İki yekə, qalın
stəkan
hekayə
Soyuq yanvar axşamı idi. Əyninə, nə vaxtsa bahalı olmuş yaşılı boz rəngdə nimdaş plaş geymiş yaşlı,
üzünü xırda
ağ tüklər basmış kişi kafeyə daxil olan kimi birbaşa
satıcının yanına
gəldi. Pul uzatdı.
- Yarım çörəyi doğra.
Satıcı pulu aldı, doğranmış
çörək dolu
kiçik tabağı
ona verdi. Kişi tabağı və iki yekə
qalın stəkanı
götürüb iri pəncərənin önündə
boş masanın ətrafındakı dörd
kətildən biridə
oturdu. Plaşının
cibindən araq şüşəsini çıxartdı,
ağzını açıb
iki yekə qalın stəkanı doldurdu. Stəkanın birini qaldırıb su içirmiş kimi boşaltdı. Cibindən kağıza bükülü döğranmış
yoğun kolbasanı götürüb masa üzərinə
qoydu. Kağızı
açdı, ovcunda əzib külqabıya atdı. Tabaqda kolbasaya yer elədi.
İkinci stəkanı
da eləcə qurutdu.
Xardalqabının içindəki
xırda qaşığı
çıxarıb kolbasa
diliminə sürtdü,
çörəklə yedi.
Şüşənin dibindəki
arağı boş qalın stəkanın birinə süzdü. Boş şüşəni
götürdüyü yerə
qoydu, ikinci arağı digər cibindən çıxardı.
Ağzını açdı,
stəkanı doldurdu,
ikinci yekə qalın stəkan üçün də dodaq yeri qoymadı.
Kolbasa və çörək dilimlərinin
az bir hissəsi
qalmışdı. Qonşu
masada cavanlar çap olunmuş yazıya görə alınan qələmiyyəni,
yəni qanoararın əlamətdar gününü
qeyd edirdi. Çox şən idilər. Onlardan biri astadan pıçıldadı:
- O masadakı kişiyə baxın, yazıqdı, fərli bir yeməyi də yoxdu. Gəlin, bu kabablardan bir boşqab aparaq ona. Görünür dərdi böyükdür.
Qoy bir az
xoşbəxt olsun.
- Eh, sən də söz danışdın də...
- Dər in dunya kəsi biğəm nəbaşəd,
Əgər başəd,
bəni-Adəm nəbaşəd.
- Yəni?
- Yəni ki, bu dünyada heç kəs qəmsiz olmaz, əgər beləsi varsa, o adam balası
deyil.
- Bəli də, yenə şərqşünas başladı
filosofluğa...
- Sükutunuzu razılıq əlaməti
kimi qəbul edirəm.
Boşqaba kabab tikələrini
yığdı. Mineral suyu
bir əlində, çörək yığının
yanına düzdüyü
tabağı başqa
əlinə aldı. Ehtiyatda pencəyində saxladığı
arağın yerində
olub-olmamasını qeyri-şüuri
yoxladı.
- Siz davam edin, mən
gedib o yaşlı adamın dərdinə şərik olacağam.
- Yaxşı, sonra onun dərdini
bizimlə də bölüşərsən, öz
dərdimiz yoxdu elə bil.
Gülümsəyib ayğa
qalxdı, satıcıya
işarə elədi:
- Sifarişi təkrarla!
Satıcı həmişəki
müştərisinin bu
işarəsini çox
bəyənirdi, odur
ki, razılıqla gülümsədi,
kiçik kağıza
nəsə yazıb kababçıya göndərdi.
Özü onların masasına sini içində çörək,
göyərti, mineral sular,
dilimlənmiş pendir,
şor xiyar gətirdi. Şərqşünas
boşqab və tabaqla yaşlı adama yaxınlaşdı.
- Hər vaxtınız xeyir olsun.
- Aqibətin xeyir olsun. Gəl
otur.
- Görürəm
tək oturmusuz, dedim qoşulum sizə.
Yaşlı onu əli ilə bir az da yaxına
çağırdı. Pıçıltı
ilə qulağına
dedi:
- Bilirsən mən kiməm?
- Ağsaqqal.
- Hmmm... ağsaqqal... Bu gün ayın neçəsidir?
- Yanvarın altısı.
- Bu gün bilirsən nə olub?
- Nə olub?
- Bu gün Mikayıl Müşfiq qətl olunub.
- Doğurdan?
- Həəə...
bax orada...
Yaşlı kişi
pəncərədən dənizi
göstərdi. Dənizin
içində kiçik
ada görünürdü.
- Bizə məktəbdə bunu deməyiblər...
- Məktəbdə
nə gərəkdirsə,
onu deyərlər, nə məsləhət deyilsə, söyləməzlər.
