“Dahilərin iş rejimi” kitabından
- seçmələr
Meyson
Karri - amerikalı yazar və redaktordur. Onun 2013-cü ildə
işıq üzü görən "Dahilərin iş
rejimi" adlı kitabı indiyədək 17 dilə
çevrilib və 100 min ədədlik tiraj tezliklə
satılıb, tükənib. Haqqında The New Yorker, The
Guardian, The Wall Street Journal və The Believer kimi nüfuzlu nəşrlərin
müsbət rəy çap etdiyi bu kitab NPR versiyası
üzrə "İlin kitabı" elan olunub. Adıçəkilən
kitabda keçmiş dövrlərdə yaşamış və
müasirimiz olan 161 dahi yazarın, bəstəkarın, rəssamın,
filosofun və digər məşhur insanın iş rejimi
avtobioqrafik, bioqrafik və dəqiq tarixi faktlar əsasında
oxuculara təqdim olunub. Həmin kitabdan sırf
yazarlarla bağlı bölümlərin sizlərə təqdimatını
davam etdiririk.
(Əvvəli
burada)
Corc ORUELL
(1903-1950)
1934-cü
ildə Oruell bütün cavan müəlliflərin
rastlaşdığı sıxıntılarla üz-üzə
qalmışdı: bir il əvvəl çapdan çıxan
"Parisdə və Londonda qara qəpiksiz" adlı ilk
kitabı oxucular tərəfindən yetərincə rəğbət
görsə də, o, təkcə yaradıcılıq
hesabına, təbii ki, həyatda duruş gətirə bilməzdi.
Məktəbdə dərs dediyi üçün onun sevimli
işiylə məşğul olmağa vaxtı qalmırdı, ədəbi
cameə ilə qaynayıb-qarışmasına da maneələr
yaranırdı. Xoşbəxtlikdən Nelli xalası Corca yetərincə
cazibədar görünəcək bir qazanc yeri tapdı: bu, Londondakı
bir bukinist mağazasında yarımştatlıq satıcı
işi idi. 31 yaşlı subay-salıq bu kişi
üçün "Booklovers Corner"dəki (ingiliscə:
"Kitabsevərlər tini və ya guşəsi" - A.Y.) bu
iş tamamilə göydəndüşmə bir şey
sayılmalıydı.
Səhər saat 7-də oyanan Oruell saat 8.45-də
açılan mağazada cəmi bircə saat işləyir,
sonra isə ta günortayacan tam sərbəstlik
qazanırdı, işin ikinci qismi isə gündüz saat
14.00-dən axşam 18.30-a qədər sürürdü. Bu sayədə
günün birinci yarısında yazı-pozu
üçün onun 5 saat yarıma qədər boş
vaxtı olurdu, həm də o, məhz günortadan öncəki
saatlarda özünü daha gümrah və iş-gücə
həvəsli hiss edirdi.
Günün ikinci yarısına qədər
yazdıqlarından müəyyən məmnunluq duyan yazar ta
axşama qədər o dükana baş çəkən kitab
həvəskarlarının qulluğunda dururdu. Axşamın
gec saatlarında isə şəhərin ucqar məhəllələrini
payi-piyada gəzib-dolaşırdı. Özünə
xırdahal bir qaz sobası alandan sonra o, yaşadığı
darısqal mənzildə nəinki özü, hətta
qonaqları üçün də yemək bişirməyə,
vaxtaşırı süfrələr açmağa həvəs
salmışdı.
Con APDAYK
(1932-2009)
1967-ci ildə
"Paris Revyu" jurnalına verdiyi müsahibə zamanı
Apdayk demişdi:
"Lazım gələrsə, mən hansısa
dezodorant üçün reklam mətni və ya ketçup
şüşəsinə yapışdırılacaq mətn
də uydura bilərəm. Çünki beyində doğulan
hansısa ideyanın fikrə, fikrin sözə, sözün
isə öz növbəsində mürəkkəbə və
metal klişelərə çevrilməsindəki o
möcüzə dolu proses məni həmişə
özünə cəzb edibdir".
Yaradıcı ömrünün böyük qismi boyu
Apdayk Massaçusets ştatının İpsviç şəhərinin
mərkəzində yerləşən restoranın üst mərtəbəsində
özünə ayrıca bir məkan kiralayıbmış və
hər səhər orada üç-dörd saat
çalışmaqla, hər gün 3 səhifəlik mətni
yazıb-bitirməyi bir qayda halına gətiribmiş.
Yazar
sonralar xatırlayırdı:
"Günortaya doğru cürbəcür yemək
qoxuları otağıma dolurdu, canımı dişimə
tutmaqla, mən daha bir saat da bu qoxulara dözür, o ara
siqareti-siqaretə calayır, səndviçlə
başımı nə cürsə qatmağa
çalışırdım".
