Kamança
Bir qumru dərədə
Bir ana küləyin dilində,
Qarğı qamışlar nəğmə deyəndə,
tikanlı məftillərin üstünə sərdim
səsimi.
Səni bülbül səsindən soruşdum,
kamança!
Oxuyanda tənha divarlarımı,
hərifləyəndə tanrı barmaqlarımı.
Qulağımın dibində
sular danışanda
dilini öyrəndim çayların...
Məhbəs çiçəklərdə
yağışlar ölümünü sənintək
oxuyur,
buludlar sevdasından havalanır.
Yenə ayrılıq düşdü üzümə
Boynuma dolanan kor çöllərdə
Ağaclar ölüm gətirdi əllərimə.
Üsyanım nəğməyə döndü
Küçələrin göz yaşında,
Qapımızın üzünü sevmə daha.
Ovuclarımın azad günündə,
Barmaqlarımın başına dönmə daha,
kamança!
Qadın
Səni hər fəsil
sevdi,
Mən payızı xatırladım.
Baxdım payızdan sənə;
Ömrün, qız yağışlara,
Ana buludlara qucaq açdı.
Güzgülər üzünü sevərkən,
Sular balıqların dilini öyrənərkən.
Bir kişi üzündən yol saldın
ayrılığa.
Dəniz də itirdi gülüşünü,
Sahil də kirlətdi ləpirini.
Hələ canından doymadı çiçəklər,
hər bahar dərildi əllərin,
Qarımış kölgələrin üstünə.
Sonra gözəlliyinə qəfəs qurdu qanadsız
küçələr.
Qanadlarının kəklik vaxtı.
Barmaqlarının azad günü.
Üzünü aya bənzətdilər sənin,
Ay deyildin ki, qara pərdələrdən damasan.
Sən elə qadınsan, qadın,
Dəyişə bilmədim ayrılıq
adını,
Dəyişə bilmədim kəpənək
üzünü.
Mənim
Məni
bağışla anamın üzü.
Həyat anam oldu mənim,
Bir doğma ürəyi daşıya bilmədim,
Çiyinlərim ata oldu mənim.
Hər oğul
üzünü
bir ana bağışlayır
Vətən boyuna.
Məni
bağışla anamın üzü
atam müharibə qədəhində,
Qardaşımın taleyini içdi,
saçların sərxoş oldu sənin.
Qadın olmaq Tanrı adından ayrı düşməkdirsə,
Bəs niyə üzündə yükəm sənin...
Bir də doğulsa gözlərim,
Küçələrə ana deməyəcək əllərim,
Qapımıza ata deməyəcək ayaqlarım.
Axı bir ağac ağrılarıma ana demədi mənim.
Cavid Fərzəli
Ədəbiyyat qəzeti 2024.- 18 may, ¹18.- S.17.