Yaşanan tarix Azərbaycan nəsrində
Keçmişi təhlil etmək, gələcəyə
ötürmək ədəbiyyatın üzərinə
çətin və məsuliyyətli iş düşür.
Yəni ədəbi mətn hansı növdə
yazılmasından asılı olmayaraq, "keçmişin,
tarixin fonunda insan həyatı və cəmiyyətinin təhlilidir.
Bizdən öncə yaşamış yazıçı və
şairlər öz dövrlərinin səciyyəvi cəhətlərini
dərindən əks etdirdikləri üçün
onların əsərləri bu gün dövrün tarixi, mənəvi
dəyərləri haqqında məlumat vermək
baxımından əvəzolunmazdır. Məsələn,
"Puşkinin yazdığı hər şey tarixi sənəddir
və onun çoxsaylı əsərləri dövrün
poetik salnaməsidir" (Vasili Klyucevski).
Yazıçı-publisist, Əməkdar jurnalist Zemfira Məhərrəmlinin
əsərləri də yaxın və yaşanan tariximizin ədəbi
səlnaməsidir.
1991-ci ildən mətbuatda hərbi mövzuda
çıxış edən, hər zaman günün
reallıqlarını izləyən Zemfira Məhərrəmli,
dəfələrlə "qaynar" nöqtələrdə
olub, yaşanan tarixə şahidlik edib. Qarabağ müharibəsinin
dəhşətləri, torpaqlarımızın bölünməzliyi
uğrunda vuruşan oğul və qızlarımızın
hünərini əks etdirən silsilə cəbhə reportajları
dərc etdirib.
Şükürlər olsun ki, ədəbiyyatımızda
qaçqınlıq, köçkünlük,
"ağrı" notlarıyla əksini tapan I və II
Qarabağ müharibəsi Böyük Zəfərimizlə
taclandı. Həsrət yanğımıza çevrilmiş
cənnət məkanımız Ali Baş Komandanın "Əziz
Şuşa, sən azadsan! Biz səni yenidən dirçəldəcəyik!"
nidaları Azərbaycan ədəbiyyatına bir başqa
ab-hava gətirdi. Z.Məhərrəmlinin sözləri ilə
desək, "ədəbiyyatımızın rəngini dəyişdi.
Zemfira xanımın əsərlərinin əksəriyyəti
sənədli hekayələrdir. Müharibədən keçən
insanların həyatından yazmaq, "ayrı-ayrı fakt və
hadisələrə poetik nəfəs vermək", bu həyatları
içindən keçirmək çox çətindir, əzablıdır.
Bu baxımdan, Z.Məhərrəmlinin yazdığı hekayələr
ağrıdır, iztirabdır, yanğıdır.
"Bakıda doğulub boya-başa çatan insanın
ağrını, yanğını bu qədər içdən
duyması təkcə onun sevdiyi Qarabağa zaman-zaman gedib-gəlməsi
ilə mümkün deyil. Bu, ayrı bir sevgidən doğan
ağrıdır, yanğıdır, hissdir, yanaşmadır.
Zemfira xanımın Qarabağla bağlı istər hekayələrində,
istərsə də publisistik yazılarındakı
çırpıntı vətən sevgisindən, vətən
ağrısından qaynaqlanır. Bu, vətən
üçün döyünən ürəyin
çırpıntısıdır".
Zemfira xanım ədəbi mətnlərində yurdun
tarixindən, yurd yerlərimizin adlarından danışır,
mifik yaddaşımızı təzələyir.
Uşaqlıqdan yaddaşımıza həkk olunmuş xilaskar
obrazını - "Ağ atlı oğlan"ı
xatırladır. Yaddaşımızda belə bir fikir də
formalaşıb ki, "Aslanın erkəyi, dişisi
olmaz." Məqsəd Vətənin xilasıdırsa, xilaskar
yalnız "Ağ atlı oğlan" deyil, "Ağ
atlı qız"larımız da var. Vətən eşqi ilə
döyüşə atılan "Ağ atlı
qız"larımız qəhrəmanlıqları ilə
dastan yazdı. Zemfira xanım "Ağ atlı qız"
hekayəsində, belə bir qəhrəmanın, Nərmin
Abbasquliyevanın bədii obrazını əbədiləşdirir.
Şəhadətə yüksələn "Ağ
atlı" xilaskarlarımıza sözdən abidə
ucaldır. Vətənin azadlığı uğruna
döyüşən "Ağ atlı oğlan"la
"Ağ atlı qız"a eyni müstəvidən
yanaşır.
