamaq üçün
üz tuturdu.
Tələbəlik dövründə
o, İppolit Ten, Qabriel
Tard, Qustav Lanson və b. kimi filosof, sosioloq və sənət tarixçilərinin əsərlərini
oxusa da, marksizmlə yaxından tanış deyildi. Amma yurdun taleyi haqda şeirlərində,
bəlkə də, bir sövq-təbii ilə Karl Marksın məşhur tezisindən çıxış edirdi.
Yəni xalqını
ağır vəziyyətdən
çıxarmaq, mübarizəyə
səsləmək üçün
onu düşdüyü
şəraitdən hiddətləndirməyə
çalışırdı. Buna isə ilk növbədə,
gerçəkliyi sərt,
acı boyalarla, təsviri yol ilə nail olmaq mümkün idi:
Millətlər yarışı
başlanıb çoxdan,
Hər xalqın
var orda ayğırı,
atı,
Zavallı tatarın
duyulmur səsi,
Zavallı tatarın
yox orda adı.
Həm də adı "millətlər
yarışında" (bu
yerdə Məhəmməd
Hadinin təxminən eyni dövrdə yazdığı yanğı
dolu "Qoymuş miləl imzasını övraqi həyata, Yox millətimin xətti bu imzalar
içində" misralarını
xatırlamamaq olmur!) çəkilməyən Krım
türkləri fəlakət
siyahısında tək
deyildilər. Əlyazması
halında macar şairlərinin diqqətini
çəkmiş "Müsəlman
balası, islam cocuğu" adlı şeirində müəllif
"Bütün Şərq
sərməstdir, uyğuda
yatır, Çubuğun
sümürür, tiryəkin
atır, Keçirir günlərin miskin, fərəhsiz"
- deyə müsəlman
Şərqinin sağalmaz
xəstəliyə mübtəla
olmasından kədərlə
söz açmışdı:
Keçmişi yalandır,
bu günü umud,
Sabahı nəm çəkmiş taxta bir tabut.
Bütün Şərq
gömülür məzara
diri.
Bir uşaq ağlayır bayaqdan bəri -
Müsəlman balası,
islam cocuğu...
Göz yaşlarına
kimsənin əhəmiyyət
vermədiyi "müsəlman
balası" təkcə
Krımda deyildi. Onu Baxçasaraydan Kaşğara qədər
türkün məskən
saldığı hər
yerdə, çoxu müstəmləkə və
yarımmüstəmləkə boyunduruğu altında yaşayan bütün müsəlman ölkələrində
görmək mümkün
idi. Bu uşağı
fəlakəti ilə
baş-başa qalan, ağlamaqdan başqa heç nə bacarmayan türk-islam dünyasının simvolik
obrazı da saymaq mümkün idi. Milyonlarla həmvətəni
kimi heç böyüyüb maarif və tərəqqiyə də qovuşa bilməmişdi. Aradan onilliklər keçəndən
sonra Mirzə Cəlil də ondan artıq "saqqalı uşaq" kimi bəhs etmişdi. Bəkir Çobanzadə yaxşı
bilirdi ki, acı fəryadlar "müsəlman
balasına, islam çocuğuna" heç
nə verməyəcək.
Ağlamaq çıxış
yolu deyildi. Xilas yolu yalnız
keçmişin ağır
irsindən birdəfəlik
qurtarmaqda, gələcəyə
yönəlik düşüncə
və fəaliyyətdə
ola bilərdi. Ona görə
də müxtəlif şeirlərində dönə-dönə
savaş və mübarizə rəmzinə
çevrilmiş obrazlara,
tarixi personajlara üz tutur, milli-mədəni İntibah üçün nicatı
onların fikir və əməllərinin
dirçəldilməsində görürdü.
Həyatın dəyişməsinə,
yenilənməsinə can atan
şair durğunluğun
və ətalətin düşməni idi. O, təbiətdə də, cəmiyyətdə də
arasıkəsilməz hərəkətin,
təbəddülatın tərəfdarı
idi. Hətta təbiət hadisələrinin
timsalında da cəmiyyətdə
baş verməsini istədiyi, arzuladığı
prosesləri görürdü.
