Rüstəmxanlı
ehtişamı
Söz adamının düşüncə
çevrəsi
"Ucalardan
uca" Tanrı xəlq elədiyi bəndəsini öncə
Sözlə mükafatlandırdı.
Bu ilk ödül,
şanlı təltif
hər şey demək idi. Çünki insanın bütün digər yaranışlarından və
canlılarından üstünlüyünün
ən bariz ifadəsiydi Söz.
Sabir
Rüstəmxanlı Söz
Adam, Kitab Adam, Adam Sözdü.
Doğrudur ki, "Sabir" sözünün
məğzində, məna
qatında "səbr
kəlməsi" dayanır
və bu söz də müqəddəs Allahın
adlarından biridir. Sabirin böyük sələfi, adaşı
Mirzə Ələkbər
Sabir bu adı ağrı çəkə-çəkə ömrü uzunu daşıdı. Səbirsiz
məqamında üzünü
xalqına tutdu, özünə təsəlli
verdi: "qovzama başın cocuğum, səbr elə!" Ancaq səbri çatmadı, cahillik, nadanlıq, xurafat, cəhalət ömrünü
49 ildə parçalayıb
çürütdü, ciyərinin
al-qanını axıtdı.
Və
zəmanəmizdə "Ömür
kitabı"nı yazan
Sabir Rüstəmxanlı
milli-mənəvi borcunu
erkən dərk elədi. Əqidə, məslək yolçusuna
çevrildi, adaşına
oxşadı. qırmızı
sovet imperiyasının
çiçəkləndiyi dövrdə "səbr"
sözünü pıçıldayan
Xudu kişi özü də Allah, peyğəmbər adamı idi, içində Tanrı sevgisi vardı. Elə bil çoxuşaqlı
ailənin bu yeni övladının adını mərhum atanın dilindən təkcə Hamarkənd sakinləri deyil, bütün ətraf dağlar, təpələr,
yamaclar, gədiklər,
çaylar, bulaqlar, ağaclar, otlar eşitdi. O adı bütün Azərbaycana səmum ruzigar yaydı, Turan ellərinə mələklər
apardı: Sabir... Sabir... Sabir...
Rüstəmxanlının
yeni ədəbi düşüncələr kitabını
"Özümüzdən böyük SÖZÜMÜZ"ü
Qanun nəşriyyatı
çap etdirib. Toplu sanballıdır, 700 səhifəyə malikdir və redaktoru Səhər Əhməddir.
O, haqlı surətdə
kitabı "İkinci
"Ömür kitabı"
adlandırır və
"Özümüzdən SÖZÜMÜZ"ə yazdığı
"Prometeyin odu oğurladığı kimi"
adlı maraqlı Ön sözün müəllifidir. Mənim
şəxsi qənaətimə
görə isə məqalələr toplusu
"Söz haqqında
sözdür". Təfəkküründən,
zəkasının işığından
qətrə-qətrə, zərrə-zərrə
süzülən İlahi
söz, sehrli əski söz.
Nağıldan
gəldi, qulağı
çaldı, ozandan eşitdi, ürəyinə
saldı. Ötən
60-cı illər Bakısının
yeganə universitetinin
filologiyasında təhsil
alarkən, bədii sözün şəhdi-şirəsini
daddı, müdrik müəllimlərinin - Mir
Cəlalın, Bəxtiyar
Vahabzadənin, Əli
Fəhminin mühazirələrini
dinlədi. Xətainin
misralarından ilhamlandı:
Söz
vardır, kəsdirər
başı,
Göz
də var, kəsər savaşı...
Söz
vardır ağulu aşı
Bal
ilən edər yağ, bir Söz.
Füzuli
sözünün ucalığı
qarşısında baş
əydi, Sabir. "Ver sözə əhya ki, tutduqca
səni xabi-əcəl"
misrasından diksindi, başının tükü
biz-biz oldu. Heyhat, daha səbr
etmək vaxtı ötmüşdü, Füzuli
beyt-beyt onu əsir-yesirinə çevirmişdi,
vücudunu lərzəyə
gətirmişdi.