Z.Məhərrəmli "Son görüş və
ayrılıq... Əbədi xatirə" hekayəsində
yarımçıq taleləri, ayrılıqları
böyük kədərlə hekayəsinə mövzu edir.
Hekayənin qəhrəmanları Salehlə Gülərdir.
Onların sevgisi ötən illərdə Qarabağda
yaşanan və Salehin şəhid olması ilə yarıda
qırılan nakam sevgilərin real bədii təsviridir. Bu
mövzu yüzlərlə real hekayənin ədəbiyyatda
inikasıdır.
Hamımız bu hadisələrin, hekayələrin
canlı şahidləriyik. Bu əzab, bu ağrı 30 illik ədəbiyyatımızın
içindən keçdi. Çəkilməz hadisələrin
yaşandığı bir zamana şahidlik etmiş ədəbiyyat
adamları, o cümlədən Zemfira xanım da
"susmadı", yaşanan tarixi ədəbiyyata
daşıdı. Bunu "Qırxqızın
qırxbirinci" hekayəsində izləmək
mümkündür. Hekayə dağ adamının aranda
yaşamaq əzabından, çadır həyatından
başlayır (1948-ci ildəki deportasiyada nə qədər
insan iqlim dəyişikliyindən həyatını
itirmişdi). Əsasən, dağlıq ərazilərdə
yaşayan, dağ havası, bulaq suyu ilə böyüyən
insanların aranda yaşaması, bu həyata adaptasiya
olması asan məsələ deyildi. Zemfira xanım
anlatdığı hekayələrin içində yeri gəldiyində,
bir az öncə bəhs etdiyimiz kimi, tariximizin
güzgüsü sayılan, xalqın keçmişini, indisi
və gələcəyini göstərən yer-yurd
adlarımızın yaranmasına da toxunur, izah verir. "Qədim
zamanlarda bu ərazilərə basqınlar olanda ərənlər
son nəfəslərinədək vuruşublar. Elin igid
qızları da ox atmağı, qılınc oynatmağı
bacarıblar. Bir gün qanlı savaşda qarı düşmən
başı dəbilqəli xanımların da öz məmləkətinə
yiyə çıxdığına heyrətlənmiş,
onları əsir götürmək istəmişdi. Pusquya
düşdüklərini anlayan qızlar özlərini dərin
uçurumlara atmış, öz namus və heysiyyətlərini
qorumuşdular. O vaxtdan bu dağa Qırxqız dağı
deyirlər".
Eyni hadisəni erməni əsirliyində olan Səma təkrarlayır.
Ölmədən öncə anasına məktub yazır:
"Bu gecə əvvəlkilərə bənzəmirdi. Səma
gözləri yollarda qalan anasına son məktubunu
yazırdı: "Əziz anam, köç edirəm. Amma bu,
sizin köçməyinizdən fərqlidir. İnanıram
ki, siz nə vaxtsa doğma el-obamıza
qayıdacaqsınız. Mənimki isə ağır bir yol, əbədiyyət
köçüdür. İstəyirəm biləsən ki, sənin
qızın qardaşlarının yanına "girov"
damğası ilə qayıtmaq istəmədi".
Müharibədə ərləri, övladları,
qardaşları həlak olan qadınlar ömürlük əzaba
məhkum olur. Əsir düşən qadınları,
uşaqları daha məşəqqətli həyat gözləyir.
Ölməyi arzu etsə də öldürülmür,
uşaqlar şikəst buraxılır və s. Hələ
Xocalıda yaşananlar, dağ yollarından qaçmağa
çalışanların başına gətirilənlər...
Bütün bunlar müəllifin
yaradıcılığında təsirli bir şəkildə
inikas edir. Məsələn, əsərdə ermənilərin
hamilə Səmanı maşından sürüyüb
qarnını nişan alması səhnəsi dözülməzdir.
Ana bətnində ölən körpənin
çığırtısı qulaqlardan silinib getmir.
