“Təbiəti sevmək elə insanın özünü
sevməsidir”
Yazıçı, şair, nasir,
tərcüməçi, Azərbaycan Yazıçılar
Birliyinin üzvü Seyran Səxavət TNS-ə
müsahibə verib. Onunla görüşümüz
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
"Kurort" Qapalı Səhmdar Cəmiyyətinin
"Bilgəh" kardioloji sanatoriyasında baş tutdu...
-
Seyran müəllim, necəsiniz? Sağlamlığınızla
bağlı bir şikayətiniz yoxdur ki?
-
Özümü çox yaxşı hiss edirəm. Səhhətimlə bağlı problem yoxdur.
Bilgəh xoşuma gəlir, bir az
istirahət edirəm. Təbiəti çox
sevirəm. Biz təbiətin bir
parçasıyıq. Təbiəti sevmək elə
insanın özünü sevməsidir, işin içində
bir az eqoizm də var. Təbiətin bir
parçası olsaq da, o bizdən daha zəngin və
gözəldir.
-
Təbiəti daha üstün edən hansı
xüsusiyyətləridir?
-
İnsan təbiətin düşməni,təbiət
insanın dostudur. Yüz illərdir ki,
təbiəti korlamaqla məşğuluq, amma təbiət
qarşılığında bizi yedirir-içirir, son
mənzilimizi də verir.
Allah insanı yaratdı və Yer
kürəsini ona bağışladı. Amma
bəşəriyyət Allahın insana göstərdiyi
etimadı doğrultmadı. Bizə verdiyi
gül kimi Yer kürəsinə ilk gündən zərər
vurmağa başladıq. Təbiət
də hərdən bizdən qisasını alır. Ona
görə adam olmaq lazımdır. İnsan yer üzünün əşrəfi hesab
edilir. Amma mənə elə gəlir ki,
Allahın yaratdıqları içərisində insan, öz
əməlləri sayəsində, sonuncu yerdədir. Bütün canlılar insandan daha yuxarıdadır.
Dünyanı yırtıcı heyvanlardan yox,
adamlardan qorumaq lazımdır.
-
Otağınızdakı masanın üzərində
kağız, qələm gördüm. Burada da
yazırsınız?
-
Biz hər zaman yaradıcılıqla məşğuluq. Yazmaq bizim işin texniki tərəfidir. İnsan dolur, sonra yazmaqla ürəyini
boşaldır. Masanın
üstündə gördüyün istedadlı qələm
sahibi Maarif Soltanın yazıları ilə
bağlıdır. O, sosial
şəbəkələrdə 3-4 cümlədən
ibarət yumorla fəlsəfənin qarışığı
olan möhtəşəm yazılar yaradır. Ona dedim ki,
bunları kitab halına sal, mən də Ön söz yazaram. Həmin yazı da onun kitabı üçün
yazdıqlarımdır. Bu gün sizdən sonra o
gələcək...
-
Həmkarlarınızın, qələm
dostlarınızın yaradıcılığına
diqqət göstərirsiniz. Onlara kömək
etməyi sevirsiniz?
-
Vaxtilə mənə kömək ediblər. Sən
demə, bunun mənası, əslində "Ay bala, mən
sənə kömək etdim. Sən də
başqalarına edərsən", - demək imiş. O
vaxt bizim gözəl sevgi şairimiz Nüsrət
Kəsəmənli Qazaxdan birbaşa mənim yanıma
gəlmişdi. Baxmayaraq ki, yaşıdıq.
Onu böyük ziyalımız, böyük kişi,
professor Qasım Qasımzadənin yanına apardım. Birinci kursda oxuyurdum. Qasım
müəllim ondan əvvəl mənim də xeyir-duamı
vermişdi. Nüsrət
Kəsəmənli mənim yanıma gəlməyinin
səbəbini sonralar qəzetdə də yazmışdı.
