Sabir
Rüstəmxanlı alman ədəbiyyatında
2015-ci ildə Almaniyanın "Winterwork" nəşriyyatında
Sabir Rüstəmxanlının "Göktanrı"
romanı çap olundu. Elə həmin il dünyanın ən
böyük kitab sərgilərindən biri olan Frankfurt Kitab Sərgisində
təqdim edilən roman fərqli hekayə üslubu ilə
oxucuların diqqətini çəkdi. Çünki bu roman o
vaxta qədər daha çox yunan mifologiyasından ilhamlanan
romanlardan fərqli olaraq türk mifologiyası əsasında
yazılmışdı. O zaman bir oxucu internetdə romanı
belə təsvir etmişdi:
"Kitab Oğuz xanın atasından başlayaraq
oğulları və hətta nəvələri də daxil
olmaqla 116 illik həyat hekayəsini təqdim edir. Romanın Məhdud
fantaziya-mifoloji aspekti olsa da, dastanlardan əldə edilən məlumatlara
əsaslansa da, daha çox tarixi roman olduğunu söyləyə
bilərik".
Türk dastanları əsasında yazılmış
bu romanı türkoloq dostum K.Herman Kiellə birlikdə tərcümə
etdik. Romanın hər bir fəsli bizim üçün bir
türkologiya konfransı kimi idi. Oxuduğumuz məlumatları
öz aramızda müzakirə edir, bəzən bu mövzuda
yazılmış kitablara müraciət edirdik.
Göktanrının şövqlü qələmi və
epik hekayəsi var idi. Kitabın tərcüməçisi Karl
Herman Kiel də bunu gördükcə, "Tərcümə
edərkən, mənə elə gəldi ki, "Dədə
Qorqud" dastanını oxuyuram", - deyirdi.
2019-cu ildə Epubli nəşrləri arasında Sabir
Rüstəmxanlının alman dilində iki kitabı
bir-birinin ardınca işıq üzü gördü.
"Əlləriniz gül qoxsun" adlı şeir kitabı
haqqında kitabın arxasına nəşriyyatın
yazdığı yazısı çox maraqlı idi. Nəşriyyat
şairin şeirlərində Zərdüştün sözlərindən
rənglər tapıb kitabı belə təqdim etmişdi:
"Fridrix Nitsşe "Zərdüşt belə
danışdı" əsərində Zərdüştün
dilindən danışırdı:
"Sözüylə səni oxşayacaq günəş
hanı, sənə sirayət edəcək dəlilik
hanı?"
Təbii ki, Azərbaycan şairi Sabir Rüstəmxanlı
Nitsşe deyil. Onun ruhunda nə Nitsşenin
utancaqlığı, nə də sonsuz iztirabları var. Amma
Sabir Rüstəmxanlının həm də bütün Zərdüşt
dünyasını və dilini əhatə edən bir liberal fəlsəfəsi
var. Çünki o, Nitsşe kimi Zərdüşt
üçün yad biri deyil, O, Zərdüştün ölkəsindəndir.
Sabir Rüstəmxanlı "Əlləriniz gül
qoxsun" kitabında sevgini, torpağı, insanları,
insanların suya, çörəyə olan sevgisini təsvir
edir. Onun üçün sevgi ritorikası od topu deyil, sadəcə,
bir qığılcımdır. "Hər sətirdə hər
şeyi alovlandıran bu qığılcım şeirə
sevgi qatır və onu bizə göstərir".
Sabir Rüstəmxanlının elə həmin ildə,
yəni 2019-cu ildə çapdan çıxmış
üçüncü kitabı olan "Bacı" nəşr
olunmazdan əvvəl onun tərcüməsini Kölndə
yaşayan yazıçı dostum Anna Jüsenə
vermişdim. Kitabda yer alan "Bacı", "Atamın
ruhu" və "Babadağa səyahət" adlı
üç hekayə Anna Jüsen xanımı çox təsirləndirmişdi.
Mənə göndərdiyi e-poçtu kitab çap olunanda
onun arxa qapağına qoymuşdum. Həmin kiçik məqalədə
kitabın çox qısa xülasəsi heyrətamiz şəkildə
öz əksini tapmışdı:
"Bacı" hekayəsində itki, həsrət,
axtarış təsvir olunur. Dağılmış bir sistem,
dağılmış insanlar, dağınıq ailələr
hekayədə bir rəsm əsəri kimi oxucuya
çatdırılır. Müəllif bu hekayəsində
insanın ən ifrat duyğularını təsvir edir və
insanın özündən qaçmasının faciəsini
danışır.
Kitabın ikinci və üçüncü hekayələrində
bu qaçışın izlərini həmişə
görürük. İnsanlar daha çox təcrid olunur və
panikaya düşürlər. Onu qucaqlayıb, şəfqət
və sevgi ilə toxunanlar bir-bir yox olur.
Şair olan ustad yazıçı Sabir Rüstəmxanlı
bu üç hekayəsində üç dövrü təsvir
edir. "Sovet dövrünün qorxu və təlaşı,
parçalanma prosesində yaranan vətəndaş müharibələri,
nəhayət, müharibələrin gətirdiyi vəhşilik
və ondan sonra insanların yorğunluğu, istəksizliyi...
