Füzuli
divanının dibaçəsi
Cənab Prezidentimizin Sərəncamı ilə bu il
"Füzuli ili" elan olunub. Mən də bu sərəncamdan
həvəslənərək, Füzulinin türkcə (azərbaycanca)
divanının dibaçəsinin dilini sadələşdirib,
oxuculara təqdim etmək istədim. Füzuli sənətinin mahiyyətini,
Füzulinin estetik idealını anlamaq üçün bu əsərlə
tanış olmaq olduqca mühümdür. Lakin əsərin
dili ərəb-fars sözləri ilə zəngin olduğundan
və XVI əsr Azərbaycan ədəbi dilinin ən yüksək
bədii üslubunu əks etdirdiyindən, onu anlamaq o qədər
də asan deyildir.
Mənim tədqiqatlarıma görə, dibaçənin
dili indiyədək üç dəfə sadələşdirilib;
bir dəfə türk alimi Tahir Üzgör, iki dəfə isə
Azərbaycan alimləri - mərhum professor Kamil Vəli Nərimanoğlu
və filologiya üzrə fəlsəfə doktoru Vərağa
Almasov, Elnur Kazımov tərəfindən. Mən bu müəlliflərin
sadələşdirmələri ilə artıq əsər
üzərində işlədikdən xeyli sonra tanış
olsam da, onlarla tanış olduqdan sonra, əksinə daha həvəslə
işləməyə başladım. Çünki mənə
görə, mənim sadələşdirməm
onlarınkından bir qədər fərqlənir. Onların zəhmətlərinə
hörmətlə yanaşaraq, onu bildirmək istəyirəm
ki, mən əsər üzərində işləyərkən,
Füzulinin üslubunu - obrazlar sistemini - təşbehlərini,
sintaksisini - söz sırasını, hətta nə qədər
çətin olsa belə, bəzən xəbərlərini -
feillərini də qorumağa çalışdım. Eyni
zamanda onu da qeyd edim ki, ümumiyyətlə, Füzulinin
üslubu qəliz olduğundan, bu mürəkkəblik
özünü dini məfhumların yer aldığı
cümlələrdə daha bariz şəkildə göstərir.
Həmin cümlələrin sadələşdirilmələri
müxtəlif müəlliflərdə müxtəlifdir. Hər
halda, bu sadələşdirmə də mənim
anladığımdır. Bu səbəblərə görə
də, sadələşdirməmin bəzi məqamları
oxucularda hərfi tərcümə təəssüratı
yaratsa da, Füzuli dilinin gözəlliyini duymaq
üçün mən bu üslubu seçdim.
Qeyd edim ki, üzərində ulduz qoyulmuş ərəbcə-farsca
şeir nümunələrinin tərcümələri akademik
Həmid Araslının Füzuli əsərlərinin 1958-ci
il çapının birinci cildindən
götürülmüşdür.
Sonsuz şükür o nitq yaradan natiqə ki, nəzm
bəhrləri dənizinin sakinlərini - "şairlərin
dalınca gedən yoldan azanları" dalğalarda boğub,
burulğanlarda batıraraq, əlləri
üzülmüşkən, ümid gəmisi "iman gətirənlərdən
başqa" - islam şairlərini istisna silsiləsi ilə
sağ-salamat nicat sahilinə çəkmişdir. Və
ölçüsüz dua yerin və göyün o nizama
salanına ki, nəzminin bismillahını Quranın hissələrinin
baş tacı edib, irfan əhlinin qəlb tarlasında vəznli
kəlamın sevgi fidanını əkmişdir.
Qitə
Eşq olsun Allaha ki, köməkçi
hüsnünün qələmi,
Əzəldən can lövhəsinə ruha zövq
verən nəzmi tələblə yazmış.
Şeir kamalı işi onun köməyi olmadan mümkün
olmaz,
Ona təşəkkür ki, nəzm təbini lütf
etmiş, kərəm qılmış.
Farsca
Bir yaradıcı ki, tövfiq qələmindən
söz sahiblərinin*
İdrak səhifəsinə xəyalı o nəqş
edir,
Mövzun təb onun xüsusi lütfünün əlamətlərindəndir.