Belə ki, o, çöldə qoyun
otardığı vaxt şumun içindən bir qəzet
parçası tapır. Həmin qəzet
parçasında mənim şeirlərimi görür. Baxır ki, ikimiz də 1946-cı ildə
doğulmuşuq. Fikirləşir ki,
necə olur, bu, Bakıda şair olub, mən burada qoyun
otarıram? O hadisədən sonra birbaşa mənim
yanıma gəlir...
Zülfüqar Şahsevənlini, Vaqif
Bəhmənlini də Qasım Qasımzadənin yanına
aparmışdım o zaman. Mənim
ədəbiyyat dərnəyim var idi. Orada
şeirlərini müzakirə etdiyimiz insanlar indi dağ boyda
kişilərdir. Aqil Abbas, Vaqif Bəhmənli,
Ağacəfər Həsənli, Maarif Soltan, Tofiq Nurəli
və s. Mən özümü rəhbər hesab etmirdim. Onlar şeirlərini oxuyurdu, mən də
fikirlərimi deyirdim. Mənə
görə, söz adamları hamısı bir-birilə eyni
boy-buxundadırlar, hamısı eyni beldən gəlib. Ətrafımdakı insanların həm
yaradıcılıqla bağlı, həm də
məişət məsələlərində
köməyə ehtiyacları olanda əlimdən gələni
etmişəm. Adam bu cür işlər
edə-edə formalaşır, güclənir. Mən yaxın ətrafımı bütün
varlığımla sevmişəm. Heç vaxt da
mənə pis adam rast gəlməyib. Sevgini onlara ötürmək məni çox
güclü bir Seyran Səxavət edib.
-
Etdiyiniz yaxşılıqların
qarşılığında nankorluqla
qarşılaşmısınızmı?
-
Demək olar ki, hiss etməmişəm. Həm də
yaxşılıq edən bunun sonrasını
fikirləşmir ki... Bir misalımız var:
"Yaxşılıq et, at dəryaya, balıq bilməsə
də, xaliq bilər". Mən heç xaliqin
bilməyini də düşünməmişəm. Yaxşılıq etmək mənim xasiyyətimdir.
Bu əməli, həm də öz
xətrimə edirəm. Kiminsə
əlindən tutmaq mənə ləzzət edir.
-
Amma indiki yaradıcı nəsil arasında, deyəsən,
bir-birinə əl tutmaq ənənəsi o qədər də
yoxdur...
-
Mən o nəslin uşaqlarını da hər zaman
dəstəkləmişəm. Onların
içində Aqşin Yenisey, Seymur Baycan, Qan Turalı, Salam
Sarvan var. Kəramətin özü olsun. Kəramət
çox istedadlıdır, amma bəzi yerlərdə
hərdən "qatıqlayır". Bu
gün yaxşı yazan xanım
yazıçılarımız var. Mən keçən
əsrin adamıyam. Azərbaycanda Məhsəti
Gəncəvinin, Xurşidbanu Natəvanın
dövründən müasir günümüzədək qadın
ədəbiyyatı heç vaxt bugünkü qədər
möhtəşəm səviyyədə olmayıb. Millət olaraq xislətimiz elədir ki, gərək,
kiminsə istedadlı olduğunu qonşudan deyələr,
sonra biz təsdiqləyək. Bu, bizim millli
"dəyərimizdir".
-
Bəlkə özününkünə inamsızlıq, ya da
etiraf etmək çətinliyidir?
-
Burada etiraf etmək çətinliyi var. Bunun üçün
geniş ürəyə ehtiyac var. Etiraf etməyə
canımız çıxır. Yaxşıya
yaxşı demək lazımdır. Onsuz
da yaxşıdır. Sən deyəndə
o quşun bir qanadı da çıxır.
Qayıdaq, yaxşı yazan xanım
yazıçılara. Arzu Nehrəmli var,
gözəl qələmi olan. Təranə
Turan var ki, professordur, bəlkə dünyanın
yarısının mükafatını almış bir
xanımdır.
