Elçin hekayəsinin poetikası
Yazıçı
haqqında bitməz-tükənməz
qeydlərdən
Elçin yaradıcılığında
hekayə janrı mühüm, bəlkə də ən mühüm yer tutur; bir yazıda
da vurğuladığım kimi, mənimcə Elçin nəsrinin lokomotivi hekayəçilikdir.
Uzaq gəncliyində
ilk qələm təcrübələrindən
janra ürək qızdırmış bugünün
Xalq yazıçısı,
sevimli yazıçımız
Elçin sonra yenə də hekayə yazmaqda, janrın şedevrlərini
yaratmaqda davam etmiş və bugün də edir.
Elçin nəsrinin
tədqiqatçıları bu məqama həmişə diqqət
etmiş, ən müxtəlif aspekt və parametrlərdən Elçin hekayələrinə
təhlil və dəyər vermiş; və hətta yaradıcılığının izi ilə bircə-bircə
hekayələrini şərh
də etmişlər
(akademik Nərgiz Paşayevanın "İnsan
bədii tədqiq obyekti kimi" (Bakı, 2003), akademik Nizami Cəfərovun "Elçin. Yazıçının
yaradıcılıq yolu"
(Bakı, 2017) monoqrafiyalarını
yada salıram). Zaman-zaman (1998-ci ildə "Absurd hekayələr"dən
2014-cü ildə "Yeni hekayələr"i,
2018-ci ildə son hekayələrinəcən)
yazılarımda Elçin
hekayəsinin sirrinə
mən də varmağa çalışmış,
hər dəfə bir az, bu
və ya digər tərəfdən
poetikasına yaxınlaşmağa
cəhdlər etmişəm.
Və hər dəfə məni bu hekayənin xronotopunda zamanlı məqamlardan (zamanla dialoq, yaxud polemikadan)
çox, zamansızlıq
məxrəci (əbədiyyət
mənasında) daha
da çox cəzb etmiş, düşündürmüşdür.
Necə olur ki, Elçin hekayələri
yazıldığı dövrü,
zamanı arxada qoyub, sonra yenə
də eyni şövqlə oxunur, oxucu üzərində ecazkar təsirini qoruyub-saxlayır; və necə olur ki, Elçinin sanki zamana, dövrə dəxli olmadan yaranan hər yeni hekayəsi oxucuda maraq,
böyük ajiotaj doğura bilir. "Bu nə sehrdir belə" - Elçin haqqında 56 Söz-yazıdan
ibarət kitabı (Bakı, "Elm", 1999) vaxtilə
belə adlandırmaqda
Vaqif və Cavanşir Yusifli qardaşları heç də yanılmırdılar.
Tədqiqatçılarının ardınca:
Elçin nəsrinin hədəfində birbaşa
İnsan, İnsan həqiqəti (öz sözü ilə desək:) "İnsan xisləti", sirri, möcüzəsinin durduğunu
iqrar etsək, təzə bir söz demiş olmarıq. On il əvvəl
elə bu radələrdə etdiyim məruzədən sitat:
"Problematikasına görə,
biz 1960-1980-ci illər nəsrinə
sosial və sosial-psixoloji nəsr də deyirik; ki, hədəfində bilavasitə
Fərd, Fərd-Cəmiyyət
münasibətləri, İnsanın
iç aləmi durur - hansı nasirdə bu vurğu necə, handan hanadırsa. Elçin nəsrində bu, ümumən İnsan haqqında mif şəklindədir:
"sosial mif" - doğrudan da mı bir zaman deyildiyi kimi İnsan "ictimai məcmu"dur?; "mənəvi mif" - ... doğrudan da mı İnsan, xislətində gizlənmiş genetik saflıqdan özgə bir şey deyil;
yainki - "ekzistensial-fəlsəfi
mif": doğuşundan
ölümünəcən ətrafıyla bitib-tükənməz
psixoloji çabalarında
vardır-mövcuddur? Elçin
hekayəçiliyi həmin
bu əbədiyyət
problemləri ətrafında
hey dolaşmaqla İnsan
haqqında öz mifini qurur, həqiqətini
axtarır..." (T.Əlişanoğlu, Elçinin
hekayəçiliyi. // Tənqid.net jurnalı, № 10, 2013, s. 301)
Beş il öncəki
başqa bir yazı(m)dan sitat:
"60-cılardan kimisi toplum
həqiqətlərindən gəlir, kimisi millət sevdasından, kimsə də Xalq-xəlqi-mentalitet axtarıcılığından;
amma Elçin metafizikası illüziyalardan
xali, cavabsız-sorğusuz,
birbaşa İnsandan,
İnsan fərdindən,
İndividdən, Xislətdən
başlanır..." (T.Əlişanoğlu, Yazıçının
zamanı və zamansızlığı, "Ədəbiyyat
qəzeti", 5 may 2018) N.Paşayevanın
sözləri ilə təkrarlasaq: İnsan - bədii tədqiq obyekti kimi.