1978-ci ildə
verdiyi başqa bir müsahibədə isə o, öz iş
rejimini daha ətraflı açıqlamışdı:
"Özüm və xanımım yaranışdan bəri
"gecəquşu" olduğumuzdan mən yazı-pozu
işlərimi adətən səhərə saxlayır, bəzən
bunu düz günortaya qədər davam etdirirdim. Qəribə
cəhət də odur ki, hər ikimiz eyni vaxtda yuxudan
oyandığımızdan sonrakı yarım saat boyu qəzetləri
hansımızın birinci oxuyacağıyla bağlı daima
höcətləşirdik. Saat 9.30-da mən
"ofisimə" qapanır və öz yaradıcı layihələrimə
köklənməyə cəhd göstərirdim. Bunun ardınca, həm də xeyli gec saatda
xanımım nahar süfrəsi açır, günün
qalan qismi isə istər-istəməz hansısa məsələlərə
sərf olunub, gedirdi.
Bir professor qədər, məncə, elə yazar da,
öz həyatında sayı-hesabı bilinməyən
xırda məqamlarla rastlaşır və əslinə qalanda
bunlar bir elə vacib şey də sayılmazlar. Ancaq onlara
vaxtında bir əncam çəkməsən, yazı masanda
kağız-kuğuz əlindən heç tərpənə
bilməyəcəksən. Bu səbəbdən
də mən həm məktublara cavab verir, həm də
danışıqlar aparırdım, o arada bu
qayğıların hər ikisini minimuma qədər endirməyə
can atırdım. Bəzi məsləkdaşlarımdan
fərqli olaraq, mən heç vaxt gecə saatlarında
yazmamış və özümü ilham pərisindən
asılı hala gətirməmişdim, çünki
yazı-pozudan yaxa qurtarmaq adama hədsiz şirin gəlir.
Buna şirnikləndiyin vaxt isə yazı
masası arxasına təkrar dönmən ümumiyyətlə...
gerçəkləşməyə də bilər. Ona
görə də mən işimdə hər gün bəlli
bir saatda öz yonma makinasını işə salan hansısa
diş həkimi qədər üzüyola və intizamlı
olmağa çalışıram, çünki onsuz da bəlli
günlərdə özümə istirahət haqqı da
tanıyıram. Məsələn, bazar günləri
mən əsla işləmirəm, başqa dönəmlərdə
isə (öz aləmimdə!) hələ məzuniyyətə
də... çıxıram".
Daha bir müsahibəsində isə o, üzərində
çalışdığı kitaba gündəlik azı
üç saatını sərf etdiyini bildirmişdi, əks
təqdirdə, nəyi və necə yazacağını
unutmaqdan qorxurmuş. Onun fikrincə, bir dəfə, həm də həmişəlik
qəbul olunan iş rejimi "adamdakı
işgüzarlığı da qoruya bilir".
Knut HAMSUN
(1859-1952)
Öz
kitabının naməlum tərcüməçisinə hələ
1908-ci ildə ünvanladığı bir məktubda bu
norveçli yazar yaradıcılıq prosesinin üzərindəki
sirr örtüyünü qaldırmağa müəyyən cəhdlər
göstərmişdi:
"Yaratdığım mətnlərin əksər
qismini mən gecələr qələmə almışam. Ona qədərki
iki saat boyu yatdığım üçün beynim elədə
daha sərrast çalışır, duyğularım isə
yetərincə həssaslaşırdı. Çarpayımın yanında mən həmişə
kağız-qələm saxlayırdım. Doğan fikirləri də dərhal, yəni
işığı yandırmadan, elə qaranlıqdaca
yazmağa başlayanda onların içimdən necə
axıb-gəldiyini aşkar şəkildə sezə bilirdim.
Bu işi illər uzunu bir vərdiş halına
gətirdiyim üçün səhər həmin qeydlərdən
baş açmam da xeyli dərəcədə
asanlaşırdı".
İllər ötdükcə, Hamsunun yuxu rejimi tamam
pozulur və o, günün böyük qismini
yarımürgülü halda keçirir. Yaradıcılıq
saatlarındakı əyər-əskiyi azaltmaqdan ötrü
isə istənilən ilham işartısından yararlanmağa
başlayır, ağlına gələn istənilən fikri əl
boyda kağızlara köçürməyə
üstünlük verir. Sonradan bunları
yazı masasının üstünə düzməklə,
hansısa süjet və ya personajlar uydurmağa
çalışır.
Tərcümə: Azad YAŞAR
Ədəbiyyat qəzeti 2024.- 18 may, №18.- S.32.