Laçınım mənim  

 

Laçınlı Əvəz Abbasovun xatirə gecəsində eyniadlı kitabın təqdimatı keçirilib

 

      Laçın xalqımızın qədim yaşayış məskənlərindəndir. Bu yurdun sakinləri ana Həkərinin laylasıyla böyüyüb, yalçın qayaların dəyanətindən dərs alıblar. Bir tərəfi Qarabağ silsiləsinin yamyaşıl, atlas geyimli yamaclarına, meşə və ormanlarına, digər tərəfi Zəngəzur dağlarına söykənən bənzərsiz Laçının tayı-bərabəri yoxdur.

Laçın dedikdə göz önündə bənzərsiz heyranedici gözəllik canlanır. Rayonun hər daşı, qayası, hər qarışı tarixdir. Laçın təbii sərvətlərilə zəngin diyarımızdır. Ərazisində dünyada nadir ağac növlərindən hesab olunan qırmızı dəmirağac meşələri, çox sayda mineral su bulaqları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, cürbəcür dərman bitkiləri var. Bir sözlə, təbiət bu torpaqdan öz əsrarəngiz, həzin sığalını, gözəlliyini, təbii sərvətlərini və bol-bol nemətlərini əsirgəməyib.

Bu yurd gözəlliklər məskəni olmaqla yanaşı, ziyalılar, alimlər, görkəmli şəxsiyyətlər yetişdirən məkan kimi də tanınıb. Onlardan biri də 29 iyun 1948-ci ildə bu yurdda dünyaya göz açmış Əvəz İdris oğlu Abbasovdur. Elə bu günlərdə FERMA ART restoranlar şəbəkəsində bu işıqlı ziyalının xatirə gecəsinə və nəvəsi Əvəz Abbasovun böyük istək və həvəslə buraxdığı "Laçınım mənim" kitabının təqdimatına yığışanlar da onun dünyaya gəldiyi cənnətməkan Laçın, bu yurdun yetişdirməsi olan Əvəz Abbasov haqqında ağızdolusu danışdı, özlərinin xatirələrini bölüşdülər.

Əvəz Abbasovun oğlu Seymur Abbasov tədbirin başlandığını elan edərək sözü aparıcılar Xeyransa Quliyevaya və Günel Qəmbərzadəyə verdi. Onlar Ə.Abbasovun tərcümeyi-halını, keçdiyi həyat və yaradıcılıq yolunu məclis iştirakçılarının nəzərinə çatdırdı, Əvəz müəllimin şeirlərini növbəlilik şərtilə oxudular. İlk olaraq çıxış edən Azərbaycan Texniki Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri, tarix elmləri doktoru professor Şikar Qasımov Əvəz müəllimi "polad adam" adlandırdı, onun cəsarətini xüsusi vurğuladı. O, bildirdi ki, Ə.Abbasov abidəsini dostlarının gözlərində ucaldıb. Yüksək nəfisli tərtibatda nəşr edilmiş kitab barədə də ürək sözlərini bölüşdü, bu işdə əziyyəti olanlara, xüsusən də Əvəz müəllimin oğlu Seymur Abbasova dərin təşəkkürünü bildirdi.Kitabın redaktoru Amerika Bioqrafiya İnstitutu tərəfindən Güney Azərbaycan ədəbiyyatı üzrə ekspert, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının üzvü, Azərbaycan Laçınlı Əvəz Abbasovun xatirə gecəsi keçirilib

Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü Esmira Fuad "Laçınım mənim" kitabının ərsəyə gəlməsində rolu olan ziyalılara öz təşəkkürünü ünvanladı, Laçın rayonu, eləcə də bu günlərdə gözəlliklər yurduna səyahəti ilə bağlı şirin xatirələrini bölüşdü, çıxışını kövrək notlara köklədi.

Kitabın ön söz müəllifi, BDU-nun kafedra müdiri, şair-publisist Knyaz Aslan çıxış edərək Əvəz müəllimlə bağlı şirin xatirələrini danışdı. Bildirdi ki, Laçın həmişə müxtəlif sahələrdə qazandığı uğurlarla ölkəmizə töhfələr verib, iqtisadi qüdrəti ilbəil yüksəlib, insanların həyat tərzinin yüksəldilməsinə maksimum səy göstərilib. Bu yurdun dağ vüqarlı, mərd insanları olub. Onlardan biri də uzun müddət iş birliyində olmuş, daim ondan məsləhətlər almış, əvəzsiz, təmənnasız köməklər görmüş Əvəz Abbasovdur. Əvəz müəllimi mətbuatımızın yorulmaz cəfakeşi Həsənbəy Zərdabi ilə müqayisə etdi, peşəkar poliqrafçı, naşir, redaktor və əsas da böyük ziyalı kimi müəyyən oxşarlıqlarını xüsusi qeyd etdi. Knyaz Aslan xatirə gecəsində Əvəz müəllimin məxsusi məziyyətlərini, insani cəhətlərini buraya toplaşan ziyalıların diqqətinə çatdırdı.

Dünya Türkologiya Mərkəzinin sədri, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, tarix elmləri doktoru Güllü Yoloğlu, kitabın ikinci ön söz müəllifi, texniki elmlər namizədi, professor Nizami İsmayılov, Əvəz Abbasovun Ukraynadan gəlmiş yaxın dostu, iqtisad və hüquq elmləri doktoru, professor, general-polkovnik Təhmasib Əjdərov, fizika-riyaziyyat elmləri doktoru, professor Vaqif Məhərrəmov, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əhməd Apiyev, Azərbaycan Müdafiə Nazirliyinin tibb xidmət mayoru Fidan Şirinov, Laçın RİH Aparatının əməkdaşı Nazilə Abbasova, Ə.Abbasovun yaxın dostu Əli Abbasov, "Ziya" qəzetinin baş redaktoru Müşviq Borçalı da söz deyənlər sırasında idilər. Onlar Əvəz müəllimin xalq, dövlət qarşısındakı təmənnasız xidmətlərindən danışdı, ona müraciət edən hər kəsə bacardığı köməkliyindən həvəslə söz açdılar.

Uzun illər düşmən işğalı altında olmuş Laçın artıq öz sahibinə qovuşur, laçınlılar öz yurdlarına qayıdır. Əvəz müəllimin də nisgili, həsrəti bu insanların sevinclərinə, fərəhlərinə qarışır.

 

Qayalar səngərim, sağlar qalxanım,

Əvəz vətən deyib, "Cəngə" haraylar!

Ölməyib! Yaşayır, mənim Sultanım,

Millət millət olsa, Laçın yaşayar!

 

 Ədəbiyyat qəzeti  2024.- 18 may, №18.- S.29.