Bu kəlamı öyrənməkdən qiymətli elm
yoxdur.
Ərəbcə
İnsanları arzusuna çatdırana və işlərin
müqəddəratını*
Qurub həll edənə hörmət bəsləyirik
Öz nemət və köməyi ilə bütün
adların sirrini
Öyrədəni müqəddəs
sayırıq.
Saysız salam, kəlamı xariqüladə tərtibə
salam o söz söyləyənə ki, şeir elmini "biz
ona şeir öyrətmədik" məzmunu ilə təbiətindən
çıxartsa da, "şeir içində, əlbəttə,
hikmət vardır" izah edən hikmət dili ilə əhli-halın
qəlbinə qəbul etmiş. Və səmimi tərif o
peyğəmbərlər nəzminin qafiyəsinə ki,
şeir rütbəsi yoxluq iltifatları ilə etinasızlıq
mərtəbəsində qalmışkən, xoşbəxtlik
bəxş edən şərəfləndirici silsiləsi ilə
nəticədə etibar dərəcəsinə yetmişdir.
Nəzm
O "Mən daha fəsahətliyəm"
sandığının incisi ki, hikmət tərbiyəçisi
Ruha zövq verən dodağını şeir balı
ilə islatmamışdır.
Şeir bir bəzəkdir, amma biz kimi
nöqsanlılara,
O ki kamildir, onu bəzəyə möhtac etməmişdir.
Farsca
O Əhmədi-mürsəl ki, dünyada hər nə
varsa*
Onun yaradılışının tüfeylisidir.
Şeirin dərəcəsi ondan yüksəldi
Və onun peyğəmbərlik cövhərinin məhək
daşı oldu.
Ərəbcə
İnsanların xeyirlisi olan Məhəmmədə sənalar
edirəm.*
Onun gözəllik ayının işığı ilə
gecənin qaranlıq pərdəsi açıldı.
Onu tərifləməklə bizim hörmət və
etibar dərəcəmiz artdı.
Ona və onun övladına bizim hörmət və
salamımız olsun.
Amma sonra, günah səhifələrini qaralama yazan
aciz Füzuli, bu yol ilə halını bəyan və üsul
ilə gizli fikirlərini şərh edər ki, vücud
qayığım təbiət yelkəni ilə
uşaqlığın qəflət dəryasından idrak və
hissiyyat sahilinə yetdi və şəhvət təhriki ilə
uşaqlıq atəşimin şöləsi can və
cananın hərarətinə təsir etdi. Mənəvi kamal
məşqçim bəxt atımın yüyənini ədəb
qazanma tərəfə üzünü tutub, hikmət günəşi
təbimin cövhərinə maarif təhsili təsiri
salıb, ədəb qazanma rəğbəti qıldıqda, bəxtimin
gülü hünər qazanma havası ilə
açıldıqda, kamal qazanan cəvahir mədənim bir cənnətə
bənzər məktəb idi ki, gözəl həyəti cənnətdə
xidmət edən cavan oğlan dəstələri ilə cənnətdən
xəbər verirdi. Və bəxtimin hasil olan ulduzunun
başlanğıcı bir tərbiyəli, yüksək əxlaqlı
məktəb idi ki, şərafətli fəzası sərvqəd
sənəmlər ilə cana cənnət müjdəsi
yetirirdi.
Qitə
Lətif bir səhn, orda gözəllər səf-səf
oturmuşlar.*
Onların görünüşü Quran sətirləri
kimi gözəldir.
Hər birisi lövhə günəşini ay kimi
qarşısına qoymuşdur,
Kitab vərəqini gül kimi əlində
tutmuşdur.
Amma təbiətin nəzakətindən, hələ
ki, o yeniyetmələrdə dəqiq elmləri qazanma
işığı və həqiqi təlimin əziyyətinə
taqət sərhədi və adəti olmadığından,
behiştə bənzər dinc məclislərində həmişə
aşiqanə şeirlərdən başqa şey oxunmazdı.
Və oxuduqları vərəqlərdə ciyəryandıran
qəzəllərdən başqa bir yazı tapılmazdı.