Bu hekayələrdə zamanın bəzən qorxulu
anlarını izləyirsən, bəzən də bəşəriyyətin
sevgiyə sədaqəti, səhnə-səhnə".
Anna Jüsenin dediyi kimi, kitabdakı hər üç
hekayə Sovet İttifaqının dağılması və
Azərbaycanın qurulmasının
çaşqınlığını və qeyri-mütəşəkkilliyini
gözəl şəkildə ortaya qoyur. Xüsusən də,
"Atamın ruhu" povestini oxuduqca, ictimai quruluş, insan
psixologiyası, ailə münasibətləri, Şərqlə
Qərb arasındakı ziddiyyətlər yenidən
gözümün önündə canlanmışdı.
Ana və ya atanın həm Şərq, həm də
Qərb üçün çox fərqli rolları və mənaları
var. Sabir Rüstəmxanlının hekayəsində
danışdığı ata bizim sivilizasiyamıza xas bir
atadır. Sabir Rüstəmxanlı kitabının ilk cümləsində
atasının onun üçün əsl bələdçi
olduğunu yazır:
"Atam mənə həyatı sevdirdi,
ölümü də sevdirdi".
Bu cümlə, əslində Sabir Rüstəmxanlının
atası üçün yazdıqlarının ən kəskin
xülasəsidir. Bu xülasə təkcə emosional ifadə
üçün əsas rolunu oynamır. Bu etirafın psixoloji
tərəfi də var. Alman psixoanalitiki Erix Fromm "Sevgi sənəti"
kitabında bunu ən yaxşı şəkildə izah edir:
"Ata uşağa öyrədən və ona
dünyaya yol göstərəndir". (Sevgi sənəti,
s.57)
Əslində atanın həyat öyrətməsində
və insanlara ölümü sevdirməkdə, həm də
həyatı sevməyi öyrətməsində mistik bir
ölçü də nəzərdən
qaçırılmamalıdır. Çünki ölüm nə
qədər gerçək olsa da, həmişə
reallıqdan kənar kimi qəbul edilir və insanlar onu öz
inancları ilə gizlətməyə, gözəlləşdirməyə
çalışırlar. Mövlana ölüm
gününü "Şeb-i arus", toy günü olaraq təyin
edir.
Düşünürəm ki, Sabir Rüstəmxanlının
"Ölümü sevmək" ifadəsi Azərbaycan cəmiyyətinin
daha bir ziddiyyətli görünən tərəfini izah etdiyi
üçün çox önəmlidir. Sovet təhsil sistemi
Sovet İttifaqında yaşayan müsəlmanların özlərini
dindən təcrid etməsinə səbəb olsa da,
onların həyata mistik baxışlarını materialist baxışa
çevirə bilmədi.
Fürsət tapdıqca söhbətləşdiyim bəzi
Azərbaycan ziyalıları dinə münasibətini
açıq bildirsələr də, onlarda bu mistik
baxışı daim müşahidə etmişəm. Şəms,
Fəzlullah Nəimi, Nəsimi, Füzuli kimi böyük
mistiklərin yetişdiyi bu torpaqlarda başqa cür olmaq
ağlasığmaz olardı.
Müəllif "Atamın ruhu" kitabında həyatla
ölüm arasındakı mübarizəni, xüsusən də,
"əbədi ayrılıq"ı izah edir,
ölümü həyatın davamı kimi qələmə
verir:
"Ölüm həyatın davamıdır.
"İnsanın ölümü onun həyatına bənzəyir"
(səh.30).
O, Şeyxül Əkbər kimi tanınan Muhiddin
Ərəbinin məşhur kəlamını hərfi mənada
yenidən şərh edir:
"Nə gələn var, nə də gedən".
Əslində "Atanın Ruhu"nu Sabir Rüstəmxanlının
atasının ölümünü
danışdığı hekayə kimi oxumağa
başlamışdım. Gözümün önündə
canlanacağını düşündüyüm ilk səhnə
tanıdığım bir şairin atasına duyduğu
duyğular, ayrılıq hissləri, ölüm qorxusu, təsəlliləri
və dini mərasimi oldu. Amma hekayənin elə ilk səhifəsində
gözümün qabağında böyük və fərqli
bir pəncərə açıldı. Bu pəncərə
yalnız bir ölüm anını deyil, həm də
müstəqillik əldə etmiş, küsmüş,
yorğun, müstəqillik sevincini yaşamağa
qoymamış yaralı bir ölkənin kədərli,
yorğun, axtarış ilinin (1994) mübarizəsini göstərirdi.
Çünki işğal olunmuş tərəfdən qan
damcılayırdı. Ölkənin yaşadığı ən
dərin bəlaları izah etmək üçün bir
cümlə belə vacib idi:
"Bu gün cəbhədən ziddiyyətli xəbərlər
gəlir".
Ziddiyyət həm cəbhədə, həm kənddə,
həm də müəllifin təsvir etməyə
başladığı hadisələrdə yorğun bədən,
dağılmış ailə, qoca və xəstə ata,
ölümə doğru gedən yol...