Söz candır,
bilirsə əgər
insan,
Sözdür ki, deyirlər,
özgədir can!
Müasiri Əli Kərim isə "ceyran belinə çıxmış söz"ü
bir köynək doğmalaşdırdı və
yaxınlaşdırdı. Söz ifasında yumşaldı, muma döndü, poetik mətn coşqun sözün kürlüyünü
yatırtdı, onu qəlibə salmaqla qüdrətə mindirdi, ali məqama çatdırdı:
Neçə gündür
yazmamışam,
Sözlər qaçıb
dağa, düzə.
Baxımsızlıq olan
zaman
Söz özü
də baxmır sözə.
Beləcə, Sabir Xudu
oğlu "Vətən"
şeirini yazdı, sözünün çevrəsi
genişləndi, əhatə
dairəsi bərkidi, Söz daha yarasına
duz basmadı, onu ovutdu, göyə
qaldırdı. Və
Sabir Rüstəmxanlının ağır-çətin Hadi
yolu, məşəqqətli
Cavid yolu, Mirzə Cəlil yolu başlandı. Bu həqiqət yolundan nə sapdı, nə də bir addım kənara atdı.
Sabir Rüstəmxanlı
"Özümüzdən böyük Sözümüz"ü
şərti surətdə
üç bölümə
ayırıb: 1. Dil, ədəbiyyat və cəmiyyət. 2. Yazıçının
özü və sözü (ədəbi portretlər). 3. Sərhədlərdən
o yana. Hər üç bölüm üzvi surətdə bağlanır, bir alim-şair, ictimai-siyasi xadim, ziyalı obrazını formalaşdırır
və tamamlayır. Geniş erudisiyalı müəllif nədən
söhbət açır-açsın,
kimdən danışır-danışsın,
sonda yenə özüdü və rəngarəng sözüdü.
Sabir sözlə nəfəs
alır, sözlə silahlanır, ona görə bütün söz mücadilələrində
qalib çıxır,
zəfər qazanır.
Elə bu kitabda toplanan məqalə və esselər, təqdimatlar portret cizgiləri, düşüncələr, xatirələr,
ustadnamələr, rəylər,
oçerklər 4-5 ilin
deyil, bütöv ömrünün hekayətləridir,
bitkin həyatının
etüdləridir.
Bəs 77 yaşlı
Sabir Rüstəmxanlı sözünün
qüdrəti nədədir?
Bu sualı hər hansı auditoriyaya və ya konkret
şəxsə ünvanlasan,
yekun cavabı bircə kəlməylə
ifadə olunur: Cəsarətində. Bəli,
Rüstəmxanlı sözü
dəbdəbəli pafosdan,
mənasız ritorikadan,
məntiqsiz hay-küydən
uzaqdır. Bu Söz istər bədii işlənsin, istərsə
də, qeyri-bədii...
Dərhal sezirsən
ki, cəsur, qorxmaz aydının sözüdü.
Mən 1980-ci ildə Azərbaycan Yazıçılar
İttifaqının (Birliyinin)
qurultayında cənab
Heydər Əliyevin heyran-heyran Sabir Rüstəmxanlının
milli dilin qorunması haqda etdiyi məruzəyə
qulaq asdığının
şahidiyəm. Halbuki
həmin qurultayın rəsmi hissəsi rus dilində baş tutmuşdu, qorxulu idi indi
milli dil məsələsini
ortaya atmaq, rus dilində alternativ yaratmaq. O zaman hamı Sabiri alqışladı, ən
çox da biz gənclər
dayanmadan...