- Buyurun, yeyin sizinçün gətirmişəm.
Yaşlı kişi
isti tikələrdən
götürüb ləzzətlə
yedi.
- Bilsəydin mən kiməm, heç kababın sümüklərini də
gətirməzdin.
- Hər kim olsaz da, ağsaqqalımızsız.
Bir dolu stəkanı da başına
çəkdi. Boş
şüşəni plaşının
cibinə qoydu. Tikələri götürüb
yedi, boşqabda ancaq kiçik sümüklər qaldı.
- Düşünə
bilən qardaşlarını
qətl edən ağsaqqal...
- ?..
- Mən cəlladam.
- Necə yəni?
- Adicə... vəzifəm hökumətin
xoşuna gəlməyən
düşüncə adamlarını
öldürmək olub.
- Siz yeganə nüsxə deyilsiz...
- Hə, düz deyirsən...
Kiçi pencəyinin
qoltuq cibindən nəsə çıxardı,
ovcunu açdı.
- Deyəsən inanmadın? Tapançadan
çıxan üç
güllə gilizinə
bax... Müşfiqi bu güllələrlə
mən öldürmüşəm.
- Deyəsən, gerçəkləyirsiz a...
Şərqçünas ona inamsızlıqla baxdı,
kefli sayıqlaması
kimi baxdı.
- İnanmırsan?
- Nəsə, söhbət çox maraqlı gəlir, ancaq inandırıcılığı
azdır.
- Hmm... elə əvvəl mənə də inandırıcı
gəlmirdi...
- Başdan danışın, necə
oldu? Müşfiqin
son anlarını siz görmüsüz, danışın.
Çox xahiş edirəm.
- Nə danışım?.. Tüfənglə, tapança ilə cavanlıqda ancaq onluğu vururdum. O vaxt bizi tez-tez
hədəfgaha gətirirdilər.
Fərqləndiyim üçün
mənimlə maraqlandılar,
uzun çək-çevirdən
sonra işə götürdülər. Güllələnmə
cəzası alanları
biz qətl edirdik. Artıq bir neçəsini mən öldürmüşdüm. İşdən
qabaq bizə yeməksiz iki iri, qalın stəkan dolusu araq verirdilər. Birnəfəsə içirdik.
10-15 dəqiqə ərzində
keyflənib keyləşirdik,
araq bizi tuturdu. Zabit əmr eləyirdi ki, xalq düşməninə
tapançanı tuşla!.. sonra nə baş
verirdisə, heç nə
yadda qalmırdı. İşi
bitirəndən sonra qayıqla bizi şəhərə gətirirdilər.
İdarədə, zirzəmidə
isti, rahat, öz otağımızda
hər gün ağları dəyişilən
təmiz çarpayılarımız
vardı. Səhərəcən
orada yatırdıq. Səhər yeməkxanada mannı-kaşa, bir yumurta, kiçik yumru kərə yağı, qara və ağ çörək dilimləri,
şirin çayla qidalanırdıq...
- Altı yanvarda nə olmuşdu?
- Deyirəm, səbrin olsun, sual vermə, qulaq as. Fikrim dağılır... Hə,
o gün çox soyuqdu, qar yağmışdı.
Düz qırx il qabaq, 1938-ci il idi. O vaxtlar atom bombasının
sınaqları keçirilmirdi,
Yaponiyada iki mərmi partlamamışdı.
Yəni, dünyada iqlim çox safdı... Günəşin
rəngi gözəldi,
hava yayda isti, qışda qarlı, şaxtalı idi. Mən göyə
baxmağı çox
xoşlayıram. Ələlxüsus, sübh çağlarında günəşin
çıxmasına doyunca
baxardım. Yaşlı
adamlardan eşitmişdim
ki, həmin vaxt 10-15 dəqiqə təmiz havayla nəfəs alanların ağ ciyərində problem olmaz.
Problemim yoxdur. Həmən müddətdə
günəşə baxanın
gözünün işığı
artar. Bəlkə də, ona görə
gözlük taxmıram.
1946-cı ildən sonra,
günəş əvvəlki
gözəlliyini itirdi.
İndi çölə bax,
heç qar görürsən? O gün
piltə-piltə qar gəlirdi göydən, ağappaq... Mənim növbəm idi... İki yekə qalın stəkan araq masanın üstündə idi. Qayda üzrə, götürüb ikisini də birnəfəsə boşaltdım.
Müşfiq mənə
təbəssümlə baxırdı...
Yəqin, məni kiməsə oxşatmışdı.
Bilirdi ki, onu bura güllənməyə
gətiriblər, ancaq
heç inanmağı
gəlmirdi. Zabit qışqırıqla əmrini
verdi. Mən tapançanı qoburdan çıxardım, ona tuşlayanda barmağımla
qoruyucunu boşaltdım.
