Nizami Gəncəvinin
mərhəmət - sosial dövlət anlayışı
"Yeddi
gözəl" məsnəvisinin "Quraqlıq ilinin təsviri
və Bəhramın şəfqəti" adlı bölməsinin
şərhi
(Əvvəli
burada)
Otuz səkkizinci
beytin şərhi:
eyş-işrət edirdilər
Əhali
çöllərdə, dağlarda asudələnib,
Dəstə-dəstə eyş-işrət edirdi.
Beyt hər
kəsə mərhəmət hərəkatının ortaya
çıxardığı nəticələri tanıtmaq
üçün yeni bədii vasitələr seçir, mərhəmətin
xilas etmək, qorumaq, xeyrə doğru yönəltmək
gücünə zənginlik, çoxluq, barış,
ümid, sevinc, bayram, təhlükəsizlik, genişlik, həyat
ölçüsünün dəyişməsi kimi
anlayışlar yükləyir:
- Nizami
"mərdom" ("xalq", "camaat") deyir,
çoxluğu ifadə edir - mərhəmət hərəkatı,
mərhəmətli şah, sosial dövlət bir insanın,
bir qrupun deyil, xalqın həyatını dəyişdi;
- "İmən şode" - xalq özünü
güvəndə, əminlikdə hiss etdi. Şair mərhəmətin
yol açdığı əminlik halının ifadəsi
üçün məhz ərəbcə olan "imən"
sözünü seçir, "imən" sözü "əlif-mim-nun"
kökündəndir, eyni kökdən olan sözlərin bu mənaları
var: "iman etmək", "güvənmək", "əmanət
etmək", "məsuliyyət"... "Əmin
olmaq" qorxudan qurtulmaqdır: mərhəmət zənginliyə
yol açdı, insanlar varlandılar, kimsənin bir
başqasının sərvətində gözü
qalmadı, oğurluq, quldurluq, talan bitdi, insanlar arasında
güvən, etibar bağı quruldu, xalq rahat, hüzurlu təhlükəsiz
yaşadı;
- Bu
güvənli həyat nəyə yol açdı? Nizami iki
söz seçir: "dəşt", "kuh" (düzənlik/çöl/səhra,
dağ), bu sözlər genişliyi ifadə edir, düzənliyə,
dağa, arada "və" bağlayıcı var,
sıralayır, bağlayır, bir də çoxaldır -
insanlar özlərini o dərəcədə güvəndə
hiss etdilər ki, istirahət üçün düzənliyə,
dağa getdilər: a) evi tərk etmək güvənlik əlamətidir
- kimsə evimə toxunmayacaq; b) çölə, dağa getmək
də güvənlikdən xəbər verir - orada kimsə bizə
dəyməyəcək; c) burada bir də maddi imkanın əlaməti
var - zənginlik olmasa, hər kəs (xalq) istirahətə gedə
bilməz;
- Ölkədə
hər kəsə aid güvənlik, zənginlik var, hər kəs
istirahət imkanı qazanmışdır. Nizami mərhəmətin
bərəkətini göstərmək üçün zənginliyin
dərəcəsini də ifadə edir, bu məqsədlə
istirahət ölçüsünü / standartını
tanıdır, iki söz seçir, çoxluğu, bolluğu
göstərmək üçün onları "və"
qəlibi ilə bağlayır: "naz" və "işrət/eşrət"
- "eyş-işrət", "şadlıq", "ləzzət"
- hər nemətin olduğu istirahət, bu hal hamıya aiddir,
xalq düzənlikdə, dağda nemətlərdən yeyərək
istirahət imkanı qazandı;
- Nizami mərhəmətin
bərəkətini ifadə etmək üçün bir vasitəyə
də yer verir, "qoruh-qoruh" ("dəstə-dəstə"),
bu söz say çoxluğunu, maddi imkanı, nemət
bolluğunu, genişliyi göstərir: insanlar dəstə-dəstə
istirahət edir, kef məclisləri düzəldir, nemətləri,
sevinci paylaşırdılar;
- Toplayaq:
səbəb mərhəmət, mərhəmətli şah,
sosial dövlətdir, nəticəsi hər kəsə aid
güvənlik, bolluq, çoxluq, zənginlikdir, əlamətləri
məkan genişliyidir, düzənlik, dağdır, hər
nemətin olduğu məclislərdir, çoxluqdur -
insanların ziyafət vermək imkanı var, ölkə bayram
havasındadır;
Otuz
doqquzuncu beytin şərhi:
sıraya
düzülmüşdülər
Bərbət,
rübab, çəng çalanlar,
İki fərsənglik sıraya
düzülmüşdülər.