Müxtəlif "Dilimiz
və taleyimiz" adlı qiymətli publisistik qeydlərini də "zastoy" (durğunluq) dövründə
- 1985-ci ildə qələmə
alıb. Yazıda qaldırılan mühüm,
ciddi problem diqqət çəkir və rus dilinin Azərbaycan
dilini sıxışdırdığı
etiraf olunur. "Bir sıra yer, müəssisə, idarə,
yaşayış məntəqələrinin
adlarındakı ikivariantlılığa
son qoyulmalıdır". Məsələn,
"Sahil" qəsəbəsinin - "Primorsk", "Neft daşlarının - "Neftənie
kamni", "Qızıl
Şərq"" mətbəəsinin
- "Krasnıy Vostok" kimi
tərcümə olunması
düz deyil. Bu təcrübə qəbul
olunsa, onda biz gərək Novqorod, Nyu-York,
Los Ancelos və s. bu kimi şəhər
adlarını dilimizə
çevirək. Halbuki
buna heç bir ehtiyac yoxdur: Sabir müəllimin fikirlərindəki
məntiq hər kəsi, ilk növbədə,
bizi istəməyən,
ana dilinə xor baxan manqurtları həmişə susdurub, yerində otuzdurub.
Məmləkətinin kiçikliyindən-böyüklüyündən
asılı olmayaraq hər bir xalqın
varlığı, mənəvi
dəyəri, gücü-qüdrəti
diliylə ölçülür.
Bu cəhətdən, Azərbaycan
xalqı xoşbəxtdir,
çünki nəhəng
dil sərvətinə
malikdir. Bəxtiyar Vahabzadənin "Ana dili" şeirilə
yanaşı, Şəhriyarın,
Sabir Rüstəmxanlının Azərbaycan türkcəsinə
həsr etdikləri poeziya nümunələri
təqdirəlayiqdir. Bu cür
təbii poetik parçalar dərsliklərə
salınmalı, millətin
hafizəsinə, yaddaşına
köçürülməlidir. Yeri gəlmişkən, qardaş Türkiyənin
Tarsus şəhərində bir maraqlı təcrübənin şahidi
oldum. Küçələrin
işıq gur yanan yerlərində klassik ozanların, şairlərin şah beytləri reklam lövhələrində bərq
vurur, oxunur, diqqət çəkirdi. Hətta Məhəmməd
Füzulinin də iki misrasına rast gəldim, heyrətimi gizlədə bilmədim, təsadüfən
mindiyim arabanı saxlatdırdım, dönə-dönə
həmin beytə gözlərimi zillədim.
Təəssüf, Xaqanisi,
Nizamisi, Xətib Təbrizisi, Nəsimisi, Füzulisi, Sabiri, Cavidi, Müşfiqi, Səməd Vurğunu, Rəsul Rzası, Nəbi Xəzrisi, Məmməd Arazı... olan xalqın belə təbliğat təcrübələri yoxdur.
Bakıda əcaib-qəraib
əcnəbi adlar isə ikrah doğurur.
"Cavid imtahanından kəsilənlər",
"Dilin görünüşü
- millətin görünüşüdür",
"Dilimiz - diriliyimiz",
"Ana dilimizə münasibətin
arxasında nə dayanır?", "Dilə
sayğı milli-əxlaq
göstəricisidir", "Mədəniyyətimizə baxışımız",
"Dilimizə və
ədəbiyyatımıza münasibət", "Şerimizin
dili", "Ədəbiyyatımız
azadlıq yollarında",
"Məktubların dili",
"Ədəbi gəncliyin
bahar nəfəsi",
"Söz və qılıncın birliyi",
"Milli intibah nədən
başlanır?" və
s. başlıq altında
gedən publisistikasında
Sabir Rüstəmxanlı qəlb
yanğısı ilə
milli-mənəvi dəyərlərimizi
şərh edir. Ədəbi və şifahi dilimizin gözəlliklərini ayrıca
baxış bucağından
keçirir, "Azərbaycan
dili bəsitdir, bu dildə söz
ehtiyatı azdır"
hərcayi ağız
büzənlərin cavabını
faktlarla verir, mənbə göstərir:
"Ədəbi dil üçün yeni söz
donorlarından və ya dağarcıqlarından
biri ana dilinin özüdür: folklor, qədim ədəbiyyatımız,
dialektlər və bugünkü Azərbaycan
Respublikası ərazisindən
kənarda qalmış
tarixi coğrafiyamızın
və soydaşlarımızın
hələ ədəbi
dil axarına qoşulmamış danışıq
dili... (Yəni, Güney Azərbaycan, Quzey İraq, Quzey Suriya, Doğu Anadolu, Borçalı və Dərbənd ləhcələri)".
