Macarlara sevgidən doğan bir tərcümə

 

Macarlara sevgidən doğan bir tərcümə - Bəkir Çobanzadə poeziyası. III məqalə

 

Budapeştdə keçirdiyi illərdə Bəkir Çobanzadənin şair, alim, publisist fəaliyyətinin başlıca hədəflərindən biri, kiçik vətəni Krımı tanıtmaq, macar xalqının simasında ona etibarlı müttəfiq qazandırmaq idi. Müasirləşmə və gələcək milli müstəqillik uğrunda mübarizədə Macarıstanın Krım türklərinin etibarlı müttəfiqinə çevrilməsi üçün, ilk növbədə, iki xalq arasında mənəvi körpülərin yaradılması, yaxud tarixi əlaqələrin dirçəldilməsi tələb olunurdu. Şair-türkoloq dünyanın çətin dillərindən biri sayılan macarcaya nisbətən asan yiyələnməsinin başlıca səbəblərini macarlarla türklərin etnik yaxınlığında, dilləri arasında gözəgörünməz bənzərlikdə, tarixi qohumluq əlaqələrində, hətta zahiri oxşarlıqda görürdü. Şəxsi müşahidələrinə əsaslanaraq yazırdı: "Budapeştdən bir az kənara çıxan, təmiz irqli macarların yaşadığı kəndlərə, kiçik şəhərlərə səyahət edən adam dərhal Avropanın bu hissəsindəki slavyan və germanlardan tam fərqlənən bir insan tipinə rast gəlir, bu tipin özünə nə qədər bənzədiyini macarın dilindən "Vay, siz necə macara oxşayırsınız" - şəklində eşitməli olur". Bunu demək artıqdır ki, qədim hun-madyar dövrü ilə yanaşı, əsr yarımlıq Osmanlı hökmranlığı da zahiri və daxili bənzərliyin yaranmasında az rol oynamamışdı.

Artıq XIX əsrin sonlarına doğru macar alimləri, xüsusən də, geniş ziyalı təbəqə arasında doğma xalqın hun-türk köklərindən xəbərdar olanlar az deyildilər. Ən azı, müasir macar türkologiyasının banilərindən biri sayılan Armin Vamberinin əsərləri, inandırıcı faktlarla əsaslandırdığı konsepsiyanın tərəfdarları meydanda idilər. Budapeşt Universitetində Bəkir Çobanzadənin müəllimlərindən olan digər görkəmli türkoloq, Macarıstan EA-nın müxbir üzvü İqnats Kunoş XIX yüzilliyin son rübündə macar dili və folklorunun dərin qatlarındakı türk izlərini aşkara çıxarmaq məqsədi ilə Anadoluya uzunmüddətli elmi ezamiyyətə göndərilmişdi.

Bu baxımdan, 1913-cü ildə bir neçə aylığa İstanbula gəlib həmkarı Rezö Melneker ilə birlikdə qədim mədəniyyətlər yurdu Anadolunu tədqiq məqsədi ilə at belində 2300 km. məsafə qət edərək Niğde, Konya, Karaman və Ankarada tədqiqatlar aparan yazıçı, tarixçi Bela Horvatın "Anadolu" adlı araşdırması maraqlı tapıntı və müşahidələrlə zəngindir. İlk nəşri 1913-cü ildə İstanbulda çıxan həmin əsər 1996-cı ildə Tarix Vakfı TürkYayınları silsiləsindən yenidən çap edilmişdir.

Macarıstan turançıları fəaliyyətlərini genişləndirmişdilər. Osmanlı imperiyası ilə mədəni mübadilə yeni forma və şəkillər almışdı. Təkcə böyük Macar ovalığında türk deyil, Anadolu bozqırlarında da macar izləri axtarmaq istiqamətində elmi araşdırmalar başlanmışdı. Proseslərlə yaxından tanışlıq tələbə Bəkir Çobanzadəni haqlı olaraq belə qənaətə gətirmişdi: "Macar xalqından başqa macar aydınları, münəvvər təbəqə, hökumət də türk-tatarlarla böyük bir məhəbbət və səmimiyyətlə maraqlanır".