Nizami hər
kəsə mərhəmət hərəkatının nəticələrini
göstərmək üçün Bəhramın ölkəsindəki
bayram havasını təsvir edir, əlamətlərini
sayır: hər kəsin istirahət imkanı var, istirahət
edənlərin sayı-hesabı yoxdur, insanlar özlərini
güvəndə hiss edir, qorxmadan evlərindən
çıxır, istirahət məkanlarına gedirlər,
güvənliyi təmin edən sadəcə dövlət
deyil, bir də xalqın rifah səviyyəsidir, istirahət məkanları
dağlar, düzlərdir, bolluqdur, süfrələrdə hər
nemət var, insanlar dəstə-dəstə, bir yerdə yeyir,
içir, deyir, gülürlər...
Bayramın, sevincin, hüzurun olmazsa olmaz şərtləri
sırasında musiqi önəmli yer tutur. Şair də mərhəmət
bayrama yol açdı fikrinin ifadəsi üçün
musiqidən, musiqi alətlərindən, hüzur verən səslərdən
yararlanır:
- Bir
sıraya düzülmüş, bir səf tutmuş - Nizami
çoxluğu ifadə edir, bayramın bir özəlliyi də
hamını qucaqlamasıdır;
-
"İki fərsənglik" - bir fərsəng/fərsəx
altı-yeddi kilometr məsafədir, atın bir gündə gedəcəyi
yoldur, on dörd kilometrlik məsafədə sıraya
düzülmüşdülər - şair yenə
çoxluğu (uzunluq biçimində) önə
çıxarır, deyir ki, mərhəmət, mərhəmətli
şah, sosial dövlət bayrama yol açar;
-
Sıraya düzülənlər kimlərdir? Şair
üç musiqi alətinin adını çəkir: bərbət
- simli musiqi alətidir, uda bənzəyir, böyüyü,
kiçiyi, ağırı, yüngülü olur,
rübab-tar kimidir, simli musiqi alətidir, çəng - simli
musiqi alətidir, arfanın ən qədim növüdür,
Azərbaycan çənginin otuz bir - otuz iki simi olub;
- Mətndə
musiqi alətlərinin hər birinin sonunda müəyyənlik
əlaməti var: o məşhur, insana hüzur verən bərbət,
rübab, çəng, yəni on dörd kilometr məsafədə
bərbət, rübab, çəng çalanlar
düzülmüşdülər, aradakı "və"
bağlayıcıları da sıralayır, çoxaldır;
- Nizami
niyə məhz bu üç musiqi alətinin adını
çəkmişdir? İnsanlar bərbətin,
rübabın, çəngin səsinə oynamazlar, qulaq
asarlar, ruhları dincələr, qəlbləri hüzura
qovuşar, duyğularına sığal çəkilər;
- Bəhramın
mərhəməti hüzurlu xalq inşa etdi
ölçüsünün daşıyıcı
anlayışları bunlardır: güvənlik, zənginlik,
geniş, uca məkan - düzənlik, dağ, gülər
üz, birlik, bolluq - süfrədə hər cür nemət,
bayram, ümid, sevinc, bərbət, rübab, çəngin
insana hüzur verən səsi, təmiz hava...;
Qırxıncı
beytin şərhi:
məclislər var
Hər
arxın qırağında şərab hovuzu,
Hər məhəllədə
bir məclis...