Elçin yaradıcılığında
İnsan axtarıcılığının
trayektoriyası həyat
sevinci, qəhrəmanlarının
özünükəşf nikbinliyindən dünyanın
faniliyi, dünya kədərinə doğrudur.
Son yarım əsrdə
olduğumuz-oluşduğumuz-yaşadıqlarımızla
identifikasiya etsək, eyniləşdirməli olsaq,
Elçinin olduqca zəngin-çoxrəngli-əsrarəngiz yaradıcılıq və
təxəyyül dünyası
içrə İnsan
və həqiqət axtarışlarını bir
söz, bir məxrəcə gətirə
bilərik: darıxan insanlar, darıxan qəhrəmanlar... Sosial əhatədən, yabançı
mühitdən, cəm-iyyətdən,
ümumən taledən-tarixdən-zamandan,
həyatından darıxan
insanlar... Lap ilk əsərlərindən
- "Min gecədən biri",
"Açıq pəncərə"dən
lap son əsərlərinəcən -
"Kölgə", "Qəbristanlıq əhvalatı",
"Missiya", "Çingiz
xanın daşları",
"İntihar", "Böcəklər"
və s.-cən Elçin yaradıcılığının
poetikasını böyük
bir dünyəvi darıxqanlığın ifadəsi,
başqa sözlə:
fəlsəfi dekadans müəyyən edir...
Elçinin tarixi qəhrəmanları Tarixdən
bezardır ("Mahmud və
Məryəm"i, "Baş"ı,
"Ölüm hökmü"nü
anaq), müasir qəhrəmanları hər
cür sosialçılıqdan
(1970-1980-ci illər povest
və hekayələrini,
"Ağ dəvə"ni
yada salaq), "milli" qəhrəmanları
mental coğrafiyadan (məşhur
"Abşeron hekayələri"ni
xatırlayaq)... Hər birisinin
də canında eləcə buxovlardan uzaq İnsan olmaq, sevmək-sevilmək,
var olduğunu doyunca
hiss etmək, yaşamaq
çabası-narahatlığı-nigaranlığı;
fərdi maraqlar və Fərdin maraqları. Axı birbaşa İnsan (!), İnsan həqiqəti (!) yanında
(ətrafında, fövqündə)
nə varsa, cümləsi yalandır!
Hər hansı
təsnifat şərti
olduğu qədər
də əsaslıdır.
Tədqiqatçılarının ardınca: Elçin hekayəçiliyinin dinamikasını
dəyişən zaman kontekstində
mən bir neçə mərhələdə
görür və fiksə edirəm.
1960-1970-ci illərin intibah
hekayələri ("Sarı
pencək", "Qatar. Pikasso.
Latur. 1968", "Beş qəpiklik
motosikl", "Qırmızı
ayı balası",
"Gümüşü, narıncı,
məxməri", "Bu dünyada
qatarlar gedər",
"Baladadaşın ilk məhəbbəti"
və s.); 1980-cilərin dekadansı
("Bülbülün nağılı",
"Baladadaşın toy hamamı",
"Ayaqqabı", "Hotel Pristol", "Hönkürtü",
"Bozluq içində
iki nəfər",
"Beş dəqiqə
və əbədiyyət",
"Gül dedi bülbülə"
və s.) və
1990-lardan qlobalizə dövrünün
absurdu ("Ordenli yazıçı ilə görüş", "Mehmanxana
nömrəsində görüş",
"Xüsusi sifariş",
"Hövsan soğanı",
"Qırmızı qərənfil
gülləri Pera palas otelində qaldı", "Sarı
gəlin", "Araba", "Qarabağ şikəstəsi"
və s.) ...
Beş il öncə
yazdığımdan daha
bir sitat: "... inqilablar-müharibələr- qlobal
kataklizmlərdən yorulmuş
XX əsr insanının
ən böyük həqiqəti - absurdizmə,
absurd həqiqətinə də
yazıçılarımızdan ən tez məhz
Elçin yetişdi;
XX yüzilin sonunda.
"Dünya oyunxanədir..."
- bir çox maarifçilərin, neomaarifçilərin,
realist və romantik azadlıq aşiqlərinin,
istiqlal cəfakeşlərinin
fikri-düşüncəsi-intibaları olmuşlara-olaylara-olacaqlara qarışdığı
dəmdə Elçinin
absurd- (hekayə və)
pyeslərindən qəfil
qabaran həmin mövqe hətta heyrətləndirdi də...