Müəllif özü də "Budapeşti hirlap" qəzetində dərc olunan "Bir tatar gəncinin ana yurdundan" yazısının çapından sonra həmin marağı daha aşkar hiss etmişdi. Qəzet milli-mühafizəkar yönümlü mətbu orqan sayılırdı. Yəqin ki, daha çox bu səbəbdən sosialistlər və avropasentristlər deyil, macarların soy-kökünü uzaq Asiya çöllərində axtaran, türk kökənli olmağı özlərinə həqarət bilməyən düşüncə sahibləri tatar gəncinin fikirlərinə daha böyük rəğbətlə yanaşmışdılar. Digər tərəfdən, artıq siyasi hədəflərini dəqiq müəyyənləşdirmiş Bəkir Sidqi Çobanzadənin "Budapeşti hirlap" kimi sağ təmayüllü nəşrlərə üz tutması onun öz seçimi haqda da təsəvvür yaradır.

"Macarıstanla siyasi, ədəbi, elmi sahələrdə müştərək ehtiyaclarımız, müştərək məsələlərimiz və eyni səbəbdən dolayı bənzər və qardaş duyğularımız var" gerçəyinin ardınca tatar gənci soy-kök ümumiliyinə, tarixi tale bağlılığına əsaslanıb mövcud problemlərinin həll yollarını da birlikdə aramağı daha düzgün və perspektivli istiqamət kimi ortaya atırdı. Macarlar ona yüzilliklər boyu yan-yana yaşadıqları ruslardan, digər bölgə xalqlarından daha yaxın və doğma görünürdülər. Bu ölkədə keçirdiyi hər gün onu macar insanı ilə daha sıx tellərlə bağlayırdı. Az qala, hər addımda üzləşdiyi bənzərliklərin miqyas və dərinliyi ilə xoş bir şəkildə heyrətləndirirdi: "Vəlhasil, macarların çöhrəsində, naxışlarında, şərqilərində, rəqslərində, daha sonra müstəhzi (istehzaçı) və məntiqçi təbiətlərində bizim Çonqar tatarlarından pək çox şey var. Bunun səbəbləri ancaq elmi üsulla və hər elmdən bir çox məlumatla kəşf edilə bilər. Yalnız bu çoxsaylı səbəblərdən birisi olmaq üzərə macarlar arasına qarışan bir çox türk-tatar qəbilələrini, nəhayət, macarlıq içərisində əriyən kunları, kumanları yada salmaq gərəkdir". İlk mühüm linqvistik tədqiqatında - universiteti bitirərkən, magistr dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyada macar türklərinin - kumanların dilini araşdırması da məhz sorağına düşdüyü doğmalığın sirlərinə yaxından vaqif olmaq, macar ruhunun dərinliklərindəki türk izlərini axtarmaq istəyindən irəli gəlmişdi...

Yüz əlli il Osmanlı imperatorluğunun idarəçiliyi altında yaşayan, amma keçmiş ağalarına düşmən gözü ilə baxmayan macarların türk sevgisi Bəkir Sidqiyə qəribə görünürdü. Çünki məntiq baxımından tam əksi olmalı idi. Amma qəribəliyin sirrini açmaq çətin deyildi. Başlıca səbəb, yəqin ki, türk ədalətində, Osmanlı idarəçilərin digər xalqların dilinə, dininə, adət-ənənələrinə, məişət və mədəniyyətinə hörmətlə yanaşmasında idi. Digər tərəfdən, tarixi genlər də öz rolunu oynamışdı. "Macar qardaşlar" adlı səmimi məqaləsində Bəkir Çobanzadə ehtiram hissi ilə yazırdı: "...universitetdə və yüksək ailələrdə təmasda olduğumuz macar xanımları içərisində qayət gözəl türkcə danışanları vardı. Bəzi gecələr uzaqlardan Qara dənizə axıb gedən Tunaya (Dunaya) tərəf açılan pəncərələrin qarşısında toplanaraq:

 

Dərya dibi saz olur,

Gül açılsa, yaz olur.