Təranə
Vahid, Nuranə Nur kimi güclü qələm sahibi olan
xanımlarımız var. Bunların yaxşı olduğunu
başqa millət desə, inanacaqlar, amma Seyran desə, yox. Bizim onları tanımamağımızla onlar
heç nəyi itirmir, itirən biz oluruq.
-
Seyran müəllim, bəzən müasir yazarlar ateist ruhda
olduqlarını nümayiş etdirməyə
çalışırlar. Sizcə, onlar
doğrudan ateistdirlər, yoxsa, elə görünməyə
çalışırlar?
-
Elə görünməyə çalışırlar... Əslində elə deyillər. Mən
Allahı sevirəm.
- İlk dəfə bunu nə zaman hiss
etmisiniz, yəni Allaha olan sevginizi. Sizcə,
yazmaq ilahi ruhun əli ilə baş verir?
- İnsan heç vaxt
xoşbəxtlikdən Allahı yada salmır. Köməyə
ehtiyac olanda, nədənsə qorxanda Allahı
çağırırıq.
Əvvəlki dövrlərdə
mirzələr olurdu. Yəni,
əvvəldə də dediyim kimi, yazmaq işin texniki
tərəfidir. Məsələn, "Nekroloq"
romanımın ilk cümləsində yazmışam:
"Aralıdan baxanda Yer kürəsi çürük toxuma
oxşayırdı, yaxından baxanda oxşamırdı -
elə çürük idi".
Sonuncu
cümlə isə belədir: "Dünya Allahın çin
olmuş yuxusudur". Bunu yazmağa Seyranın
qüdrəti yoxdur, bu, yuxarıdan gələn bir şeydir.
-
Deyirlər ki, insan daha çox gənc yaşda yazır. Bu fikirlə razısınız?
-
Onu deyən özünə gülür. Elə
şey yoxdur, insan ancaq dolanda yazır. Məsələn,
sən boş qabı boşalda bilərsən?
Gərək içində nəsə ola
ki, boşaldasan.
- O
cür boş qabdan boşalan əsərlər çoxdurmu,
Seyran müəllim?
- Bu
dəqiqə 90-95 faiz təşkil edir. Qalan 5-10
faiz var ki, Azərbaycan ədəbiyyatı odur. Tank kimi qabağa gedir. Ədəbiyyatı
heç bir tarixi hadisə saxlaya bilməz. Lap dünya
dağılsa və bir nəfər yazıçı sağ
qalsa, o, bu dünyanın
dağılmağından yazacaq.
-
Bəs oxucu həmin 5-10 faizi necə seçsin?
-
Senzura yoxdur. Bir avara başqa bir avaraya pul verir, o
da onun haqqında kitab yazır. Sonra da bir
nəşriyyat pul qarşılığında həmin
kitabı nəşr edir. Başqa bir kitab
mağazası aparıb qoyur satmağa. Nə alan, nə də oxuyan olur. Amma
insanların zövqü korlanır. İnsanların
zövqünü dara çəkən də daha çox
Azərbaycan televiziya məkanıdır. 30
ilə yaxındır ki, Azərbaycan dilinin hər gün
zəiflədiyini, hazırda isə reanimasiya
vəziyyətində olduğunu bilirəm. Bunun bir nömrəli günahkarı Azərbaycan
televiziyalarıdır. Nisbətən AzTV
və İctimai Televiziya normaldır. Qalanlarında
Azərbaycan dilində danışan yoxdur. İşə götürüləcək adamın
boy-buxununa baxırlar, içinə baxan yoxdur. Hər bir fərdi hər şeydən əvvəl
tənzimləyən dildir. Xalq da
fərdlərdən ibarətdirsə, deməli, bütün
xalqı dil tənzimləyir.
-
Kitabların dilində o zəiflik özünü
göstərir?