Axı yazıçı
bütün olmuşları-
olayları- Sabahları
bizə xəbər verəndir; məhz Elçin bütün müstəqillik illəri
uzunu azadlığın-istiqlalın-sərbəstliyin
tamını ən nəhayət dada bilmiş
milli insanın absurdunu
yaza bildi..." (T.Əlişanoğlu, Yazıçının
zamanı və zamansızlığı, "Ədəbiyyat
qəzeti" , 5 may 2018)
2019-cu ildə Elçin "Seçilmiş
hekayələr"indən ibarət "Qırx beş" kitabını
(Bakı, "Təhsil",
2019) nəşr etdirdi;
və hekayəçiliyinin
göstərməyə çalışdığım
dinamikasını bu topluda da rahatlıqla izləyə bilərik. Nəşrə yazdığı
Önsözündə yazıçının
öz hekayələri
ilə qürur duyması haqlı və tam yerindədir. Sitat. "Epoxalar dəyişdi, siyasi-ictimai
münasibətlər dəyişdi
və mən - oxucudan gizlətmirəm - daxili bir qürur
hissi keçirirəm
ki, bu hekayələrdə
bu gün mənim gizlətmək istəyəcəyim, xəcalət
çəkəcəyim, unutmağa
çalışacağım bircə söz də yoxdur" (s. 5)
Mən Elçinin
son on-onbeş ildə
yazdığı, böyük
hissəsi "Yeni hekayələr"
(Bakı, "Təhsil",
2014) kitabında toplanmış
əsərlərini hekayəçiliyinin
növbəti, zirvə
mərhələsi kimi
dəyərləndirmiş, müdrik hekayələr adlandırmışam. (Yeri
gəlmişkən, kitaba
önsöz yazmağı
mənə etibar etdiyinə görə sevimli yazıçımıza
minnətdaram) Kitaba ənənəvi Elçin
üslubunda, çox-eyhamlı
realist qələmlə danışan
"Kaşeyin taleyi",
"Kölgə" hekayələri
ilə yanaşı, tamam fərqli, bənzərsiz alleqoriya ilə qələmə alınmış "Canavarlar"
hekayəsi; və Elçin hekayəçiliyində
təzə hadisə olan həm uşaqlar
üçün maraqlı
və gərəkli, həm də böyüklər üçün
dərin, düşündürücü,
ibrətamiz "Nağıllar"
silsiləsi də daxildir. Elçin Nağıllarını özlüyümdə
mən dünya ədəbiyyatına rəng
qatası, dividend gətirəsi
mətnlər kimi dəyərləndirmişəm. (bax: T.Əlişanoğlu,
Elçin yaradıcılığı
akademik Nizami Cəfərovun təfsirində
// Tənqid.net jurnalı, № 12, 2016/2017, s.
378)
"Bir yazıçının
ahıl-müdrik çağlarında
nağıl dünyasına
dönüşü, öz
məxsusi nağıl
dünyasını yaratması
təəccüblü olmadığı
qədər də, gerçəklərlə, gerçək
dünya ilə sövdəsinin-sövdələşməsinin
sonucu, nəhayətidir.
O da ola üslubuna lap əzəldən
nağılçılıq yad olmayan Elçin nəsri. Yazıçının
hekayələrinə hər
zaman realizmlə yanaşı,
həm də bir alleqoriklik, rəmzilik, bu və ya digər
altqat mətləblərdən
söz açan pritçavarilik xas olmuşdur. İndi budur,
"Nağıllar" silsiləsində
Elçin yalnız alleqoriyalar söyləyir,
pritçalar danışır
və bu üslub, bu dil bizə çox
yaxın, tanışdır;
həmin alleqorizmi, pritçavariliyi biz birbaşa
gerçəklər olaraq,
həyatın özü
kimi qavrayırıq..."
(T.Əlişanoğlu,
Müdrik hekayələr.
// Elçin, Yeni hekayələr.
Bakı, "Təhsil",
2014, s. 3-10; s. 7)
Elçinin son beş ildə qələmə aldığı, "Ədəbiyyat
qəzeti"ndə, "525-ci qəzet"də tanış
olduğumuz "Çingiz
xanın daşları",
"İntihar", "Rəssam
Muxtar Manaflının
həyatı, sənəti
və dünyadan qaçışı", "Bu da bir cür həyatdır",
"Nadir İbadlı və
onun son xəstəsi",
"Dördüncü qapı",
"N.S.-nın ayaqları"
hekayələrini də
müdrik hekayələrinə
aid etmək lazım gəlir. Bu hekayələrdə
yazıçının dünya,
həyat, ömür,
insan taleyi barəsində bitkin və kədərli qənaətləri təcəssümünü
tapıb; həm də yüksək bədii probda, Elçin qələminə
xas süjet konkretliyi, realist-psixoloji inandırıcılığın eyni inandırıcılıqla
absurdizmə varması,
metamorfozu ilə.