Mən sənə gül demərəm,

Gülün ömrü az olur

 

- kimi şərqilərimizi oxuduqları, yaxud pianinoda çaldıqları zaman çox sevdiyimiz bu şərqiləri onların da eyni hərarət və dəruniliklə sevdiklərini hiss edirdim. Bizi şübhəçi və məğrur avropalılar arasında ən yaxşı anlayan və anlayaraq sevə bilən yeganə xalqın macarlar olduğuna inanıram! Bəzən məclislərində macarca "Çox möhtərəm xanımlar! Əfəndilər", - deyə ayağa qalxdığım zaman ixtiyar nənələrin, ixtiyar əfəndilərin gözündə yaş, gənclərinkində isə səadət və sevinc görürdüm".

Təbii ki, xeyirxah diqqət cavabsız buraxılmamışdı. Öz növbəsində, qarşı tərəfin marağını artırmışdı. Birinci Dünya müharibəsi dövründə hərb meydanındakı müttəfiqlik mədəniyyət və təhsil sahəsinə də nüfuz etmişdi. Şübhəsiz, prosesin gedişində türk cameəsinin tanınmış, ən əsası isə, ictimai-siyasi cəhətdən fəal, mətbuata açıq təmsilçisi kimi Bəkir Çobanzadənin də bəlli xidmətləri olmuşdu. O, aşkar qürur hissi ilə duyğusal məqama toxunaraq yazırdı: "Bilxassə macar mətbuatının mənim şəxsimdə millətimizə göstərdiyi böyük məhəbbəti ayrıca qeyd etməyə borcluyam. Avropa mətbuatının məsələlərimizə, hissiyyatımıza qarşı nə qədər yabançı və nöqteyi-nəzərlərimizdən nə qədər uzaq olduqlarını bilənlər bunun qiymətini anlarlar".

Bəkir Sidqi Çobanzadə digər Avropa ölkələrində olmasa da, Şərqə, ilk növbədə, türklərə münasibətdə Macarıstanın yaxşı mənada istisna təşkil etdiyinin fərqində idi. İtalyan səyyahı Marko Polodan üzü bəri əksər avropalıların, hətta Armin Vamberi, Pyer Loti kimi "Şərqin küncünü-bucağını gəzmiş, onun ədəbiyyatını, tarixini bir şərqli qədər mənimsəmiş səyyahların, mühərrirlərin belə" öz əsərlərində sələflərinin ənənələrini davam etdirərək "maraq oyandırmaq, heyrətləndirmək" üçün ekzotika axtarışlarına çıxdıqlarını yaxşı bilirdi. Ona görə də müsəlman Şərqini orta əsrlərdə ehtişam və zənginlik yurdu, "Min bir gecə" diyarı kimi, son dövrlərdə isə yalnız cəhalət və səfalət məskəni kimi təsvir edənlərin qarşısına gerçək həqiqətlərin qoyulmasını regionun alim və siyasilərinin mühüm, ümdə vəzifələrindən sayırdı. Onun fikrincə, "Avropa ədəbiyyatında və zehniyyətində Şərq" mövzusu müasir tədqiqat metodlarına yiyələnən türk tarixçi və filoloqları üçün prioritet elmi istiqamətlərdən olmalı idi.