Beyt
Şeir bir məşuqədir ifadə gözəlliyi
bəzəyi,
Ruhu və ürəyi ilə nazlı gözəllər
aşiqləri.
O əziz tayfa - şeir sənətini davam etdirənlər
gözəl söhbətləriylə, həm hüsnün
surətini anlayır və həm eşq kamilliklərindən
xəbərdar idilər.
Qitə
Xoş ol kəslərə ki, ahəngli təbləri
ilə şeirdən bəhs edələr,
Gözəllər şeirin məzmununa agah olalar.
Söz söyləmədən eşqin sirlərinin
keyfiyyətini başa düşələr,
Əlacsız aşiqin halından xəbərdar
olalar.
Mənim ki, yaradılış səhifəmə
başıma gələcəkləri yazan qələm, əzəl
gündən şeir məhəbbəti hərfini
yazmışdı və xilqətimin bağçasına fitrətimin
əvvəlindən məhəbbət toxumu və ahəngdarlıq
əkilmişdi, o qovuşuğun buludla birləşməsindən
təbiətimin fidanı nəm çəkib, nəzm
istedadım özünü göstərdi. Və o məclislərin
havasına qaynayıb-qarışaraq, yetişən gül
ağacım təzə-tər olub, təbiətimin
tarlasında şeirin zövq verən gülü bitdi.
Qitə
Nəzm nümunələri pərdə arxasında
gizlənmişkən,
O məclisi görüb sevinclə əməl fəzasına
gəldi.
Lətafətlə qönçələr
könlünü almağa,
Səba bülbülə kəlam söyləmək
icazəsi verdi.
Nəhayət, bülbüli-şeyda kimi sərməst
oldum və o gülləri tərənnüm etməyə fitrətimin
istedadından icazə aldım. Xasiyyətimin
üfüqündə ahəngdarlıq ayı doğub, o
günəş kimi gözəllərin şövq nurundan
istifadə etməyim gün-gündən o dərəcədə
çoxaldı ki, az müddətdə nəzmimin
işığının şüaları ilə çox
şəhərlər və vilayətlər doldu.
Qitə
Fəsahət şöhrəti ilə sözüm
tutdu aləmi,
Mən hələ etibar beşiyində taqətsiz
uşaq olarkən.
Xoş ətrimlə zövqlər ətirli oldu,
Mən hələ vücudda bir qətrə qan olarkən.
Zaman-zaman şeir sevdası başqa işlərimə
qalib gəlib, dəstə-dəstə Leyli kimi gözəllər
şeir eşitmək üçün Məcnun kimi
başıma yığışıb, şairliyim təsdiq
oldu. Və şeirimin avazı ilə aləmlər doldu və
tam şöhrəti oldu.
Beyt
Təbiətim şəhərin şöhrətlisi
olmağa tam meyl etdi,
Nə gizlədim, sevda məni xalq içində
rüsvay etdi.
Və eyni zamanda yüksək fikirlərimin gəlin bəzəkçisi
rəva görmədi ki, nəzmimin hüsnünün gözəl
qızı maarif bəzəyindən aralı
düşüb, dövrün zifaf otağında cilvə
qıla. Və yüksək, uca istedadın söz ustadı
razı olmadı ki, şeir yolumun sapı elm cəvahirindən
məhrum aləmin boyunbağısı ola. Çünki
elmsiz şeir əsası yox divar olur və əsassız divar
nəticədə etibarsız olur. Şeirimin mərtəbəsinin
elm bəzəyindən çılpaq olmasını xəyanət
səbəbi bilib, elmsiz şeirdən ruhsuz can kimi çəkinib,
bir müddət nağd həyatımı nəqli və əqli
elm fənləri qazanmağa sərf edərək,
ömrümün nəticəsi kimi və bol-bol həndəsə
və hikmət faydaları qazanmaqla zamanla hünər sənətkarları
ləlindən nəzmimin nümunələrinə bəzəklər
tərtib etdim. Və yavaş-yavaş təfsir və hədisləri
araşdırıb, şeir fəzilətini pisləməyin
böhtanlı mənbə olduğun bildim.
