Şeir xatirə toranlığında azmış
səs kimi
Tanınmış Azərbaycan
şairi Fəxrəddin
Əsədlə dostluğumuzun
aşağı-yuxarı 25 illik tarixçəsi var. Mən Mingəçevir Politexnik İnstitutunda (indiki Mingəçevir Dövlət Universiteti) kafedra müdiri işləyirdim. Görkəmli
şairimiz İsmayıl
İmanzadənin rəhbərliyi
altında AYB-nin Mingəçevir bölməsində
hər ayın sonunda görüş keçirilirdi. Bura ətraf
rayonlardan da şairlər
gəlirdi. Belə günlərdən birində
Fəxrəddin Əsəd
Ağdaşdan gəlib
şeirlərini oxudu...
Fəxrəddin Əsəd
nüfuzlu ədəbi
orqanlarda geniş çap olunsa da, nədənsə kitablarının
nəşrinə can atmırdı.
Bu, bir tərəfdən
obyektiv səbəblər
üzündən irəli
gəlsə də, bir tərəfdən də şairin sözə məsuliyyətli
yanaşması ilə
bağlı idi.
Fəxrəddinin bütün
şeirləri özünə
ünvanlanıb. O, xatirələrini
sanki başqasına söyləmir, içindəki
"ikinci Fəxrəddinlə"
paylaşır. Ömrünün
ötüb-keçən günlərinin
xatirəsini sadəcə
sakit səslə, detalları, obrazları xatırlamaqla məşğul
olur. Bəlkə də yanılmaram, desəm ki, hətta ithaf şeirləri də özü haqqındadı:
Ah zalım ustalar,
zalım ustalar,
beləmi tikərlər
evi -
qapım payıza
açılır
pəncərəm bahara.
Ömür yolunda baş vermiş istənilən görüş
(ötəri, təsadüf,
vacib...) onun üçün özü
ilə görüşə
çevrilir.
Məndə nədənsə
belə bir inam yaranıb ki, Fəxrəddin şeirlərini
ya gecələr, ya da axşamın toranlığında yazır.
Əks halda, onun təhtəlşüurunun
sirli səslərini eşitməsi, yazıya alması çətin olardı. Şeir işıq üçün
darıxan səslərdir.
Günlərimi yalnızlıq
içində keçirirkən
gəldin,
uzaq üfüqlərdə
itən qatarın fit səsi kimi...
Yaxud:
Avqustun bürkülü
səhəri.
Günlərdən cümə.
Vecsiz-vecsiz ötür
buludlar.
Doğmaların ad günlərini
təbrik etməyi
unutdum.
Xatırladım amma,
Taleyimdən keçənlərə
zəng etməyi
və qayğısız
günlərin
çiçəklərinə su verməyi.
Aylardı
yağış üzünə
həsrət bu yerlər
qurumuş ağaclar
misalı...
Fəxrəddinin şeirlərində
misralar sürreal süzgəcdən keçərək,
ümumiləşdirmə ilə,
yaxud lirik, fəlsəfi ricətlərlə
tamamlanır. Və sonluğu adətən ritorik suallar və nidalar şəklində verilir. Ritorik sual onun
dünya ilə, əlaqə qurmaq üsulu, özünü dərketmə imkanıdır.
Bu da tanış
dalan,
doğma ocaq,
bağa açılan
pəncərə...
Ağaclar, quşlar
hələ yuxulu.
Təkcə cırcıramalar
verib ağız-ağıza.
Qaraqulaq itimiz donquldanar...
Gözləyirəm
qonşunun damından
Günəş nə vaxt boylanar?
Fəxrəddin Əsədin
poetik qrammatikasını
səciyyələndirən bir məqam da şeirlərində feli sifətlərin fəallığıdır.
Şeirin epitet, metafora yükü feli sifətin boynuna düşür. Hadisələrin, predmentlərin
mahiyyətində həm
də mütləq gizli bir hərəkətlilik
olur.
Fəxrəddin Əsədin
şeirlərinin böyük
əksəriyyəti (ən
azından oxuduqlarım)
sərbəst vəzndədi.
