Uşaq
ədəbiyyatının müzakirəsi: "Novruz
nağılı"
Mayın 1-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun "Uşaq ədəbiyyatı" şöbəsində
gənc yazıçı-dramaturq Sevinc Elsevərin "Novruz
nağılı" romanının müzakirəsi
keçirilib. Müzakirədə "Uşaq ədəbiyyatı"
şöbəsinin müdiri, filologiya elmlər doktoru Elnarə
Akimova, filologiya üzə fəlsəfə doktorları
Aygün Bağırlı, Mətanət Vahid, İlhamə
Ağazadə, Səadət Bayramova, Gülnar Qəmbərova
və romanın müəllifi Sevinc Elsevər iştirak edib. Müzakirə mətnini ixtisarla oxuculara təqdim
edirik.
Elnarə Akimova: Uşaq ədəbiyyatı şöbəsində
əvvəllər də bir sıra əsərlərin
müzakirəsini keçirmişik. Bu gün isə
Sevinc Elsevərin "Novruz nağılı"
romanının müzakirəsinə
yığışmışıq. İstərdim
ki, bir çox məsələlərə aydınlıq gətirək.
Əsəri roman adlandıra bilərikmi?
Ümumiyyətlə "Novruz nağılı"nı uşaq ədəbiyyatında bu
mövzuda ilk roman hesab etmək olarmı? Əsərin
yaratdığı təsir, poetik bütövlüyü,
strukturu, yazıçının yanaşması, novruz atributlarından,
simvollardan istifadə kimi məsələlərə fikir
bildirməyə çalışaq. İlk
olaraq sözü İnstitutun elmi katibi Aygün
Bağırlıya verirəm.
Aygün Bağırlı: Uşaq ədəbiyyatında
roman janrından danışanda ilk ağlımıza Sevinc
Elsevər gəlir. Bundan əvvəl də qələmə
aldığı roman yeniyetmələr üçün nəzərdə
tutulmuşdu. Bu əsərin adı
"Novruz nağılı" olsa da, roman janrındadır.
Nağılı çox böyük maraqla
oxudum. Oxucu kimi məni ən çox iki süjet cəlb
etdi: birinci məqam qızılı yumurtanın içindən
nə çıxacaq, ikinci isə niyə Novruzəlinin
yumurtası o birilərinkinə qalib gəlir.
Elnarə Akimova: Bəli, baxmayaraq ki, uşaq mətnidi,
hadisələrin sonunu eyni maraqla gözləyirik.
Aygün Bağırlı: Düşünürəm
ki, əsər bizi belə cəlb edibsə, uşaqlar da onu
çox maraqla qarşılayacaq. Kitabın
müsbət xüsusiyyətləri çoxdur. Əvvəla
cəlbedici şəkillər, maraqlı tərtibat diqqətçəkiçidir.
Bu təbii ki, nəşriyyatın işidi. Sağ olsunlar,
yaxşı şəkillər veriblər: papaq, xurcun və s.
köhnə adət-ənənələrimiz əks olunub.
Etnoqrafiyamızı, folklorumuzu öyrətmək
baxımından dəyərlidir, dili oxunaqlıdı.
Bütün bunlar haradan doğub, haradan yaranıb
açıqlayırsınız. Bundan əlavə əsərdə
bir neçə məqsəd var. Od çərşənbəsi
ilə bağlı mənim özümdə hər zaman belə
bir sual yaranıb ki, niyə o biri çərşənbələrdə
də od qalanır. Siz də orda belə bir sual qoyursunuz. Bəzi
sözlər verilib ki, uşaq ilk dəfə onlarla
qarşılaşır, təbii ki, soruşub öyrənəcək.
Ya da mətndə nənənin, babanın cavabında həmin
ifadənin mənası verilib. Uşaqların nənə-baba
ilə isti münasibəti də burda əksini tapıb.
Öz uşaqlığımız yada düşür, bayrama
hazırlaşmaq, yazı qarşılamaq və s.
Yaxşı olardı əsərin tirajı çox olsun,
bütün uşaqlar oxuya bilsin. Keyfiyyətli ədəbiyyatın
azlığından əziyyət çəkirik, bu,
boşluğu dolduran əsərlərdəndir.
