Çingizin işığı
Narahat xəbər məni darıxdırdı,
səhərədək bu
nigaranlıqda qala bilməyəcəyimi hiss edərək
elə gecə saatlarında Gömrük
xəstəxanasındakı dostlarla əlaqə saxladım, Çingizin vəziyyətindən xəbər
tutdum. Artıq təhlükənin sovuşduğunu,
hər şeyin qaydaya düşdüyünü
öyrənincə toxdadım
və çox sevindim.
Sevinməyim yalnız ona görə deyil ki, mənə əziz olan bir insanı, dəyərli dostumu, qısa vaxt kəsiyində də olsa, incitmiş nigaranlıq artıq arxada qalmışdı.
Hər insan kimi Çingizin də ailəsi, qohum-əqrəbası, yaxınları,
dostları, sevənləri
var, həm də az deyil, təbii
ki, onlar istəklilərinin
həmişə sağlam,
gümrah, hər zamankı kimi şux, güclü olmasını qəlbən
istəyirlər. Ancaq
Çingiz Abdullayev yalnız
bir ailənin başçısı, bir
nəslin seçilmişi,
nə qədər geniş olsa belə, yalnız müəyyən dostlar, yaxınlar, rəğbət
bəsləyənlər dairəsinin
Çingizi deyil axı!
Çingiz Azərbaycanın
milli sərvəti olan
bir şəxsiyyətdir.
Çingiz Pərvərdigarın
bu yurda və xalqa nəsib
elədiyi İşıqlardandır.
Azərbaycanı və xalqımızı qələmiylə,
istedadı ilə dünyada daha artıq tanıdıb şöhrətləndirən, bu xalqın istedadının dünyaya
görünən rəmzi
olan Vətən Övladıdır.
Ədəbiyyatımızın azı son min-min beş yüz illik yolunu mən yaxşı bilirəm, peşəkarcasına bilirəm.
Bu iri zaman kəsiyində bizim dünyanı fəth edən, dünya boyunca Çingiz qədər tərcümə edilən,
Çingiz qədər
nəşr edilən ikinci ədibimiz yoxdur.
Bu göstəricilərlə Çingiz
Abdullayev hətta ən
qüdrətli klassiklərimizi
də xeyli geridə qoyub.
Çingiz nə Nizami Gəncəvidir, nə Məhəmməd Füzulidir, nə Mirzə Fətəli, nə Mirzə Cəlil, nə Caviddir… Amma Çingiz də Çingizdir!
O, ədəbiyyat tariximizə
öz pozulmaz imzasını atıb və zaman keçdikcə
bu yaradıcılığa
da, bu şəxsiyyətə
də indikindən daha dəqiq, daha ədalətli, daha qərəzsiz və yüksək qiymət veriləcəkdir.
Çingiz sadəcə yazmayıb, fədakarlıqla
işləyib, qələmin
aşiqi və fəhləsi kimi çalışıb, dünyaya
da car çəkməyib ki, məni oxuyun, məni bəyənin, mənim hər təzə əsərimi gözləyin, arayın
Çingiz yazıb, istedadla yazıb, ustaca yazıb və sanki bütün
deyilmişlərin deyilib
qurtardığı, sanki
bütün heyrətləndirəbilmələrin
tükəndiyi bir meydanda – dünya detektivində bu bənzətmə nə qədər yıpranmış
səslənsə də,
bu yerə məhz həmin metafora yaraşır – şimşək kimi parlayıb.
Dünya, ən müxtəlif xalqlar, ən fərqli dillərdə danışan
milyonlarla insan o işığı görüb,
duyub, qiymətləndirib
və nəticədə
bu Azərbaycan yazışısı bir xalqın, bir reüspublikanın yazıçısı
olmaq çıərçivəsindən
çıxaraq dünya
orbitinə dikəlib.
