Musa Yaqub
- Maradona sevinci
1
Haqqında kitablar,
məqalələr yazıldı,
doğulduğu, yaşadığı
kəndə getdilər,
badələr qaldırdılar,
qədəhlər sınanda
bir yaz günü
yaşıl yarpaqlardan
süzülən göz
yaşları içildi,
nə oldusa da, Musa Yaqub şeiri bütün dünyanı
tutdu, kimsə ona paxıllıq eləyə bilmədi, ana
təbiət özü
onu hifz etdi, özü ona qibtə etdi...
O qədər insan yürüş etdi dərgahına, hamını gözünün
işığına bələdi,
amma hamıdan sıyrılıb getdi ki,
mən gərək yanımda bir ağac əkim...
Adi, iddiasız sözlər, cümlələr
insanı necə dəhşətə gətirə,
yerindən oynada bilər, həm də könlündə
taxt qura bilər, sanki bu dünyada min illər yaşamısan, hamı səni tanısa da, sən kimsəni tanımırsan,
yaddaşında min illərin
xarabalıqları var, sən
əlində əsa o
xarabalıqda özünü
axtarırsan, kimsə
də bizi yaşadan, bizim yaşadığımız ömür
mətninin o tayında
anadilləri dinləyir:
tapdınmı? Tapmadım...
Həyat elə bu iki sözün
arasından keçən
işıq zərrəciyi
imiş... Qar topasından ayrılan işıq zərrəciyi...
Həm də onu təzələyərək,
könül aynasını
silərək...
Onun mənim xəyalımda bir obrazı var, bu obraz elə onun ölümündən
sonra yazılmalıydı:
sanki o başqa bir diyarda doğulmuş,
əlində əsa, yolunun üstündəki bütün ölkələrdən
keçmiş, bir kənd dəyirmanının
həndəvərində gecənin
gecə vaxtı Xaqaniylə bardaş qurub bir ömür
boyu söhbət etmiş, zil qaranlığın ağappaq
sükutu içində
dedikləri şeirlər
bir-birinə qarışıb
un kimi üyüdülmüş...
Ömrümüz həyəcan,
təlaş içində,
Könlüm bir şüşədir bu daş içində.
Belə vurhavurda,
savaş içində
Məni barışıqda
saxlayanım var.
Xaqani:
Gözəllik bir qızıldır, ömrün
əlindən
düşərək torpağa
yox oldu birdən.
Tapmaq həvəsilə
həmin qızılı
torpağı yuyuram göz yaşımla mən.
2
Paolo Sorrentinonun
"Gənclik" filmində
Maradona obrazı var. Futboldan
ayrılmış, özgələşmiş,
bədəncə böyüdükcə,
meydanları lərzəyə
gətirən topu balacalaşıb uşaq topuna çevrilmiş
Maradona. Rollar paylanmış,
oyun oynanılmış,
ölən ölmüş,
qalanlar əzab içində... Maradona bu
əzabın dar qəfəsində uşaq
topunu əlindən buraxmır, onu suyun içində nəfəsiylə də tərpədir, anlayır
ki, həyat oyununun bitdiyi anda bitmiş,
ömür mətni
Don Kixotdakı yel dəyirmanının pərinə
ilişib qalmışdır.
Maradonanın nəfəsindən
ayırmadığı top bir gün göyə,
göylərin yeddinci
qatına milləndikdə,
o da bu həyatda elə qapı dirəyinə dəyən
top kimi geri qayıdacaqmış, o isə
hamının gözündən
oğurlanıb topu nə olur-olsun, dirsəyi ilə qapıya vuracaqmış.
Musa Yaqubla Xaqani həmin ağ sükutun gecə qaranlığında
oturub şeir deyirlər. Musa Yaqubun intonasiyasında belə bir ayrıntı var: o, sözləri hansısa bir dünyanın son cümləsi, son hecaları
kimi tələffüz
edir və son sözün son hecasında
yeni dünya açılır.
Bu dünyada Xaqaninin də şeiri təkdir, bənzərsizdir: onun tələffüzündə gur
axınlı, burulğanlı
bir nəhrin dalğalarının bir-birinə
çırpılıb ağ
işığa (una...) çevrildiyi
an var. Xaqani nə qədər uzaqdan gəlib hansı uzaqlığa getsə də, onun şeiri
bir andır. Hər bir şair
bu ələkeçməz
anla bütün dünyanı dizə çökdürə bilirlər. İki ixtiyar şair, uzun yollar keçib
tanımadıqları bir
kəndin məzarlığında
heykələ çevrilmiş
iki şeir mətni...
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.-
2024.- 11 may, ¹ 17.- S. 19.