Bəlkə də Budapeştdən dünyaya daha aydın və ayıq nəzərlərlə baxmaq imkanı qazandığından Bəkir Çobanzadə soydaşlarına üz tutaraq "Bir əsr sonrakı nəsil bugünkü tatarlığı yalnız "Tayms"ın səhifələrindən (ingilis mətbuatının islam dünyası ilə bağlı hər şeyi Britaniya siyasətinin tələblərinə uyğun şəkildə, qərəz və təhriflərlə işıqlandırması nəzərdə tutulurdu - V.Q.) tanısa, əcəba, halımız necə olacaq?" - deyə soruşurdu, "Buradakı rəssamlar "İstanbul həyatı" adı altında hələ də Qanuni Sultan Süleyman zamanındakı hərəm dairələrinin təsviri ilə məşğul olurlar" - deyə Türkiyə və türklər haqqındakı təsəvvürlərin orta əsrlər hüdudunu aşmadığına, həqiqət yox, ekzotika axtarışında olduğuna heyrətlənirdi.

Macarıstana rəğbətli münasibətinə baxmayaraq savadlı, bilikli macarların da Şərqlə bağlı təsəvvürlərin bəsitliyi baxımından "köhnə qitə"nin digər sakinlərindən seçilmədiyinə diqqət çəkirdi: "Əvvəla, Avropanın ziyalı təbəqəsini təşkil edən bir litsey müəlliminin ərəb, əcəm (farslar nəzərdə tutulur - V.Q.) və türk-tatardan heç xəbəri yoxdur. Onun təsəvvürünə görə, sadəcə, bir Şərq var, bir də şərqli. Onun nəzərində İstanbul türkü, Misir ərəbi, Kazan tatarı bir malayziyalı ilə eyni sinfə, eyni qrupa daxildir" sözləri ilə müəllif guya hər şeyi bilən Qərbin müsəlman dünyası haqqında biliklərinin nə qədər məhdud, bəsit və yanlış olduğuna diqqəti çəkmişdi.

Lakin vəziyyətin bu şəkil almasında Bəkir Çobanzadə yalnız avropalıları (konkret nümunədə macarları) günahkar saymırdı. Onun fikrincə, mövcud tarixi yanlışlıqları aradan qaldırmaq, ilk növbədə, türk-tatar ziyalılarının, gəncliyinin borcu idi. Kiminsə xidmətini gözləmədən vətənlərini, sahib olduqları mədəniyyəti dünyaya onlar tanıtmalı idilər. Yol verilmiş yanlışlıqları aradan qaldırmalı idilər. Müəllif Avropa paytaxtlarında gördüklərindən heyrətlənən, vətənə qayıdıb sərt reallıqla üzləşəndən sonra isə əl-qolları boşalıb yasa batan, ruh düşkünlüyünə qapılan gəncləri əməli fəaliyyətə səsləyirdi. Sözdən işə keçmək üçün onları Macarıstana, əsrlər boyu təzyiq altında yaşasa da, inkişafın formulunu tapmış dost ölkəyə səsləyirdi: "Əminəm ki, bilxassə Krım, Kazan, Anadolu gəncləri macar ovalarına gələrlərsə, şaşaraq deyil, anlayaraq dolaşacaq və çalışacaqlar. Sonra digər millətlərin elmi müəssisələrində, professorlarında gördükləri soyuqluğu burada heç görməyəcəklər və bu surətlə Avropa elmini üşüyərək və qorxaraq deyil, isinib sevərək öyrənə biləcəklər".

Xüsusən, macar və türk ədəbiyyatlarının diqqətəlayiq nümunələrini qarşılıqlı şəkildə tərcümə edib yaymaq ciddi vəzifələrdən biri kimi irəli sürülürdü. Müəllifin fikrincə, macar aydınlarının səyləri yalnız türk-tatar gəncliyinin maarif istəyi, çağdaş elmlərə yiyələnmək yanğısı olduğu təqdirdə gerçək səmərə verə bilərdi. "Son əsrin macarları müəzzəm, dilrüba paytaxtları ilə bərabər dil bilgisindəki şayani-heyrət müvəffəqiyyətləri ilə heç çəkinmədən iftixar edə bilərlər", - deyə Bəkir Çobanzadə onlardan öyrənməyə çağırırdı: "Millətimizin ən böyük və ən mühüm məsələsinin dil məsələsi olduğunu bilən və bu xüsusda söz sahibi olmaq istəyən türk-tatar gənclərinə orada (Vətəndə - V.Q.) qafiyə aramaqla keçirəcəkləri bir neçə ili macar universitetləri və kitabxanalarının fəthinə sərf etmələrini cani-könüldən istərəm".