Əlbəttə, qədim
tariximizdən xəbərdar
olanlar bilməmiş deyillər ki, adları sadalanan ərazilərdə
Azərbaycan türkləri
yaşamış və
əski dillərini qoruyub saxlamışlar. Məsələn, indi Hələb və ya Kərkük türkünün danışığında
elə söz və ifadələr var, bizdə, ya sıradan çıxıb,
arxaikləşib, ya
da unudulub, hafizələrdən
tamam silinib, izi-tozu qalmayıb. Məhz dilçilərin,
yazıçıların borcu
o köhnə kəlmələrə
təzə can-qan, ruh verməkdir, qayıtsın, Azərbaycan
türkcəsi bu hesaba halalca zənginləşsin, tərəqqisini
tapsın.
"Ədəbiyyat,
siyasət və milli hədəflərimiz" oçerklərində
Sabir bəy həyəcanla
"biz özümüzü itirmək, mənəvi aşınma qorxusu altındayıq" təbilini
çalır. Əlbəttə,
yazı elə vaxtda qələmə alınıb ki, məfkurəmizdə,
mədəniyyətimizdə, eləcə Azərbaycan insanının həyatında
bir yadlaşma, başqalaşma, özündən-sözündən,
milli varlığından uzaqlaşma
mərhələsi başlamışdı.
Belə məqamda
"balıqçını gətirib teatr direktoru və ya ideoloji sahədə"
bir vəzifə başına qoysan, sabah dramaturq olacaq. "Burda Cavidlə Cabbarlının
goru çatlamasın,
neyləsin?" Rus dilində
məktəblərin sayının
respublikada günbəgün
artması milli kadrların
peşə hazırlığını
heçə endirir, peşəkarlığına şübhə
oyadırdı. Rüstəmxanlının
sovet dönəmində
bu açıq etirazı və etirafı "yuxarılar"da
sərt qarşılanırdı,
amma yazıçının
nüfuzu və cəsarəti ən məxfi orqanı belə susmağa vadar edirdi.
Görkəmli sənətkar
"Yazıçının Özü və Sözü" bəhsini
ədəbi portretlər,
ümumi başlıqlar
altında birləşdirib.
Burada müxtəlif poetik ricətlərlə,
bədii-publisistik detallarla,
ayrı-ayrı məxsusi
cizgilərlə kimlərin
portreti Sözlə çəkilməyib? Müəllif
haqlı olaraq, Xalq yazıçısı
Süleyman Rəhimov haqqındakı yazını
"Zirvələrimizdən biri" adlandırır və bölmə bu bədii oçerklə
açılır. Nəsrimizdə
"Şamo" və
"Saçlı" romanları
ilə heyrət doğuran ədəbii dilimizi xeyli folklor dilinə yaxınlaşdıran, təzə
söz və ifadələrlə zənginləşdirən
nəhəng yazıçını,
ağsaqqal həyat adamını yüksək
dəyərləndirir. Təsirli
lövhələrlə oğlu
Şamonun ürək
dağlayan faciəsindən
bəhs edir, talantlı alimliyi ilə bərabər şairliyi haqda söz açır, hətta 60-cı illərin
ortalarında tələbəykən
"Ədəbiyyat və
incəsənət" qəzetində
(o zaman baş redaktor Hüseyn Abbaszadə idi) istedadlı Şamonun "Ayrılıq"
adlı şeir kitabına resensiya yazdığını diqqətə
çatdırır. Eyni
zamanda "Poeziyanın
qüdrəti" Süleyman
Rüstəmə, "Ölkədən-ölkəyə,
ürəkdən-ürəyə bağlantı" Rəsul
Rzaya, "Böyük
müəllim" Mir Cəlala,
"Əli Qaraoğlu"
Əli Vəliyevə,
"Bütövlüyümüzün tərənnümçüsü" Balaş Azəroğluya,
"Mənəviyyatımızın güzgülərindən biri"
İsmayıl Şıxlıya,
"Özümüzdən böyük sözümüz"
İlyas Əfəndiyevə, "Ürəyin və qələmin yorulmasın"
Hüseyn Abbaszadəyə,
"Mərdanəlik və
zəriflik poeziyası"
Nəbi Xəzriyə,
"Azadlığa içilən
and" Söhrab Tahirə,
"Dincə qoyulmayan
torpaq" Qabilə,
"İsa Muğanna" İsa Hüseynova, "Sabir Əhmədlinin
evi" Sabir Əhmədliyə,
"Vətən daşlarının
vətəndaşlıq nəğməsi"
Məmməd Araza,
"Xəlil Rza haqqında" Xəlil Rza Ulutürkə, "Genişlənən üfüqlər"
Fikrət Qocanın yaradıcılığına və
şəxsiyyətinə güzgü
tutub.
