Ölmək ölməkdisə...
Ölmək ölməkdisə, ta niyə, adam,
Sir kimi görünüb,
sir də öləsən.
Ya qismət, bu boşa, faniyə, adam,
Bir də doğulasan, bir də öləsən.
"Quran"
deyilsən ki, nazil olasan,
Elə oxunmağa
hazır olasan.
Ya niyaz olasan, nəzir
olasan,
Gedəsən ocaqda, pirdə öləsən.
Tutasan doğrunun, düzün əlindən,
Axıra
ağ çıxa
üzün əlindən.
Lap elə bir gözəl
qızın əlindən
Düşəsən bir qəfil dərdə, öləsən.
Geriyə
yolmu var gedən, qürbətdən,
Nədən bezəsən ki, nədən, qürbətdən?
Bir halda, seçilmir Vətən qürbətdən,
Daha nə fərqi var, harda öləsən?
Səsini
eşidib, duymasalar da,
Halalca haqqını qıymasalar
da,
Nolar, yaşamağa qoymasalar da,
Qoyalar öldüyün
yerdə öləsən.
Yenə yuva çatmayacaq...
Vurursan,
göz çıxardırsan
qaş düzəltdiyin
yerdə.
Kor olaydın, şil olaydın,
kaş, düzəltdiyin
yerdə...
Bir heykəl də yap adına,
Bax dadına...Get badına...
Yansın
qurunun oduna
yaş, düzəltdiyin
yerdə...
Bu da elə "üç alma", bax,
Amma, nağıl olmayacaq...
Olsa, ağıl olmayacaq
baş düzəltdiyin
yerdə...
Nə var, köhnə, nə var, əski,
İşlər belə yürüməz
ki...
Ayaq açıb yeriməz ki,
daş düzəltdiyin
yerdə...
Dərdsə, dava çatmayacaq,
Cansa, hava çatmayacaq,
Yenə
yuva çatmayacaq
quş düzəltdiyin
yerdə...
Lap ölüb qalmalı
yer idi könlüm...
Dedim, çiçəkləndi, gülləndi
bəlkə,
Baxma könüllərdən
biridi könlüm.
Bir gün dilə gəlib dilləndi bəlkə,
Bəlkə ayaq açıb,
yeridi könlüm...
Dönməsin heykələ, büstə
demişdim,
Başımda tac olsun, istə, demişdim.
Bu sevgi ayağı üstdə demişdim,
dayanıb, durduqca
diridi könlüm...
Mən indi bildim ki,
olur gor necə,
Adamın
içinə dolur qor necə...
Getmisən, xaraba qalıb gör, necə,
Lap ölüb qalmalı yer idi könlüm...
Xatirələr örtür məni
Ayrılığın dilindəyəm,
Yaman dil-dil ötür məni.
Gülüm, necə başlamışdın,
eləcə də bitir məni...
Öz-özünü boşa öydün,
Bu yol çıxış
yolu döydü.
Yağış çırpdı, dolu
döydü,
Eyləmədin çətir məni...
Bir yuxuydum, yozanmadın,
Ağ vərəqdim, yazanmadın,
Qazanmadın, qazanmadın,
İlim-ilim itir məni...
Yerindim,
ən yaxın yerin,
Çəkdiyin hər dağın yeri.
Qalmayıb qalmağın yeri,
Dur, qapıdan ötür məni...
Dərd-dərd, qəm-qəm, yavaş-yavaş,
Olmuşam cəm, yavaş-yavaş.
Görünmürəm, yavaş-yavaş
xatirələr örtür
məni...
İstəyir
Bu bağın-bağçanın bağbanısanmı,
Hardandı bu bağça, bu bağ istəyi?
İçində yamyaşıl ağac
sevgisi,
Üstündə titrəyən yarpaq
istəyi...
Dil tapıb, yol gedər baxma, həyatla,
Döyənək etsə də, dizini qatlar.
Bir gün bilmirsənmi, başında çatlar
qorxaq adamların qorxaq istəyi...
Kimin ki, çəkirsə qanı qanını,
Qurbanlıq istəyir canım, canını.
Millət
öndə sevir qəhrəmanını,
Fərqi
yox, ya ölü,
ya sağ
istəyir...
Batdığı günaha, qüsula
baxmaz,
Ədəbə, ərkana, üsula
baxmaz,
Allaha üz tutmaz, Rəsula baxmaz,
Bitməz
adamların yasaq istəyi...
Görünər atdığı qədəmnən
belə,
Suçludu Həvvadan, Adəmnən
belə.
Adamı
ən doğma adamnan belə
ən çox torpaq sevir, torpaq
istəyir...
Çatanda əlim özümə...
Mən özümdən yıxılanam,
Qoy, durum, gəlim
özümə.
Elə,
düşdüyüm kimi
də
qalxım, dikəlim
özümə.
Elin-günün halı halım,
Zəhri
zəhrim, balı
balım.
Ən qiymətlim, ən bahalım,
gövhərim, ləlim
özüməm.
Həyan
özüm, qənim özüm,
Suyum özüm,
dənim özüm.
Özüməm düşmənim, özüm,
vurğunum, dəlim
özüməm.
Açam,
gülümü görəsən,
Yanam, külümü
görəsən.
Gəlib
günümü görəsən
çatanda əlim
özümə...
Düşməz
Dar gündə əlindən
tutar, adam
var,
Tutmasan əlindən, batar - adam var.
İşığı bir elə çatar, adam var,
Adam var, evinə
işığı düşməz.
Bəlkə də tapılar
dərmana, vallah,
İstərlər çevrilər Qurbana, vallah.
Bu çölə, bu düzə, ormana, vallah,
Mən boyda dəlisi, aşiqi düşməz.
A dünya, uymaram felinə bir də,
Gətirmə adımı dilinə bir də.
Gedirəm, mənimtək əlinə
bir də
Dünyanın ən məsum uşağı düşməz.
Ha yanım, ha çıxsın
külüm yeddi qat,
Gözəlmiş yaşamdan ölüm yeddi qat.
Qalxar göy üzünə zülüm yeddi qat,
Tanrım
nədən bir qat aşağı düşməz?..
Gedəcəm
Gülüm, bir az
da səbr et,
gözlə, durub gedəcəm...
Günəş doğanda gəldim,
etsin qürub, gedəcəm...
Bu matəmdən, bu yasdan
çıxacam asta-asta.
Ürəyimə bir az
da
qan uddurub, gedəcəm...
Bir gün, hər şey görəcəm
buracanmış, buracan...
Bir nağıl uyduracam,
oyun qurub, gedəcəm...
Nə ön var, nə
də geri,
nə də ölməyin yeri...
Özümü diri-diri
unutdurub, gedəcəm...
Günün biri
Günüm, günlər içində
mənimdi günün
biri.
Səmtimdi, tərəfimdi,
yönümdü günün
biri...
Biri - hurim, pərimdi,
Biri -
"Allah kərimdi..."
Dərdimdi, kədərimdi,
qəmimdi günün
biri...
Birisi də əlacdı,
Üz tutdum, könül açdım...
Biri başıma tacdı,
qənimdi günün
biri...
Ahımdı, amanımdı,
Sonuncu gümanımdı.
Lap elə imanımdı,
dinimdi günün biri...
Birisi quş qanadlı,
Birisi də ağ
atlı.
Gəlmir
Qiyamət adlı
min ildi günün biri...
Mən bu viran ölkədə
Öldüm səfdə, cərgədə.
Gözləyirəm, bəlkə də,
dirildim, günün biri...
Kəmaləddin Qədim
Ədəbiyyat qəzeti 2024.- 18 may, №18.- S.27.