Sözün
və dağların zirvəsi
Bu günlərdə Xalq şairi Sabir Rüstəmxanlının
doğum günüdür. Bu münasibətlə sosial şəbəkələrdə
şeir müsabiqəsi elan etdim. Bildirdim ki, gənc şairlər
Sabir Rüstəmxanlıya şeir həsr edərək bu
müsabiqədə iştirak edə bilər. Müsabiqənin
qalibinə isə Sabir müəllimlə nahar etmək
şansı və yüksək pul mükafatı vəd etdim.
Üç gün ərzində şəxsi məktub qutuma
onlarla şeir daxil oldu. Hamısını oxudum və ithaf
şeiri olduğunu da nəzərə alıb yüksək
qiymətləndirdim. Elə bu arada öyrəndim ki,
istedadlı şair dostum İqbal Nəhmət Sabir müəllimə
şeir həsr edərək sosial şəbəkələrdə
paylaşıb. Həmin şeirə Sabir müəllim
özü də rəy bölümündə münasibət
bildirərək yüksək qiymət verib. Daha sonra
bütün şeirləri ədalət hissinə və ədəbi
düşüncələrinə inandığım bir
neçə ədəbiyyat adamı ilə müzakirə
etdik, onların da fikirləri İqbal Nəhmət üzərində
dayandı. Beləliklə, Sabir Rüstəmxanlıya həsr
olunmuş şeir müsabiqəsinin qalibi İqbal Nəhmət
seçildi. "Varlığı Vətən adam"
adlı həmin şeiri olduğu kimi təqdim edirəm:
Bir ucqar dağ kəndində
Günəş doğmuşdu o gün.
Dan yeri qaranlığı
Silib boğmuşdu o gün.
Göz açmışdı bir evdə
Şeir adam, söz adam!
Hələ heç bir baxışın
Görmədiyi göz adam!
Quruyan buludları
Yağdıra bildi Sabir!
Vaxtı ustad ömrünə
Sığdıra bildi Sabir.
Meydan qurdu özünə,
Meydanların içində.
Zamanı qabaqladı,
O tarixin köçündə.
Bir yola çıxdıqları
Hərə bir yöndə azdı.
Ömrünə ömür qatıb
"Ömür kitabı" yazdı,
Yazdı ki, oxusunlar
ömur deyilən şeyin,
nə demək olduğunu.
Bir gün açan çiçəyin
nə vaxtsa solduğunu,
Yaşasınlar, duysunlar!
Bacardı azadlığın
Özəyində durmağı.
Min illik bir tarixi
bir ömrə sığdırmağı.
Bir az dayaz düşünüb,
"Dərinə" baş vurdular.
Daşdan ağır bir başın
Başına daş vurdular.
Sarğılarda bərkidi,
Başın baş boyda dərdi.
Tanındı Sabir adlı
Əri, məğruru mərdi.
Yaza-yaza dərdini,
Xalqın şairi oldu.
"Sənə ucqar" deyərək,
Sözün mahiri oldu.
Parçalanmış Vətənin
Dadına çatdı şair.
Müstəqillik aktına
İlk imza atdı şair.
Danışan ağlı oldu,
Mətbuatın, "basın"ın
Sevimli oğlu oldu
Böyük türk dünyasının.
Yatmış ikən yuxuda
Hərə öz aləmində.
Oyandı "Qan yaddaşı"
Sabirin qələmində.
Təbriz dedi, yurd dedi,
Araz boyda selim var.
Göy türkə ,,boz qurd,, dedi,
O tay-bu tay elim var.
Alqış deyirik sizə,
Min bir tikan içində,
gül olub bitən adam!
Türk deyib, oğuz deyib
Böyük Turan yolunda
Bütövlük türküsünü
oxuyan, ötən adam!
Varlığı Vətən adam!
Kimliyi Vətən adam!
Şəhidlər haqqında yazdığım silsilə
şeirlərdən bilirəm ki, ithaf şeirləri çox
çətin yazılır. Azərbaycan ədəbiyyatında
şeir var ki, bənd-bənd yazılıb, şeir var ki,
misra-misra, İqbal Nəhmət isə bu şeiri hərf-hərf
yazıb, yəni ustalıqla şeirin üzərində
işləyib. Bir şeirin "xam malı" şairin təbiiliyidir.
Əgər "xam mal" səmimiyyətə söykənirsə,
müəllif düşüncələrinə və
zamanına qənaət etmirsə, o şeir gözəl
alınır. İqbal Nəhmət də bu şeirə
gözlərindən, ürəyindən, ruhundan pay verə
bilib. Həm də ki, hədəf önəmlidir. Dərəyə
enən adamın hədəfiylə, zirvəyə qalxan
adamın hədəfi eyni ola bilməz. Zirvəyə qalxmaq əziyyət
və məsuliyyət tələb edir. İqbal Nəhmətin
poetik hədəfi burada sözün Sabir Rüstəmxanlı
zirvəsidir. Sabir müəllim ona görə sözün
zirvəsidir ki, şair kimi də, vətəndaş kimi də
həmişə özü olub.