Ustadı və mənəvi müəllimi
adlandırdığı Mirzə
İbrahimov barədə kitabda
bir neçə məqalə yer alıb: ilk növbədə,
"Mirzə İbrahimovun
ürəyimdəki portreti"
oçerki orijinallığı
və dilin şirinliyi baxımından
oxucuda rəğbət
doğurur. Sabir Rüstəmxanlı
etiraf edir ki, Mirzə müəllimin
"Gələcək gün"
romanı, ərsəyə
gətirdiyi "Ömür
kitabı"na ciddi təsir göstərib. O,
səmimi paralellər
aparır, cənubda gedən milli-azadlıq hərəkatının liderlərinin
acı aqibətindən
detallar, misallar çəkir, bizim Azərbaycandakı Bakı
hadisələri ilə
(90-cı illər) müqayisə
edir. "Ürəklərdə
közərən ocaqlar"
məqaləsi janr etibarıilə ədəbi
tənqidə aiddir,
1967-ci ildə qələmə
alınıb. Sabir bəy
bu mühüm qeydlərində həm akademik Mirzə İbrahimovun elmi və ictimai-siyasi fəaliyyətinin əsas
məqamlarına, həm
də "Gələcək
gün" romanının
təhlilinə işıq
salır.
"Millətin əsəb nöqtəsi",
"Bəxtiyar Vahabzadənin
anadan olmasının
77 illiyinə", "Bəxtiyar
Vahabzadə ölməzliyi"
kimi al-əlvan səpkili qeydlərində
müəllif bir tərəfdən böyük
şairə səmimi
məhəbbətini ifadə
edir, digər tərəfdən, Bəxtiyar
sənət fədaisinin
əzəmətini, böyüklüyünü
nəzərə çarpdırır:
"Əsl şairləri
Ali İdeallar idarə
edir, onlar Böyük həqiqətlərə
tapınır və Böyük Ruhun pıçıltılarını yazırlar. Buna görə
də təzyiqlərin,
iftira və ölümün onlar üçün, əslində
elə ciddi bir əhəmiyyəti yoxdur. Tapındıqları
ideallar üçün
dostu da, yoldaşı
da, sevgilini də, lazım gələndə,
vətəni də əvəz edir". Görkəmli sirdaşı
və həmkarı barədə Rüstəmxanlının
bu fikirlərinin arxasında nəyin dayandığı həssas
oxucusuna əyandır.
Ötən 60-70-ci illərdə
Vahabzadəyə edilən
hücumlar, SSRİ DTK-sı
tərəfindən "Gülüstan"
poemasına görə
şairə edilən
təzyiqlər, onun, hətta tutulma ehtimalı hər kəsə məlumdur. Ancaq Bəxtiyar Vahabzadə dəyanəti,
Bəxtiyar Vahabzadə
səbri və təmkini dövrün doğurduğu keşməkeşlərə,
atüstü mücadilələrə
üstün gəldi.
