İşıqlı alim, əməlisaleh
insan
Bu
il may ayının
6-da ədəbiyyatşünaslıq elmimizin görkəmli alimlərindən, professor
Arif Səfiyevin 90 illik yubileyini təntənəli qeyd etməyə hazırlaşırdıq.
Aprelin 12-də beşcə
günlük xəstəlikdən
sonra dünyasını
dəyişdi. Həmin
gün feysbuk səhifəsində Nizami
Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
verdiyi başsağlığına
onlarla, yüzlərlə
şərh yazıldı;
bu itkiyə təəssüfünü, kədərini
bildirib rəhmət oxuyurdu onu tanıyanlar:
40 ildən artıq
(1964-2007) əməkdaşı olduğu institutun elmi işçiləri,
15 ilə yaxın çalışdığı Ali Attestasiya Komissiyasının üzvləri,
qohumlar, tanışlar...
Həmin ürəkdən
gələn yazılarda
yarıməsrdən artıq
yaxşı tanıdığım
Arif müəllimin mənəvi simasının
doğma cizgilərindən
xeyli təsirləndim.
"Rəhmət" deyən
yazılardan qalanlarımıza
ibrət olsun deyə, bir neçəsini nümunə
gətirirəm:
"Allah
rəhmət eləsin,
gözəl insan, gözəl ziyalı... Mətbuatda çıxan məqalələrimizi oxuyur,
zəng edib münasibətini bildirir, xoş sözlər deyirdi." (Aygün Bağırlı).
"Allah
rəhmət eləsin.
Hamımızın üzərində
böyük zəhməti
olan insan idi. Ruhu şad
olsun." (Əzizağa
Nəcəfov).
"Əziz
Allahın mərhəmətinə
əmanət olun, çox dəyərli, mərhəmətli, xeyirxah
Arif müəllim, gözəl alim..." (Siracəddin Hacı).
"Gözəl
insan, böyük şəxsiyyət, kübar,
ədəbli, mərhəmətli,
humanist, qayğıkeş
Arif müəllim, Allah sizə qəni-qəni rəhmət
eləsin, nur içində uyuyun, ustad." (Almaz Ülvi Binnətova).
"...Öz səmimiliyi, obyektivliyi, təmənnasızlığı,
qayğıkeşliyi ilə
hamının hörmətini
qazanmış gözəl
alim, gözəl insan..." (Əziz Ələkbərli).
"Oy... Oy... Oy... Çox şərəfli
adam idi... Onlar gedirlər..." (Zümrüd Dadaşzadə).
"Allah
rəhmət eləsin.
Nurlu insan idi Arif müəllim.
İşıqlı insanlar
aramızdan gedir. Yeri behişt olsun!..."
(Tehran Əlişanoğlu).
"Arif müəllim, Allah sizi rəhmət eləsin.
Halal, təmiz, xeyirxah
insan! Həmişə
var olacaqsan! Həyatı
örnək olan kişi!.."
(Rahid Ulusel).
Onunla ünsiyyətdə
olan hər kəs belə vidalaşırdı Arif müəllimlə... Əbədi
haqq dünyasına belə alqışlarla yola salınan insanın xoş halına...
Ömrünün son ilində
tez-tez zəngləşirdik.
90 illik yubileyi münasibətilə şöbə
müdirim, professor Şirindil
Alışanov Arif Səfiyevin məqalələr
toplusunu tərtib etməyi bu il plan işimə salmağı
məsləhət görmüşdü.
Onun özü yazılarını səliqə
ilə ardıcıl düzüb-qoşub qızı
- Folklor İnstitutunun
elmi əməkdaşı
Vüsal xanımla bizə 3 qovluq göndərmişdi. 1964-cü ildən bəri, 2007-ci ilədək müxtəlif
mətbuat səhifələrində
dərc olunmuş məqalələrini bir kitabda nəşr etdirməyi, sən demə, o, çoxdan arzulayırmış... Və
bu telefon söhbətlərində Arif
müəllim hər dəfə məqamına
görə şeirlər
deyirdi. Əksər halda, Səməd Vurğundan, yaxud da özünün şeirlərini
oxuyardı əzbərdən.
Bir gün heç vaxt çap etdirmədiyi şeirlərini
də kitaba salmağın vacibliyinə
onu inandırmağa çalışdım. Razı
olmurdu. Ertəsi gün təkidlə şeirlərini, həmçinin
10-15 şəklini də
göndərməsini xahiş
etdim.