Qitə
Şeir zövqündən agah olmayan,
Nəzm əhlini danlamasın.
Öz cahilliyini etiraf etsin,
Hər sözə sehr söyləməsin.
Qısası, nəzm fənləri yaratmaq səbəbi
toplanıb, lazım gələn əsərlər ortaya
çıxan zamanlarda ki, qüdrət əlim yaradılan sənət
məhsullarından kainatın boynuna bir boyunbağı
asardı və təbiətimin səyyahı hər saat misli
olmayan, gözəl yazılmış əsərlər
bağçası bir gülüstana qədəm basardı,
bir gün saçları müşk qoxulu bir gözəl ki,
dənə xalına Xütən müşkü demək xəta
idi və zülfünün paxıllığından tatar
müşkünün günü qara idi, sərvinaz kimi
xuraman-xuraman mən yazığa mərhəmət kölgəsi
saldı və şirin-şirin sözlər ilə əhvalımı
sorub, könlümü aldı. Söhbət zamanı və səmimiyyət
vaxtı dedi ki, "Ey fəsahət bağçasının
gülü və ey ifadə hüsnünün yeni
baharının çəməni, Allaha şükür, təriflənənin
köməkçi istəyi və Rəbbin qüvvətli
yardımı nəzm və nəsr fənləri
mülkünü ələ keçirməyi sənə
müyəssər etmişdir və söz ölkəsinə
başçılıq növbəsi sənə yetmişdir.
Əgər ərəbdə, əcəmdə, türkdə
yeganə kamillər çoxsa da, amma sən kimi bütün
dillərə qadir nəzm və nəsr fənlərini əhatə
edən yoxdur. İndi dilinin açarı ruzigarın
üzünə ləzzət qapılarını açmaqda
və təbinin dalğıcı camaata fəsahət dəryasından
bəlağət cəvahiri çıxarıb
saçmaqdadır. Aləmin əhalisi yazılarının və
müəmmalarının incilərindən ləzzət
payı almışlar və bəzi məsnəvi və qəsidələrindən
fayda tapmışlar və bəzi farsca qəzəllərini əzbərləmişlər
və bəzi ərəbcə rəcəzlərinin
zövqünə yetmişlər. Niyə türkzadə
dostlar nəzminin ləzzətindən faydalanmayalar və
türk tayfasının zövq əhli söz
bağçanda qəzəl divanının gülünü
tapmayalar. Bu səbəbdən təbiətinin binasının
şəkli gələcəkdə qüsurlu ola və bu yolla
kamalının istedadının təbii halı ziyan görə".
Qitə
Qəzəl düşünənlərə görə
səfalar bəxş edəndir.
Qəzəl hünər bağçasının
gülüdür.
Qəzəl ceyranını ovlamaq asan deyil.
Qəzəl irfan əhlinin inkar etdiyi deyil.
Qəzəl bildirir şairin qüdrətin,
Qəzəl artırır şairin şöhrətin.
Könül, indi ki, şeirə çox həvəsin
var,
Qəzəl yazmağa daha çox həvəs
göstər.
Çünki qəzəl hər məclisin bəzəyidir,
Ağıllı adamların sənətidir.
Qəzəl de ki, dövranda məşhur ola,
Oxumaq da, yazmaq da asan ola.
Doğrusu, bu ürəyəyatan sözləri ki, o
tayı-bərabəri olmayandan eşitdim, məhz
sözünün məzmununu nəsihət bilib, ehtiyac olunan
xahişinə başladım. Amma lazımi zaman kifayət qədər
olan kamala icazə vermədi ki, ağıl sərrafı
ömrü bəyənilən əsərlərin tərtibinə
sərf etməkdə ikən, bu kiçiklərlə
heç edə. Və təbiətin şahbazı
böyük ovlar gözləyərkən, kiçik ovlar
dalınca gedə. Əlacsız, etibarımın əsasına
bu fikir lazımdır deyib, uşaqlıq zamanımda
yazılan, bağışlamış olduğum qəzəllərimdən
bir kiçik divan tərtib etmək məsləhətin
gördüm. Və o vaxt məndən xahişlə alanlardan
xahişlə alıb, surətlərin toplayıb, ixtisar şəklində
tamama yetirdim. Ümid edirəm ki, fəsafət sahibləri və
bəlağət səhabələri müşahidə edib
oxuduqda, mənşəyimin və doğum yerimin İraqi-Ərəb
olub, ömrüm boyu başqa ölkələrə səyahət
etmədiyimdən xəbərdar olduqda, bu qüsuru
etibarımın süqutunun səbəbi bilməyələr.