Nəhayət, Bəxtiyar
müəllim Azərbaycan
Respublikasının müstəqilliyini
gördü, sosializmin
böhranına, tam iflasına,
çöküşünə tamaşa qıldı...
Sabir Rüstəmxanlı
odlu-alovlu, "nəfəsindən
şimşək çaxan"
Xəlil Rzanı təqdim edərkən,
ilk gənclik illərini,
tələbəliyini yada salır
və Bakının poeziya axşamlarının
birində şairlə
tanışlığının xoş təəssüratlarından
söz açır:
"Şair kimi onu orta məktəb
illərindən, dostu,
Azərbaycanın bütövlük
nəğməkarlarından olan, İranda yaşayan qardaşlarımızın
taleyini bizə həm şeiri ilə, həm də qiymətli zamanları ilə göstərən Söhrab
Tahirə həsr etdiyi "Tikanlı məftillərlə sarınmış
yaralar" poemasıyla
tanımışdım: "Azərbaycan gəncləri"
qəzetində çap
edilmiş poemanın ayrı-ayrı parçaları
dilimizdən düşmür
və dağların
o üzündə yaşayan
qardaşlarımızın və bütöv millətimizin taleyi ilə bağlı böyük ümidlərimizi
körükləyirdi: "Beləliklə, xalqının
azadlığı uğrunda
canını fəda edən, səksəninci illərin sonlarında
"Meydan hərəkatına qoşulan istiqlal carçısı kimi Moskvanın Lefertovo həbsxanasında yatan, övladı Təbriz Xəlilbəylini
erməni qəsbkarlarına
qarşı müharibə
cəbhəsinə göndərən
Xəlil Rza Ulutürk qarşımızda
simvolik nağıl qəhrəmanıtək canlanır.
Qırx il öz
kəfənini boğazında
daşıdın,
Sinəni səngər
etdin, səngərində
yaşadın.
Sən uzaq dost
deyildin, qanıbir qardaş idin,
Masası
ocaq daşı, yol daşı, Xəlil Rza,
Nəsiminin, Cavidin yoldaşı Xəlil Rza.
Bu "çağırış"
dolu misralar Sabir Rüstəmxanlının Xəlil
bəyə yazdığı
məşhur şeirinin
ilk bəndidir.
"Mənəvi
varislik", "Anar sözündə həmişə
gəncdir", "Köhnəlməz
soru: biz kimik və nə
istəyirik", "Dərdlərimizin
varisi" məqalələri
xalq yazıçısı
Anara həsr olunub və ayrı-ayrı mətbuat orqanlarında işıq üzü görüb.
"Əsas məsələ
- mənəvi varislikdir",
- deyə prinsipinə
sadiq qalan müəllif dörd bədii-publisistik oçerkin
hər birində Anarın şəxsiyyətinin
yaradıcılığı ilə tən olduğunu, bütövlüyünü
vurğulayır. Yəni,
Anarı oxuyanda "Dədə Qorqud dünyası"na çıxırıq.
"Anlamaq dərdi"
bizə "Molla Nəsrəddin-66"nı,
"Ağ liman"ı,
"Əlaqə"ni, "Sizsiz"i, "Macal"ı,
"Dantenin yubileyi"ni,
"Gürcü familiyası"nı,
"Yaxşı padşahın
nağılı"nı, "Ağ qoç və qara qoç"u,
"Beşmərtəbəli evin altıncı mərtəbəsi"ni, "Şəhərin
yay günləri"ni
xatırladır. Fenomenal
yaddaşa, İlahi məhsuldarlığa, işgüzarlığa
malik Anar müəllim, həqiqətən,
canlı klassikdir, bir örnək və məktəbdir. Müəllif haqlı surətdə, "Anarın
ağrısını ictimai
ağrı" adlandırır
və bu müdrik insanı təkcə Azərbaycanın
deyil, bütün türk dünyasının
fəxri, qürur mənbəyi hesab edir.
Bəli, doğru
məntiqdir: "Anarı
qananlar anar".