Türklərin "Mavi
Tuna" dedikləri Dunayın
daşmasından, bənd-bərəsinə
sığmamasından danışarkən
qəflət yuxusuna dalmış xalqının
da günün birində
bu cür çoşqun, dəli-dolu
nəhrə çevirilməsini
arzulayırdı. "Dinc
tatar çölündə"
adlı digər şeirində isə Böyük Çölün
laqeydliyə varan dincliyinə,
mütiliyinə, əsrlərdən
bəri dəyişməməsinə
qarşı üsyan edirdi:
Dinc tatar çölünə ətalət
yağır,
qan gərəkdir, qan!
Burda hamı qoyun, dovşan, ya sığır,
hanı bir aslan?*
"Qan gərəkdir, qan!" - deyə kükrəyən
şair sözün müstəqim mənasında
qan axıdılması,
yeni savaşlar başladılması
arzusu ilə yaşamırdı (Hərçənd
"On dəfə hücuma
atıldı gavur, On dəfə qanından yarandı çamur. Bir Tatarlar vardı bu qorxunc cəngdə
- Onların nəslidir
Çingiz də, Ləng də!" tipli misralarında babalarının tarixi hünərindən, axıtdığı
qanlardan qürur duyduğunu da gizlətmirdi).
Amma "Dinc tatar çölündə" şeirində
məhz qan təzələnməsindən söhbət gedirdi. Yalnız qan dəyişimi türk-tatarları
laqeydlik və ətalət bataqlığından
çıxara, xalqı
öz taleyinin sahibinə çevrə bilərdi. Bu motiv müxtəlif şeirlərdə
fərqli variasiyalarda dönə-dönə təkrarlanmışdı.
"Mən də kasıb bir işçiyəm sizin tək, Tək amalım gələcəyə yol çəkmək"- deyən
şair "dinc tatar çölünün"
qoyuna, yaxud dovşana çevrilmiş
sakinlərinə yenidən
"aslan" olmanın
yollarını da göstərmişdi.
Həmin yol ilk növbədə elmdən,
təhsildən, milli şüura
yiyələnməkdən keçirdi.
Krım-tatar qızlarına
müraciətlə yazdığı
"Qalx, Əsma, qardaşım!" şeirində
bütün gəncliyi
yenilik uğrunda mübarizənin önündə
getməyə çağırırdı.
Əgər dəyişməsələr,
həyatı ata-babaları
kimi ətalət və çürük etiqadlar içində yaşasalar, damarlarda təzə qanın qaynamayacağını bildirirdi:
Qalx, Əsma, qardaşım, gey sırma fəsi,
Çiyninə saldığın
o şalın hanı?
Savadlı nəsillər
yetişdir bizə,
Qoy şimal küləyi açsın
havanı.
Anan tək axmasın gözünün
yaşı,
Yetişdi hananı
qurmaq zamanı,
Atam tək boynumu bükmürəm mən də,
Canımda qaynadı
gənc tatar qanı.*
Xalqı xoşbəxt
gələcəyə keçmişin
təcrübəsini dərindən
mənimsəmiş, bilikli
və yüksək mənəviyyata malik gənclər
apara bilərdilər.
İnandığı həqiqət
şairin "Öz-özümə",
"Student", "Duman", "Xəbər aldım",
"Ümid", "Qaranlıq
gecə", "Kimsə
bilməz", "Gələcək"
və s. şeirlərində
təsvir və tərənnüm olunmuşdu.
Adları çəkilən
parçalar nisbətən
nikbin əhval-ruhiyyə
üzərində köklənmişdi.
"Qalx, qardaşım,
Əsma" şeirində
qadın və qızların da tatar xalqını gələcəyi
uğrunda mübarizədə
kişilərlə çiyin-çiyinə
olmalarının vacibliyi
fikri vurğulanırdı:
Biz gedək əl-ələ bu qorxunc toya,
Murzalar çürümüş,
Gireylər ölü,
Göstərsin tatarı
bizim ozanlar,
Batırlar dolansın
dərəni, çölü.
Gedək köydən-köyə
tütəyi çalıb,
Duyulsun hər yanda gənc tatar səsi,
Yarış meydanında
qalmayım yalnız,
Görünsün Əsmanın
sırmalı fəsi.*
Eyni ümid və çağırış
dolu notlar türk əsilli xalqlarının dil, fikir və əməl
birliyinə çağıran
nümunələrdə də
duyulur. Ayrı-ayrı
şeirlərdən götürülmüş
və vahid himnin, nəğmənin nəqəratı kimi səslənən "İzin
verin, bir bağırıb kiriyim, Kaşğara, Krıma öz yurdum deyim!", "Tukay qardaşımdır, bir bağça gülü,
Mənimkidir könlü,
mənimdir dili",
"Tünd Tokay şərabı,
tatarın şeiri, Dvindən Kaşğara yürümək əmri!"
kimi misralar Bəkir Sidqinin dünya türklüyünün
gələcək mədəni-siyasi
inteqrasiyasına ümidinin
göstəricisidir. Şeirlərdən
başlanan yol gələcəkdə türkoloq-alimin
elmi əsərlərində
türk dünyasının
yaxınlaşma və
birləşmə xətlərini
hazırlamağa zəmin
yaratmışdı.
