Ürəkdən
gülmək istəyirsinizsə...
Yazıçı Xeyrəddin Qoca əlinə qələm
alandan bəri cəmiyyətdəki
çatışmazlıqları, nöqsanları, eybəcərlikləri,
bir sözlə, bütün naqislikləri tənqid atəşinə
tutur, satirik-yumoristik dillə oxucularına bir-birindən
maraqlı əsərlər təqdim edir. Dəyərli
kitabların, pyeslərin, yüzlərlə satiranın müəllifi
olan ədib ömrü boyu haqsızlıqlarla, ədalətsizliklərlə
mübarizə aparmışdır. Bu yolda onun
özünün də başına qəribə əhvalatlar
gəlmişdir. Bu əhvalatlarla bağlı
yazıçının mənalı, gülüş
doğuran hazırcavablığı da, onun atmacaları da, bəzən
bilərəkdən, bəzən bilməyərəkdən
etdiyi hərəkətlər də - satiraya, yumora, tənqidə
xidmət edir.
Xeyrəddin Qoca nəyə isə etirazını
bildirir, kimə isə istehza edir, kimlərəsə öz
yerini göstərir. Beləliklə, sözün əsl mənasında,
nələrə, kimlərə isə gülür. Qəribə
(əslində, qəribə görünür) dialoqlar,
atmacalar, istehzalar bəzən mənalı bir hekayəni əvəz
edir.
"Xeyrəddin Qocanın
gülüşü"nün əlyazması ilə
tanış olan Xalq şairi Nəriman Həsənzadə
yazır: "Hörmətli qələm dostumun həcmcə
kiçik yazılarını oxuduqca, gözlərim
önündə həyatın istisini, soyuğunu
görmüş bir insan canlanır. O birinci növbədə
müsahibindən yüksəkdə durmağı bacaran
hazırcavabdı. Müdrikdi. Buradakı fəlsəfi
ümumiləşdirmələr sadədən mürəkkəbə,
mürəkkəbdən sadəyə meyillidi. Çünki
müəllif bilir ki, onun oxucuları da müxtəlifdi - hər
kəsin özünəməxsus dərketmə qabiliyyəti
olur. Buradakı pritçalar, atmacalar, lətifələr,
kiçik hekayələr, məişət söhbətləri,
düzünə tuşlanmış eyhamlar, satirik müraciətlər,
ismarıclar, bir sözlə, bütün ədəbi janrlara
bənzəyən bu yazılar Xeyrəddin Qocanın daim ədəbi
axtarışlarda olduğunu və həyatın, cəmiyyətin
müəyyən məqamlarında mənalar
axtardığını, eləcə də mənəvi
paklığını göstərən nümunələrdi.
Müəllif hamı və hər kəslə
danışdıqca, əslində, öz düşüncələrini
çatdırır, beləliklə, teatr işçilərinin
dili ilə desək, personajların birinə çevrilir. Cəmiyyətdə
yaşayıb, cəmiyyətdən kənarda qalmır. O, həyatı,
insanları sevir, qəlbindəki işığı paylamaq
istəyir və paylayır da".
Təsadüfi deyil ki, Türkiyədə yayınlanan
"Bu dünyadan məktublar..." kitabı ilə
tanış olan ədəbiyyatşünas Camal Anadol
X.Qocanı "Azərbaycanın Əziz Nesini", türkiyəli
qələm sahibi İrfan Ülkü "Azərbaycanın
Zoşşenkosu" adlandırmış, “Hürriyyət” qəzetinin
müxbiri Dursun Özdən isə onu Nəsrəddin Xocaya bənzətmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir
üzvü, professor Nizami Cəfərov yazır ki, "Xeyrəddin
Qocanın əsərlərində Əziz Nesindən, Cəlil
Məmmədquluzadədən, Mirzə Ələkbər Sabir,
Əbdürrəhim bəy Haqverdiyevdən də nə isə
var. Lakin bu hekayələrin, lətifələrin,
zarafatların müəllifi məhz, onun özüdür -
Xeyrəddin Qocadır".