Kitabda Sabir Rüstəmxanlı
yaşıdlarını da unutmayıb. Ədiblə eyni vaxtda ədəbiyyata
gələn istedadlı
yazıçı və
şairlərin yaradıcılıqları
barədə müfəssəl,
yığcam rəy və resenziyalar toplunu daha maraqlı
və səmimi edir. "Külək aparır sözümü"
oçerki "şeirləri
də boyu bərabərliyində" olan,
erkən dünyasını
dəyişmiş Nüsrət
Kəsəmənli barədədir.
"Söz sevgisi və ləyaqətli ömür yolu" şair dostu Çingiz Əlioğluya
həsr olunub. "Şuşadan sonra içirəm" (Aydın
Məmmədov), "Mənəvi
ucalıq", "Milli taleyə
qarışan ömür"
(Hidayət Orucov),
"Sözün səxavəti"
(Seyran Səxavət), "Şair
dostum Tofiq Hüseynə", "Zəlimxanın
xatirəsinə", "Şeirin
Vaqif Bayatlı Odər ölçüləri",
"Naxçıvanda ucalan
söz və fikir zirvəsi"
(İsa Həbibbəyli), "Azad adam" (Eldar Baxış) qeyd və yubiley şərhlərində səmimiyyət,
ömrünü-gününü sənətə fəda edənlərin ziddiyyətli,
özünəməxsus xarakterləri
ön plana çəkilir,
dünyalarını dəyişənlərin
ədəbi mühitdə
yeri, halal ünvanı
göstərilir.
Sabir Rüstəmxanlı
sanballı töhfəsində
nəsrimizdə, şeirimizdə
xidməti olan heç kəsi yaddan çıxarmır.
Həyata erkən vida deyən Fərman Kərimzadə, folklorumuzun, aşıq şeirimizin bilicisi Məmməd Aslan, uzun müddət Türkiyədə universitetlərdə
çalışan Məmməd
İsmayıl, gözəl
şair Fikrət Sadıq, Xalq yazıçısı Elçin,
mərhum Sabir Əhmədli,
Qarabağın azadlğını
görmədən dünyadan
köçən, nisgilli
İsi Məlikzadə, eləcə
də Zirəddin Qafarlı, Elçin Hüseynbəyli, Cəmil
Həsənli kimi parlaq imzalar "Özümüzdən böyük
Sözümüz"ün real qəhrəmanlarıdır.
Kitabın üçüncü
bölümü: "Sərhədlərdən
o yana". Məlum olduğu kimi, Sabir Rüstəmxanlı uzun illərdir ki, mədəniyyətimiz
və sənətimiz
naminə xariqələr
yaradır, Azərbaycanın
söz sərvətini
özü demişkən,
"sərhədlərdən o yana" - xarici ölkələrə aparır,
təbliğ, təşviq
edir. Əlaqələr
qurur, qardaş xalqların incilərini dilimizə çevirir, oxuculara çatdırır.
Düzdür, Sabir müəllim
əsas üstünlüyü
türkdilli xalqların
mədəniyyətlərinə yönəldir. Bu inteqrasiyanı,
zəruri yanaşmanı
tarixi şans sayır. Axı, SSRİ imperiyasının tərkibində
dırnaqarası "müstəqil"
respublikalarla (ilk növbədə,
Özbəkistan, Azərbaycan,
Qazaxıstan, Qırğızıstan
və Türkmənistan)
yanaşı, tatarlar,
başqırdlar, tuvinlər,
qaqauzlar, nanaylar, şorlar, xakaslar, uyğurlar, qaraqalpaqlar, qədim altaylar da yaşamış, öz
milli ədəbiyyatlarını yaratmışlar. Şairin
qələminin məhsulu
sayılan bu cür nümunələr
də təkcə tərcümeyi-hal xarakterli
bioqrafik məlumatlardan
ibarət deyil, geniş bilgi verən faktlara söykənir.