-
Bizdən sonrakı nəsillərin yazdıqları
əsərlərin dilində var zəiflik. Mənə
elə gəlir ki, yazıçımız Süleyman
Rəhimovun əsərlərini indiki nəsil gərək
lüğətlə oxusun. Çünki
oradakı sözlərin çoxunu başa
düşməyəcəklər. Dil
məsələsi mənim yaralı yerimdir. Azərbaycan Yazıçılar Birliyində,
Dilçilik İnstitutunda, Dövlət Dil Komissiyası
yanında Monitorinq Qrupunda, Mətbuat Şurasında
"Cümlə qurmaq, dövlət qurmaq qədər
çətindir" adlı məruzə ilə çıxış
etmişəm. Bu vəziyyət heç
kimin vecinə deyil. Çox
dilçilərə müraciət etmişəm, amma fikir
vermirlər. Dilimizin ölməyinə
qarşı müharibə elan etmişəm. Bu müharibədə mənə kömək
etməyənləri, müharibə qaydası ilə
cəzalandıracağam. Siyahı
tutmuşam, mübarizədən qaçanları fərari
elan edəcəyəm. Siyahımda 22
nəfər var. Akademik, xalq şairi olanlar var. Milli
Məclisə də müraciət etmişəm, bir
nəticə olmasa, Ali Baş Komandanımıza
müraciət edəcəyəm.
Yazılı mətbuat, filmlərin
tərcüməsi, mahnı mətnləri də
televiziyaların günündədir.
Mahnıda lirik qəhrəman qıza
"Sən mənim mürəbbəli şirin
çayımsan" deyir. Bunu
yazan şairdə adicə mətbəx mədəniyyəti
də yoxdur. Onda yoxdursa, deməli, musiqini
yazan bəstəkarda, ifaçıda da yoxdur.
Xalq artistimiz Abşeron haqqında
mahnı oxuyur.
Göy Xəzərin beşiyisən.
Şeir-sənət
keşiyisən, Abşeronum mənim...
Abşeron
Xəzərin içində olduğu üçün göy
Xəzərin beşiyi ola bilməz. "Şeir, sənət keşiyisən" nə
deməkdir? Dilin valideyni xalqdır. Dilə qayğı xalqdan gəlməlidir. Artıq xalq da televiziya dilində danışır.
Dilimiz həm də sığallı-tumarlı,
ənlik-kirşanlı dilə çevrilib.
-
Bir çox yazıçılar yaradıcılığa
şeirlə başlayır. Sonradan güclü
nəsr nümunələri yaradırlar. Məsələn,
mən bir oxucu kimi kitab seçəndə nəsr
müəllifinin bəlli bir yaş və
təcrübəsinin olmasına diqqət edirəm. Sizin
bu məsələdə düşüncələriniz
necədir?
- Şeir yazmaq üçün bir
qıza vurulub, rədd cavabı almaq kifayət edirdi. Şeirlə
nəsri müqayisə edəndə şeiri şəhər,
nəsri kənd uşağına bənzədirəm. Kənd uşağı həyatın hər cür
çətin üzünü daha çox görür. Ən azından, ayağı torpağa dəyir.
Nəsr yazmaq bir az yetkin yaş
tələb edir. Mən
yaradıcılığa şeirlə başlamışam.
3-cü sinifdən şeir yazırdım. Şeirlərim cavan qızların xatirə
dəftərində olardı. Hətta
arvadımın da xatirə dəftərindən mənim
şeirim çıxdı. Məsələn,
belə şeirlərimdən birini Məhəbbət
Kazımov ifa edirdi.
İlk
məhəbbət - son məhəbbət
Sən nə istəyirdin, nələr
itirdin?
Qorxma kül olmaqdan, yan,
məhəbbətim.
Sən
mənim başıma nələr gətirdin,
Ay
ilk məhəbbətim, son məhəbbətim.
O
parlaq sevgimdən çox utanıb dan,
Ulduzlar eşqimdən qızartı
dərmiş.
İnsanlar
bir dəfə doğulduğundan,
Elə
bir dəfə də sevə bilərmiş...
Mənəm,
milyard naxış səpmişəm göyə,
De, varmı hesabı
naxışlarımın?!
Kirpiklər
özgəyə baxmayım deyə,
Çəkir
keşiyini baxışlarımın...