Möhtərəm oxucular!
Sizə təqdim edilən bu miniatür hekayələrdə
X.Qocanın deyimlərinin bəlkə də, mində biri
toplanmışdır. Bu gülüş "payı"nda
yazıçının ayrı-ayrı əsərlərindən
fikirlər də verilmişdir. Onlar da yüksək mənalar
kəsb edir.
Xeyrəddin Qocanın miniatürlərini çap etdik
ki, onun səmimiyyətini bir daha hiss edəsiniz. Görəcəksiniz,
satira, yumor, gülüş çox yerdə sizinlə olacaq.
Məsəl var, deyərlər: "Bir dəfə ürəkdən
gülmək yeddi gün dəniz sahilində istirahətə
bərabərdir"
Redaktə
X.Qoca iqtidar qəzetinin redaktoru olarkən müxalif
fikirli bir jurnalist redaksiyaya gələrək ona məqaləsini
təqdim edir. Tənqidi məqalənin içərisində:
Vicdanı sönük başçıların qəfləti
ancaq,
Etmiş, edəcək milləti əllərdə
oyuncaq.
misralarını görən
X.Qoca birinci misradan "başçıların"
sözünü çıxarır, elə bilir ki, müəllif
respublika başçılarını nəzərdə tutur.
Qəzet çıxan gün bir görkəmli
professor baş redaktora zəng vurur, soruşur ki, Xeyrəddin
müəllim, bu nədir, siz Hüseyn Cavidi redaktə
edirsiniz?
X.Qoca dillənir:
- Nə Hüseyn Cavid? Mən müxalif fikirli müəllifin
şeirindən bir söz çıxarmışam...
Allaha
ağır gedər
X.Qocanı üzv olduğu partiyadan iftar süfrəsinə
dəvət edirlər. Siyasi partiya ilə iftarın bir araya
sığmadığını başa düşən
X.Qoca:
- Mən iftara gələ bilməyəcəyəm -
deyə etirazını bildirir.
Soruşurlar:
- Niyə?
Cavab verir:
- Çünki oruc tutmamışam, Allaha ağır
gedər, ona görə - deyə X.Qoca cavab verir.
General
X.Qoca Kislovodskda sanatoriyada qələm dostu ilə
istirahət edir. Yataq üzləri həftədə bir dəfə
dəyişdirildiyindən X.Qoca əsəbiləşir. Dostu
baş xidmətçini tapıb, ona deyir:
- Mənim otaq yoldaşım İstanbulda
"generalnıy konsul" vəzifəsində işləyib,
üstəlik də vaxtilə millət vəkili olub. Siz gərək
həftədə azı üç dəfə yatağın
mələfələrini dəyişəsiniz.
Sanatoriyada xidmətçilər əl-ayağa
düşürlər və tapşırığı yerinə
yetirirlər. Hərdən öz aralarında
pıçıldaşırlar:
- Bu nə cavan generaldır?!
Qorxuram...
Xeyrəddin Qoca toyda işdən
çıxarılmış iki dövlət adamı ilə
bir masanın arxasında yan-yana oturmalı olur.
"İşsizlərdən" biri təklif edir ki, gəlin,
birlikdə şəkil çəkdirək. X.Qoca deyir:
- Mən sizinlə şəkil çəkdirə bilmərəm.
Soruşurlar:
- Niyə?
X.Qoca cavab verir:
- Qorxuram!
Masa arxasında oturanların hamısı gülür
və X.Qocaya deyirlər:
- Axı, sən də işsizsən!..
Onlara
oxşayıram...
Xarici ölkələrin birinə həyat
yoldaşı ilə səfərə getmiş X.Qoca müxtəlif
millətlərin olduğu bir oteldə qalır. Zəncilər
hər gün səhər liftin qarşısında onunla
salamlaşırlar. Həyat yoldaşı soruşur ki, bunlar səni
tanımırlar, niyə salam verirlər? X.Qoca cavab verir:
- Necə tanımırlar?! Mən də qaralıqda
onlara oxşayıram də. Elə bilirlər mən də
onlardanam...