Müşfiqin üzündən
təbəssüm çəkildi,
yerində inanmadığı,
inana bilməyəcəyi
bir mənzərəyə
münasibəti əks
olundu. Müşfiq dəhşətdən
heyrətlənən gözləriylə
iblisi görürmüş
kimi mənə baxırdı. Kefliliyim keçdi, onun nəzərlərinin altında
özümü çox
cılız hiss edirdim.Tapança əlimdə
titrəyir, tətiyi çəkə bilmirdim.
Bu necə baxışlar
idi, aman Allah? Gözlərilə mənim
əlimidən tutmuşdu,
qolumu tərpədə
bilmirdim. Boğazım
qurumuşdu, başqa məhbuslardan fərqli olaraq, onun üzündə
aman diləyən yalvarış ifadəsi yoxdu.
Təlimata görə,
cəlladı olduğumuz
məhkumlarla danışmamalı
idik, yox əgər buna lüzum gəlsəydi, nəyisə
ancaq rusca deməliyduk ki, ətrafımızdakı
azərbaycanlı olmayan
işçilər nə
dediyimizi başa düşsün. Güllə
səslərinin gecikdiyini
görən zabit üstümə rusca qəliz ana söyüşlərini
yağdırmağa başladı.
Mən biixtiyar bağıra-bağıra rusca
"Gözlərini yum!"- dedim. Onun gözlərini
görməməkçün öz gözlərimi yumdum. Gücümü tam
toplayıb ona tuşladığım tapançanın
tətiyini üç
dəfə çəkdim. Gözlərimi
açdım. Qan içində çabalayan
Müşfiqdən zarıma
səsi gəlmədi.
Güllənin biri alnına, biri boğazına, üçüncüsü
ürəyinə dəymişdi.
Xırıldayırdı... Qanlı üzündə iki projektor kimi
işıldayan gözləriylə
mənə yazığı
gəlirmiş kimi baxırdı. Az sonra onun açıq qalmış gözləri
soyuq şüşəyə
oxşadı. Həkim
gəlib onun gözünü iki barmağı ilə sıxdı. Girdə bəbək uzunsovlaşdı.
Ölən adamın göz bəbəyinin uzunsovlaşmasına həkimlər
"koşyaçiy qlaz"
deyir, yəni pişik gözü. Yerə düşən gilizləri götürüb
cibimə qoydum. Niyə bunu etdim, heç özüm də bilmirəm. Bəlkə də Müşfiq məni hipnoz eləmişdi? İndi onları
ata bilmirəm, həmişə üstümdə
gəzdirirəm ki, hər
an mənə cəllad
olduğumu xatırlatsın.
- Olar o gilizlərə öz əlimdə baxım?
- Olmaz. Mənə verdiyi əzab azdı, səni də günühıma şərik
edim? Yox!..
- Sonra nə oldu?
- Həkim onun öldüyünü
təsdiq etdi, mənə kağıza imza etdirdi. Edam yerinin işçisi daşa bərkidilmiş qalın ip ilgəyini
meyidin boğzına taxdı ki, dənizə atılandan sonra qalxıb suyun üstünə çıxmasın.
Divara bərkidilmiş iri
qırmızı düyməni
basdı. Döşəmə
aralandı. Çox da də
enli olmayan sukeçər yarandı.
Dənizin şor suyu gur təzyiqlə
gəlib meyidi dənizə atdı. Qan ləkələri yuyulub təmizləndi. Yenə qırmızı düymə
basıldı, döşəmə
bağlandı.
Şərqşünas pencəyinin
cibindən ehtiyatda
saxladığı araq
şüşəsini çıxardı,
cəld hərəkətlə
ağzını açdı.
masanın üstündəki
iki boş stəkandan birinə süzdü. Yaşlı kişi "içmirəm"
- mənası verən
işarə ilə əlini boş stəkanın üstünə
qoydu sınayıcı
nəzərlərlə şərqşünası
süzdü.
- Sonra nə oldu?
Kişi stəkana
süzülən arağa
baxıb ayıldı.
İçirtməklə danışdırıb
gizli sözü almaq üçün istifadə olunan bu üsulu bilirdi.
- Heç nə olmadı... Mən heç nə bilmirəm!..
- Yox axı, bayaqdan xatirə danışırdınız.
- Mən heç nə danışmamışam. Mənə
böhtan atma.
- Yaxşı, Müşfiq sonra necə oldu?
- Düzünü
de, səni kim göndərib?
- Heç kim göndərməyib...
- Kafenin qənşərindəki çayxanada
oturanların yarısı
agentlərdi. Agenti tanımaq o qədər də çətin deyil. Düzünü de, sən kimin agentisən?