Budapeştdə hələ Mirzə Cəlili oxumasa da, Bəkir Çobanzadə də "ovcuna bir parça kağız qoyub gözlərini göyə axıdaraq qafiyə axtarmağı" qətiyyən təqdir etmirdi. Aydın məsələdir ki, burada söhbət həqiqi şeirdən deyil, qafiyəpərdazlıqdan gedirdi. Ciddi orijinal poetik yaradıcılıq, yaxud mədəniyyətlərin yaxınlaşmasına xidmət edən tərcüməçilik fəaliyyəti isə hər vasitə ilə təşviq olunurdu. Tələbəlik illərində gənc Bəkir qələmini hər iki istiqamətdə uğurla sınamışdı. Bu mənada, şəxsiyyəti və yaradıcılığı ilə hələ həyatının İstanbul dövründə yaxından maraqlandığı macar klassiki Yanoş Aranidən bir tərcüməsi xüsusən diqqətəlayiqdir. Həm də bu diqqətəlayiq nümunə onun macar poeziyasına ilk və son müraciəti deyildi.

Yanoş Arani (1817-1882) görkəmli şair, ictimai xadim, tribun, 1848-ci il macar inqilabının aparıcı simalarından biri idi. Üstəlik də, gənc Bəkirin məşhur tatar şairi Qabdulla Tukayla müqayisə etdiyi Şandor Petöfinin ən yaxın dostlarından biri sayılırdı. Onun milli mündəricəli, xəlqi ruhlu şeirləri, xüsusən, xalq qəhrəmanı Toldiyə həsr olunmuş "Toldi", "Toldinin axşamı", "Toldinin məhəbbəti" poetik trilogiyası XIX əsrdə macar ədəbi-bədii fikrinin, sağlam milliyyətçilik duyğularının inkişafına əhəmiyyətli təsir göstərmişdi. Yanoş Arani həm də macar həyatının qədim dövründən - hun tarixindən bəhs edən "Budanın ölümü" poemasının müəllifi idi. Bu əsərə görə o, Macarıstan Elmlər Akademiyasının nüfuzlu Nadaşdi mükafatına layiq görülmüşdü. Balladaları 50-dən çox dünya xalqının dilinə tərcümə olunmuşdu.

Macar dilinə yetərincə yiyələndikdən, arasında yaşadığı insanların düşüncə və hisslərinin dərinliklərinə təmas etməyi öyrəndikdən sonra artıq fərdi dəsti-xətti olan şair kimi də bəlli bir yaradıcılıq yolu keçmiş Bəkir Çobanzadə 1917-ci ilin yanvarında adını ilk dəfə İstanbulda, xeyirxahı Lipot Masonyidən eşitdiyi şairin "Agnes asszony" balladasını "Aqnes qadın" adı ilə Krım türkcəsinə çevirmişdi. Şeirin əvvəlindəki tanıtma xarakterli "Macar ədəbiyyatından bir yarpaq" adlı kiçik müqəddimədə mütərcim "Bu hərəkətimlə böyük şairin ruhunu və macar dostlarımı şad edə bilsəm, qurulmaqda olan türk-macar dostluğuna kiçik bir töhfə verdiyimi düşünüb mən də özümü bəxtiyar sayaram", - deyə Yanoş Arani və macar xalqı qarşısında minnətdarlıq hisslərini bir daha ifadə etməyi özünə borc bilmişdi.