Sevinc Elsevər: Kitab bu
yaxınlarda "Oxu günü" marafonuna daxil edilmişdi,
həmin görüşdə iştirak edən əksər
uşaqların artıq romanı oxuması sevindirici
haldır.
Aygün
Bağırlı: Siz kənd həyatında
yaşamısız?
Sevinc Elsevər: Bəli,
mən on üç yaşıma qədər Saatlıda, ana
nənəmin yanında yaşamışam.
Aygün
Bağırlı: Nəyə görə soruşuram?
Çünki əsərdə elə detallar var ki, kənd
mühitində yaşamadan onları yazmaq çətin
olardı. Romanda çox yaxşı ənənələri
qoruyan bir-iki deyim diqqətimi çəkdi: Nağılın
kiçik qəhrəmanlarından olan Turanə deyir ki, qulaqpusduya
gedək. Sevindik icazə üçün babanın
üzünə baxır, yəni böyüyə hörmət,
böyüyün yolunu gözləmək, müəllim
şagird münasibətində və s. Belə xırda, həm
də əhəmiyyətli nüanslar əsərdə
çoxdur.
Elnarə Akimova: Baba ilə nəvə arasındakı ağacla
bağlı xəfif zarafat da bu qəbildəndir. Çox
sağ olun, Aygün xanım. İstərdim sözü
"Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı"
şöbəsinin aparıcı elmi işçisi Mətanət
Vahidə verək. Mətanət xanım
könüllü olaraq bu müzakirəyə qoşulub. Bu
onun həm də uşaq ədəbiyyatına sevgisindən irəli
gəlir.
Mətanət Vahid:
Əslində, burada təəccüblü heç nə
yoxdur. Bizim "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı"
şöbəsinin müzakirələrində də
"Uşaq ədəbiyyatı" şöbəsinin əməkdaşları
hər zaman iştirak edir və İnstitutumuzun şöbələri
arasındakı bu sıx əməkdaşlıq çox xoşdur.
Mən hər hansı uşaq əsərini
oxuyarkən bir ədəbiyyat adamı olmaqla yanaşı, həm
də uşaq kimi oxumağa çalışıram və
fikirləşirəm ki, uşaq olsaydım, bu əsər
xoşuma gələrdimi? Çox hallarda müasir uşaq ədəbiyyatı
nümunələrimiz oxucu kimi məni itələyir.
"Novruz nağılı"ndan isə zövq aldım,
çox xoşuma gəldi. Elnarə xanımın da dediyi
kimi, "Novruz nağılı" romandır. Müəllif
Sevindiyin başına gələnlərlə paralel
qızılı yumurtanın macəraları əsasında
novruzu nağıllaşdırıb təqdim edir. Xoşuma gələn
cəhət odur ki, bütün hadisələri obrazlar
yaşayır, yəni nağıl göstərilir, sadəcə
danışılmır. Həmçinin şifahi xalq ədəbiyyatı
nümunələri əsərə uğurlu şəkildə
yerləşdirilib. Məni həmişə
qıcıqlandıran məqamlardan biri odur ki, uşaq ədəbiyyatı
müəllifləri öz oxucularına ya çox
böyük kimi yanaşırlar, uşağın yaş
xüsusiyyətlərini nəzərə almırlar, ya da tam
anlayışı olmayan biri kimi görürlər.
Burada isə balans gözlənilib. Amma məncə, roman bir az
müasir olsaydı, daha yaxşı olardı. Əsəri
oxuyanda 80-cı illərin təsiri yaranır, mən onu öz
uşaqlığımın nağıl-romanı kimi oxudum.
"Novruz nağılı" zamanının romanı
olsaydı, balaca oxucu orada özünü görsəydi, ona
daha maraqlı gələrdi. Bugünkü uşaq qadcetlərin
yetirməsidir. "Novruz nağılı"nda isə
müasir uşaq olan Sevindik öz dövründən
qopmuş kimi görünür. Köhnəlik ad seçimində
də özünü göstərir. Bu dövrün
uşaqlarına bu tip adlar qoyulmur. Romanda redaktə ilə
bağlı da müəyyən qüsurlar var. Mənə belə
gəlir, uşaq ədəbiyyatı nümunələri
çapdan öncə bu sahənin mütəxəssislərinə
təqdim olunsa, qabaqcadan məsləhətlər, tövsiyələr
nəzərə alınsa, işin xeyrinə olar.