- Allah haqqı, mən agent deyiləm.
- Bilirəm ki, agentsən... Bilirəm ki,
səsimi yazmamısan.
Səhərdən baxıram,
qulaq asıram sizə, boş-boş danışan biganə, mənasız cavanlarsız.
Burada vaxtınızı
öldürüb , səhhətinizi korlayırsız. Danışanda
da vətənpərvərlikdən dil boğaza qoymursuz. Vətənə hərtərəfli sağlam,
ağıllı gənclər
lazımdır - Müşfiq
kimi... Əlim quruyaydı onu öldürən yerdə...
Cavanlara bax, dördünüz birinə,
biriniz də heçə dəyməzsiz.
Görürəm ki, indidən
hərənizdə bir
xəstəlik var... Mənə
adam öldürməyi
öyrətməklə bərabər,
həm də tibb təhsili də veriblər
- Bizi necə görə bilərsiz ki, üzü pəncərəyə tərəf
oturmusuz?
- Hava qaralıb, içəri işıqlıdır. Kafedəkilərin
əksi güzgü kimi pəncərə şüşəsinə düşüb.
Oradan baxıram.
- Aaaa... doğurdan görünür
aaaa...
- Özünü
mənə xam göstərmə... Sən
xam adam deyilsən... o qədər
zalım adama da oxşamırsan... Hər halda, naçalnikinə danışdıqlarım barədə
məlumat yazma... Sən o inandığın
haqqı, ölmüşlərinin
goru, mənim indi zəiflik göstərib sənə
danışdıqlarımı orlara çatdırma. Oğlum orada işləyir, uşağı
aradan götürərlər.
- astadan deyib yalvara-yalvara ağladı.
Tez də özünü
toparlayıb üzünə
sərt ciddilik mimikası taxdı. - Bir də, nə bilirsən, bəlkə yazdığın mənim
oğlumun əlinə
düşər, səni
yox edərlər. Yazıqsan... Etiraz eləmə, danışma,
mənə qulaq as! Onsuz da nələr çəkdiyim özümə
bəsdi... Hara baxıram,
Müşfiqin mənə
zillənmiş baxışlarını
görürəm. Təkcə
burada oturub dənizdəki adaya baxanda sakitlik tapıram. Onun ruhuna dualar oxuyuram.
Həkimlər deyir, məscidə get, tövbə
elə, namaz qıl... Eh, onsuz da bilirəm ki, cəhənnəmliyəm.
Bu dünyam da cəhənnəmdir,
o biri dünyam da...
Ayağa qalxdı,
səndələmədən şüşə qapını
açıb oradan düz çıxdı. Şərqşünas durub
onun ardıyca çıxsa da, həmişəyaşıl
kolların arasından
elə sürətlə
keçmişdi ki, hansı
istiqamətə getdiyi
bəlli deyildi, kişi
elə bil qeyb olmuşdu.
Şərqşünas geri dönüb
qoca ilə oturduğu masadan dolu yekə, qalın stəkanı götürdü. Dostları
olan masaya tərəf qayıtdı.
Üzündə mübhəm
əzab cizgiləri vardı. Qayıdıb yerində oturdu.
- Nə oldu, bədbəxtə səadət bəxş edə bildin? Nə 200 qramlıq iri, qalın stəkan götürmüsən?
Xırda, nazik 100 qrqmlıq stəkanlarımızı
bəyənmədin?
- O bədbəxt
kişinin stəkanıdır.
- İçib xoşbəxt olmadı?
- Yox, yox!.. O yazığın dərdi çoxdu,
lap çoxdu... hətta
mənim xoşbəxtlik
ovqatımı da cəlladcasına
əlimdən aldı...
- Nə pis cəllad imiş...
- Bənd olmayın, keçdi, getdi... Deyilən sağlığa
- deyib iri dolu qalın stəkanı birnəfəsə
başına çəkdi.
- Molodes sənə, təzə içmək qaydasını
kimdən öyrəndin?
- O bədbəxt
qocadan.
- Bərəkallah
ustadına!
- Hm... O bədbəxt
qoca bilirsən bizim kompaniya üçün nə dedi?
- Nə dedi?
- Dedi ki, biz boş-boş danışan
biganə, mənasız
cavanlarıq.
- Lap elə belə dedi?
- Hə... düz demədi?
- Deyirəm, o kişinin sözü olmasın, bu badələri də, boş-boş danışan
biganə, mənasız
cavanların, yəni bizim sağlımıza içək...
- Haa, haa, haaa...
02.05.2024
Hacı Firudin Qurbansoy
Ədəbiyyat qəzeti. - 2024. - 11 may, ¹ 17. - S. 16-17.