Günlərin birində
liftə girməsi ilə liftə çevrilməsinin fərqinə
varan, həyatda, cəmiyyətdə,
bütünlüklə ömürdə
eyni metaforik mündəricənin əsiri,
dustağı, məhkumu
olduğunu dərk edən tarixçi-alim
("Çingiz xanın
daşları"); 20 ildir
Dəmir yolu vağzalında sanitar işləyən və bir yay günündə ruhu cismindən ayrılaraq özünü,
darıxqan həyatını,
doğma işi və şəhərini kənardan müşahidə
edən "Bu da bu cür həyatdır"
hekayəsinin qəhrəmanı;
bir payız günündə, yağmaq
istəyib yağmayan islaq təbiətin fonunda pəncərədən
boylanıb, əvəzində
ömür səhifələrinin
seyrinə və sehrinə dalan evdar qadın Sona ("Dördüncü qapı.
Sonanın həyatı
barədə hekayə");
bir qış gecəsi gördüyü
dəhşətli yuxunun
gerçəklərini bütün
həyatı boyu insanlara xidmətdə yaşayıb, ölümü
ilə əfsanəyə
qovuşan Ağa
("İntihar. Gözəl
Kor qız haqqında hekayə") və s. Son hekayələrində
Elçin İnsan ömrünün səhifələrini
təbiət hadisəsi,
təbiətin fəsilləri
kimi vərəqləməyi
daha çox tərcih edir. Bu hekayələrə zamansızlıq
- əbədiyyət miqyası
müqabilində dünya
həyatının aniliyi
və faniliyi ideyası möhkəmcə
yer edib, oturuşub.
Rəssam Muxtar Manaflının həyatı
isə bütünlükdə
sənətdə keçib.
Yeddi yaşında ikən, qatarların getdiyi bu dünyada,
atasının dərin
həsrət və kədərlə baxdığı
idillik bir kənd mənzərəsini
yaddaşına hopduran
Muxtar, peşəkar rəssam ömrünü
bütünlükdə yalnız
və yalnız bu mənzərəni tablolara köçürməkdə
keçirir; və bir günəşli yay günü sanki nail olduğu əsərlə
birgə emalatxanasında
qeybə çəkilir
("Rəssam Muxtar Manaflının həyatı,
sənəti və dünyadan qaçışı").
İnsan həyatı
və əbədiyyəti
barəsində gözəl
pritçadır.
Amma olduğumuz-oluşduğumuz
dünya barəsində
bunu deməzsən; qatarların hələ də getdiyi bu dünyada yazıçının qələmi,
çox vaxt müdrikliyin belə dözmədiyi, duruş gətirmədiyi, tükənib
getdiyi ərazilərə
gəlib-çıxır. Qrotesk alleqoriya üzərində qurulmuş
"N.S.-nın ayaqları"
hekayəsində ("Ədəbiyyat
qəzeti", 15 oktyabr
2022) olduğu kimi.
İlyas Əfəndiyevdən "Görəsən, biz hara gedirik?"
epiqrafı ilə açılan hekayədə
anadan doğularkən
ayaqları "bir az yekə olan"
uşağın böyüdükcə
müasir şou dünyasında heyrət,
maraq və şöhrətə tuş
gəlməsi, "ayaqları"nın
reklam və əyləncə bazarında
bahalı əmtəəyə
çevrilməsi... - hadisəyə
və bu dünyanın tempinə uyğun, yüyrək nağıl dili ilə təsvir olunur. Hekayədə yazıçının soyuq
təmkinlə gizlədiyi
silkələyici satira
və ironiya qatı yer alır.
Sitat: "Əziz ata! Mən çox
xoşbəxtəm. Bu gün
Luvrda Mona Lizanın qarşısında toplaşıb,
ona baxan insanlar bir anın
içində arxalarını
Mona Lizaya çevirib,
məni əhatə etdilər. Onlar mənim ayaqlarıma baxırdılar. Artıq
Mona Lizaya baxan yox idi". Elçin dünyanın və dünya içrə yaşadığımız
"insanlıq şousu"nun
bəlirlərini də
görür və göstərmək üçün
iti qələmini əsirgəmir.
Elçinin son hekayələrində
dünyaya kədərlə,
amma ki nikbin bir kədərlə baxan mütəfəkkir yazıçını görürük.
Elçin hekayələri
kədərli olduğu
qədər də oxucuya idrak sevinci,
yaşamaq eşqi, əbədiyyət yanında
həyatın əvəzsizliyi
ideyasını aşılayır.
Bizə ali duyğular yaşadan sevimli yazıçımıza
uzun-uzun yaradıcılıq
ömrü diləyirik.
May, 2023-cü il
Tehran ƏLİŞANOĞLU
AMEA- nın müxbir
üzvü
Ədəbiyyat qəzeti.
- 2024. - 11 may, № 17. - S. 24-25.