Xocalıda əsir götürülən ananın
döşünü kəsib südəmər körpənin
ağzına soxaraq səsini kəsmələri... Əsir
düşən qadınların başlarına gətirilən
müsibətlər... Yadıma o illərdə televiziyada izlədiyim
bir epizod düşür. Jurnalist ağsaqqal bir kişiyə
sual verir: - Sizin də gəlin əsirlikdədir. Heç cəhd
edirsiz qurtarmağa? (ilk vaxtlarda əsirlərin bəziləri
dəyişdirilir və ya küllü miqdarda pul
qarşılığında alınırdı). Jurnalist yəqin
ki, bunu nəzərdə tutub soruşurdu. Üzərindən
illər keçsə də ağsaqqalın dediyi sözləri
unuda bilmirəm. "Cəhd etmişik, xeyli pul da
toplamışdıq alaq. Gəlin azad olanlarla bizə xəbər
göndərib ki, məni geri qaytarmağa
çalışmayın". Təkcə bir fakt düşmənin
nə qədər şərəfsiz və qorxunc olduğunun
sübutudur.
Zemfira xanımın elə hekayəsi var ki, onu məzmun
və mahiyyət etibarı ilə kiçik povest
adlandırmaq olar. Məsələn, "Əbədiyyət nəğməsi."
"Kiçikhəcmli poetik etüdün" qəhrəmanı
Qaratel Hacımahmudovadır. Qaratelin obrazı insan
şüurunun alt qatında yaşayan yurd, torpaq arxetipi ilə
səsləşir. Hələ sağ ikən cəbhədəki
rəşadətləri dilə-ağıza düşüb əfsanələşən,
son nəfəsinə qədər misilsiz qəhrəmanlıqlar
göstərib döyüşən və döyüş
meydanında qəhrəmanlıqla həlak olan Qaratelin
varlığı və adı torpaq kimi əbədiyyətin
simvoluna çevrilir.
Zemfira xanımın hekayələrindən biri də
"Şuşa Gültəkini" adlanır. "Hekayənin
qəhrəmanı, ictimaiyyətin daha yaxından
tanıdığı, şərəfli ölümündən
sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı
adına layiq görülmüş Gültəkin Əsgərovadır.
Yazıçı müharibəyə getməzdən əvvəl
təcili yardım məntəqəsində həkim işləyən
Gültəkinin insani sifətlərini xəstə-həkim
müstəvisində təqdim edir.
Yazıçı əsərin finalında "hekayə
içində hekayə" təqdim edir. Qəhrəman
Gültəkinin təsəvvürümüzdə olan
obrazını bütövləşdirir. Yalnız "Şəhid
olduğu yerə "Gültəkin qayası" adı verilən
"Gül ömürlü Gültəkini" deyil,
sözüylə, qələmiylə döyüşən
"Qarabağın Salatını", Vətən eşqiylə
döyünən ürəyindəki sevdanı içində
dəfn edən, könül verdiyinə "Qəbirdə
qovuşanlar"dan olan talesiz Rəhiləni, barəsində cəsarət
və əbədiyyət nəğməsi bəstələnsə
də, bu şərqini heç vaxt eşitməyəcək
Qarateli, "Son döyüş"ündə şəhid
olduğu torpağa qanıyla sədaqət möhürü
vuran cəsur qız Sədaqəti, incə bədənində
cüssəsindən daha böyük ruh daşıyan və
ömrünün iyirmi birinci payızında xəzan
yarpağı kimi doğma torpağa düşən
Könülü, oğlu ilə çiyin-çiyinə
vuruşan, onu əlləriylə torpağa tapşırıb
yenidən cəbhədəki odun-alovun içinə
qayıdan cəsur Nurcahan ananı, cəbhədə
qardaşlarının yarasını saran, qanadlanmış mələktək
cövlan edən Nərminəni, könül verdiyi cəsur Həsənin
batalyonunda düşmənlə vuruşan və Vətən
dərdiylə Tanrı dərgahına qovuşan Rahilə
Qorxmazı da bütövləşdirir, sədaqət, dəyanət,
cəsarət, ləyaqət simvolu kimi əbədiləşdirir.
Əslində, Zemfira xanımın hər bir hekayəsin gələcəkdə
yazılacaq romanın səhifələridir.
Müharibə dəhşətlərindən yazan
Zemfira xanım həm də Böyük Zəfərimizdən
bəhs edən hekayələr yazdı. Zəfər
savaşımızın başladığı ilk gündən
vətənin müdafiəsinə qalxan rəşadətli Azərbaycan
ordusunun Ali Baş Komandanın ətrafında sıx birləşərək
göstərdiyi misilsiz qəhrəmanlığı, torpaq
uğrunda əzalarını itirmiş qazilərimizin, Vətən
bağrında qırmızı lalələrə dönən
şəhidlərimizin rəşadətini əks etdirdi.
Lütviyyə Əsgərzadə
Ədəbiyyat qəzeti 2024.- 18 may, №18.- S.15.