Və məhəlli məqamıma görə
istedadımın dərəcəsinə həqarət ilə
baxmayalar. Çünki vətənə sadiq olmaq şəxsin
istedadına təsir etməz. Və torpaqda yatmaq ilə
qızıldan parıltı getməz. Nə şəhər əhli
olmaqla nadan ağıllı adam kimi qəbul olunar və nə
çöllərdə durmaqla alim vəhşi kimi.
Nəzm
Pis təbiətli adam bütün ömrünü*
Behiş hurilərilə həmdəm ola;
O cəfalı yerdə gecə-gündüz
Cəbraildən ədəb elmini öyrənə,
Bu etiqaddayam ki, işin sonunda
Ondan pislikdən başqa şey aşkar olmaz.
Əgər işıqlı gövhər illərcə
Qiymətsiz olub torpaq üzərinə düşə,
İnanıram ki, onun etibar ayinəsinə
Torpaqdan az toz qonar.
Əgər torpaqdan götürülsə, yenə həmən
gövhərdir,
Şahların tacının ziynətidir.
Əsasən izzətli və etibarlı əhalidən
və xüsusilə Rum bəlağətçiləri və
tatarın gözəl danışanlarından xahişim budur
ki, əgər tərtib etdiyim gözəl misallarda o
diyarın söz və ibarələrindən bəzək
olmasa və nəzmimi gizli qızı o ölkələrin
gözəl zərbül-məsəllərindən
yaraşıq tapmasa, bu duaçını üzrlü
saysınlar. Çünki hər ölkənin əhlinə
borc almaq ar gəlir və hər tayfadan hər nə kim varsa
özgəni istifadə etməyi qeyrətə
sığışdırmaz, bu diyarın istilahlarının
da başqalarına əlçatan olmadığı
üçün üzrxahlıq edirik. Boş yerə xətrə
dəyməkdən nə çıxar. Allaha şükür
və təşəkkür olsun ki, Kərbəla
torpağının başqa məmləkətlərin cəvahirindən
şərəfli olduğu məlumdur. Və şeirimin dərəcəsini
də hər yerdə uca edən, həqiqətən də, bu
məfhumdur.
İlahi bu məhəbbətnamə adlı əziz və
sevimli övladımı ki, sehirləyici təbimdən
doğmuşdur və sehr edən idrakımın nəticəsidir,
ləyaqətli hədiyyə kimi nöqsanlarını
yandırmaq yolu ilə qürbətə yola saldı. Və məna
cəvahiri verib, alqış qumaşları almağa aləm
fəzasına ticarət kəcavəsi etdi. Necə ki,
qayğını yoldaş edib yoxluq dərəsindən
varlıq seyrangahına gətirdin və qüvvətli
lütfünü köməkçi edib gizli vadidən
gözlə görünən çölə yetirdin, nə
diyara getsə və nə vilayətə yetsə, şərəfli
qədəmin səadətli və uğurlu, gözəl
başlanğıcını xoşbəxt və mübarək
edəsən.
İlahi, bu gözəl sevgilini və lətif
nümunələri ki, lütfünün bəzəkçisi
çöhrəsinə bəzək vermiş və
yaraşıq verən köməkçin hüsnünün
yaraşığını kamal rütbəsinə
yetirmişdir, ümumiyyətlə, bütün fəsad əhlindən,
xüsusilə üç alçaq tayfadan himayət qalanda
mühafizə edəsən, toxunulmaz saxlayasan. Biri o qabiliyyətsiz
katib və cahil imla yazdırandır ki, səhv yazan qələmi,
savadın əsasının külüngü və kədər
təsirli qələmi bəzəkli binanın
"memarıdır". Gah bir nöqtə ilə "məhəbbət"i
"möhnət" göstərər və gah bir hərf
ilə "nemət"i "nəqmət" oxudar.