Bəkir Çobanzadə poetik irsinə üz tutduğu macar şairi haqqında yazırdı: "Arani Yanoş Macarıstan milliyyət mücadiləsi və hürriyyət müharibəsi dövrünün unudulmaz simalarındandır. Çoxsaylı əsərləri mövcuddur. Lakin yaradıcılığının qüvvət və qüdrəti, şəxsiyyətinin yetkinliyi özünü ən çox balladalarında göstərmişdi. Budapeştin tanınmış professorlarından Riedl Frigyes cənablarının dediyi kimi, yaradıcı şəxslər yalnız zehni fəaliyyətlərinə ən uyğun gələn sahə tapdıqları zaman özlərini yetkin şəxsiyyət kimi ifadə edir, şah əsərlər yarada bilirlər. Arani Yanoş da misilsiz ədəbi qabiliyyətini bütün dolğunluğu ilə nümayiş etdirmək üçün ballada janrını münasib saymışdı."

Poetik janr kimi ballada dövrün Krım-tatar oxucusuna yetərincə bəlli olmadığından mütərcim Ön sözündə bu janrda yazılmış əsərlərin mövzu və mündəricəsi ilə bağlı qısa məlumat verməyi də vacib saymışdı: "Balladaların əsas xüsusiyyəti onların nimmüzlim (yarıqaranlıq, müəmmalı - V.Q.) olmasıdır. Arani Yanoş ballada janrına xas olan bu cəhəti son həddə qədər cilalamışdı. Bir çox balladalarında ilhamını macar tarixinin o qədər də geniş yayılmayan hadisələrindən əxz etdiyi üçün əsərlərinin ətraflı izahlar verilmədən anlaşılması çox çətindir. Ona görə də türk-macar münasibətlərinə dair balladalarını macar dilinin incəliklərinə və macar tarixinin dərinliklərinə vaqif olmayan hər hansı bir türkün, yaxud bir əcnəbinin müvafiq izahlarsız başa düşüb anlaması mümkün deyildir".

Gənc Bəkir Çobanzadə "balladanın Şekspiri" kimi tanınan macar şairinin ümumi yaradıcılıq səciyyəsini, poetik irsinin bədii sənətkarlıq xüsusiyyətlərini də ustalıqla müşahidə edə bilmişdi: "Arani Yanoşun balladalarında yalnız lisan, bəlağət, üslubi gözəllik meydana çıxmır. Eyni zamanda insanların ruhi əhvalına da nüfuz olunur və bu tipli təsvirlərində böyük məharət ortaya qoyulur. Arani Yanoşun diqqətini ən çox çəkən haləti-ruhiyyə (ruh halı - V.Q.) çılğınlıq və vicdan əzabıdır. Balladalarında çılğınlığın müxtəlif şəkillərini görmək mümkündür. Bu janrda yazılmış əsərlərində həmin hissin ən müxtəlif şəxslərdə - bir kralda, bir kəndlidə, bir şəhərlidə necə təzahür etdiyini mükəmməl şəkildə ortaya qoymağı bacarır".

Krımlı şairin macar poeziyasından ilk tərcüməsinə gəldikdə isə, mütəxəssislərin fikrincə, orijinala yaxınlığı, habelə Yanoş Arani şeirinin özünəməxsusluqlarını, ritm və qafiyə sistemini, ən başlıcası isə, ruhunu qoruyub saxlaması baxımından seçilir. Balladada əksini tapan dəhşət və peşmanlıq duyğusu, Aqnesin fəci durumu, yıxılmış iç dünyası tərcümədə də dəqiqliklə ifadə olunmuşdu.

Ballada bir gün əvvəl ərini qətlə yetirmiş Aqnesin qanlı çarşabını çayda yumasının təsviri ilə başlayır. Dəhşətli xəbər artıq hər tərəfə yayılıb. Şübhələnmiş qonşular ondan ərinin harada olduğunu soruşurlar. Polis məsələyə müdaxilə edir:

 

Polis deyir: "Aqnes qadın,

Gəl, gir bura. Yerin zindan!"

"Canım, gözüm, necə gəlim?