Bir neçə gün sonra Vüsalın gətirdiyi nazik qovluqda, yazıldığı tarixə
görə ardıcıllıqla
düzülmüş otuzadək
şeir var idi. Bunları oxuduqca şüurumda iz salan duyğuları belə ifadə edərdim: yaşıllığa
bürünmüş dağ
kəndinin dar cığırları ilə
məktəbdən evə
qayıdan bir qız və arxasınca yaxınlaşmağa
cürət etməyərək
qarabaqara onu izləyən yeniyetmə gənc oğlan. Səhəri gün deyə bilmədiklərini
şeir dili ilə vərəqə köçürüb qıza
ötürür və
cavab almadığı
üçün intizarda
qalıb.
Arif müəllimin nağılabənzər sevgisi
barədə müxtəlif
məqamlarda ayrı-ayrı
adamlardan eşitdiklərimdən:
Dostu Şamil Salmanov: "O vaxt Şərqiyyə Tibb İnstitutunda oxuyurdu, biz Azərbaycan Dövlət Universitetində. Dərsimiz
onlardan tez qurtarırdı. Biz üçümüz
Arif, Yaşar (Qarayev) və mən (tələbəlik
illərindən bəri
ədəbi mühitdə
tanınıb, sonralar
öz istedadları ilə məşhurlaşan
üç dost) Şərqiyyənin
ardınca gedib onu gözləyərdik. O
görünəndən sonra
ona yaxınlaşmadan,
dinməz-söyləməz evinədək ötürərdik".
Yaxın qohumu: Arif onun özü
və qardaşı ilə bir sinifdə
oxumuşdu. Uşaqlıqdan
qardaşı ilə dostluq edirdi. İnstitutu bitirəndən
sonra dəfələrlə
Arifin elçilərinə "yox" deyilsə də, əl çəkmirdi. Böyük
bacısı ilə qardaşı Arif ilə görüşüb,
Şərqiyyənin xəstəliynin
sağalmayacağına, daim
xüsusi diqqət və qayğıya möhtac olduğuna onu nə qədər
inandırmaq istəsələr
də, faydası olmadı. Sözü
bir idi: "Onsuz mənim üçün həyat yoxdur..."
Ədəbiyyat
İnstitutunun stajlı
əməkdaşları Arif
müəllimin öz
xanımına olan böyük məhəbbətindən,
məişət, övlad
qayğılarına fədakarcasına
çiyin verməsindən,
uzun illər dörd nəfərin sığışdığı birotaqlı, kiçik bir mənzildə necə mehriban, isti bir ocaq
yaratmasından indi də heyranlıqla söhbət açırlar.
Sonralar Arif Səfiyev Azərbaycan SSR Elmlər Akademiyası tərəfindən dördotaqlı
mənzillə təmin
olunmuşdu.
Son
iş yeri olan Ali Attestasiya
Komissiyasında müdiri
olduğu humanitar və ictimai şöbədə onunla
bir otaqda işləmiş fil.e.d. Pərvanə İsayeva danışır ki, Arif müəllim çox xeyirxah adam idi. Hamıya
kömək edirdi. Dürüst olduğu üçün sədrimiz
təkcə onun fikrini sözsüz qəbul edirdi. Həm də vicdani məsuliyyət hissi güclü idi. Həmişə ciddi, qayğılı görünüşü var
idi. Otağımız
əməkdaşlardan boşalan
kimi kresloda yerini rahatlayıb ayağını ayağının
üstünə aşırır,
evinə zəng edirdi. Xəttin o başındakının səsini
eşidən kimi üzü elə işıqlanırdı ki,
sanki nəsə şad bir xəbər
eşidib. Üçcə
saat bundan əvvəl ayrıldığı,
yaşı səksəni
keçmiş xanımından
mülayim səslə
əhvalını soruşur,
yeməyi-içməyi, dərmanını
qəbul edib-etməməsi
ilə maraqlanır, hansısa bir məzəli əhvalatı
xatırladıb, onun kefini açmaq üçün özü
də ürəkdən
gülürdü. Həmişə
ondakı bu ani dəyişilməyə
heyrət edir, ağızı açıla
qalırdım. Söz
düşəndə, deyirdi
ki, 70 ildir bir gün həyatımı
onsuz təsəvvür
etmirəm... Şərqiyyə
xanım ağır xəstələnib yatağa
düşəndə Arif
müəllim ona qulluq etmək üçün ərizə
verib işdən çıxdı. Deyirdi ki, onu heç
kimə etibar edə bilmirəm.