Sevinc Elsevər:
Müasirliklə bağlı demək istəyirəm ki,
yaşadığımız zamanın,
uşaqlığımın xiffətini çəkdiyimdən
nağılı bu şəkildə qələmə
almışam.
Mətanət Vahid: Mənim
dediyim odur ki, romanda görünəydi ki, biz həm müasir
dünyadayıq, həm də ənənələrdən
uzaqlaşmamışıq. Axı telefon, kompüter,
planşet əlimizdən düşmür. Ənənələrin
yaşaması gözəldir, amma mətn o uşaqları bu
dövrdən qoparıb əlli il öncəyə aparıb.
Romanda Sevindik bu zamanın uşağı olsa da, zamanın
obrazı yoxdur, o, məsələn, mənim uşaqlıq
dövrümün yetirməsi kimi görünür - XXI əsrin
üçüncü onilliyinin uşağı kimi
görünmür.
Sevinc Elsevər: Bir
növ, istədim, uşaq telefondan uzaq düşsün.
Ordakı nənə, baba obrazları, uşaqlar mənim
yaxından tanıdığım uşaqlardı.
Şüuraltı məqsəd var. Heç olmasa, əsərdə
telefonla əlaqə kəsilsin. Sevindik adına gələndə
demək istəyirəm ki, təmiz türk kökənli
olduğundan mən bu adı çox sevirəm.
Səadət Bayramova: O
zaman Sevindik obrazı, bir növ, müəllifin
özüdür.
Sevinc Elsevər:
Uşaqlıqda mənə Sevincək deyirdilər. Sadəcə
bu romanın qəhrəmanını oğlan seçdim, həm
baba ilə münasibətlərinə, həm də məlum
situasiyalara görə. Burada Qara toyuq obrazı da təsadüfü
seçilməyib.
Mətanət Vahid: Biz
peşəkar kimi öz fikrimizi bildiririk. Siz qəbul etməsəniz
də, romandakı hadisələr millidi, mənəvidi,
gözəldi, amma bizim dövrümüzdə deyil. Dil,
üslub, poetika müasirliklə səsləşməlidir.
Elnarə Akimova:
Əslində, məncə də bir detal kimi verilə bilərdi.
Müasirliyin ruhu duyulsaydı, yaxşı olardı.
Səadət Bayramova: Mən
bu nağılı oxumamışdan əvvəl Sevinc Elsevərin
digər uşaq əsərləri ilə tanış oldum. Hər
bir şeirində, hekayəsində çox dərin məna
var. Həddən artıq təsirli nümunələrdi.
"Novruz nağılı"nda isə özümü,
uşaqlığımı gördüm. Buradakı folklor hərtərəfli
işlənib. Kiçik çillə ilə böyük
çillənin söhbəti, boz ayın onların söhbətinə
müdaxiləsi, ağacların budanması və s. bu kimi məsələləri
əsərə ətraflı yerləşdirmisiz. Gənclərin
çoxu bu adətlərdən xəbərsizdir.
Düşünürəm ki, müasir nənə və
babalara örnək ola biləcək Gülarə nənə
və Kərim baba obrazları böyük önəm
daşıyır. Burada bir sətirlə də olsa, Bənövşə
müəllimənin Qarabağ acısını
xatırlatması böyük təəssürat oyadır,
uşaqların yaşadıqları əksini tapır. Bəhrə
verməyən ağacın oyadılması əhatəli qeyd
olunub. Tərtibat, rəsmlər çox gözəldir, şəkillər
dil açıb danışır.
İlhamə Ağazadə:
"Novruz nağılı" ilk səhifələrindən
sonadək maraqla oxuduğum uşaq əsərlərindəndir.
Əsas qəhrəman Sevindiyin ailəsi və dostları
arasındakı münasibətlər, məktəblə əlaqə,
Qara toyuqla "rəfiqələri"nin başına gələnlər
müəyyən ardıcıllıqla, əlaqəli
şəkildə verilir, reallıqla qeyri-reallıq bir-birini əvəzləyir.