Şikayət
məktubu
Xeyrəddin Qoca qəzetdə baş redaktor işləyəndə
universitet müəllimlərindən biri redaksiyaya kafedra
müdirinin özbaşınalıqları haqqında
şikayət məktubu gətirir. Baş redaktor məktubu
müavininə verir və deyir:
- Qoy bir kənara, görək nə olur...
Müavin də elə bilir baş redaktor məktubu qəzetin
bir "küncünə" qoymağı nəzərdə
tutur. Beləliklə, səhəri gün şikayət məktubu
qəzetdə dərc olunur.
Aləm qarışır bir-birinə. Şikayət məktubunun
müəllifini universitetdən qovurlar...
Fikir
Məşhur bir qəzetin redaktoru X.Qocaya deyir ki, niyə
mənə salam vermirsən? Biz ki, uzun müddət birlikdə
işləmişik.
X.Qoca dillənir:
- Hələ siz Yazıçılar Birliyinə
üzv olmaq üçün mənə zəmanət də
vermisiniz...
Redaktor:
- Bəs niyə salam vermirsən?
X.Qoca:
- Siz nə danışırsınız, elə
şey olar?
Redaktor:
- Küçədən keçəndə düz
gözümün içinə baxırdın...
X.Qoca:
- Yəqin fikirli olmuşam, müəllim!
Darıxmırsınız
X.Qoca böyük vəzifəli bir şəxsin qəbulunda
olur, onunla söhbət edir. Söhbət zamanı kabineti
gözaltı nəzərdən keçirir, çox
böyük olduğunu görür və gözlənilmədən
dillənir:
- Səhərdən axşama kimi bu boyda kabinetdə
oturursunuz, darıxmırsınız?
Şair
ata baxır
Şairlərdən birinin yubileyində qələm əhli
çıxış edib deyir ki, onun (şairin) xal-xalı
var. Sonra da "xal-xal" sözünü izah etməyə
başlayır, deyir ki, kənd yerlərində dövrələmə
ağac kəsikləri basdırırlar ki, atlar oradan kənara
çıxa bilməsinlər.
X.Qoca "xal-xal" sözünü ilk dəfə
eşitdiyindən çıxış edənin nə demək
istədiyini başa düşmür, ətrafındakı
yazıçıılardan soruşur:
- Bu şairdir, yoxsa ata baxan?
Nəhayət, X.Qocaya şairin
yaradıcılığı ilə bağlı bu ifadəni
işlətdiklərini bildirirlər.
Səmərəli
təklif
Tanınmış bir şairə nə vaxt
Yazıçılar Birliyinin Natəvan klubunda söz verilsə,
vaxt itirməmək üçün yerindən
danışa-danışa tribunaya çıxır. Bir dəfə
X.Qoca dillənir:
- Bax, vaxta belə qənaət edərlər! Yoxsa bəziləri
tribunaya çıxınca, adamın canı
çıxır...
Yatmır
Xeyrəddin Qoca cavan yaşlarında sirkə gedir.
Proqramda iştirak edən illüziyaçı on nəfər
qadını və onu manejə çağırır, deyir
ki, "mən sizi yatırdacağam". X.Qoca ürəyində
fikirləşir:
- Yatırt görək, məni necə
yatırdacaqsan...
İllüziyaçı romantik sözlər söyləyir,
təbiəti, dənizi, meşəni təsvir edir, bir tərəfdə
də həzin musiqi səslənir. Qadınların
hamısı yatır. X.Qoca isə yatmır. Sonra da
illüziyaçıya deyir:
- Nə oldu? Məni yatırda bilmədiniz, axı!
İllüziyaçı ha çalışır,
X.Qoca yatmır. Axırda hirslənib qışqırır:
- Çıxın manejdən!..
(Davamı olacaq)
Xeyrəddin Qoca
Ədəbiyyat
qəzeti 2024.-
18 may, №18.- S.22.