Özü
ilə son telefon söhbətindən:
Bu yaxınlarda köhnə tanışlardan
biri əhvalımdan xəbər tutmaq üçün zəng etmişdi. Şərqiyyə
üçün darıxdığımdan
şikayətləndim (2 il
idi vəfat etmişdi). Dedi ki, bu yaşımadək
çox adamlar görmüşəm, hər
cür talelərə
təsadüf etmişəm.
Ancaq sənin kimi canlı nağıl qəhrəmanına
rast gəlməmişəm.
Arif
Səfiyevin tərtib etdiyi məqalələrinin
sonuncusu "Şərəfli
həyatın səhifələri"
adlanır. Yazının
həsr olunduğu şəxsi "həyat dastanının qəhrəmanı"
adlandırıb. Onun da nağıl həyatı ucqar bir dağ kəndindən
başlayırdı. Məqalədə
belə fikirlər var: "İnsanı mərhəmət, məhəbbət
və məsuliyyət
hissləri idarə etməlidir. Bunların da əsasında həqiqət ideyası dayanmalıdır..." "...Azərbaycan dilində bir "əməlisaleh"
sözü var, lüğəti mənası
düz, yaxşı, doğru, saf, təmiz, vicdanlı deməkdir. Həm də bu söz
yalnız insanla əlaqədar işlədilir:
əməlisaleh adam, əməlisaleh insan..."
Yazının sonunda qəhrəmanının ona
həsr etdiyi şeiri verir:
Sədaqət
timsalı, əzizim Arif!
Ən incə
duyğuya, hisslərə
arif.
Kamal sahibisiz, nitqiniz şirin,
Sədaqət əhlisiz,
zərifsiz, zərif.
Arif Səfiyevin çap üçün hazırladığım məqalələr
məcmuəsinin sonuna
əlavə olunan şeirləri onun məhz 70 il əvvəl Şərqiyyə xanıma
bəslədiyi ilk saf,
titrək könül
çırpıntılarının təcəssümü idi.
Arif müəllimin xarakterindəki "bir dəfə seçdiyinə
son dərəcə bağlılıq"
onun elmi yaradıcılığında da özünü büruzə
vermişdi. Tələbəlik
illərindən ömrünün
sonuna kimi yaxın dostu olmuş nəzəriyyəçi
ədəbiyyatşünas alim Şamil Salmanov onun 70 illik yubileyinə
həsr etdiyi "Janra sədaqət" adlı məqaləsində
yazırdı: "Mənsub
olduğumuz tənqidçilər
nəsli içərisində
Arif Səfiyev elə yeganə şəxslərdəndir ki, ədəbiyyat
haqqında geniş biliyə, məlumata malik olsa da, daha çox
və əsas etibarilə bir dəfə seçdiyi problemə, yaxud tədqiqat mövzusuna mənən son dərəcə
bağlıdır, onu
tənqidinin əsas mövzusu, problemi və istiqaməti səviyyəsində öyrənir,
tədqiq edir və hər dəfə də öz tənqidinin, tədqiqatının predmetinə
baxışını, bu
predmet barədəki görüşlərini inkişaf
etdirir və dərinləşdirir". Şamil
Salmanov "yarıməsrlik
dostu"nun ilk məqaləsindən
bəri ilk oxucusu olduğundandır ki, onun ədəbi-elmi fəaliyyətinin
inkişaf mərhələsini,
tematikasını, yaradıcılıq
uğurlarını, elmi
üslubunun incəliklərini
ətraflı şərh
edir, Arif Səfiyevin ədəbiyyatşünaslıqdakı
mövqeyini dəyərləndirirdi.
Bu genişhəcmli məqalədə
onun yaradıcılığını
hərtərəfli əhatə
etdiyi üçün
tərtib etdiyimiz topluya "Giriş sözü" qismində
daxil etməyi məqsədəuyğun bildik.