Bu ləkəni yıkamadan?"

Aman Rəbbim, mərhəmət et!

 

Bir müddət sonra məhkəmə önünə çıxarılan Aqnes dar ağacından asılmaqla edam cəzasına məhkum edilir. Cəzanın ağırlığı onu təəccübləndirmir. Düşünür ki, bir insanı həyatdan məhrum edibsə, özü də yaşamını itirməlidir. Lakin qadını narahat edən çarşabındakı ləkədir. Ləkəli çarşabla ilahi ədalətin hüzurunda dayanmaqdan çəkinir. Tək daxili aləminin, vicdanının deyil, zahiri görünüşünün, pal-paltarının, xüsusilə də, namus və iffət rəmzi sayılan çarşabının pak, təmiz olmasını istəyir. Amma çarşabın dönə-dönə suya çəkilməsi də vəziyyəti dəyişmir. Çünki fiziki mənada təmizlik hələ ruhi ləkəsizlik, mənəvi müvazinət deyildir:

 

Gərçi çarşaf bəyaz, təmiz,

Yox üstündə bir damla qan.

Amma ruhundan çəkilmir

O gecəki nalə, əfqan,

Aman Rəbbim, mərhəmət et!

 

Fəsillər dəyişsə, illər keçsə də, insanlar zavallı Aqnesi daim çay kənarında, hələ də ləkəli olduğunu düşündüyü çarşabını yuyan görürlər. O, özü-özünü Sizif əməyinə məhkum edib. Müəllif Aqnesin sirli obrazını yaratmaqla, sanki demək istəyir ki, insanın məruz qaldığı ən dəhşətli cəza vicdanının verdiyi cəzadır. Görünür, macar ədəbiyyatı klassikinin şeirində Bəkir Sidqinin diqqətini cəlb edən də bu həqiqət olmuşdu...

Balladanın orijinal və tərcümə mətnlərini müqayisəli şəkildə gözdən keçirən macar türkoloqu Mariya Nyuri ümumilikdə uğurlu saydığı tərcümənin məziyyətlərindən bəhs edərkən yazmışdı: "Bir macar üçün Arani Yanoşun "Aqnes qadın" əsərinin türk dilinə Bəkir Çobanzadə tərəfindən tərcümə olunması gerçək həyəcan mənbəyidir. Arani Yanoş kökləri xalqa uzanan realist şeirin banisi kimi macar epik poeziyasını mükəmməl hala gətirən görkəmli sənətkarlardan biridir".

Tərcümə üçün məhz belə bir sənətkarın yaradıcılığına müraciət etməsi Bəkir Çobanzadənin yüksək bədii zövqündən və macar poeziyasına bələdliyindən xəbər verir. Budapeşt dövründəki orijinal ədəbi-bədii yaradıcılığı ilə müqayisədə tərcümələri o qədər də çox deyil. Lakin yuxarıda nəzərdən keçirilən uğurlu nümunə krımlı gəncin bu sahədə də istedad sahibi olduğunu söyləməyə əsas verir. Həm də yadda saxlamaq lazımdır ki, Bəkir Çobanzadə Yanoş Aranidən çevirdiyi balladanı heç yerdə çap etdirmədiyindən əlimizdəki nüsxəni müəyyən mənada, ilkin qaralama variant da saymaq mümkündür. Əgər mütərcim çap fikrinə düşsəydi, heç şübhəsiz, şeirin üzərinə yenidən qayıdar, tənqidi gözlə baxıb təkmilləşdirərdi. Qafiyə sistemindəki bəzi qüsurlar da bu mülahizənin doğruluğunu göstərməkdədir.

“Aqnes qadın" balladası macar poeziyasının orijinaldan türk dillərindən birinə tərcüməsi baxımından ədəbi-tarixi fakt kimi diqqəti çəkməyə bilməz.

Vilayət Quliyev

Ədəbiyyat qəzeti  2024.- 18 may, ¹18.- S.10-11.