Niyə yaşayıram, məramım nədi,
Nələr susayıbdı qanıma,
Allah?
Mən hardan gəlmişəm, hara gedirəm?
Bəlkə Sən çatasan dadıma,
Allah?
Görən, yuxuluyam, yoxsa oyağam
Bura mənə evdi, yoxsa qonağam?
Havayam, buludam, suyam, torpağam,
Heç kim çəkə bilmir
nazımı, Allah!
Qurumur gözümdən tökülən yaşlar
Yerinə oturmur bu tanış
daşlar,
Kim deyər bu alov haradan başlar?
Niyə sönmür odum, alovum Allah?
Özüm qarışqayam, nəfsimsə fildir
Mən nəfsimə qulam, mənə
hakimdir.
De, görüm hansı söz mənə
həkimdir?
Hansı ayə çatar dadıma Allah?
Əgər zərrəyəmsə bu yer üzündə
Mənəm bünövrəsi səhvin, düzün də...
Şeytanı, günahı, yalanı, pisi
Bəs niyə qoşmusan yanıma, Allah?
Tamaham, bir qarış kəfənə sığan,
Bir laxta qan ikən torpağa baxan.
Ölüykən yenidən ayağa qalxam,
Nədir bu nizamın məramı Allah?
Əgər məqsəd Sənə qovuşmaq isə,
Bütün pisliklərdən sovuşmaq isə,
İstəklə, nəfslə boğuşmaq isə
Bəs niyə tapmıram məqamı,
Allah?
Bilirəm zərrəyəm, bilirəm heçəm
Sənə qovuşmağı çox istəmişəm.
Düzə zaval gəlməz, düzə dərd dəyməz,
Bəs nədən asdılar İsanı,
Allah?
Ruhuma soruram nədir diləyi?
Sənə qovuşmaqmış
bütün istəyi.
Əgər gec deyilsə qorxu bilməyib
Üzüağ qoy gəlim hüzura,
Allah.
Səbinə Namazova
Ədəbiyyat qəzeti 2024.- 18 may, №18.- S.29.