Məqalədə müəllif
Arif müəllimin tələbəlik dövründəki
şairliyindən də
söhbət açırdı:
"O illərdə çoxumuz
kimi Arif də şeir yazırdı, özü də yaxşı yazırdı. Məsələn,
onun "Ədəbiyyat
qəzeti"ndə çıxmış,
sonra "Gəncliyin səsi" almanaxına
da daxil edilmiş
"İşıq çeşməsi"
şeirini də xatırlayıram. Orada kənd xatirələri, şəlalə altında
uşaqların dayanmağı
təsvir olunurdu.
İndi o şəlalə işığa
çevrilib. Şeirdə
bütün kənd o
işıq çeşməsinin
içindədir:
İndi hər damlası o şəlalənin
Sahilə səpilmiş
gur işıq kimi.
Elə bil evlərdən gələn
şəfəqlər
Milyon əllər
kimi qucur kəndimi.
İndi bu sularda çimməsək
də biz,
İşıq çeşməsində
çimir kəndimiz".
1976-1984-cü illərdə
institutumuz tərəfindən
nəşr olunan
"Ədəbi proses" məcmuələrində dramaturgiya
icmallarını Arif müəllim yazırdı.
O, ilin dram əsərlərini
adicə təhlil etməklə qalmır, onların ideya-məzmun, sənətkarlıq özəlliklərini
araşdırır, müsbət
keyfiyyətlərini dəyərləndirməklə
yanaşı, nöqsanlarını
da məntiqi dəlillərlə
əsaslandırır, müəllifə
səmimi tövsiyələr
verirdi. Şamil Salmanov haqlı qeyd edirdi ki, "M.Arif, C.Cəfərov,
M.Məmmədov kimi teatr və dramaturgiya
tənqidçilərindən sonra komediyanın ən dolğun, nəzəri cəhətdən
əsaslı və əhatəli tədqiqi Arif Səfiyevin kitablarında və məqalələrində öz
həllini tapmışdır".
Görkəmli alimin 75
illik yubileyi münasibətilə fil.e.d.
Zaman Əsgərlinin "Komik
gülüşün sərrafı"
adlı məqaləsi
də belə səciyyəli olduğu üçün, onun da toplunun önündə verilməsi münasib görüldü. Z.Əsgərli Arif müəllimin elmi yaradıcılığında haqlı olaraq, XX əsr Azərbaycan komediyasının böyük
üstadı Sabit Rəhmanın xüsusi mövqe tutduğunu vurğulayır. Belə
ki, Arif Səfiyev Sabit Rəhmanın tədqiqi ilə əlaqədar iki monoqrafiya: "Sabit Rəhmanın komediyaları"
(1978), "Sabit Rəhman"
(1987) nəşr etdirmiş,
görkəmli komediyanəvisin
əsərlərinin sənətkarlıq
problemlərinə həsr
olunmuş bir sıra məqalələr
dərc etdirmişdir.
Onun tədqiqlərində
ciddi nəzəri səviyyədən yanaşmalar
və ideya-estetik təhlillər çox aydın, anlaşıqlı
bir üslubda ifadə olunmuşdur. Dostu Şamil Salmanovun da "tam səmimiyyətlə
etiraf" etdiyi kimi, mən də Arif Səfiyevin
məqalələrindən dramaturgiyanın bir sıra nəzəri problemləri, xüsusilə,
komediya janrında
"konflikt və xarakter, varlığın
komik dərki və inikası, bədii gülüşün
mahiyyəti və estetik təbiəti, ifadə vasitələri və təzahür forması, ictimai tərbiyəvi əhəmiyyəti"
(Z.Əsgərli) və s. məsələləri
barədə kamil ustad dərsləri aldım. Əminəm ki, elmimizin bu sahəsini
öyrənmək istəyən
hər kəs Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda nəşrə
hazırlanan Arif Səfiyevin məqalələr
toplusundakı həmin
ustad dərslərindən
bəhrələnə biləcək.
Həyatı kimi yaradıcılığında da əməlisaleh olan əziz Arif müəllim, ruhun şad olsun! Sənin böyük sevgi ilə, zəhmətlə nüfuz
etdiyin elminin işığından hələ
çoxları öyrənib
nurlanacaq; örnək
olan xeyirxah, nəcib əməllərinin
məğzini anlayanlar
ömür yolunda özlərinə pay götürəcəklər
ki, zamanı yetişəndə
bəlkə onlara da
"rəhmət" deyən,
itkisinə ürəkdən
heyifsilənənlər tapılsın...
Safurə Quliyeva
Ədəbiyyat qəzeti.
- 2024. - 11 may, № 17. - S. 28-29.