Elə
sızıldayır qəlbim, tar kimi,
Sən kimin eşqini
daşıyacaqsan?
Bəlkə
də divarlar, maşınlar kimi,
Sən
də məhəbbətsiz yaşayacaqsan...
Burda
tənhalıqdan lap iyrənmişəm,
Qoy, meh sığallasın telini
sənin.
Gedib,
yetmiş iki dil öyrənmişəm,
Hələ
tapmamışam dilini sənin...
Sən
bir soyuq ulduz, mən gözlərinəm,
Eybi yox, mənimçün
həmişə varsan.
Sıxma
ürəyimi, ürək cəhənnəm,
Axı,
sən ordasan, sən sıxılarsan...
Seyran Səxavət, 22
yaş.
- O
vaxtdan da belə gözəl yadda saxlamısınız...
-
Mən yaddaş cəhətdən yaxşıyam. Fenomenal yaddaşım var. Hekayələrimi,
hələ desən, romanlarımı da əzbər
bilirəm.
-
Füzuli rayonunun Yağlıvənd kəndində anadan
olmusunuz. Torpaqlarımızın
işğaldan azad olunmasından sonra hansı hissləri
keçirirsiniz. Mövzu yaradıcılığınızda
olacaqmı?
- Bir vaxt televiziyada
bizdən Qarabağ haqqında niyə
yazmadığımızı soruşurdular. O zaman
aparıcıya dedim ki, ərkim çatan dostlarıma - Musa
Yaquba, Vaqif Bəhmənliyə, Ramiz Rövşənə
Qarabağ mövzusunda yazmağı qadağan etmişəm.
Çünki artıq Qarabağ ədəbiyyat yox,
müharibə mövzusu idi. Dedim ki, Qarabağ haqqında
ən vacib əsəri Ali Baş Komandan və Azərbaycan
əsgəri yazmalıdır. Mənə romanda, povestdə
yox, döyüşdə alınan Qarabağ lazımdır
ki, gedib torpağı üzümə sürtə,
əl-üzümü yuya bilim. Allaha şükür ki, onlar
bu əsəri yazdılar.
Biz 250 ildə
torpaqlarımızı verə-verə gəlmişik. Ali
Baş Komandan İlham Əliyev bir ilkdir ki, torpaqları geri
aldı. Ən vacib əsəri O yazdı.
O cür
əsərdən sonra nə yazsan, ancaq nəzirə ola
bilər. Hələlik heç nə yazmıram, ola bilər
ki, nə vaxtsa yazım.
- Füzulini, doğma
kəndinizi görə bilmisiniz?
- Füzuli
işğaldan azad olunduqdan iki gün sonra getdim icra
başçısının yanına.
Təhlükəsizliyə görə getmək çətin
idi. Amma bir yanğınsöndürən kimi
çalışan dostum var idi, məni avtomobillə düz
kəndimizə apardı. Allah qismət eləsin,
kəndimizdə mənim qonağım olasan.
Yağlıvənd Köndələnçayın
kənarında yerləşirdi. Çox gözəl
mənzərəsi olan bir kəndimiz var idi. Gedəndə
ancaq göldən bildim ki, bu xaraba mənim kəndimdir.
Başqa heç nə yox idi... (kövrəlir - red.)
Əvvəl dostuma dedim ki, tez məni çıxar buradan.
- Seyran müəllim,
Yazıçılar Birliyinə kimlərinsə üzv
olması geniş müzakirələrə səbəb ola
bilir. Birliyə üzv olmaq bu qədər vacibdir?
- O
söz-söhbət mənim üçün o qədər
məna kəsb etmir. Cibində Yazıçılar
İttifaqının vəsiqəsinin olması ilə
yazıçı olmursan. Olmaması da
"yazıçı deyilsən" demək deyil.
- Bəs nəyə
görə
belə can atırlar?
- İstəyirlər,
orda-burda desinlər ki, Yazıçılar
İttifaqının üzvüyəm. Birliyin adına nə
qədər böhtan desələr, söysələr də,
ürəklərindən oranın üzvü olmaq keçir.