Müəllif o yolu nə rəngləndirir, nə də
zinətləndirir. O, bəzən siyasətdən, bəzən
də öz mənəvi sıxıntılarından
danışsa da, əsl məsələnin tamam başqa bir
hadisə olduğunu heç vaxt unutmur. O yolun əzab-əziyyəti
ürəyində, gözlərindədir:
"Onlar bütün həyatları boyu
ağacların düyünlərini o yan-bu yana
sürüyürdülər, mən sürünən
düyünlərin sızıldadığını və əzab
çəkdiyini hiss edirdim..."
İnsan daima dərdini təxirə salır,
başqasına aid edir, onu özündən almaq istəyir.
Amma nə etsə də, baş verəcəklərin soyuq
reallığından özünü xilas edə bilmir. Bu, əslində
bir təsəllidir. Ya iman, ya da öhdəlik əsasında
bir təsəlli...
Ata dilindən danışılan bu köhnəlmiş
hekayənin əsas ideyası da poetik dillə ifadə olunub.
Müəllif səyahətində gündəlik məşğuliyyətlər
və gündəlik problemləri nə qədər
yayındırsa da, "Həqiqət
Yazıçısı", Hegelin təbirincə desək,
"Blinden Şiksal" kor tale olan hadisəyə doğru
yavaş-yavaş irəliləyir. Azərbaycanın ucqar
guşələrindən biri olan Yardımlıda yaşayan
insanlar, onların özünəməxsus inanc və vərdişləri,
oradakı təbiət, təbiət qoynundakı dağlar,
şəfalı sular bu dönməz hadisədədir.
Ölümün yanında duran insanlar təsəlli və ya
folklor elementlərindən çəkinmirlər:
"Dədə-baba yurdlarımızdan olan və son
illərdə atamın daha çox köçdüyü
Tidaşdan ən kiçik qardaşımız Cəlal su gətirəcək".
Müəllif 50 səhifəlik hekayəsində
ölüm anını elə ustalıqla təsvir edir ki, bir xalqın
bütün adət-ənənələrini,
inanclarını, ayrılığın ən gizli
ağrılarını həmin povestdə görmək
mümkündür.
Ölüm anı, son baxış, son sözlər,
son toxunuşlar və geridə qalanları əhatə edən
dərin bir boşluq... O boşluqda insanı qəribə bir
bütövlük əhatə edir... Ola bilsin ki, insan ikisi
arasında körpü qurmaq istəyir: varlıq və yoxluq.
Bu səbəbdən də müəllif onu əhatə edən
havada ölülərin ruhlarının olduğuna və hər
an onların nəfəs aldığına inanır.
Kitabdakı üçüncü hekayə olan
"Babadağ ziyarəti" günlərlə beynimi məşğul
etdi. Hekayədə təsvir, həqiqətən, güclü
idi və hekayəni oxuduqdan sonra Babadağı bütün rəngləri
və əfsanələri ilə gözümün
qabağında canlandıra bildim. Əslində, türklərin
hökm sürdüyü bütün coğrafiyada Babadağa
bənzər yüzlərlə, minlərlə Babadağ və
gəzməli yerlər, sehrli təpələr, ağaclar, qəbirlər,
çeşmələr var. Bu vəziyyət
insanlarımızın təbiətlə inteqrasiyasından,
ona xeyir-dua verməsindən irəli gəlir. Babadağ ziyarəti
də belə bir istəkdən doğur. Çünki
Babadağ "Dağların atası, ya Həzrət
Babanın dağıdır..."
Babadağ ziyarətinə başlamamışdan əvvəl
də müəllif bütün yolları Babadağa tərəf
çevirir. Babadağdan əvvəlki çətin həyat
və gərgin iş qrafiki Babadağı yazıçı
üçün xilas yeri kimi göstərir.
Müəllif illər öncə Babadağa gedərək
gördüklərini ruhunda bacardığı qədər rəngləndirib.
İndiki səyahətində o, illər öncə
gördükləri ilə indi gördükləri arasında
həm məkanı, həm də zamanı müqayisə
edir:
"İndi də həmin yolu gedirəm.
Çatışmayan Fermanın zarafatları, şaqşaq
gülüşləriydi. Yenə həmin şəlalə, həmin
bulaq, yenə geniş çaylaqların daş səli və
bu səlin bir küncündə göyərən su şəridi..."
Babadağ hekayəsi hamımızın içində
olan, amma yaza bilmədiyimiz hekayədir. Çünki
Babadağda sülh, tanışlıq, gizlilik və çətin
bir zirvə var. Hər bir insan o rəngləri, o
tanışlığı, o hüzuru, o məxfiliyi və o
gözəlliyi oxumaq və onları özündə
yaşatmaq istəyir. Digər tərəfdən, hədəfə
çatmaq və bu arzuolunan yolda zirvəyə çatmaq hər
kəsdə qələbə istəyi yaradır.
Orxan Aras
Ədəbiyyat qəzeti 2024.- 18 may, №18.- S.20-21.