Müəllif bullinqə məruzqalmanı xatırlatmaqla
yaxşı və pisin nə olduğunu uşaqlara təlqin
etməyə çalışır. Müharibə
dönəmindən, igid şəhidlərimizin həyatından
xatırlatmalar da yerində verilməklə əsərə rəngarənglik
qatır. Əsərdə dolayısı yolla olsa da,
uşağa dürüstlük, mərdlik, cəsurluq
aşılanır, yəni döyüşəndə də mərdcəsinə
döyüşmək lazımdır. Alleqorik şəkildə
toyuq-cücənin dilindən səsləndirilən fikirlər
maraq doğurur. Kəkilli toyuğun dediyi: "Özündən
hara qaça bilərsən?", Qara toyuğun sondakı
peşmanlığı: "Yaxşı oldu. Sənə
bu da azdır! Öz balalarından, öz nəslindən,
keçmişindən imtina edəndə belə olacaq!"
kimi fikirlər nağıl diliylə ötürülən
ciddi mesajlardır. Əsər bu tip mesajlarla uşaqların
şüurunda iz qoyacaqdır, tarixi-yaddaşın qorunması
baxımından bu cür detallar çox vacibdir. Eyni
zamanda əsər adət-ənənələrin
yaşadılması, ailə dəyərlərinin
qorunmasına da təsir göstərəcək. Yumurta döyüşü zamanı oxunan nəğmələr,
çərşənbələrə aid ayinlər, yerində
işlədilmiş ata sözləri, el deyimlərinin
özünəməxsus izah-yozumu, bunların yazın gəlişi
ilə, yəni təbiət hadisələri ilə
uzlaşdırılması, dilin sadəliyi, axıcı və
lakonikliyi romanı daha da oxunaqlı edir. Qədim
oyun adlarının mətnə gətirilməsi,
uşaqları müəyyən qədər də olsa,
müasir dövrün virtual oyunlarından uzaqlaşdırmaq
məqsədi daşıyır: beşdaş, bənövşə,
dəsmalaldı qaç, gözbağlıca oyun
adlarını eşidən uşaq təbii ki,
onların necə həyata keçirilməsi ilə
maraqlanacaq. Obrazların adlandırılmasında da (Mətanət
xanımın vurğuladığı kimi, müasir
adlandırmadan fərqlənsə də!) novruzla əlaqələndirmə
nəzərə çarpır: Sevindik, Novruzəli, Bənövşə
müəllimə, Bahar müəllimə və s. bu qəbildəndir.
Romanda uşaqları düşündürmək,
duyğularına təsir etmək, onları həyata
düzgün yönləndirə bilmək məqsəd olaraq
görünür.
Gülnar Qəmbərova:
Məndən əvvəl çıxış edənlər
romanın müəyyən məziyyətləri haqqında ətraflı
danışdılar. Demək istəyirəm ki, tərtibat
çox maraqlıdır, cəlbedicidir. Novruzun detalları
yerli-yerində verilib. Romanın öyrədici xüsusiyyətləri
çoxdur. Novruzəli obrazı ilə (Mirzə Cəlilin
"Poçt qutusu" ilə) əlaqə maraq doğurur.
Əsər yaxşılıq, mərhəmət hissi
aşılayır. Vüqar adlı qəhrəmana olunan təzyiqlər,
sonradan onun şəhid olması epizodu real həyatdakı
hadisələrlə səsləşir. Yaxşı oxumayan
uşaqların təklənməsi pislənir. Bir
də düşünürəm ki, "builinq"
sözünün "təzyiq" sözü ilə də əvəz
edib işlətmək doğru olardı. Bundan başqa demək
istəyirəm ki, toyuğun yumurta üstündə
yatması məsələsini 6 yaşlı uşağa
anlatmaq bir qədər çətinlik yaradır.
Kitabın məktəblərə əlavə oxu materialı
kimi verilməsinə də çalışmaq
lazımdır.
Sevinc Elsevər: Cəlil
Məmmədquluzadənin "Poçt qutu"sunu təsadüfən
xatırlamıram, məhz ona işarə etmək istəyirəm
ki, artıq Novruzəli tamam başqadı.