Təsəvvür edin bu şöhrəti qazanan bir azərbaycanlı
deyil, bir ermənidir, gürcüdür,
tacikdir, estondur, latışdır, belorusdur…
yenəmi dodaqbüzənlərimiz
sifət turşudacaqdılar.
Sevinin, qürurlanınkı
bu birincilik, bu müstəsnalıq öz balamıza qismət olub!
Ha deyin Çingiz yazıçı deyil, ha
bir az da qızışaraq baltanı
kökündən vurun
– iddia edin ki, detektiv heç ədəbiyyat deyil, ha deyin ki, guya onun heç bir əsərini oxumursunuz, bəyənmirsiniz.
Bütün dünya bəyənir! Bu Çingizin
də, Azərbaycanın
da bəsidir.
Öyünün, iftixar edin, qürrələnin
ki, belə böyük
Azərbaycanlımız var.
Əlbəttə, bu, dünyanın köhnə
dərdlərindəndir.
Harada
istedad varsa, hökmən küncdə-bucaqda
onun paxıllığını
çəkənlər, içərisini
qurdlar gəmirənlər,
badalaq vurmaq istəyənlər də
var.
Harada
istedad işığı
parlayırsa, orda həndəvərdə hökmən
yarasa xislətlilər
də var.
Çingizə həsəd
aparanlar nə Afrikadadır, nə Avstraliyada, nə Amerikada, nə də Asiya və
Avropanın uzaq ölkələrində, şəhərlərində.
Nə qədər Çingiz işığı
gözünü deşənlər
varsa, hamısı buralardadır.
Yaraşarmı?!
Çingiz Abdullayev parlaq nasir, universal bilikli əsl intellektual, sadiq vətənpərvərdir.
Çingiz yalnız qələmi ilə deyil ağlı, cazibəsi, düşüncələrinin
dərinliyi, dürüstlüyü,
hədəfədəyənliyi və həmin fikirlərin hər kəsə çatan sərrast ifadəsi ilə ən nəhəng auditoriyaları
ram etməyi bacarandır.
Bu millətin və yurdun maraqlarını köksünü irəli
verərək tarixin sınaqlı anlarında necə ləyaqətlə
müdafiə etdiyini,
həmin sözlərin
məhz nüfuz sahibi Çingiz Abdullayev dilindən qopduğu üçün səsləndiyi
studiyada dinləyənlərin
və yayıldığı
yüz milyonları bürüyən tamaşaçı
kütləsi tərəfindən
necə yeyildiyini görmüşük, tarix
bunu yadında saxlayıb.
Çılızlar, piyadalar,
hikkəli dayazlar, ağcaqanad mahiyyətlilər,
əqrəb xislətlilər
açıqca və əl altdan Çingizin kölgəsini
nə qədər qılınclayırlar!
Axı Allahın istedad nuru bağışladığı
bir insana qarşı içərisində
irin gəzdirmək elə İlahinin iradəsinə qarşı
getməkdir.
Nə qədər zəhərləmək istəsəniz
də Çingiz elə bu günlər
içində olduğu
kimi yenə şax dayanacaq, yenə sağlam olacaq və Tanrının qismət etdiyi padzəhr onu qoruyacaq, rəzillərsə, elə
öz zəhərlərinə
gömüləcəklər, öz irinlərində boğulacaqlar!
Çingiz və Çingizlərin işığına
bu gün Azərbaycanın hər
zaman olduğundan daha artıq ehtiyacı var.
Çingiz bu millətin o dəyərlərindəndir
ki, onu gərək bütün millət qoruya.
Bəd nəfslərdən,
ədalətsiz yanaşmalardan,
bədxah həmlələrdən.
Çünki Çingiz özü dünya boyunca Azərbaycanımızı
qoruyan, yüksəldən,
öz işığı
ilə işığımızı
daha da artırandır.
Çingiz işığı
həmişə gur olsun!
Yaşa, yarat, ucal, qardaş!
Rafael Hüseynov
Ədəbiyyat
qəzeti. - 2024. - 11 may, ¹17. - S. 17.