Adam Mitkeviç adlı polyak şairini Azərbaycan oxucularına tanıtdırmaq
üçün Sabir bəy
onu öz zəmanəsinin oğlu adlandırır və bizim Mirzə Ələkbər Sabirlə
müqayisə edir. Həqiqətən, tale, aqibət
yaxınlığının milli mənsubiyyətə az dəxli var. Müəllifin
təbirincə, Nizami,
Füzuli və Nəsimi Azərbaycan ədəbiyyatı üçün
nə deməkdirsə,
Adam Mitkeviç də
Polşa mədəniyyəti
üçün eyni mahiyyət daşıyan ədəbi simadır.
Maksim Qorki öz zəmanəsində Mitkeviçi
xalq ruhunun böyük nəğməkarı
adlandırır, onu Puşkin və Taras Şevçenko ilə birgə slavyandilli ədəbiyyatların
ən fərəhli hadisəsi sayır. Böyük polyak ədibi "Krım sonetləri" nəğmələrini
Şərq söz sərraflarının əsərlərindən
təsirlənərək yazdığını
fəxarətlə söyləyirdi...
Çingiz Aytmatov mifi isə 60 ildən yuxarıdır
ki, bütün dünyanı
dolaşır. Qırğız
oğlunun adı Şərqdən çıxır,
Qərbə yayılır,
okeanın o üzünə
- Amerikaya keçir, qitələri dolaşır.
Vaxtilə "Cəmilə"
və "Əlvida, Gülsarı" povestlərilə
SSRİ səmasında parlayan
Çingizin az sonra bütün dünya dillərinə nəsr əsərləri
tərcümə olundu,
bəşər mədəniyyətinə
məxsusluğunu təsdiqlədi.
Sabir Rüstəmxanlı yazır
ki, bu qıyıqgözlü
oğlan Qırğızıstanın
Şəkər qalasında
dünyaya göz açdı. Ancaq
"Manas" dastanından (yeri gəlmişkən, bu qırğız eposu şair-tərcüməçi
Adil Cəmil tərəfindən
uğurla Azərbaycan
dilinə çevrilmişdir),
Ana Maraldan, Tanrı dağının (Tyan-şan)
qutsal ruhundan, qaraqırğız çöllərinin
kədərindən doğdu:
Nəhəng yazıçıya
həsr olunan "Qırğızıstanın dünyaya
ən böyük hədiyyəsi"oçerkində diqqətçəkən məqamlar,
Çingizsayağı epizodlar
o qədər bol və çeşid-çeşiddir
ki, elə bil, dünya şöhrətli
ədiblə üzbəüz
oturmusan, munis qırğız nağıllarına
qulaq asırsan, İssikkulun, Alatau dağının
sərin mehi ruhunu oxşayır. Sabir bəy bir türk
oğlu kimi Çingiz Aytmatovu ən yüksək pilləyə qaldırır,
onunla hər görüşünü həyatında
mühüm hadisə
hesab edir, faydalandığını, öyrəndiyini
dönə-dönə dilinə
gətirir, əsərlərinin
Azərbaycan türkcəsinə
uğurla çevrildiyini
gizlətmir, adlarını
sadalayır: "Əsrə
bərabər gün",
"Ağ gəmi",
"Dar ağacı", "Dəniz kənarıyla qaçan Alabaş",
"Ana tarla", "Kassandra damğası" və
s. və i.a.
"Özümüzdən
böyük Sözümüz"
bir fəlsəfi-estetik,
elmi-nəzəri səviyyəsi
yüksək sənət
toplusudur. Qeydlərimizin
başlanğıcında da göstərdiyimiz kimi, Söz haqqında Sözdür, bu kitab. Nəhəng ictimai-siyasət,
sənət adamının
Azərbaycandan boylanan
baxışıdır, fikridir,
zəkasının işığıdır
- Sabir Rüstəmxanlı işığı.
Bir də "Özümüzdən böyük
Sözümüz" - o taylı,
bu taylı Azərbaycanın Araz fəryadıdır, içimizin
ana laylasıdır.
Ağacəfər Həsənli
Ədəbiyyat qəzeti.
- 2024. - 11 may, ¹ 17. - S. 26-27.