Macarıstandan ayrıldığı
günlərdə qələmə
aldığı "Bir saray
quracağam" adlı
şeirində Bəkir
Çobanzadə dost ölkədə
keçdiyi həyat məktəbinin, mənimsədiyi
insanlıq dərslərinin
təsiri altında soydaşları üçün
hansı işləri
görəcəyinin anonsunu
vermişdi. Əslində
bu "saray" sosial ədalətə,
milli zəminə, vətəndaşa
hörmət və ehtirama əsaslanan gələcək Krım-tatar
cəmiyyətinin modeli
idi;
Bir saray quracağam, xan olmasın içində,
Qul, kasıb, aclıq, zülm, qan olmasın içində.
Daşını yad eldən
gətirtmərəm heç,
Yetər öz yurdumda kəsilən kərpic.
Qoy hündür olmasın dağ zirvəsi tək,
Təməlli saf olsun, nur guşəsi
tək.
Aynası gen olsun,
qoy girsin işıq,
Hər dərdli
adama qapısı açıq.
Qoy əssin hər evə cənubdan külək,
Kəsməsin yolları
zorba bir bay tək.*
Bəkir Sidqi Çobanzadə həyatının
ən yaxşı illərini keçirdiyi Budapeştdən belə nəcib arzular və işıqlı planlarla ayrılırdı.
Amma təəssüflər olsun ki, vətənində
onu niyyətlərini həyata keçirməyə
imkan verəcək mühit və şərait gözləmirdi.
Krımda və Bakıda yaşadığı
dövrdə də türkoloq-alim ara-sıra poeziyaya müraciət etmişdi. Lakin birmənalı
demək mümkündür
ki, şeirə marağı
heç vaxt Budapeştdəki qədər
güclü, davamlı
səciyyə daşımamışdı.
Bəlli həqiqətdir
ki, subyektiv hiss və duyğuların ifadəsi
kimi meydana çıxan, süniliyi,
saxta notları, basqı və qadağaları sevməyən
həqiqi şeirin ümdə şərtlərindən
biri ruhun və qələmin azad olmasıdır. Tatar gənci Macarıstan paytaxtında maddi, yaxud mənəvi məhrumiyyətlərlə üzləşsə
də, ruhu, qələmi azad idi. İstədiyi mövzuya müraciət edə bilirdi. Məhz həqiqi hiss və duyğuların tərcümanı kimi meydana çıxdığı
üçün Macarıstanda
yazılmış şeirləri
müəllif ölkəni
tərk edəndən
sonra da öz həyatını yaşamışdı...
Ədəbiyyatı "partiya
işinin təkərciyi
və vintciyi"
(Lenin) sayan sovet rejiminin yaradıcı fərdə tələbləri
isə tamamilə fərqli idi. Sovet reallığında partiyanın iradəsi xaricində sənətkar
azadlığından söhbət
gedə bilməzdi. Acı gerçəyi Krıma döndüyü
ilk gündən anladığı
üçün Bəkir
Çobanzadə qanadlı
ilham atını - Peqası cilovlamaq, yaxud göstərilən yol və cığırlarla
sürmək dilemması
qarşısında qalmışdı.
Odur ki, vicdanının
və ilhamının
əksinə gedib saxtakarlığa yol verməkdənsə, şair
kimi susmağı üstün tutmuşdu. Başqa variant da mümkündür:
ola bilsin ki, həm də şeirə keçilmiş mərhələ,
sırf gənclik aludəçiliyi kimi yanaşaraq qüvvə və enerjisini dilçilik, ədəbiyyatşünaslıq,
ədəbiyyat tarixçiliyi,
türkologiya sahəsində
elmi araşdırmalara
vermişdi. Nəticədə
sovet rejimi şəraitində təsadüfdən
təsadüfə qələmə
aldığı bədii
cəhətdən diqqəti
çəkməyən bir
neçə şeir qəlbin, ruhun tələbindən çox
hansısa hadisəni nəzmə çəkmək
istəyinin, yaxud partiya və dövlət tapşırığının
nəticəsi kimi meydana çıxmışdı.