Bütün təşkilatlarda belə söz-söhbət
olub və olacaq da...
- "Xaricdə
geniş tanınan, Nobel alan yazıçılarımız
yoxdur", - deyirik. Sizin bu fikirlərə münasibətiniz
necədir?
-
"Nobel"çilərin 99 faizini oxumuşam. Bir alman
yazıçısı var - Ziqfrid Lenz. Onun "Gözə
görünməyən qonşu" adlı 3-4
vərəqdən ibarət bir hekayəsi var. Həmin
hekayəni bütün "Nobel"çilərə
dəyişmərəm. Bunu niyə deyirəm? Azərbaycanda
yetərincə gözəl yazan yazıçılar var. Yusif
Səmədoğlunun "Qətl günü" romanı
SSRİ-də ilin ən yaxşı romanı
mükafatını almışdı. İsa Hüseynov, Sabir
Əhmədov var ki, dünya ədəbiyyatının
çox ciddi fiqurlarıdır. Bunları qoyaq bir kənara.
Biz guya Nizamini, Füzulini, Axundovu, Sabiri, Haqverdiyevi tanıda
bilmişik?
- Bu gün siz
özünüz daha çox nələri oxuyursunuz?
- Yazmaqdan çox,
oxuyuram. Azərbaycan ədəbi mühitini izləyirəm,
"Ədəbiyyat qəzeti"nin hər
nömrəsində çıxan şeirləri və
hekayələri oxuyuram. Çox mütaliə edən insanam.
Vaxtilə kənddə kitabxana var idi. Yaşımın az
olmasına baxmayaraq, oradakı bütün kitabları oxumuşdum.
Bizim mühitdə söhbətlər olur, "filan xarici
yazıçının bir əsəri çıxıb,
mütləq oxumaq lazımdır", - deyirlər.
Məsələn, Orxan Pamuk var. Onun kitablarını
mənə verdilər, oxuya bilmədim. Getmədi...
Özümü dünyanın ən istedadlı
yazıçılarından hesab etməsəm də, ən
istedadlı oxucularından hesab edirəm. Orxan Pamuk mənə
ləzzət eləmədi. Yazıçılar
İttifaqında məsləhətçi
işləyirəm. Elə olur ki, gündə 3 kitab
verirlər, oxumaq üçün. Deyirəm ki, 5
dəqiqəyə oxuyacam. Ortadan açıram, bir az oxuyuram
və qiymətini verirəm. Bir balın yaxşı
olduğunu bilmək üçün onun hamısını
yeməyə ehtiyac yoxdur.
- Azərbaycan
ədəbiyyatının tank kimi qarşısında
gedən yazıçılarının
söhbətlərini, yazılarını nə
üçün tez-tez efirlərdən eşidə,
mətbuatdan oxuya bilmirik?
- Bunu Azərbaycan televiziyalarından
soruşmaq lazımdır. Sovet
hökumətinin vaxtında ədəbiyyatla bağlı
çoxlu verilişlər olurdu. İndi
yoxdur, ya da çox azdır. Olanlar da son
dərəcə primitivdir. Cəmi bir
neçə veriliş var, vəssalam.
-
Azərbaycan oxucusuna nə demək istərdiniz?
-
Biz hər zaman kitaba and içmişik. İnsan
and içdiyi şeyi unutmaz. And
içdikləri yerə dönsünlər. Kitabdan bir gün uzaq düşəndə,
qayıtmağa on gün lazım olur. Nə
qədər gec deyil, qayıtsınlar. Sonra
kitab bizi bağışlamaya bilər.
-
Söhbətə bir əlavəniz varmı?
-
Əslində mənim dediklərimin hamısı bu
dünyanın söz-söhbətinə bir əlavə idi...
-
Müsahibə üçün təşəkkür edirik.
Seyran Səxavət ilə
müsahibə
Söhbətləşdi:
Aygün İbrahimli
Ədəbiyyat qəzeti 2024.- 18 may, №18.- S.24-25..