Qaçış

 

Biz bəzən qaçırıq öz-özümüzdən,

Sürətə baxmırıq, yola baxmırıq.

Elə qaçırıq ki, yolumuz üstə,

Sanki arxamızdan iz buraxmırıq.

 

Bu günü yaşayıb sabaha baxıb,

Görmürük dünəndə qaldığını.

Yaman unuduruq bugünkü günün,

Dünənin üstündə ucaldığını.

 

Babamız kahada yuva qurmuşdu,

Biz isə fəzada yuva yaratdıq.

Kahada yetişən düşüncələrdən,

Fəzalar kəşf edən idraka çatdıq.

 

Qaçdı öz-özündən insan övladı,

Atdı keçmişini, tamam unutdu.

Dünəndə özündən alçaq olanı,

Bu günü özündən yüksəkdə tutdu.

 

Gələcək yaratdı öz əlləriylə,

İmkanlar gözünə sonsuz göründü.

İnsanın zəkası, insanın ağlı,

İnsanı məhv edən qüvvəyə döndü.

 

Özü öz bəxtini yazmaq istədi,

Bilmədi bir zaman qələmi sına.

Allahın əliylə yaranan insan,

Düşərmiş Allahlıq iddiasına.

 

Amma düşünməyir qoca dünyanın,

Əzəldən kökündə bir qanunu var:

"Bir vaxt ağlasığmaz olan yüksəklik,

Bir gün uçulub tamam məhv olar".

 

Bu qaçış, bu sürət, bu cür estafet,

Dünyanı içindən dağıdacaqdır.

Hansı ki, nöqtədən qaçış başladı,

Yenə o nöqtəyə qayıdacaqdır.

 

 

Şəkillərim

 

Düzdüm şəkilləri masanın üstə,

Baxdım şəkillərə, baxdım birbəbir.

Şəkillər ömrümdən keçən günləri,

Rəngli çalarlarla mənə göstərir.

 

Fəsillər əks olur şəkillərimdə,

Hər şəkil bir yazmış, bir qışmış demək.

Bir vaxtlar ömrümə sığa bilməyən

Zaman şəkillərə sığışmış, demək.

 

Hər biri xatirə... Gözüm önündən

Keçir bircə-bircə gözlərim dolur.

Niyə dolmasın?

Dünən gördüyüm

Bu gün mənim üçün görünməz olur.

 

Niyə dolmasın?

Dünən yanımda

Dayanan insanlar bu gün yoxdursa.

Niyə dolmasın?

Yaş ilə yaşın, 

 

Dünənlə bu günün fərqi çoxdursa.

Hər şəkil ömrümün bir mərhələsi,

Keçir ömür yolum şəkillərimdən.

Baxdıqca hər şəklə geridə qalan,

Yaşanmış ömrümə qayıdıram mən.

 

Ax, uşaqlıq şəklim... Döndüm bir anda,

Həmin dəcəlliyim, şıltaqlığıma.

Ağlıma gəlməzdi uşaq olanda,

Şəkildən baxacam uşaqlığıma.

 

Bu ki məktəb vaxtı, əvəzedilməz,

O günlər, görəsən, tez dəyişdi?

Sinif yoldaşlarım, müəllimlərim,

Hamısı birbəbir yadıma düşdü.

 

Bu filan şəkildir, bu filan yerdir,

Təzə yaşanılıb bunlar elə bil.

Nələri geridə buraxdığımı,

Mənə asta-asta göstərir şəkil.

 

Zamanın hökmüdür - dəyişər günlər,

Zamanın hökmünə hər kəs baş əyir.

Bir zaman ömürdə yaşanan anlar,

Bir şəkil diliylə "əlvida" deyir.

 

Ömrünün cızdığın cizgilərindən,

Danışar şəkillər, dinər şəkillər.

Vaxt keçər, gün gələr, hansısa zaman

Şirin xatirəyə dönər şəkillər.

 

 

Gənclik nəğməsi

 

Zamanın qanunu, ömrün hökmü var,

Yaş üstə yaş gəlir, yaşlanır insan.

Dünənin sevinclə keçdiyi anı,

Bu günü özünə dərd sanır insan.

 

Qocalmaq istəmir yaş ötsə belə,

Ömrün qışında, baharında.

qədər gənclik var, rəqs etmək istər,

Gənclik nəğməsinin sədalarında.

 

Gənclikdə doyumsuz yaşamaq eşqi,

Gənclikdə min arzu, min bir dilək var.

Gənclikdə vurulmaq, könül bağlamaq,

Gənclikdə yorulmaz sevən ürək var.

 

Gəncsən, qoyacaqsan dağı dağ üstə,

Qolunda güc vardır, dizində təpər.

Göyü titrədərsən, sənin əllərin

Göydən ulduzları başına səpər.

 

Gənclikdən başlanır keşməkeşli yol,

Ağır sınaqlarla üz-üzəsən sən.

Gəncsən, bilirsən ki, bu sınaqlardan,

Gəncliyin gücüylə keçə bilərsən.

 

Gənclik bir çiçəkdir, onun ətrini

İnsan ehtirasla içinə çəkər.

Sən ondan doymamış zamanın yeli,

Onun ləçəyini uçurar, tökər.

 

Sürətlə dövr edər ömür müddəti,

Bir göz qırpımında illər dəyişir.

Saçlar ağardıqca, üz qırışdıqca,

Görürsən gəncliyin sonu yetişir.

 

Arzular yaranır coşqun ürəklə:

" olar gəncliyi yaşayım hələ"

Ömür qapısını açıb gedəcək,

Sən onu saxlamaq istəsən belə.

 

Gedəcək vəfasız sevgili kimi,

İstər başına döy, sinəni dağla.

Çalış, o anadək öz gəncliyindən,

Özünə bir şirin xatirə saxla.

 

Ötən gəncliyinə çox üzülmə sən,

Onun da müddəti, zamanı dolmuş.

Əsası odur ki, deyə biləsən:

- Mənim gör gözəl gəncliyim olmuş.

 

Zaur İlhamoğlu

 

Ədəbiyyat qəzeti. - 2024. - 11 may, ¹ 17. - S. 29.