Son illər Azərbaycan
poeziyasında sərbəst
şeir sürətlə
yayılsa da, etiraf etməliyəm ki, hələ
də yadlığı
və "sərbəstliyi"
ilə ənənəvi
oxucuları bir az çəkindirir. Onun sərbəst vəzndə yazılmış
şeirlərində isə
qafiyəli heca şeirinin havasına girməsi də qeyri-ixtiyarı "sərbəst"
misralar arada bir-birini eşitməyə
ehtiyac duyur:
Atam lal idi
əlləri ilə anladırdı ömrünü.
Dilinin ucundaydı
demək istədiyi
söz,
deyə bilmədikləri
- gözlərində.
Baxışlardan seçib
ayırardı
sözlərin ağını-qarasını.
...Atamı xatırlayıram
qarlı qış
günlərində
dəmirçi kürəsinin
başında.
Birdən donur uşaqlığım
yaddaşımda...
...Ata! Ata!
O hansı söz idi
qaldı ürəyində?
Adətən sərbəst
şeir üzrə
"ixtisaslaşan" şairlərin
heca şeirləri də fərqli və gözlənilməz
intonasiyaya, söz düzümünə malik olur.
Sanki səs və nəfəs iki vəznin arasında balanslaşır. Bu zaman şairin
əsas vəzifəsi
intonasiyanı, tembri, ritmi uzlaşdırmasıdır...
Deyirlər, hər
şairin xasiyyətinə
və xarakterinə uyğun da şeirləri olur. Fəxrəddinin şeir oxuması uzun müddət susmuş adamın qəfil danışması
kimiydi. "Sürreal
axın"ın sərbəstliyi
ilə ənənəvi
şeirin nizamlı məntiqi onun şeirlərində rahatlıqla
birləşir...
Maraqlıdır ki, Fəxrəddinin
sevgi lirikası əksər
hallarda ənənəvi
üslubda və nəzm şəkillərində
(qoşma, gəraylı)
olur. Di gəl ki, sərbəst şeir vərdişi və ustalığı onun bu mətnlərə fərqli hava gətirir, sözlərin sintaktik düzümü də sanki dəyişir.
Onun sevgi şeirlərinin ünvanı
- "İsmi-pünhandı", xəyallarında yaşatdığı
və xatirələrinin
toranlığında canlandırdığı,
əzizlədiyi obrazdır.
Həmin "İsmi-pünhan"
ilə dialoqu əslində Fəxrəddinin
bitməyən monoloqudur:
Sən mənim
uzaq sevdam
hamıdan gizlətdiyim.
Suya həsrət torpağam -
yaz yağışın
gözləyən.
Fəxrəddin Əsədin
öz dili, özünəməxsus poetik
lüğəti və
simvolik obrazlar sistemi var. Məsələn,
şairin çox işlətdiyi pəncərə
obrazını götürək.
Pəncərə, açar
deşiyi və s. obrazlar mifoloji düşüncədə "o dünyanın" simvolik
elementidir, dünyalar arasında sərhədi simvolizə edir. Fəxrəddinin baxışları
daim ömrün
"o tərəfinə" yönəlir. "Bu dünyada"
gördüklərini sanki
"o dünyaya" proyeksiya
edir. Pəncərədən
baxan adam isə ancaq ruhları, xəyali obrazları görə bilir:
Nar
bağı sərçə
səsləriylə dolub
barmaqlıq
arasından
əl
çatacaq qədər
yaxın kimisən.
Gecədən
yağır qar
xumar-xumar...
Pəncərən
röyadamı,
oyaqmı?..
Fəxrəddin
Əsəd poeziyasında
şeirlərin "məna
sıxlığını" metaforalar yaradır. Şeirlərin mayası metaforadan "tutulur". Məhz metaforalar, onun xatirə, yuxu dünyasının varlığını şərtləndirir.
Dayanmadan
xatirələr əsir
axşam
yuxusundan öncə.
Pəncərə
şüşəsi tərləyib
soyuyur
zökəm
olmuş otaqda.
Dan
yeritək
parlaq
qərənfillər
yaddaşı
imtahana çəkir;
uşaqlıq
xatirələri kirlənməmiş
nə yaxşı!
Şeir
var - mətndəki sözlərə inanırsan.
Şeir var, yalnız
səslərin havasına
inanırsan. Fəxrəddin
Əsəd inandığım
şairlərdəndir...
Rüstəm KAMAL
Ədəbiyyat qəzeti.
- 2024. - 11 may, ¹ 17. - S. 23.