Elnarə Akimova: Təşəkkür
edirəm hər birinizə. Sonda mən də əsərlə
bağlı düşüncələrimi səsləndirmək
istəyirəm. Bu əsər xüsusilə iki əhəmiyyətli
məqamı ilə önəm kəsb edir. İlk növbədə,
dilinin səlisliyi, rəvanlığı,
axıcılığı ilə. Məlumdur ki, uşaqlar
üçün yazılan əsərdə vacib amillərdən
biri dildir. Bu mətndə də Sevinc heç bir izafi sözə
yol vermir. Əyanilik və konkretlik mətnin mühüm məziyyəti
kimi qeyd olunmalıdır. Müəllif demək istədiyi hər
nüansı balacalara göstərmək yolunu tutmaqla əyaniləşdirir.
Digər məqam, əsərdəki informativlikdir. "Novruz nağılı" Novruz adət-ənənəsi,
yaz fəslinin özəlliyi, bayramın ehtiva etdiyi xarakterik
çalarlar haqqında olduqca gözəl məlumatlar verir və
bir daha qeyd edirəm, bütün bunlar mətnin daxilində
göydəndüşmə təsir
bağışlamırlar. Müəllif hər
detalı uğurlu şəkildə mətnin bir
parçasına çevirə bilir. Digər tərəfdən,
mətndəki dialoqlar çox canlıdır. Mətn boyu
baba-nəvə, nənə-nəvə münasibətlərinin,
qonşuluq münasibətlərinin, müəllim-şagird
münasibətlərinin yüksək dəyərlər
kontekstində təqdimi çox əhəmiyyətli məqamdır.
Bəzi iradlarımı da bildirmək istəyirəm.
Məsələn, əsərdə müəllif təhkiyəsində
rast gəlinən "yer-yemək",
"şey-şüy" ifadələrinin olmaması daha
yaxşı olardı. Yaxud bəzi cümlələrdə
zaman uzlaşması pozulur. Məsələn, belə bir
nümunə: "Nənəsi novruz xonçası
üçün yumurtaları boyamağa başlayanda Sevindik həyacandan
yerində dura bilmədi. Gedib gəlib nənəsindən
soruşurdu". Zənnimcə, bu iki cümlənin
eyni zaman kəsimində verilməsi səlislik
baxımından daha məqsədəuyğun olardı. Digər
bir məqam, əsərdə müəllif bullinq məqamını
çox yerində daxil edib əsərə. Hətta deyərdim,
aktual, vacib məqamlardan biridir. Bənövşə
müəllimə şagirdlərə özü məktəbli
olarkən Vüqar adlı oğlanın sinif yoldaşları
tərəfindən təzyiqə məruz qalmasından, sonra
həmin oğlanın torpaqlarımızın azad edilməsi
uğrunda şəhid olmasından bəhs edir. Amma
yaxşı olardı ki, biz xatırlanan bu hekayətin
içində heç olmasa bir nəfər də olsa
Vüqarın müdafiəçisini görəydik.
Bütün sinfin Vüqara qarşı bullinq etməsi, onun təklənməsi
və sonrakı peşmanlıq... Zənnimcə,
zamanında kiminsə cəsarətlə Vüqarın
yanında olması, heç nədən qorxmadan onun
haqqını müdafiə etməsi bu hekayəti dinləyən
şagirdlər üçün də ibrət dərsi olar,
onlara belə situasiyalarla rastlaşanda cəsarət və
müqavimət hissi aşılayardı.
Bütün bunlara
baxmayaraq, əlbəttə ki, Sevinc Elsevərin "Novruz
nağılı" romanı müzakirəyə ciddi əsas
verən mətndir. Yazıçı Novruz bayramı ilə
bütün atributları, ayin və mərasimləri
uğurlu şəkildə mətnin üzvi hissəsinə
çevirə bilib: yumurta döyüşdürmək, səməni
göyərtmək, şəkərbura bəzəmək,
tonqal qalamaq, papaqatdı, qapıpusdu və s. Hətta
şeir parçaları da əsərin məzmununa, poetik
strukturuna uğurla pərçimlənib. Ümumiyyətlə,
Sevinc Elsevər nə yazdığını, uşaqlara necə
xitab etmək lazım olduğunu dərk edən və bunu mətnləri
vasitəsilə əyaniləşdirən uşaq
yazarıdır. Bu əsər münasibəti ilə həm
müəllifi, həm də uşaq ədəbiyyatını
təbrik etmək olar.
İlhamə
Ağazadə
Ədəbiyyat qəzeti. 2024.- 18 may, ¹18.- S.12-13.