Sabir Rüstəmxanlı ilə eyni dağların ətəyində
böyümüşük. Mənim üçün fəxrdir
ki, Sabir müəllim kimi bir insanla eyni dağlardan
süzülüb gələn bulaqlardan su içmişəm,
eyni dağlardan axan çaylarda çimmişəm,
uşaqlığımız eyni dağların
döşündə bitən gül-çiçəklərin
arasında keçib. Niyə dönə-dönə
dağlardan danışdığımı deyim sizə, siz də
biləsiz. Sabir Rüstəmxanlı hələ o
dağların ətəyində doğulanda, kəndin
yollarında həmyaşıdlarıyla ayaqyalın oynayanda,
uşaqlıq xoşbəxtliyi yaşayanda, yəni taleyindən
və bu dünyanın gərdişindən xəbərsiz
olanda bilmirdi ki, bu boyda yükü olan, məsuliyyəti olan
ömür yaşayacaq, bütün türk
dünyasını bağrına basa biləcək imza sahibi
olub sözün qayğısını çəkəcək,
sözün taleyini düşünəcək, öz
ömür yolundan "Ömür kitabı" yazacaq. Necə
ki, şair bir şeirində deyir:
Yenə də sel altda qaldı bir ölkə,
Uçqundur, yanğındır yolları kəsən.
Şair, meşələrlə, dağlarla birgə
Sözün taleyini düşünməlisən.
Bəli, hələ sevetlər dönəmində, gənc
yaşlarında Sabir Rüstəmxanlı bilirdi ki, dağlarla
birgə sözün taleyini düşünməlidir. Onun həyat
və yaradıcılığında həmişə
arxalandığı başı buludlara toxunan vətən
dağları olub. Burada şair həm də çox mətləblərə
işarə edir, bildirir ki:
Bəlkə, min il
yaşlı, on min il yaşlı,
Sirli bir mahnının ardınca bu gün,
Dağlara gəlmişəm yalqız, kimsəsiz,
Öz doğum günümü qutlamaq
üçün!
Bu gün isə Sabir müəllimin doğum
gününü yalnız özü ilə dağlar deyil,
bütün türk dünyası qutlayır, onun
yaşadığı ömür yolunu, min bir əziyyətlə
gəldiyi söz zirvəsini alqışlayır. Növbəti
bir şeirində isə Sabir müəllim dağların onun
ömrünə ömür qatdığını, ruhunu
yenidən cavanlaşdırdığını bildirir:
Elə sehr var ki, bu ucalıqda
Ürəyi dəyişər, vaxtı
çaşdırar.
Dağlar ad günümə hədiyyə kimi
Ruhumu yenidən cavanlaşdırar.
Yalnız zirvədə olan insan, ucalıqda olan insan o
zirvənin və ucalığın dəyərini bilər və
onunla söhbət, ünsiyyət qura bilər.
Digər bir şeirə nəzər salaq:
Bir gün torpaq qaçsa ayağım altdan
Dağlarda bir qaya qardaşım qalar.
Adamlar mövsümlə gəlib gedəcək,
Göyərər ot kimi yaddaşım qalar.
Həqiqətən gözəl deyimdir, bir insanın
qayaya qardaş deməsi, onun vətənə, torpağa, elə,
obaya nə qədər bağlı olduğunu göstərir.
Ümumiyyətlə, Sabir Rüstəmxanlı
yaradıcılığı həmişə təbiidir,
yalançı sevgidən, saxta münasibətdən
tutmuş ülvi hisslərə, müqəddəs dəyərlərə
qədər, nədən yazırsa, onu və
özünü, təbii dillə, real düşüncə
ilə qələmə alır.
Elə bu yerdə Sabir müəllimə həsr
etdiyim bir şeiri qeyd etmək yerinə düşər:
Yazda hanı gələr dağlara sarı,
Payızda mən oldum, qışda mən oldum,
O qardaş dediyin qaya dibində
Bəlkə də bir çınqıl daş da mən
oldum.
Sənin sözlərini, sənin adını
Çınqıllar, qayalar, dağlar yaşadar.
Necə ki, qanqalın adı çəkilməz,
Nərgizi, laləni bağlar yaşadar.
Yaşadar insanı əməli, sözü,
Atdığın hər addım vətən yoludur.
Sənin əməlin də, sənin sözün də,
Türkün həmrəyliyə gedən yoludur.
...və sonda Sabir müəllimi doğum günü
münasibətiylə bütün vətən dağları
adından təbrik edirəm.
Elşad Barat
Ədəbiyyat qəzeti 2024.- 18 may, ¹18.- S.21.