Mərhəmətin
ortaya çıxardığı bayram havasının təsviri
davam edir, Nizami mərhəmət güvənlik, zənginlik,
genişlik, hüzurdur ölçüsünün təqdimini
yeni vasitələrə yükləyir:
-
Var-dövlət, gözəl imarətlər, istirahət,
geniş, uca məkanlar, təmiz hava, gülər üz, hər
növ nemət, musiqi var, mərhəmətin yol
açdığı bayramın, sevincin, hüzurun ifadəsi
üçün başqa nələrə ehtiyac duyulur?;
- Suya - su
ehtiyac, həyat qaynağı, təmizlik, hüzurdur, məkanın
gözəlliyinin əlamətləri bunlardır: genişdir,
yaşıllıq var, havası təmizdir, ucadır,
sakitlikdir, bir də suyu var. Su olmasa, hüzur olmaz, bayram, sevinc
yarımçıq qalar;
- Nizami mərhəmətin
ortaya çıxardığı hüzur məkanına suyu
da artırır, həm də bu, axar sudur, axar su çoxdur,
daha təmizdir, səsi ruha dinclik verir;
- Şair
hüzuru artırmaq üçün suyu çoxaldır,
"hər bir arx" deyir, arx çox, su boldur, suyun
şırıltısı bərbətin, rübabın,
çəngin səsinə qarışıb;
- "Be gerd" - "ətrafa",
"dövrəyə" (ətrafda, dövrədə), bu
söz hansı işi yerinə yetirir? Hər bir arxın ətrafı
deyir, çoxaldır, mərhəmətin bərəkətini
ifadə edir - arx çox, su çox, insan çox, nemət
çox, hüzur çox;
Arxların ətrafında - hər tərəfində
çox olan bir şey də var: hovuz(lar);
- Nizami
bayramdır, sevinc var, hər kəs hüzur içindədir
mesajının tam olması üçün o hovuzları meylə
doldurur - hər bir arxın ətrafında mey hovuzu var idi;
- Şair
yenə çoxaldır: hovuz da (tutumu böyükdür),
içindəki mey də çoxdur, istirahətə - bayrama
gələnlərin hər birinə çatacaq qədərdir
- çoxluq/böyüklük deyir ki, mərhəmət bu dərəcədə,
hamını sevincə boğacaq qədər hüzura yol
açar;
Nizami mərhəmətin
yol açdığı hüzurun ifadəsi
üçün vasitələrin sayını artırır:
- "Məclis"
deyir - insan, nemət, imkan çoxdur, sözün sonuna əlamət
yazır, "məclisi", hər bir məclis - məclislər
var, onlar bayram məclisləridir - mərhəmət
imkanları, nemətləri çoxaldır, insanları bir
araya gətirir, ünsiyyət qurur, maddi, mənəvi dəyərləri
paylaşmağa yol açır;
- Bu məclislər
harada idi? Ortada idi - hər kəsə uyğun yerdə idi;
- Nəyin
ortasında idi? Hər bir məhəllənin (küçənin)
ortasında - məclis yeri olmayan məhəllə yox idi -
bayram idi, hər məhəllənin ortasında məclis
qurulmuşdu - bayram hamını sevindirmək, mərhəmət
hər kəsi qucaqlamaqdır;
- Beytin hər
sözü mərhəmətin ortaya
çıxardığı bərəkəti, bayramı,
bolluğu, var-dövləti, çoxluğu, hüzuru, sevinci
ifadə edir: "hovuzlar", "mey", "ətraf",
"hər arx", "məclis", "orta", "hər
məhəllə";
(Davamı
olacaq)
Siracəddin Hacı
Ədəbiyyat qəzeti 2024.- 18 may, №18.- S.26.