Qitə
Şil olsun o katibin əlləri ki,*
O olmasaydı ədəbiyyat və elmlə
qurulmuş olan abadan ölkələr
dağılmazdı.
Fasidlikdə onun nüsxəsi (varlığı)
çaxırdan da müfsiddir.
Pis yazan katibin əli qələm olsun
Ki, qarışıq yazısı
sözümüzü şur eylər.
Gah bir hərf atmaqla "nadiri" "nar" edər,
Gah bir nöqtədə qüsur etməklə
"göz"ü "kur" edər.
O adam qələm kimi avara olsun ki,*
Onun qələmi maarif binasının
külüngüdür.
Xətti ləfzin surətində bəzəkdir,
Lakin nə fayda yazısının qaralığı
məna gözəlinə pərdədir.
Biri o qüsurlu savadsızdır ki, ahəngsiz təbi
ilə məclis və yığıncaqlarda istedadına
yalvara-yalvara şeir oxuduqda, nəzmdən nəsri seçilməyə
və süst üslubu ilə məna nümunələrinin
üzündən örtük açılmaya.
Bacarıqsız şeir deyənin pəltək dili lal
olsun ki,*
Ondan şeir inciləri səpələnmişdir.
Onun məntiqi qəziyyələri nəticə verməkdən
ari etmiş,
Onun təsrifi zəmməli sözləri kəsrəli
etmiş.
O dil kəsilsin ki,*
Söz fəzasında ondan fikir sarayları
uçurulur.
Onun pis ləhcəsinin inqilabından
İbarələr gözəlliyinin vücudu məhv
olur.
O yaramaz cənnət nemətlərindən məhrum
olsun ki,
Kobud ləhcəsi ahənglini ahəngsiz edər.
Sözünün külüngü nəzm
binasını viran edib,
Süst danışmağı fəsahət əhlini
pərt edər.
Biri o zalım paxıl və inadcıl xəta
düşüncəlidir ki, ahəngsiz təbi ilə şeir
davası edə, amma şeir həqiqətlərinə
ağlı çatmaya və zəif idrakı ilə nəzm
söhbətlərindən dəm vura, amma söhbətin həqiqətlərinə
yol tapmaya. Xülasə, paxıllıq insaf gözünü
kor edib, idrakına güvənə, cahillər
qarşısında boş-boşuna öyünə,
boş-boşuna müdaxilələr eyləyə ki, ta
şeirdən dinləmə zövqü gedə.
Söz həsudlarının günahı
böyükdür,*
Onların bəsirət gözləri varlıq aləmində
cəhalətdir.
Sənətkarlıq hüququ onlar arasında itər,
Onlar yüksəkliyə gedən yolu bağlarlar.
Mənasız yerə həsəd aparandan dad,*
Onun qaranlıq ürəyində irfan nuru yoxdur.
Hörümçək kimi bir-iki toxuduqda
Özünü Beytül-Məmur banisindən usta
sanar.
Onun dünyagörüşü tamamilə eybdir.
Paxıllıq tozundan onun insaf gözü kor olar.
İrfan gülşəninə paxıllıq
payızdır,
İlahi, paxılı xar eylə daim.
İşi mərifət əhlinə zərər verməkdir,
İlahi, paxılı zar eylə daim.
Və Allahın rəhməti olsun o etiqadı təmiz
yaxşılara ki, bu təzə nümunələri
müşahidə etdikcə əlasının
kamalının camalına alqış bəzəyi ilə
yaraşıq verə və rəzillərin insaf darağı
ilə xətalı zülfündən eyib incilərini
çıxarıb, qüdrət güzgüsündən
bağışlama sığalı ilə nöqsan tozunu
götürə.
Tərlan Quliyev
Filologiya elmləri
doktoru, professor
Ədəbiyyat
qəzeti 2024.-
18 may, ¹18.- S.30-31.