Aydın məsələdir
ki, sözün qiymətini
yaxşı başa düşən Bəkir Çobanzadə belə dəyərsiz nəzm nümunələrini çap
etdirməyə də
xüsusi can atmamışdı.
***
Taleyinə şairlik
yazılan həqiqi söz sahiblərinin çoxu kimi, Bəkir Sidqi Çobanzadə də müəyyən mənada
gələcəyi görmək,
həyatın sonrakı
mərhələlərində nələr baş verəcəyini sezmək kimi qeyri-adi duyuma malik idi. Əlbəttə, belə
məqamları adi təsadüf də adlandırmaq mümkündür.
Elə isə təsadüflərin gerçəyə
çevrilməsi heyrət
doğurmaya bilmir. Ayrı-ayrı şeirləri
illər sonra özünü və xalqını gözləyən
çətin sınaqlar,
kədərli və faciəvi aqibət haqda peyğəmbərlik
təsiri bağışlayır.
Bu öncəgörmələr Budapeşt şeirləri üçün xüsusilə
səciyyəvidir.
Qəribə səslənsə
də, 1919-cu ilin fevralında yazdığı
"Hərgələ" ("Təsadüfi adam") şeirində tələbə
Bəkir Sidqi sanki necə ucuz bir ölümə
qurban gedəcəyini,
həyatının sonunda
necə alçaq və qəddar rəftara məruz qalacağını göz
önündə canlandıraraq
elə bil ölümünü də
öncədən görmüş
və lakonik şəkildə təsvir
etmişdi:
Endirir bir sillə və gülə-gülə,
Atdırır çüxura
gavur hərgələ...
Yenə Budapeştdə
yazdığı başqa
bir şeirdə 25-26 yaşlı tatar şairi gəncliyin nəşələrini, həyatın
gözəlliklərinin tərənnüm
etmək əvəzinə
heç bir müsəlman ayininin icra olunmadığı ölümü haqda aradan iyirmi il keçəndən sonra yüzdə-yüz həqiqətə
çevrilən şübhə
və gümanlarını
bölüşmüşdü:
Müsəlman tək yuyulmazmı cənazəm,
Müsəllada qılınmazmı
namazım?
Tapılmazmı öz yurdunda, köyündə
Üç arşınlıq
qara torpaq Bəkirə?
Oxunmazmı tale əzən
ruhum
"Allah rəhmət
etsin" - deyə Fatihə?
Sirli öncəgörmə
tək şəxsi həyatı deyil,
1944-cü ilin aprelində
dəhşətli deportasiyaya
məruz qalıb tarixi yurdlarını 72 saat ərzində itirən Krım türklərinin acı taleyi ilə də bağlı idi. 1918-ci ildə yazdığı "Azan səsi"
adlı şerində
o, sanki 26 il sonra oynanacaq qanlı faciənin anonsunu vermişdi:
Tez toplaşın,
azan səsi uçmamış,
Günahınız Salqıtçaytək
daşmamış,
Əl açaraq
təmiz qəlblə
göylərə,
Alnınızı dayayaraq
qart yerə,
Haqq qatından yurda şəfa diləyin,
Özünüzə asan ölüm istəyin.
Həqiqətən də, deportasiya Krım türkləri üçün
elə qorxunc və rəzil işgəncə xarakteri almışdı ki, "asan
ölüm" çoxları
üçün bir arzuya çevrilmişdi. Əslində NKVD zindanından,
dəmiri muma döndərməyi bacaran
qəddar çekistlərin
əlindən keçən
Bəkir Çobanzadə
də yəqin ki, dəfələrlə "asan
ölüm" arzulamışdı...
Amma yarıda qırılmış nəğmələri
və elmi irsi ona həqiqi
ölümsüzlük gətirmişdi.
P.S. Məqalələrdəki
şeir nümunələrini
Krım-tatar dilindən
azərbaycancaya yazı
müəllifi uyğunlaşdırıb.
Ulduz (*) işarəsi
ilə qeyd olunan poetik parçalar
isə dilimizə türkoloq alim Ramiz Əskər
tərəfindən çevrilib.
Sarayevo
Vilayət QULİYEV
Ədəbiyyat qəzeti. - 2024. - 11 may, ¹ 17. - S. 10-11.